Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6206/2025 10.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xidməti vəzifəni yerinə yetirən zaman aldığı xəsarətlə bağlı araşdırma aparılması və müvafiq rəyin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı xidməti vəzifəsini yerinə yetirən zaman aldığı xəsarətlə bağlı araşdırma aparılması, sığorta haqqını ala bilmədiyi üçün rəy verilməsi və 2019-cu ilin dekabr ayında əmək haqqının hansı məbləğdə hesablanması barədə arayış verilməsi vəzifəsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2002-ci ildə DİO-na xidmətə qəbul olunmuşdur. 2008-ci ildə Polis Akademiyasını bitirdikdən sonra təhqiqatçı vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixdə keçirilmiş Bələdiyyə seçkilərində, Keşlə qəsəbəsi, Sabir küçəsi 70 ünvanda yerləşən seçki məntəqəsində xidmətdə olmuşdur. Həmin ərəfələrdə seçki məntəqəsi yaxınlığında yol ötürücüsü (tünel) inşa edilirdi. Seçki məntəqəsi yaxınlığında xidmətdə olan zaman, 19:45 radələrində torpaq sahəsinin qismən uçması nəticəsində qazılmış xəndəyə yıxılmış, iddiaçı sağ ayağından və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. İddiaçı aldığı xəsarətlə bağlı KTM-də rentgen müayinəsi zamanı sağ ayağının 5-ci barmağının orta falanqasının qapalı yerdəyişməyən sınığı xəsarət aldığı müəyyən olunmuşdur. Xəsarət aldığı müddətdən xx.xx.2020-ci il tarixinə qədər bulletində olmuşdur. Həmin vaxt aldığı xəsarətlə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində sahə inspektoru tərəfindən araşdırma aparılmış və material üzrə qanuni qərar qəbul olunmayaraq iş dəftərxanaya verilmişdir. İddiaçı xidməti vəzifəni yerinə yetirən zaman aldığı xəsarətlə bağlı araşdırma aparılması və sığorta haqqını ala bilmədiyi üçün rəy alınması və 2019-cu ilin dekabr ayında əmək haqqının hansı məbləğdə hesablanması barədə arayış verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh öz məktubunda imtina cavabı vermişdir.
3. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2025-ci il məktubda bildirilmişdir ki, DİN-in Daxili Təhqiqatlar İdarəsində aparılmış xidməti təhqiqatla sabiq polis əməkdaşı İddiaçı Nizami RPİ 23-cü Polis Bölməsinin təhqiqatçı vəzifəsində işləyərkən aldığı xəsarətin xidməti vəzifəsinin icrası ilə bağlı olması nəzərə alınaraq müvafiq rəyin təsdiq edilmiş surəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması üçün Bakı Şəhər Baş Polis İdarəsinin Maliyyə-Plan şöbəsinə göndərilmişdir. Eyni zamanda Nizami RPİ 23-cü Polis Bölməsinin sabiq təhqiqatçı İddiaçı 2019-cu il dekabr ayı üçün hesablanmış əmək haqqı 1559 manat 40 qəpik olmuşdur.
4. İş materiallarına əlavə edilən cavabdehin rəyinin surətindən görünür ki, sabiq polis əməkdaşı İddiaçı Nizami RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçı vəzifəsində işləyərkən aldığı xəsarətin xidməti vəzifəsinin icrası ilə bağlı olması nəzərə alınması təklif edilmişdir.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.
6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə cavabdehin məhkəməyə ünvanlanmış məktubunu, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, cavabdeh tərəfindən təqdim edilən məlumata əsasən iddia tələbi üzrə tədbir görülərək iddiaçının xidməti vəzifəni yerinə yetirən zaman aldığı xəsarətlə bağlı araşdırma aparılması, sığorta haqqını ala bilmədiyi üçün rəyin verilməsi təmin edilmişdir.
9. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
11. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva