Məhkəmə qərarları › İş №2-1(112)-6208/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6208/2025

20.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6208/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “polis əməkdaşına bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavənin və məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “polis əməkdaşına bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavənin və məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı olmuş İddiaçı xx.xx.2020-ci il tarixindən, 2021-ci ilin aprel ayına qədər olan ödənilməmiş, ümumilikdə 3380 AZN məbləğin ödənilməsi və həmin məbləği A223RBTA******************** nömrəli hesaba köçürülməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşər Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayına qədər olan ödənilməmiş, ümumilikdə 3380 manat məbləğində məzuniyyət pulunun kəsilmiş hissəsinin ona ödənilməsi ilə bağlı qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2002-ci ildə DİO-na xidmətə qəbul olunmuşdur. 2008-ci ildə Polis Akademiyasını bitirdikdən sonra təhqiqatçı vəzifəsində işləmişdir. 2020-ci il dekabr ayında Nizami RPİ-nin 23-cü PB-də təhqiqatçı vəzifəsində işlədiyi ərəfədə xx.xx.2020-ci il tarixli Ə990-001-20 nömrəli əmr ilə əmək haqqına aid olan vəzifə maaşına 676.50 AZN məbləğində əlavə əsassız və qanunsuz olaraq beş ay müddətində DİN-nin maliyyə plan şöbəsi tərəfindən kəsilmiş və 2021-ci ilin aprel ayında yenidən bərpa olunmuşdur. Qeyd edir ki, əmək haqqının qanunsuz olaraq kəsilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə, Azərbaycan Respublikasının Konistitusiyasının 148.5 və 149-cü maddəsinə, Azərbaycan Pespulikası Normativ X1 Qanunun 2-ci maddəsinə, Azərbaycan Respublikası “Polis Haqqında” Qanunun 35-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.1-ci və 154.1-ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli Fərmanına, Azərbaycan Respubikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli qərarına ziddiyyət təşkil edir. Bu yaxınlarda o, “xx.xx.2020-ci il tarixndən, 2021-ci ilin aprel ayına qədər olan ödənilməmiş, ümumilikdə 3380 AZN məbləğin ödənilməsi və adına olan A223RBTA134101001 1********** nömrəli hesaba köçürülməsi” ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət etmiş və oradan imtina cavabını almışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İş materillarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Bakı şəhəri Nizami RPİ-nin 23cü PB-nin əməkdaşlarının vəzifə maaşına təyin edilmiş əlavənin ləğv edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, Ə990-001-20 saylı əmrin surətindən müəyyən olunur ki, xidmət müddətində yol verdikləri intizamsızlığa görə elan edilmiş intizam tənbehlərindən nəticə çıxarmadıqlarına görə Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis mayoru İddiaçı vəzifə maaşlarına DİN-nin 2014-cü il 5 iyun tarixli Ə456-001-14 nömrəli əmri ilə təyin edilmiş, onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavənin 1 dekabr 2020-ci il tarixindən ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ə1750ş/h-001-21 nömrəli xx.xx.2021-ci il tarixli Əmrinin surətindən müəyyən edilir ki, polis mayoru İddiaçı, Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PB-nin təhqiqatçısı, “istefada olan polis mayoru” sayılmaqla xx.xx.2021-ci il tarixdən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 1-ci bəndinə əsasən (öz arzusu ilə) müvafiq olaraq xidmətdən xaric edilmişdir. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin xx.xx.2024cü il tarixli, 3-13-44/2-Q-98263/1/2 №-li məktubunda göstərilmişdir ki, “... 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayınadək Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısı vəzifəsində işlədiyi müddətdə vəzifə maaşının bir ay yarmlıq əlavənin ödənilməməsi barədə ünvanlandığınız xx.xx.2024-cü il tarixli ərizənizə əsasən bildirirlər ki, Azərbaycan Respublikası Prezidentinin 2001-ci ilin 30 iyun tarixli, 518 №-li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”nin 5.3.21-ci yarımbəndini rəhbər tutaraq bir ay yarımlıq əlavənin hesablanıb ödənilməsi DİN-nin xx.xx.2021-ci il tarixli, Ə278-001-21 №-li əmri ilə bərpa edilmişdir”. Məhkəmənin müvafiq sorğusuna əsasən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-27/2-1829/2025 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı 2021-ci ilin məzuniyyət hüququndan istifadə etmiş, ona məzuniyyət ilə əlaqədar 818,90 manat, müalicə olunma ilə əlaqədar 818,90 manat müavinətlər və 428,45 manat məbləğində maddi yardım ödənilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli, 168-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”: ... 5.3.21. dövlət büdcəsindən ayrılan və bücədənkənar vəsaitin, o cümlədən xarici valyutanın sərəncamçısı olmaqla maliyyə vəsaitini tabeliyindəki qurumlar arasında bölüşdürür, xərclənməsinin həcmini və qaydalarını müəyyən edir, xidmətin xüsusatları və ayrılmış məbləğin həddi nəzərə alınmaqla, daxili işlər orqanlarının sıravi və rəis heyətinin, hərbi qulluqçularının vəzifə maaşlarına əlavə təyin edir, maddi yardım və mükafatlar verir, bu səlahiyyətləri başqa vəzifəli şəxslərə həvalə edir, müvafiq vəzifələr üzrə imtiyazların müəyyən edilməsi barədə təkliflər verir; ...

76. Daxili işlər orqanları əməkdaşları üçün əmək haqqı və digər təminatlar saxlanılmaqla aşağıdakı məzuniyyət növləri müəyyən edilir: hər il verilən əsas məzuniyyət (bundan sonra əsas məzuniyyət); qısamüddətli; xəstəliyə görə; tətilə çıxmaqla əlaqədar (kursantlar üçün); Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təhsil müəssisələrini bitirməklə əlaqədar; əlavə (xidmət illərinə, xüsusi şəraitdə vəzifələrin icrasına, əlahiddə xidmətə görə);

77. Daxili işlər orqanları əməkdaşlarının Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə nəzərdə tutulan digər məzuniyyətlərdən istifadə etmək hüququ vardır.

78. Əsas məzuniyyət daxili işlər orqanları əməkdaşlarına 30 təqvim günü müddətində verilir. Əsas məzuniyyət təqvim ili ərzində müvafiq cədvələ uyğun olaraq verilir. ...

88. Əməkdaş müvafiq iş ilində (iş illərində) bu Əsasnamənin 78-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əməkhaqqı məbləğində pul müavinəti verilir.

“Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli Qərarı:

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin polis əməkdaşına xidmət xüsusiyyətlərindən asılı olaraq, məharət dərəcəsinə, şifrlə daimi işləməyə, post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrdə atlara və ləvazimatlara qulluğa, ayıltma məntəqəsində işləməyə, sürücü əməkdaşlara dərəcəyə görə, xidmət sahəsi ilə əlaqədar işi gediş-gəliş xarakteri daşıyanlara gündəlik yemək xərci əvəzinə, vəzifədən azad edilərək müvəqqəti sərəncamda saxlanmaya, xidmətdən tərxis olunmaya görə, xəstəlik, təhsil, məzuniyyət vaxtı verilən əlavələr, ödənişlər və respublika qanunvericiliyində nəzərdə tutulmuş digər əlavələr, müavinətlər, ödənişlər verilir. 1.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqqların; kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları bu qərarın 1 nömrəli əlavəsinə müvafiq müəyyən edilsin. 1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi normalar və dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlara ərzaq məhsullarının topdan satış qiymətlərinə nəzarət komissiyasının müəyyənləşdirdiyi qiymətlər əsasında Daxili İşlər Nazirliyinin polis əməkdaşına ərzaq payı və ya ərzaq payı əvəzinə müvafiq pul kompensasiyası verilsin. 1.3. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin əməkdaşı olan professor-müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusitəyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları” ...

13. Növbəti və qısamüddətli məzuniyyət dövründə əməkdaşlara sonuncu tutduğu vəzifə üzrə müəyyən edilmiş məbləğdə təminat xərcliyi ödənilir. Daxili işlər orqanlarının əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir. Əməkdaşlara məzuniyyət dövründə ildə bir dəfə respublika daxilində nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadədə olan hava, dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyat ilə gedişin dəyəri miqdarında ödənilir. Daxili işlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir. İstifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili üçün verilməsindən asılı olmayaraq, əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir.

MƏHKƏMƏNİN MÖVQEYİ

Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının daxili işlər orqanlarından xaric olunduqdan sonra xx.xx.2020-ci il tarixdən 2021-ci iliun aprel ayına qədər məzuniyyətə görə ödənilməmiş 3380 manat pul müavinətinin ödənilməsi ilə bağlıdır. Başqa sözlə desək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixdən xəstəlik məzuniyyətində olmasının nəzərə alınaraq, xx.xx.2020-ci il tarixdən 2021-ci iliun aprel ayına qədər Azərbaycan Respublikası Nazirlər kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavənin hesablanaraq, məzuniyyət pulunun kəsilmiş hissəsinin ona ödənilməsinə nail olmağa çalışır. Bununla bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilmişdir ki, müəyyən olunmuş müvafiq fondları dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə), Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının professor - müəllim heyətinə onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla əlavələr təyin etsin, daxili normativ aktla müəyyən edilmiş yaş həddinə çatdığına görə xidmət yeri xüsusi təyinatlı nizami polis hissələrindən başqa struktur qurumlara dəyişdirilən əməkdaşların sonuncu xidmət yeri üzrə vəzifə maaşının saxlanılması barədə qərar qəbul etsin. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 169 nömrəli Qərarı ilə “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı Qaydaların təsdiq edilməsi haqqında” xx.xx.2000-ci il tarixli 73 nömrəli Qərarının 1.3-cü bəndinə “iki aylıq vəzifə maaşı məbləğindən” sözlərindən sonra “müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən” sözləri əlavə edilmiş, dəyişiklikdən sonra həmin bənd aşağıdakı kimi olmuşdur: “1.3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə ixtiyar verilsin ki, müəyyən olunmuş müvafiq fondlar dairəsində, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşları həcmində maddi yardım və ən azı bir aylıq vəzifə maaşları həcmində mükafat versin, habelə onlara hər ay əməkdə yüksək nəticələrinə, xüsusi lazımi işlərin vaxtında yerinə yetirilməsinə görə vəzifə maaşlarının 25 faizindən, müxtəlif adda yüksək ixtisaslı proqramçı və elektronçu vəzifələrində çalışan əməkdaşlarına onların iki aylıq vəzifə maaşı məbləğindən, müstəntiqlərə, təhqiqatçılara və kriminalistlərə (ekspertlərə) onların bir ay yarımlıq vəzifə maaşı məbləğindən, tərcüməçilərə isə onların aylıq vəzifə maaşı məbləğindən çox olmamaqla, əlavələr təyin etsin”. Azərbaycan Respublikası Daxili işlər nazirinin xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrinin 3-cü bəndinə əsasən, bu əmrə 1 nömrəli əlavədə müəyyən edilmiş vəzifələrdə xidmət edən xüsusi rütbəli polis əməkdaşlarının vəzifə maaşlarına 1 iyun 2014ci il tarixindən onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli Qərarın 1.3-cü bəndinin təfsiri belə bir qənaət formalaşdırır ki, adıçəkilən normanın predmeti daha çox müəyyən olunmuş müvafiq fondlar dairəsində verilən maddi yardım və mükafatlar, yaxud bu xarakterli digər ödənişlərlə (əlavələrlə) bağlıdır. Azərbaycan Respublikası Nazirlər kabinetinin 20 aprel 2000-ci il tarixli 73 nömrəli Qərarının təhlili göstərir ki, normayaradıcı orqan bu aktı ilə xüsusi rütbəli polis əməkdaşının maddi təminatlarını iki növə ayırmışdır: 1) təyin edilməsi bilavasitə qanunvericilikdə təsbit olunan təminatlar; 2) təyin edilməsi DİN rəhbərliyinin ixtiyarına verilən təminatlar. Birinci növə aid təminatların məbləği və təyin edilməsi qaydaları Qərarın 1.1-ci bəndi ilə tənzimlənmişdir. Sözügedən normaya görə, DİN polis əməkdaşına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları bu Qərarın 1 nömrəli əlavəsinə müvafiq müəyyən edilir. 73 nömrəli Qərara 1 nömrəli əlavə olaraq “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin polis əməkdaşlarına verilən fasiləsiz xidmət illərinə görə haqqın, əlavə haqların, kompensasiyaların, müavinətlərin və başqa ödənişlərin məbləği və təyin edilməsi Qaydaları”ndan aydın görünür ki, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından başqa təminat xərcliyinə daxil olmaqla vəzifə maaşından hesablanan digər əlavələr dedikdə: 1. fasiləsiz xidmət illərinə görə verilən haqq; 2. məharət dərəcəsinə görə verilən əlavə; 3. şifrləmə işində fasiləsiz xidmət etməyə görə pul əlavəsi; 4. post-patrul xidmətində itlərlə xidmət aparanlara, itlərə qulluq və təlim keçirilməsinə, suvari-nizami hissələrində atlara və ləvazimatına qulluğa və ayıltma məntəqəsində işləməyə görə əməkdaşlara ödənən əlavə; 5. sürücülərə dərəcəyə görə verilən əlavə və 6. yüksəkliyə görə ödənən əlavə başa düşülməlidir. Bu kateqoriyaya aid təminatların təyin edilməsi aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə və ərzaq payı əvəzinə verilən pul kompensasiyasında olduğu kimi DİN-in rəhbərliyinin istəyindən asılı deyil və sonuncu tərəfindən ləğv edilə bilməz. Tam əksinə, ikinci növə daxil olan, yəni Qərarın 1.3-cü bəndində sadalanan təminatların təyin edilməsi birbaşa DİN rəhbərliyinin hüquqlarına aiddir ki, onlardan biri də müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) bir ay yarımlıq vəzifə maaşı məbləğindən çox olmamaqla təyin edilən əlavələrdir. Yəni, sözügedən bəndə görə, DİN rəhbərliyi bu növ təminatların təyin, yaxud ləğv edilib-edilməməsi səlahiyyətinə malikdir. Bu da onu deməyə əsas verir ki, 73 nömrəli Qərara əsasən müstəntiq, təhqiqatçı və kriminalistlərə (ekspertlərə) Əmrlə onların bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavələrin təyin olunması DİN rəhbərliyi üçün mütləq (məcburi) xarakter daşımır və intizam məsuliyyəti tədbirlərinə paralel qaydada ləğv edilə bilər. Eyni zamanda məhkəmə həm də onu qeyd etməyi zəruri hesab edir ki, 169 nömrəli Qərarın elan olunması barədə DİN üzrə verilmiş xx.xx.2014-cü il tarixli Ə456-001-14 nömrəli əmrin 4-cü bəndi ilə göstərilən əməkdaşlar tərəfindən intizamsızlığa və ya xidmətdə nöqsanlara yol verildiyi halda, təyin edilmiş əlavənin ləğv edilməsi barədə Nazirliyin rəhbərliyi qarşısında vəsatət qaldırması DİN-nin aidiyyəti orqan rəislərindən tələb olunmuşdur. Göründüyü kimi, Nazirlər Kabinetinin 2000-ci il 20 aprel tarixli, 73 nömrəli qərarı Daxili işlər nazirinə diskresion səlahiyyət əsasında ixtiyar verir ki, polis əməkdaşına hər il ən azı bir aylıq vəzifə maaşı həcmində əlavə verilsin və ya verilməsin. Bununla bağlı isə məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqana diskresion səlahiyyətlər əsasında qərar qəbul etmək vəzifəsi və hüququ, inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.1 və 73.3.2-ci maddələri). Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Başqa sözlə, məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır. Bununla yanaşı, məhkəmə nəzərə alır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir (“İnzibati icraat haqqında” Qanunun 16.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Başqa sözlə, qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət məhkəmə qaydasında təkrarlanması mümkün olmayan və ya inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi bilik və təcrübəyə malik olduğu hallardan gedir. İşin faktiki hallarından müəyyən olunur ki, Azərbaycan Respublikasının Daxili işlər nazirinin xx.xx.2020-ci il tarixli, Ə990-001-20 saylı əmrinə əsasən, Bakı şəhəri Nizami RPİnin 23-cü PB-nin polis mayoru İddiaçı vəzifə maaşlarına DİN-nin 2014-cü il 5 iyun tarixli Ə456-001-14 nömrəli əmri ilə təyin edilmiş bir aylıq vəzifə maaşı məbləğində əlavə 1 dekabr 2020-ci il tarixindən ləğv edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2021-ci il tarixli, Ə278-001-21 №-li əmri ilə isə bərpa edilmişdir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq əmrinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixdə kimi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 2014-cü il 5 iyun tarixli Ə456-001-14 nömrəli əmri ilə təyin edilmiş bir aylıq vəzifə maaşı məbləğində əlavə ödənilməmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçıya DİN-nin 2014-cü il 5 iyun tarixli Ə456- 001-14 nömrəli əmri ilə təyin edilmiş bir aylıq vəzifə maaşı məbləğində əlavə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə990-001-20 saylı əmrinə əsasən dayandırılmışdır ki, iş materialları ilə sonuncu tərəfindən həmin əmrin mübahisələndirilməsi və müvafıq müavinətin bərpa olunması barədə cavabdeh inzibati orqana xidmət etdiyi dövrdə müraciət edilməsini, cavabdehin belə müraciətləri qəbul etməkdən imtinasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, hazırda iddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2020-ci il tarixli, Ə990-001-20 saylı əmri ilə dayandırılmış aylıq vəzifə maaşı məbləğində əlavənin hazırda ödənilməsini tələb etməkdə haqlı deyildir. Eyni zamanda məhkəmə iddiaçıya məzuniyyət pulunun kəsilmiş hissəsinin ona ödənilməsi münasibətində onu qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Daxili işlər nazirinin Ə893-00İ-19 nömrəli, xx.xx.2019- cü il tarixli əmrinin 2-ci bəndində qeyd edilir ki, əməkdaşlara müalicə olunmaları ilə əlaqədar bir aylıq əmək haqqı məbləğində pul müavinəti bir qayda olaraq məzuniyyət vəsiqəsinə əsasən, digər hallarda onların xidmət etdiyi qurumun rəisinin (komandirinin) adına yazdığı raport əsasında əlavə sənəd tələb edilmədən, ildə bir dəfə verilsin. Məzuniyyətə və müalicəyə görə pul müavinətinin ödənilməsi “Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000ci il 20 aprel tarixli, 73 nömrəli qərarının 1.3-cü bəndində göstərilən əlavələr və ərzaq payı əvəzinə verilən pul kompensasiyası istisna olmaqla təmin edilsin. Bu əmr 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minir. İş materiallarından görünür ki, iddiaçı 2021-ci ilin məzuniyyət hüququndan istifadə etmiş, ona məzuniyyət ilə əlaqədar 818,90 manat, müalicə olunma ilə əlaqədar 818,90 manat müavinət və 428,45 manat məbləğində maddi yardım ödənilmişdir. İddiaçı ona verilən ödəmələrin ödənilməli məbləğdən az olduğunu vəzifə maaşına əlavələrin hesablanmaması ilə əsaslandırmışdır. Halbuki, ödəmələr Azərbaycan Respublikası Daxili işlər nazirinin Ə893-00İ-19 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinə əsasən aparılmışdır. İddiaçı ona verilən ödəmələrin ödənilməli məbləğdən az olduğunu vəzifə maaşına əlavələrin hesablanmaması ilə əsaslandırmışdır. Halbuki, ödəmələr Azərbaycan Respublikası Daxili işlər nazirinin Ə893-00İ-19 nömrəli, xx.xx.2019-cü il tarixli əmrinə əsasən aparılmışdır. Yuxarıda sadalanan qanunvericilik aktlarından göründüyü kimi, məzuniyyətə və müalicəyə görə müavinətlər hesablanıb ödənildikdə, bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavə nəzərə alınmır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “polis əməkdaşına bir ay yarımlıq vəzifə maaşı məbləğində əlavənin və məzuniyyətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar