Məhkəmə qərarları › İş №2-1(112)-6209/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6209/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6209/2025 22.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X5) “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 096 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün Buzovna tərəvəzçilik-südçülük sovxozunun balansında olan torpaq sahəsindən baş plana əsasən ayrılmış 0,10 hektar torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə X5 3-cü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Buzovna tərəvəzçilik-südçülük sovxozunun (Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsi) balansında olan torpaq sahəsindən 0,10 hektar torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 xx.xx.2003-cü il tarixli, 28 saylı əmrinə əsasən ona 0,10 hektar torpaq sahəsinin ayrılması barədə arxiv arayışı və torpaq sahəsinin sxemini iddiaçı əldə etmişdir. İddiaçı həmin torpaq sahəsinə dair hüquqlarının qeydə alınması üçün cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsinə digər şəxs X3 müraciəti qeydə alınmışdır. Həmçinin, torpaq sahəsinin ayrılmasına dair Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 direktorunun xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrinin əsli təqdim edilməmişdir. Təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmamış və səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən tərəflərin və (və ya) onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin 15 aprel 1999-cu il tarixli, 096 nömrəli sərəncamına əsasən Buzovna tərəvəzçilik-südçülük sovxozunda işləyən və mənzil tikintisinə ehtiyacı olan şəxslərə verilməsi üçün hər ailəyə 0,10 hektar hesabı ilə həyətyanı torpaq sahəsinin ayrılmasının nəzərə alınması və iddiaçıya 0,10 hektar torpaq sahəsi verilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Buzovna qəsəbəsində yerləşən tərəvəzçilik-südçülük sovxozunun X4 və Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1999-cu il tarixli qərarı və sovxozun xx.xx.1999-cu il tarixli, 27/K nömrəli əmrinin nəzərə alınması qərara alınmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 21 may 2003-cü il tarixli, 28 saylı əmri ilə adları qeyd olunan X2 işçilərinin hər birinə fərdi yaşayış evi tikmək üçün 0,10 ha hesabı ilə torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Kənd X1 Təşkilatı Komitəsinin 17 may 2003-cü il tarixli, 02 saylı protokolundan çıxarışa əsasən siyahıda qeyd olunan X2 işçilərinə və vətəndaşlara 0,10 hektar hesabı ilə hər adama fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmışdır. Həmin siyahıda 136-cı sırada iddiaçının adı qeyd edilmişdir. Cavabdehin daşınnmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən Buzovna qəsəbəsindəki torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə sahəsi 1000 kv.m, faktiki 388 kv.m təşkil edir. Torpaq sahəsi daş hasar daxilindədir. Qapı yoxdur. İki tərəf dalan, iki tərəf qonşudur. Torpaq sahəsinin yerləşməsinə dair cizgi təqdim edilmədi. Torpaq sahəsinə dair sərəncama əsasən ayrılan 1000 kv.m sahənin yeri göstərilmədi və təyin etmək mümkün olmadı. Faktiki göstərilən 388 kv.m torpaq sahəsinin koordinat cədvəli akta əlavə olundu. Sənədlər toplusuna əlavə edilmiş ilkin alqı-satqı müqaviləsində satılan sahə 300 kv.m göstərilib. Cavabdehin məhkəmə sorğusuna xx.xx.2025-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, tədqiqat obyektinə baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır (sözügedən ünvanda digər fiziki şəxs yaşayır). Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubu iddiaya yazılı etirazla oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (139-1.1.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır (8.0.1.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.5-1-ci bəndində sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış qeyd edilmişdir. İşin hallarından göründüyü kimi iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1999-cu il tarixli 096 saylı sərəncamına və Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin X2 əmrinə əsaslanaraq torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş edir. Cavabdehin imtinasının əsasını o təşkil etmişdir ki, göstərilən torpaq sahəsinə digər şəxs X3 müraciəti qeydə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X2 direktorunun xx.xx.2003-cü il tarixli, 28 nömrəli əmrinin əsli təqdim edilməmişdir. Təqdim edilən yerləşmə cizgisində istinad və məsafələr qeyd olunmamış və səlahiyyətli şəxs tərəfindən təsdiq edilməmişdir. İPM-də göstərilmişdir ki, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür (14.3.). İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, X5 onu aldadaraq ona məxsus sahəni satıb. X6 həbs edilib. Həmin torpaq sahəsi isə Minəvvər adlı qadının istifadəsindədir. Həmin şəxslə torpaq sahəsi ilə bağlı razılığa gəliblər. Lakin, həmin şəxsin məhkəmə iclasında iştirakını təmin edə bilmir. Bundan sonrakı məhkəmə iclaslarında iddiaçı iştirak etməmiş, sonuncu iclasdan əvvəl ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən işin hərtərəfli araşdırılması məqsədi ilə mütəxəssis rəyinin verilməsi üçün cavabdehə müraciət edilsə də, cavabdeh məhkəməyə ünvanlanmış məktubunda torpaq sahəsinə baxış keçirilməsi üçün iddiaçı tərəfindən şərait yaradılmadığını bildirmişdir. Qeyd edilənlərdən məlum olur ki, iddiaçıya müvafiq hüquq müəyyənedici sənəd əsasında torpaq sahəsi ayrılsa da, iddiaçı ona ayrılmış torpaq sahəsinin yerini dəqiq müəyyən edə bilmir. Belə ki, o şərti hasarlanmış bir sahəni göstərərək ona məxsus sahə olduğunu bildirmişdir. Lakin, həmin sahənin digər şəxsin istifadəsində olduğu müəyyən edilir. Cavabdeh isə iddiaçı tərəfindən təqdim edilmiş yerləşmə sxemində konkret istinadlar göstərilmədiyi üçün sənədin həmin sahəyə aid olmasının müəyyən etməyin mümkün olmadığını bildirmişdir. İş üzrə mütəxəssis rəyinin verilməsi üçün məhkəmə tərəfindən cavabdehə müraciət edilsə də, iddiaçı əraziyə baxış keçirilməsi və müvafiq rəyin verilməsi üçün cavabdehə şərait yaratmamaış, sonuncu məhkəmə iclaslarında iştirak etməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Göründüyü kimi iddiaçının şərti olaraq göstərdiyi sahənin ona ayrılmış sahəyə uyğun olmasını müəyyən etmək mümkün deyildir. İddiaçıya ayrılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi isə cavabdehin səlahiyyətlərinə aid deyildir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və iddiaçının hüquqlarını pozmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar