Məhkəmə qərarları › İş №2-1(112)-621/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-621/2020

17.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-621/2020 17.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh tərəfindən ona doğum haqqında təkrar şəhadətnamə verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Cavabdeh 16 noyabr 2019-cu il tarixdə xx/xx-1305/15 nömrəli məktubla onun şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə ona doğum haqqında təkrar şəhadətnamə verilməsindən imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Hesab edir ki, Bakı şəhəri Cavabdeh onun şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə ona doğum haqqında təkrar şəhadətnamə verilməsindən imtina etməsi qanunsuzdur. Ona görə ki, o, doğum haqqında şəhadətnaməsini və şəxsiyyətini təsdiq edən sənədi itirmişdir. Yəni o, üzrlü səbəbdən şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmir və məhz yeni şəxsiyyət vəsiqəsi alması üçün doğum haqqında təkrar şəhadətnamə almaq istəyir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə ünvanlayaraq bildirmişdir ki, İddiaçı doğum haqqında təkrar şəhadətnamənin alınması üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı onun bacısıdır. Bacısı Dilşada məxsus sənədlər onlara məxsus evdə olmuşdur. Lakin həmin ev sökülərkən iddiaçıya məxsus sənədlər də söküntü ərəfəsində itmişdir və daha sonra tapılması mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində İddiaçı onun qonşusu olmasını, onun mərhum valideynlərini tanıdığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normalarına əsasən tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Cavabdeh xx.xx.2019-cu il tarixli, 05/Q-687/15 saylı məktubundan görünür ki, iddiaçının təkrar doğum haqqında şəhadətnamənin verilməsi barədə ərizəsinə baxılmış, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na istinad olunaraq, şəxsiyyətini təsdiq edən sənədi təqdim etmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsinin imkan xaricində olması, aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş doğum akt qeydinin surətindən görünür ki, İddiaçı 23 dekabr 1964-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 19 yanvar 1965-ci il tarixdə 327 saylı nömrə ilə qeyd edilmişdir. Doğum haqqında akt qeydləri kitabında atası X5, anası X1 yazılmışdır. İşdə olan evlənmək haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X1 arasında 19 noyabr 1964-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Məmmədova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X2 xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində, X5 13 noyabr 2006-cı il tarixdə Bakı şəhərində vəfat etmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun doğumu Cavabdehndə 19 yanvar 1965-ci il tarixdə 327 saylı nömrə ilə qeydə alınmışdır. İddiaçı ona məxsus doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsini itirmişdir. Hazırda zərurət yarandığından iddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə cavabdehə müraciət etsə də, cavabdeh imtina etmişdir. İmtinaya əsas olaraq İddiaçı şəxsiyyət vəsiqəsini təqdim edə bilməməsi göstərilmişdir. Göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı doğum haqqında akt qeydi mövcuddur və ona həmin qeyd əsasında təkrar şəhadətnamənin verilməsi mümkündür. Bununla belə onun şəxsiyyət vəsiqəsi olmadığı halda cavabdeh doğum haqqında şəhadətnamənin təkrar verilməsindən məhz şəxsiyyət vəsiqəsinin təqdim edilməməsi əsası ilə imtina etmişdir. Halbuki təkrar şəhadətnamələrin alınması haqqında maraqlı şəxslərin ərizəsinə şəxsiyyət vəsiqəsinin surətinin əlavə edilməli olduğu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında qaydası»nda öz əksini tapmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. Cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, məhkəmə qeyd edir ki, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsini qadağan etməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında Qaydası»nın 9.7-ci bəndinin 1-ci və 2-ci abzaslarına əsasən yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərə uşağın doğumu haqqında təkrar şəhadətnamələr verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bütün göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 23 dekabr 1964-cü ildə Bakı şəhərində anadan olmuş, bu barədə 19 yanvar 1965-ci il tarixdə Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 327 sayla qeyd edilmiş İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. 23 dekabr 1964-cü ildə Bakı şəhərində anadan olmuş, bu barədə 19 yanvar 1965-ci il tarixdə Cavabdehndə doğum haqqında akt qeydləri kitabında 327 sayla qeyd edilmiş İddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar