Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6210/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, “Ləhiş” bağ massivində yerləşən 2919 saylı 1200 kv.m torpaq sahəsinə dair onun hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Birliyinin 14 fevral 1995-ci il tarixli, 23 saylı order əsasında Ləhiş bağ massivində yerləşən 2919 saylı 1200 kvadrat metr torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Bundan başqa Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli. 205 saylı sərəncamı əsasında Bakı şəhəri, Sabunçu rayon, "Ləhiş” BTK 123 bağ 2762a da yerləşən 1200 kvadrat metr torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Qeyd etmək istəyir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri. Sabunçu rayon, "Ləhiş” bağ maasivi sahə 2919 da yerləşən 1200 kvadrat metr torpaq sahəsinə dövlət reyestrindən çıxarış verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, sözügedən torpaq sahəsi ləhiş bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluğu göstərilmiş həmçinin təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 saylı orderdə bağ sahəsinin nömrəsi "2919", Bakı Şəhər İcra Hakimiyyətinin başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışda isə bağ sahəsinin nömrəsi 2762 kimi qeyd olunmuşdur. Hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubu əsassızdır. Bakı şəhəri, Sabunçu rayon, "Ləhiş” bağ maasiv sahə 2919 da yerləşən 1200 kvadrat metr torpaq sahəsinə dair dövlət reyestrindən çıxarış ona verməlidir. Bundan əlavə qeyd olunan torpaq sahəsi xx.xx.1995-ci ildən fasiləsiz onun istifadəsindədir. Torpaq sahəsindən maneəsiz, aşkar istifadə edir və ən əsası bağ sahəsinin ərazisində özbaşına heç bir artım və dəyişiklik edilməmişdir. Onun torpaq sahəsinə dair hüququmüəyyənedici sənədlər tam qaydasındadır və onlar aidiyyəti orqanlarlar tərəfindən lazımi qaydada təsdiq olunmuşdur. Mülkiyyət hüququnun da, daxil olduğu konstitusion hüquqların qorunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessal vəsaitlərindən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərazinə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Həmçinin, təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 saylı orderdə bağ sahəsinin nömrəsi “2919”, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışda isə bağ sahəsinin nömrəsi “2762” kimi qeyd olunmuşdur. Eyni zamanda, sözügedən sərəncamdan çıxarışda bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********16 saylı cavab məktubu ünvanlanmışdır. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinaya uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış **********16 nömrəli, xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, iddiaçıya bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən göstəriən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Həmçinin, təqdim edilən X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 saylı orderdə bağ sahəsinin nömrəsi “2929”, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışda isə bağ sahəsinin nömrəsi “2762” kimi qeyd olunmuşdur. Eyni zamanda sözügedən sərəncamdan çıxarışda bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X3 bağlar sahəsində, 123 saylı kooperativ tərəfindən verilmiş 23 saylı orderdən görünür ki, İddiaçı Bakı şəhər İcra Hakimiyyətinin 14 fevral 1995-ci il tarixli, 205 saylı qərarına əsasən ona Ləhiş bağlar sahəsində 123 saylı BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 2919 saylı bağ ayrılmışdır. İşdə olan Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən verilmiş Z-12- 112 nömrəli, xx.xx.2018-ci il tarixli arxiv çıxarışından görünür ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışa əsasən Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il, 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 nömrəli qətnaməsinə əsasən İddiaçı Ləhic 123 nömrəli BTK, 2762 a nömrəli bağ sahəsi ayrılmışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X5 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 123 nömrəli BTK nəzdində olan 2762 a saylı bağ sahəsinə dair inzibati icraat materialları, həmçinin 123 nömrəli BTKnın arxiv qovluğunun təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İdarənin arxivində İddiaçı torpaq sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamı, həmin sərəncam əsasında verilmiş 23 nömrəli order mövcuddur və sözügedən orderdə bağ sahəsinin nömrəsi 2762 a qeyd edilmişdir. Lakin, yanvar 2005-ci il tarixdə rəsmiləşdirilmiş akta əsasən 2762 a saylı bağ sahəsi başqa şəxsin istifadəsində olduğundan tərəflərin razılığına əsasən İddiaçı bağ sənədinə 2762 a əvəzinə 2919 nömrəsi yazılması məqsədəuyğun hesab edilmişdir. Bundan əlavə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 123 nömrəli BTK nəzdində olan 2762 a saylı bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 31 yanvar 2022-ci il tarixli, **********16 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: Cavabdeh imtina məktubunda göstərmişdir ki: 1) Elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. 2) Təqdim edilmiş X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 saylı orderdə bağ sahəsinin nömrəsi “2919”, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışda isə bağ sahəsinin nömrəsi “2762” kimi qeyd olunmuşdur. Eyni zamanda sözügedən sərəncamdan çıxarışda bağ sahəsinin ölçüsü qeyd olunmamışdır. Məhkəmə cavabdehin ilkin dəlili olan iddia etdiyi bağın, bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi məsələsinə münasibətdə qeyd edir ki, «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verildiyindən, cavabdeh tərəfindən hazırki iş üzrə iddiaçıya məxsus bağ sahəsinin torpaq sahəsinin yerləşdiyi yer üzrə sxematik xəritəyə uyğunluşdırılmaqla plan ölçünün verilməsi də, cavabdeh tərəfindən icra edilməlidir. Cavabdehin digər dəlili iddiaçıya X1 və İstismarı Birliyi tərəfindən verilmiş 23 saylı orderdə bağ sahəsinin nömrəsinin “2919”, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli, 205 saylı sərəncamından çıxarışda isə “2762” göstərilməsidir ki, məhkəmə sözügedən uyğunsuzluğun araşdırılması məqsədilə cavabdehdən 123 nömrəli BTK-nın arxiv qovluğu və İddiaçı ayrılmış bağ sahəsinə dair sənədlər tələb edilmiş, cavabdeh tərəfindən təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı bağ sahəsinin ayrılmasına dair sənədlər İdarənin arxivində mövcuddur. İdarənin arxivində olan sərəncamda və orderdə bağ sahəsinin nömrəsi “2762a” kimi qeyd olunmasına baxmayaraq, yanvar 2005-ci il tarixdə rəsmiləşdirilmiş akta əsasən 2762 a saylı bağ sahəsi başqa şəxsin istifadəsində olduğundan tərəflərin razılığına əsasən İddiaçı bağ sənədinə 2762 a əvəzinə 2919 nömrəsi yazılması məqsədəuyğun hesab edilmişdir. Sözügedən aktın surəti də, İdarənin arxivində mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinasında göstərilən yuxarıda qeyd edilən əsaslar formal əsaslara söykənərək, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin, iddia tələbinə tam həcmdə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən “2919” saylı 0.12 ha bağ sahəsinə dair İddiaçı hüquqlarının (mülkiyyət) daşınmaz əlmakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-6210/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6210/2022
26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver