Məhkəmə qərarları › İş №2-1(112)-6211/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6211/2024

29.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6211/2024 29.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “2017-2023-cü illər üçün ödənilməli olan mənzil kirayə haqqının ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ehtiyatda olan zabit kimi ona 2017- 2023-cü illər üçün ödənilməli olan mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı keçmiş hərbiçidir. 2017-ci ildən 2023-cü ilin sentyabr ayına kimi ona ödənilən kirayə haqqı səbəbsiz olaraq kəsilmişdir. Lakin məhkəməyə müraciət olunduqdan sonra kirayə pulu bərpa olunsa da, 2017-2023-cü illərdə verilməyən kirayə pulunun ödənilməsi lazımdır. Qeyri-rəsmi olaraq bildirilmişdir ki, bunun üçün də ayrıca məhkəmə aktı lazımdır. İddiaçı İ qrup əlildir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin üzvüdür. O, yaşayış yeri üzrə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi xx.xx.2022-ci ildən mənzil növbəsindədir, orduda 15 ildən artıq xidmət etmiş və xx.xx.2002-ci ildən ehtiyata buraxılmışdır. Mənzillə təmin edilənə kimi ona kirayə haqqı ödənilməlidir. Odur ki, 2017-2023-cü illər üçün ona kirayə pulunun ödənilməsinə zərurət meydana gəlmişdir. Faktla bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət etsə də, ona imtina cavabı verilmişdir. Hesab edir ki, 2017-2023-cü illər üçün kirayə haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

3. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Siz Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış yeri üzrə güzəştli əsaslarla ehtiyatda olan hərbi qulluqçu kimi Binəqədi Rayon İcra Hakimiyyətində mənzil növbəsində olmağınızı nəzərə alıb, yaşayış sahəsi ilə təmin olunanadək kirayə haqqının ödənilməsini Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmisiniz. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9705/2021 saylı xx.xx.2021-ci il tarixli qərar ilə iddia tələbiniz təmin edilməmişdir. Sözügedən qərar tərəfimizdən yuxarı məhkəmə instansiyasında mübahisələndirilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1580/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9705/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmuş və iddia tələbiniz təmin olunmuş olur və Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1 (102)-1521/2022 saylı qərarı ilə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1580/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qüvvəyə minmiş məhkəmə qərarı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 32 saylı xx.xx.2023-cü il tarixli Sərəncam ilə icra olunmuş və Sərəncamın qəbul olunduğu tarixdən müvəqqəti mənzil kirayə xərcləriniz ödənilir. Məhkəmə qərarında Sizə 2017-ci ildən 2023-cü ilədək müvəqqəti mənzil kirayə xərclərinizin ödənilməsi nəzərdə tutulmadığından 2017-2023-cü illəri əhatə edən dövr üzrə ödənilməsi mümkün deyil.”

4. Cavabdehin iddiaya etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək SSRİ SQ-da əsgər, xx.xx.1989-cu il tarixdən xx.xx.1989-cu il tarixədək SSRİ SQ-də gizirlər məktəbində kursant, xx.xx.1989-cu il tarixdən xx.xx.1993-cü il tarixədək SSRİ və RF SQ-də, xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək AR SQda gizir qismində həqiqi hərbi xidmət keçmişdir. AR Müdafiə Nazirliyinin 4 iyun 2022-ci il tarixli əmri ilə "Hərbi xidmət keçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “a” bəndinə əsasən “xidmət müddəti başa çatdığına görə” ehtiyata buraxılmışdır. İddiaçı Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2002-ci il tarixli 722 saylı sərəncamı ilə güzəştli əsaslarla mənzil növbəsinə götürülmüşdür. Sonradan Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 23 saylı sərəncamı ilə İddiaçı mənzil-uçot sənədləri tarixi saxlanılmaqla yaşayış yeri üzrə ehtiyatda olan zabitlərin mənzil-uçot siyahısına daxil edilmək üçün Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 60 saylı sərəncamı ilə iddiaçının Yasamal Rayon İcra Hakimiyyətində olan mənzil növbə sənədləri yaşayış yeri üzrə Binəqədi Rayon İcra Hakimiyyətinə köçürülməsi, mənzil növbəsi güzəştli əsaslarla ehtiyatda olan zabit kimi yaşayış sahəsilə təmin olunacaq ailələrin siyahısına xx.xx.2002-ci il tarixdən daxil edilməsi qərara alınmışdır. O, cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hal-hazırda yaşayış yeri üzrə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi Binəqədi RİH-də mənzil növbəsində olduğu nəzərə alınaraq, yaşayış sahəsi ilə təmin olunanadək ona kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2-1(112)-9705/2021 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasınm28 aprel 2022-ci il tarixli, 2-1(103)- 1580/2022 saylı qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2-1(112)-9705/2021 saylı qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı “mənzil növbəsində olması nəzərə alınmaqla, kirayə haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 06 dekabr 2022-ci il tarixli 2-1(102)- 1521/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1( 103)- 1580/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qüvvəyə minmiş məhkəmə qərarı Binəqədi Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli 32 saylı sərəncamı ilə icra olunmuş, İddiaçı yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi qərara alınmışdır. Sərəncamın qəbul olunduğu tarixdən iddiaçıya müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin təmin edilməsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. İddiaçı yenidən Bakı İnzibati Məhkəməsinə müraciət edərək, yaşayış yeri üzrə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi Binəqədi rayon İcra Hakimiyyətində mənzil növbəsində olduğunu nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli xx.xx.2012-ci il tarixli qərarına əsasən ona xx.xx.2012-ci il tarixdən kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-15099/2023 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmənin gəldiyi nəticəyə görə hazırkı iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. İddiaçı məhkəmə qərarının düzgün icra olunması üçün icra sənədinin icrasını həyata keçirən məhkəməyə ərizə ilə müraciət etməli və qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tələb etməlidir. Bu baxımdan iddia tələbinə iddia icraatı qaydasında baxıla bilməz. Qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi icra icraatı qaydasında təmin edilməli olduğu üçün iddia tələbi mümkün sayıla bilməz. İddiaçı hazırki iddiası üzrə məhkəməyə müraciət etməzdən əvvəl 2017-ci ildən 2023-cü ilədək müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinə köməklik göstərilməsi barədə xx.xx.2023-cü il tarixli 5-10/l-A-28/4-068/4-t/2/2023 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Onun müraciətinə 12 yanvar 2024-cü il tarixli, 5-10/2-A- 28/4-068/4-t/2/2023 saylı məktubla cavab olaraq bildirilmişdir ki, qüvvəyə minmiş məhkəmə qərarı Binəqədi rayon İcra Hakimiyyəti başçısının 32 saylı xx.xx.2023-cü il tarixli sərəncamı ilə icra olunmuşdur və sərəncamın qəbul olunduğu tarixdən müvəqqəti mənzil kirayə xərcləri ödənilir. Məhkəmə qərarında ona 2017-ci ildən 2023-cü ilədək müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmadığından onun 2017-2023-cü illəri əhatə edən dövr üzrə ödənilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi iddiaçı yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi qərara alınmışdır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq sərəncamın qəbul olunduğu tarixdən indiyə qədər iddiaçıya müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsinin təmin edilməsi Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir. Belə ki, iddiaçı tərəfindən irəli sürülən iddia tələbi ilə bağlı artıq yekun qanuni qüvvəsini almış məhkəmə aktı (Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(103)-1580/2022 saylı qərarı) mövcuddur. Sözügedən məhkəmə qərarında iddiaçının iddia tələbində qeyd etdiyi tarixdən (2017-ci ildən) mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmamışdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən iddiaçıya yaşayış sahəsi ilə təmin olunanadək mənzil kirayə xərclərinin ödənilməsi ilə bağlı müddət axımı sərəncam qəbul edildiyi tarixdən hesablanır. Buna baxmayaraq iddiaçı qüvvədə olan məhkəmə qərarında iddia tələbində qeyd etdiyi tarixdən (2017-ci ildən) mənzil kirayə haqqının ödənilməsi nəzərdə tutulmadığı halda əsassız olaraq iddia qaldırmışdır. Hesab edilir ki, iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. Göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Beləliklə iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır.

5. İş materiallarında olan kasassiya instansiyası məhkəməsinin qərarına əsasən: - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9705/2021 nömrəli, 28 dekabr 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “hal-hazırda yaşayış yeri üzrə güzəştli əsaslarla ehtiyatda olan zabit kimi Binəqədi RİH-də mənzil növbəsində olmasını nəzərə alıb, yaşayış sahəsi ilə təmin olunanadək ona kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi İnzibatı Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(103)- 1580/2022 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1 (112)-9705/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, iddiaçının cavabdehə qarşı "mənzil növbəsində olması nəzərə alınmaqla, kirayə haqqının ödənilməsi" tələbinə dair iddiası təmin edilmişdir. - Ali Məhkəmənin İnzibati Kollegiyasının 06 dekabr 2022-ci il tarixli 2-1(102)-1521/2022 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(103)-1580/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qərar qətidir.

6. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.

7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

9. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

11. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

13. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(103)-1580/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının mənzil növbəsində olması nəzərə alınmaqla, ona kirayə haqqının ödənilməsi öhdəliyi cavabdeh Binəqədi Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.

14. Cavabdeh qurum tərəfindən xx.xx.2023-cü il tarixli 32 saylı sərəncam qəbul edilərək məhkəmə qərarı icra olunmuş, iddiaçıya yaşayış sahəsi ilə təmin olunanadək müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi qərara alınmaqla mənzil kirayə xərclərinin ödənilməsi sərəncamın qəbul olunduğu tarixdən həyata keçirilməyə başlamışdır. Qeyd olunur ki, iddiaçının yaşadığı yerin kirayə xərcləri ödənilsə də, iddiaçı məhkəmənin qərarının düzgün icra edilmədiyini iddia etmişdir. Bundan sonra iddiaçı cavabdehə müraciət etsə də, onlar məhkəmə qərarında ona 2017-ci ildən 2023-cü ilədək müvəqqəti mənzil kirayə xərclərinin ödənilməsi nəzərdə tutulmadığından həmin dövr üzrə ödənilməsini mümkün hesab etməmişlər.

15. İddiaçının hüquqi marağı 2017-2023-cü illəri əhatə edən dövr üzrə yaşadığı mənzilin kirayə xərclərinin ödənilməsinə yönəlib.

16. İddiaçı məhkəmə qərarının düzgün icra olunması, məhkəmə qərarına aydınlıq gətirilməsi üçün işə baxmış məhkəməyə ərizə ilə müraciət etməli və ləğv edilməmiş - qanuni qüvvəyə minmiş məhkəmə qərarına izah verilməsini tələb etməlidir.

17. Belə ki, “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2021ci il tarixli qərarının 33-cü bəndində qeyd edilir: ...məhkəmələr nəzərə almalıdırlar ki, İPM-in 1.2 və 116.1-ci maddələrinə uyğun olaraq inzibati işlər üzrə məhkəmə qərarlarının icrası ilə bağlı MPM-in və “İcra haqqında” Qanunun müvafiq normalarına istinadla və inzibati mübahisələrin xüsusiyyətləri nəzərə alınmaqla məhkəmə aktının izah edilməsi, icrada dönüş, məhkəmə qərarının icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qərarın icra üsulunun və qaydasının dəyişdirilməsi, icra hərəkətlərinin təxirə salınması və icra üzrə icraatın dayandırılması məsələlərinə də baxıla bilər.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

20. Odur ki, hazırkı iş üzrə qərara izah verilməsi zərurəti yarandığından iddiaçıya müvafiq ərizə ilə ləğv edilməmiş – qüvvədə olan məhkəmə qərarını qəbul edən məhkəməyə (Bakı Apellyasiya Məhkəməsinə) müraciət etmək hüququ izah olunsun.

21. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

22. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

23. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

24. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar