Məhkəmə qərarları › İş №2-1(112)-6215/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6215/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6215/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (X1) qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evi ə onun altında yerləşən 0,12 ha torpaq sahəsi onun qardaşına məxsus olmuş, bağışlama yolu ilə ona keçmişdir. Mülkiyyət hüququnun torpaq sahəsinə qeydiyyatı ilə bağlı müraciət etmiş, lakin müraciətin təminindən əsassız olaraq imtina edilmişdir. İddiaçı hesab edir ki, torpaq sahəsi üzrərində onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmalıdır. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılır ki, 0,12 ha torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmtina məktubunda qeyd edilir ki, müvafiq torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Sərəncamda qeyd edilir ki, Ermənistan qaçqınlarına fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılmasına dair aidiyyəti Fərman və Sərəncam nəzərə alınmaqla 1200 kv. Torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair texniki pasport və qeydiyyat vəsiqəsinin alınmasına icazə verilir. Fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, tikinti altı sahə 76,4 kv.m, ümumi sahə 1200 kv.m təşkil edir. Torpaq sahəsi (həyət örtmələri) isə 1123,6 kv.m təşkil edir. Çıxarışdan görünür ki, 29,88 kv.m ölçüdə Bakı ş, Ramana qəsəbəsi. Yeni yaşayış massivi ev 4-yeni qaydalarla Ramana qəsəbəsi, Orxan Qasımov küçəsi, giriş 44 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətində, 0,0050 ölçüdə torpaq sahəsi iddiaçının istifadəsindədir. Müayinə aktından görünür ki, faktiki istifadədə olan torpaq sahəsi 0,1356 ha təşkil edir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Qeyd olunmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139-1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 aprel 2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. “Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 avqust 2001-ci il tarixli 562 nömrəli Fərmanının 7-ci hissəsinin əvvəlki redaksiyasında qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988-1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə yuxarıda istinad edilən Fərmanının tələblərinə əsasən erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşdırılmasının təmin edilməsi ilə əlaqədar mülkiyyətə verilmiş fərdi yaşayış sahəsinin altında olan sahənin və həyətyani sahənin iddiaçının mülkiyyətinə verilibverilməməsi ilə əlaqədardır. İş materiallarında olan sənədlərlə müəyyən edilir ki, fərdi yaşayış evinin yerləşdiyi həyətyani sahə və fərdi yaşayış evinin yerləşdiyi sahə 1200 kv.m təşkil edir. İddiaçı da həmin sahənin onun adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etsə də, məhkəmə hesab edir ki, iddia qismən tikinti altı sahə olan 76,4 kv.m hissədə qanuni və əsaslıdır. Belə ki, hal-hazırda qüvvədə olmasa da, fərdi yaşayış evinin ayrıldığı və iddiaçı və əvvəlki mülkiyyətçilərin hüququnun yarandığı dövrdə qüvvədə olan redaksiyasından aydın görünür ki, tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsi qaydası müəyyən edilmişdir. Göründüyü kimi Fərmanın tələbi konkretdir və həyətyani sahə yox, məhz tikinti altı dövlət mülkiyyətində olan sahənin şəxsin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatı mümkün ola bilər. Doğrudur, iddiaçının adına verilmiş çıxarışda istifadədə olan torpaq sahəsinin ölçüsü 0,050 ha nəzərdə tutulmasına baxmayaraq iş materiallarında mövcud olan, əvvəlki mülkiyyətçinin adına, məhz torpaq sahəsi və fərdi yaşayış evi naturada ayrılarkən tərtib edilmiş texniki pasportdan görünür ki, torpaq sahəsinin tikinti altıya düşən hissəsi 76,4 kv.m olduğundan, məhz 76,4 kv.m hissədə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Digər tərəfdən texniki pasportun iddiaçının yox, ilkin mülkiyyətçi kimi X2 adına olmasına münasibətdə də məhkəmə qeyd edir ki, alqı-satqı, vərəsəlik və s yollarla daşınmaz əmlaka hüququn keçməsi özündə mövcud olmuş, lakin qeydiyyata alınmamış hüququn da mülki qanunvericiliyin tələblərinə əsasən keçməsi olduğundan, iddiaçı əvvəlki mülkiyyətçiyə aid torpaq sahəsinə bir hissədə mülkiyyət hüququnun mövcudluğu baxımından həmin hissədə mülkiyyət hüququnun onun adına qeydə alınmasında iddia vermək hüququna malikdir. Nə qədər ki, fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, həmin fərdi yaşayış evi ilə bağlı əvvəlki mülkiyyətçiyə aid torpaq sahəsinə mülkiyyət hüququ,hal hazırda iddiaçının hüququdur. Mülki Məcəllənin: 241.3. Bu Məcəllənin 243-cü maddəsində nəzərdə tutulan hallarda torpaq sahəsindən istifadə hüququnu binanın, qurğunun və digər daşınmaz əmlakın mülkiyyətçisi də əldə edə bilər. 243.2. Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlaka mülkiyyət hüququ başqa şəxsə keçərkən, o, torpaq sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və eyni həcmdə əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas deyildir.

245. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

Həmçinin, qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin 2-1(102)-1842/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərardan, eləcə də 2-1(102)-1232/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarından da göründüyü kimi məhkəmə kollegiyası məhz oxşar faktiki hallar, eləcə də yuxarıda istinad edilən Fərmanın tələblərinə uyğun olaraq məhz iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin altında olan torpaq sahəsinin dövlət qeydiyyatına alınmalı olması qənaətində olmuşdur. Odur ki, məhkəmə də hesab edir ki, 1200 kv.m torpaq sahəsindən yalnız fərdi yaşayış evinin altında yerləşən 76,4 kv.m torpaq sahəsinə mülkiyyət hüququ iddiaçının adına dövlət qeydiyyatına alınmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi qismən təmin edilsin. Bakı ş, Sabunçu r, Ramana qəsəbəsi, yeni yaşayış massivi ev 4 (yeni qaydalarla Ramana qəsəbəsi, Orxan Qasımov küçəsi, giriş 44) ünvanda yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış sahəsinin altında yerləşən 76,4 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. İddia digər hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar