Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6216/2023 05.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün ona müharibə veteranı adının verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İ Qarabağ müharibəsi başlandıqdan sonra torpaqları erməni işğalçılarından qorumaq üçün könüllü olaraq Binəqədi rayon Hərbi Komissarlığına müraciət etmiş, müraciəti qeydə alındıqdan sonra 1993-cü ilin mart aprel aylarında Milli Ordu sıralarına göndərilmiş, N saylı hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 119 saylı əmri ilə hərbi xidmətə qəbul edilmişdir. Döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmış, yaralanmağı ilə əlaqədar hərbi hissə komandirinin göstərişi ilə 1994-cü ilin yanvar ayında müalicəyə buraxılmışdır. Səhlənkarlığı ucbatından veteran vəsiqəsi almamışdır. Cavabdehə müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı müraciət etmişdir. Müdafiə Nazirliyi tərəfindən ona verilmiş xx.xx.2023-cü il tarixli cavabda 4/3-117 saylı statusunun verilməsindən imtina edilmişdir. Hərbi hissəni özbaşına tərk etməmişdir. Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli arayışında göstərilmişdir ki, onun məhkumluğu olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, döyüş əməliyyatları aparılan zaman iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə ştatdan kənar edilərək bütün növ təminatlardan silinmişdir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna zidddir. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirakını təmin etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən xx.xx.2023-cü il tarixli məktubla imtina etmiş, iddiaçı hazırkı tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə iddia müddətinə riayət etmişdir. Məhkəmə iddiaçının və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2023-cü il tarixli, 4/3- 117 nömrəli məktubundan görünür ki, döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019cu il tarixli, 9/2-17360 nömrəli arxiv arayışından görünür ki, Biləcəri Toplanış məntəqəsindən gəlmiş X7 N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 119 №-li əmrilə (əsas: səh.36, §2, sıra 6, qeyd:əmrdə soyadı Bahişov, adı Şirmamed yazılmışdır) şəxsi heyətin siyahısına bütün növ təminatlara salınaraq müvafiq vəzifəyə təyin olunmuşdur. Hərbi hissəni özbaşına tərk etmiş X1 Nazirliyinin Baş Qərargahının xx.xx.1994-cü il tarixli Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin (əsas: səh.34, §4, sıra 181, qeyd: əmrdə soyadı Bağırov yazılmışdır) xx.xx.1994-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılaraq sənədləri Bakı şəhəri Binəqədi RHK-ya göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 406.427113.3222 nömrəli arayışının surətindən görünür ki, xx xxxxxxx 1962-ci tarixdə Azərbaycan Respublikası Masallı rayonunda anadan olmuş İddiaçı məhkumluğu yoxdur. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-25-11/2-1091/2023 nömrəli məktubuna əlavə edilmiş Müdafiə Nazirliyinin Katibliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 119 №-li əmrində (əsas: səh.36, §2, sıra 6, qeyd:əmrdə soyadı “Bahişov”, adı “Şirmamed” yazılmışdır) Bakı şəhəri Biləcəri toplanış məntəqəsindən göndərilmiş çağırışçı, X4 xx.xx.1993-cü il tarixdən şəxsi heyətin sıyahısına salınaraq bütün müavinətlərlə təmin olunması və 2-ci taborda əsgəri xidməti vəzifəsinin icrasına başlanması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 316 №-li əmrində (əsas: səh.34, §4, sıra 181, qeyd: əmrdə soyadı “Bağırov” yazılmışdır) Binəqədi RHK-nın çağırışçısı, X3 hərbi hissəni özbaşına tərk etdiyinə görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Baş Qərargah rəisinin xx.xx.1994-cü il tarixli, 02 №-li Direktivinə əsasən, xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq sənədlərinin Azərbaycan Respublikası Hərbi Komissarlığına göndərilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsində Respublika Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici material yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1962-ci təvəllüdlü İddiaçı cinayət təqibi və məhkumluğu barədə müvafiq uçotlarında məlumat yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin birinci hissəsinin birinci və üçüncü abzaslarının müddəalarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir; 1-ci hissəsinin “Qeyd”inə əsasən, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur; Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir; Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 37.2-ci maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Göründüyü kimi, şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: 1) şəxsin hərbi xidmət keçməsi və 2) bunun müvafiq sənədlərdə əks edilməsi. Hərbi xidmət keçmə məfhumu ilə hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə əlaqədar hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması nəzərdə tutulur. Hərbi xidmət keçmənin müvafiq sənədlərdə əks edilməsi dedikdə isə, bu zaman zəruri sənədlər anlayışına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2018-ci il tarixli, 422 nömrəli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə hesab edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməli olduğundan, lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi (qanuni əsaslarla tərxis olunması) mötəbər sübutlarla təsdiq edilmədiyindən, nizami hissə üzrə əmrlərdə onun xidməti barədə məlumat olmadığından iddia sübüta yetirilmiş sayıla bilməz. İşin sadalanan halları ilə iddiaçının N saylı hərbi hissənin hərbi qulluqçusu olması müəyyən olunsa da, onun hərbi xidmətdən tərxis olunması barədə heç bir sübut, yəni nə bu faktı təsdiq edən hərbi bilet, nə də bununla bağlı müvafiq hərbi hissənin nizami hissə üzrə əmri mövcud deyil. Döyüş əməliyyatlarında iştirak etməsi faktı isə özlüyündə iddiaçıya müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Çünki baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6216/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6216/2023
05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver