Məhkəmə qərarları › İş №2-1(112)-6217/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6217/2022

10.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6217/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında qeydiyyatdadır. 1992-ci il mart ayının 18-də Xətai Hərbi Komissarlığı tərəfindən təşkil olunmuş İkinci könüllü Bakı Batalyonunda qeydiyyata alınmaqla Qarabağ torpaqlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmək üçün yola düşdü. Bakı şəhəri, Abşeron rayon ərazisində “N” saylı hərbi hissədə bir neçə gün təlim keçdikdən sonra Goranboy rayonu, Goran qəsəbəsində yerləşən 703 saylı (Hərbi Hissədə) Briqadanın (Həmin vaxt Briqadanın komandiri Nəcməddin Sadıxov olmuşdur) tərkibində bir həftə təlim keçdikdən sonra Göyğöl rayonu, Sarı-Su kəndinə gediblər və Buzluq yüksəkliyi uğrunda gedən döyüşlərdə iştirak edib. Həmin döyüşlər zamanı Buzluq yüksəkliyini və Erkəc kəndini düşmənlərdən azad ediblər. Daha sonra Gülüstan kəndini azad ediblər. Bir neçə gün sonra döyüş yoldaşları ilə Tər-Tər rayonu Talış kəndinə gediblər. Bir neçə gün sonra Suqovuşan (həmin vaxt adı Madagiz) istiqamətində gedən döyüşlərdə və Ağdərə istiqamətində gedən döyüşlərdə, eləcə də Ağdərə şəhərinin mərkəzinin işğaldan azad edilməsində iştirak edib. Beləliklə, 1992-ci ilin mart ayından 1992-ci ilin avqust ayına qədər döyüşlərdə iştirak edib. Döyüş yoldaşlarından Ağsu rayonunda anadan olan, hal-hazırda Bakı şəhəri, Xətai rayonu, H.Tağı-zadə küçəsi, ev 11/15, mənzil 2-də yaşayan X7, Neftçala rayonu, Bankə qəsəbəsi, N.Nərimanov küçəsində yaşayan X5, Neftçala rayonu, Novovasilyevka kəndində anadan olan, hal- hazırda ünvan 3 ünvanında yaşayan X4 adlı şəxslər müharibə veteranı vəsiqəsi almışdır. Lakin o hal-hazıra qədər müharibə veteranı vəsiqəsi ala bilməyib. Bu barədə dəfələrlə cavabdeh orqana müracətlər etsə də, rəsmi müraciətlərinə obyektiv cavab verilməmişdir. Ona veteran vəsiqəsinin verilməməsi təkcə onu yox, hətta döyüçü yoldaşlarını da narahat edir və bunun ədalətsiz olduğunu bilirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanladığı ərizəsinə Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi arxivindən verilmiş 12.10.2021-ci il tarixli, 4/2-1182 saylı imtina məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinə daxil olmamışdır. Bununla da onun qanunla qorunan hüquqları pozulmuşdur. Buna görə də məcbur qalıb, məhkəməyə müraciət edir.

3. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti və döyüşlərdə iştirak etməyi barədə məlumat aşkar olunmamışdır. Bildirilmişdir ki, N №-li hərbi hissə komandirinin mart 1992-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi işlər İdarəsinin Mərkəzi Arxivinə daxil olmamışdır.

4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən bildirilmişdir ki, N nömrəli hərbi hissə 19.07.1992-ci il tarixdən 12.05.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak edib. Əsas: 29.08.1997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindəm məhkəmə sorğusuna cavab olaraq müəyyən edilmişdir ki, iddiaçının məhkumluğu barədə məlumat yoxdur.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilir ki, iddiaçı tərəfindən iddia ərizəsində 1992-ci ilin mart ayının 18-də Xətai Hərbi Komissarlığı tərəfindən təşkil olunmuş ikinci könüllü Bakı batalyonunda qeydiyyata alındığını, 1992-ci ilin mart ayından 1992-ci ilin avqust ayına qədər Qarabağ torpağlarının müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etdirdiyini göstərərək məhkəmədən ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasın, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Norma ümumiləşdirilərək qeyd edilir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Mərkəzi Arxivin 12.10.2021-ci il tarixli 4/2-1182 nömrəli arxiv arayışına əsasən N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il tarixli nizami hissə üzrə ərizələrində İddiaçı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılma barədə məlumat aşkar edilmədiyi qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27.09.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09.07.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında ftirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 20 iyun 2017-ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz”. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər «Müharibə veteranı» sayılmırlar.

7. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxışı) iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

8. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə (bundan sonra – Əsasnamə) əsasən müəyyən edilir.

9. Müharibə veteranı adı aidiyyəti qurumların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

10. İddiaçı tərəfindən imtina məhkəməyə təqdim edilməsə də, cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etirazda müvafiq komissiyanın rəyinə əsasən, müharibə veteranı vəsiqəsinin verilməsindən imtina edildiyi bildirilmiş, bununla bağlı cavabdeh qurumun mövqeyi ifadə edilmişdir.

11. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, həmin rəy qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır.

12. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

13. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

14. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinin 1-ci hissəsinin ikinci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) tərəfindən müəyyən edilir.

15. Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.

16. Qeyd edilən normativ hüquqi aktların tələbinə əsasən, məhkəmə tərəfindən həmin bəndin qeyd hissəsi nəzərə alınmaqla aşağıdakı iki hal müəyyən edilməlidir: Şəxsin (i) Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirakı faktı və (ii) həmin dövrdə hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilib-edilməməsi (bəraətverici əsaslarla cinayət təqibinə xitam istisna olmaqla) və məhkumluğunun olub-olmaması olmalıdır. İddianın uğurluluğu həmin hallardan asılıdır və bu səbəbdən məhkəmə araşdırmasının həddi qeyd edilən halları müəyyən etməklə məhdudlaşmalıdır. 1-ci hala münasibətdə iddiaçının hərbi biletində 18.03.1992-09.08.1992-ci il tarixlərində N nömrəli hərbi hissənin tərkibində döyüşdüyü qeyd edilsə də, N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti və döyüşlərdə iştirak etməsi barədə məlumat aşkar olunmamışdır. Odur ki, müvafiq qaydalara uyğun olaraq hərbi biletin arxiv arayışı ilə təsdiq edilmədiyi müəyyən olunur. 2-ci hala münasibətdə məhkəmə qeyd edir ki, həmin dövrdə iddiaçının hərbi cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi və məhkumluğunun olub-olmaması məhz Daxili İşlər Nazirliyi və onun rayon polis idarə (şöbələri) tərəfindən təqdim edilən fərdi uçot məlumatları əsasında müəyyən edilməlidir. Məhkəmə sorğusuna verilən cavab əsasında iddiaçının məhkumluğunun olmadığı müəyyən edilir. Lakin məhkəmə qeyd edir ki, hər iki hal eyni zamanda mövcud olduğu təqdirdə iddiaçının müvafiq hüququ təmin oluna bilər.

17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

18. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

19. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

21. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır.

22. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar