Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6218/2025 01.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, İddiaçı1, İddiaçı3 və İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.2006-cı il təvəllüdlü İddiaçı2 ünvan 1 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı1 ünvan 1 ünvanında qeydiyyatdadır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və CMS-AZEMİS məlumataxtrarış sistemindən əldə edilmiş məlumatdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı3 ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 122 nömrəli xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Biləcəri bələdiyyəsinin 815 saylı xx.xx.2004-cü il tarixli qərarı ilə vətəndaş X1 adına alqı-satqı yolu ilə sənədləşdirilmiş 400.0 kv.m torpaq sahəsindən 200.0 kv.m torpaq sahəsi qarşılıqlı razılaşmaya əsasən fərdi yaşayış evinin tikintisi üçün ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı1 adına sənədləşdirilmişdir. İddiaçılar ünvan 4 ünvanına qeydiyyata alınmaları üçün Bakı Şəhər Binəqədi Rayon Polis İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdirlər. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçıların ərizəsini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. İddiaçının tələbi, əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı3 və İddiaçı2 ünvan 4 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, döngə 12 ünvanında yerləşən 400 kv.m. sahədən ibarət olan torpaq sahəsinin 200 kv.m. sahəsi Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 122 saylı, xx.xx.2020-ci il tarixli Qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün İddiaçı1 adına sənədləşdirilmişdir. Həmin topraq sahəsi üzərində yerləşən 651A saylı fərdi yaşayış evi iddiaçılara məxsus olmaqla onlar tərəfindən idarə olunur və faktiki sahibliyindədir. Qeyd olunan fərdi yaşayış evində hazırda iddiaçılar birgə yaşayırlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq, iddiaçılar hazırkı iş üzrə cavabdeh orqana müraciət edərək, ünvan 4 ünvanına qeydiyyata alınmalarını xahiş etmişdirlər. Lakin, cavabdeh orqan xx.xx.2024-cü il tarixli 3-13-46/2-M- 53910 saylı məktubu ilə imtina verərək bildirmişdir ki, qeydiyyata alınma üçün müvafiq sənədlər təqdim edilməlidir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edirlər, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Belə ki, həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun tanınması üçün bir sıra formal əngəllər olduğu üçün mülkiyyət hüququnu onlardan asılı olmayan səbəblərdən hazırda əldə etmək mümkün olmamışdır. Həmin fərdi yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarışı almaq hazırda qeyri-mümkündür. Lakin, xüsusi ilə vurğulanmalıdır ki, dövlət orqanları iddiaçıların orada yaşamağına dair hər hansı bir etiraz bildirməmişdir, əksinə, həmin evin həyat üçün zəruri olan işıq xətləri ilə təchiz olunmasına dair müqavilə iddiaçı ilə müvafiq qurum arasında bağlanmışdır. Cavabdehin etirazları: Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı3 iddia ərizəsini müdafiə edərək bildirdi ki, onlar faktiki olaraq sözügedən ünvanda yaşasalar da, evlərinin sənədi olmadığından həmin ünvana qeydiyyata düşə bilmirlər. Halbuki, onların torpaq sahəsinin ayrılması barədə sənədləri var. Bundan başqa bütün kommunal xidmətlərdən müqavilə bağlamaqla istifadə edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı1 və İddiaçı2 İddiaçı3 ilə oxşar məzmunlu izahat verdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi xx.xx.2025-ci il tarixli məktubla məhkəmə iclasının Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçılar iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçılar əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə iddiaçılar ünvan 1 ünvanında qeydiyyatdadırlar, həmin ünvandan qeydiyyatdan çıxarılmamışlar, həmçinin qeydiyyata alınmaq istədikləri ünvana dair hər hansı hüquqmüəyyənedici sənədləri mövcud deyil. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, döngə 12, 651A saylı fərdi yaşayış evi dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. Beləliklə məhkəmə tərəfindən iddiaçıların qeydiyyata alınması tələb olunan evin dövlət reyestrində qeydiyyatdan keçmədiyi, həmin evə rəsmi ünvanın verilmədiyi və həmin ünvanda heç kimin yaşayış üzrə qeydiyyata alınmadığı müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçılar hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduqlarından, həmin ünvandan qeydiyyatdan çıxarılmadıqlarından və həmçinin onların qanunvericiliklə şəxsin faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün müəyyən edilmiş sənədləri olmadığından cavabdehin iddiaçıları yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Məhkəmə iddiaçıların qeydiyyata alınmaq istədikləri tikilinin yerləşdiyi 200.0 kv.m torpaq sahəsinin Bakı şəhəri Biləcəri Bələdiyyəsinin 122 nömrəli xx.xx.2020-ci il tarixli qərarı əsasında İddiaçı1 adına ayrılması dəlili ilə bağlı qeyd edir ki, həmin sənəd fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd olmaqla (həmin sənəd əsasında torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alınması isə hazırkı məhkəmənin predmeti kimi çıxış etmədiyindən məhkəmə həmin sənədə hər hansı hüquqi qiymət verilməsini məqsədəmüvafiq hesab etmir), dövlət reyestrində qeydə alınmayan və rəsmi ünvan verilməyən fərdi yaşayış evinə (hazırda qanunsuz tikili statusunda olan) şəxsin qeydiyyata alınması üçün əsas ola bilməz. Bundan başqa iddiaçıların digər dəlili olan kommunal, işıq, qaz və s. xidmətlərindən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, sadalanan xərclər qarşılıqlı müqavilə üzrə göstərilən xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir. Ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənədləri əvəz edə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Həmin Qanunun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Yuxarıda sadalanan qanunvericiliyin normalarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların mübahisələndirilən ünvana qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, cavabdeh tərəfindən iddiaçıların həmin evə qeydiyyata alınmasından imtina olunması qanunvericiliyə uyğun hərəkətdir və bu iddiaçıların hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçılar tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi yolu, döngə 12, 651A saylı fərdi yaşayış evinə dair məhkəməyə qanunda sadalanan sənədlərdən (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) hər hansı biri təqdim edilməmiş, həmçinin həmin fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməsi, həmin ünvanda yaşayış yeri üzrə hər hansı şəxsin qeydiyyatının olmaması işin məhkəmə araşdırması ilə öz təsdiqini tapmışdır. Odur ki, iddiaçıların ünvan 4 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə iddia tələbi təmin olunmamalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2-1(112)-6218/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6218/2025
01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver