Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6219/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, qaçqın statusu verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 47/1 nömrəli 22 dekabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdehin üzərinə iddiaçının 10 dekabr 2021-ci il tarixli vəsatətini təmin edərək iddiaçıya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əfqanıstanın Kabil şəhərində anadan olmuşdur, milliyətcə tacikdir, dini etiqadına görə müsəlmandır (sünni). 6 yaşında Əfqanıstanda məktəbə başlamış, 11-ci sinifi “Altaqua” özəl məktəbində oxumuş, Azərbaycana gələndən sonra Bakı şəhəri. Xətai rayonu, R.Məmmədov adına 269 saylı tam orta məktəbi bitirmişdir. O və ailə üzvləri Əfqanıstanda Taliban hərəkatının üzvləri Əbdül Mucib və İsmayıl adlı şəxslər tərəfindən təqib edilib. Anası müəllim işlədiyi vaxt Taliban tərəfindən iki dəfə hədə-qorxu gələn məktublar alıb, onu öldürəcəklərini deyiblər. Atasını da Talibanla əməkdaşlıq etməklə hədələyiblər, lakin o bundan imtina edib. 2014-cü ildə ailəsi Avropaya getmək üçün onlara qarşı edilən təhdidlər səbəbindən ilk dəfə Əfqanıstandan Dubay vasitəsilə Qambiyaya gedib, lakin orada 8 ay qaldıqdan sonra Kabil şəhərinə qayıdıblar. Anası 2014-2016-cı illər ərzində Təhsil Mərkəzində işləyərkən bankomatdan pul çıxarmaq istəyərkən naməlum şəxslər tərəfindən hücuma məruz qalıb, bu hadisədən sonra o, ailəsi ilə birlikdə ölkədən çıxmaq qərarına gəlib. Onlar qanuni yollarla İrana gediblər və oradan ailə üzvləri ilə birlikdə Türkiyəyə keçiblər, lakin 2017-ci ildə Türkiyə Bolqarıstan sərhədində tutularaq Əfqanıstana qayıdıblar. 2017-ci ildən bəri o, dəfələrlə ölümlə hədələnib, bu səbəbdən ailəsi ilə yenidən ölkəni tərk etmək qərarına gəlib və 2019-cu ildə Azərbaycana gəliblər.Viza alaraq ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixində Azərbaycana gəlmişdir. Azərbaycana gələndən sonra 1 ay müddətində kafede ofisiant, sonra Yasamal rayonunda 1 ay müddətində avtomobil yuma məntəqəsində, sonra isə 4 ay müddətində “Rest-Travel” turizm şirkətində satış müdiri kimi, daha sonra Nizami küçəsində yerləşən Pakistan restoranında menecer kimi, həmçinin daha sonra “Elart travel" şirkətində daxili tur meneceri işləmişdir. Ərizəçinin digər ailə üzvləri özü ilə birlikdə Bakı şəhərində yaşayırlar. 10 dekabr 2021-ci ildə sığınacaq vəsatəti ilə müraciət edib. Cavabdeh onun vəsatətini 07-2021 saylı iş nömrəsi ilə qeydiyyata alıb və onunla müsahibə aparıb. O bildirib ki, hal-hazırda Əfqanıstanda taliblər hakimiyyətində olduqları üçün təhdid olunacağından ehtiyat edir, bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmir. Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istəyir. 22 dekabr 2022-ci ildə DMX İQ-47/1 saylı qərarı ilə sığınacaq vəsatəti rədd edilib. Cavabdeh qərarını onunla əsaslandırıb ki, o vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən heç bir əsaslı təqibə məruz qalmamışdır. Cavabdehin imtinası əsassız olmaqla, həm Azərbaycan Respublikasının qanunvericliyinə, həm də Beynəlxalq qanunvericiliyə ziddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, ünvan 1 ünvanında müvəqqəti yaşayan İddiaçı 10 dekabr 2021-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 07-2021 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bu məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün etibarlı pasportunu təqdim edərək adını, yaşını, vətəndaşlığını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçi Əfqanıstanda “Taliban” hərəkatının üzvü olan Abdul Mucib və İsmayıl adlı şəxslər tərəfindən təqib olunduğunu söyləsə də, onun hər dəfə ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Ərizəçi qeyd etdiyi təhdidlə əlaqədar ölkədaxili yerdəyişmə alternativindən istifadə etməmişdir. Ərizəçi ailəsinə qarşı olan təhdidlərin Kabil şəhərində yaşayarkən baş verdiyini bildirsə də, ölkəsinə hər dəfə geri qayıtdıqdan sonra Kabil şəhərinə qayıtması və orada yaşamasına davam etməsi, onun təqib olunmaları ilə bağlı dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. O, ölkə xaricinə yerdəyişmə etsə də, hər dəfə qayıtdıqdan sonra uzun müddət Əfqanıstanın Kabil şəhərində yaşaması faktı da şəxsin 1951-ci il konvensiyasının 1-ci maddəsinin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır. Eyni zamanda Əfqanıstanla bağlı BMT QAK-ın rəhbər prinsiplərinin 3-cü bölməsinin 10-cu bəndində sadalanan zorakılıq və ya təqib hallarına məruz qalmaması da ərizəçinin əsaslı təqib hallarına məruz qalmadığını göstərir. İddiaçı müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir, ərizəçiyə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında İQ-47/1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı qaçqın statusu verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli, MŞ-07-2021 №-li Arayış – müvəqqəti şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə xx.xx.2001-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşı X3 ötrü verilmişdir ki, o həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, xx.xx.2021-ci il tarixdə adına 07-2021 saylı şəxsi iş açılmışdır. Bu sənəd xx.xx.2023-cü il tarixədək etibarlıdır və ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. Arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş AFG01123488 nömrəli Əfqanıstan İslam Respublikası pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdə Əfqanıstan Respublikası, Kabul vilayətində doğulmuşdur, Əfqanıstan İslam Respublikası vətəndaşıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizəanket) görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı ilə müsabihə aparılmış, onun iddia etdiyi hallar ətraflı araşdırılmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdikləri izahatlarından məlum olmuşdur ki, vətəndaşı olduğu və daimi yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. İddiaçı Əfqanıstanda “Taliban” hərəkatının üzvü olan Abdul Mucib və İsmayıl adlı şəxslər tərəfindən təqib olunduğunu söyləsə də, onun hər dəfə ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. İddiaçı qeyd etdiyi təhdidlə əlaqədar ölkədaxili yerdəyişmə alternativindən istifadə etməmişdir. İddiaçı ailəsinə qarşı olan təhdidlərin Kabil şəhərində yaşayarkən baş verdiyini bildirsə də, ölkəsinə hər dəfə geri qayıtdıqdan sonra Kabil şəhərinə qayıtması və orada yaşamasına davam etməsi, onun təqib olunmaları ilə bağlı dediklərini inandırıcılıq baxımından şübhə altına almışdır. O, ölkə xaricinə yerdəyişmə etsə də, hər dəfə qayıtdıqdan sonra uzun müddət Əfqanıstanın Kabil şəhərində yaşaması faktı da şəxsin 1951-ci il konvensiyasının 1-ci maddəsinin “A” bəndinin 2-ci yarımbəndində göstərilən səbəblərə görə təqibə bərabər tutulan təhlükəyə məruz qalacağına dair əsaslı ehtimalın mövcudluğunu şübhə altına almışdır. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu, onun bildirdiklərindən başqa başqa sübutlarla sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6219/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6219/2023
28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver