Məhkəmə qərarları › İş №2-1(112)-622/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-622/2020

11.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-622/2020 11.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçı-İddiaçı, onun vəkili-X3, cavabdehin nümayəndəsi və vəkili-X1 iştirakları ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz hesab edilərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq onun əmək pensiyasının yenidən hesablanması və iki illik pensiya haqqının indeksasiya etməklə yenidən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat idarəsinin (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsi) inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizənin İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat idarəsinə qarşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərinə müvafiq olaraq onun əmək pensiyasının yenidən hesablanması və iki illik pensiya haqqının indeksasiya etməklə yenidən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması kimi inzibati məhkəmə icraatına qəbul edilməsi qərara alınmışdır. Daha sonra İddiaçı yenidən məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən onun əmək pensiyasının yenidən hesablanması və xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək yəni, iki illik pensiya haqqının indeksasiya etməklə yenidən hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.1951-ci ildə Lənkəran rayonunda doğulmuşdur. Əmək fəaliyyətinə 1973-cü ildən X8 başlamış, 2013-cü ilə kimi dənizdə ağır şəraitli işlərdə çalışmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 saylı siyahısı üzrə güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq hüququ qazanmış, yəni 55 yaşında əmək pensiyası hüququna malik olmuşdur. Onun 55 yaşı xx.xx.2006-cı ildə tamam olmuş, həmin tarixdə əmək pensiyasına çıxmalı olduğu halda o, əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Nizami rayon şöbəsinə 57 yaşında müraciət etmiş və ona əmək pensiyası həmin tarixdən təyin olunmuş və hesablanmışdır. Halbuki, əmək pensiyası buna hüququ yarandığı tarixdən etibarən, yəni yaşı tamam olduğu xx.xx.2006-cı il tarixdən etibarən hesablanmalı idi. Yaşadığı ünvanı dəyişdiyi üçün aidiyyatı üzrə DSMF-nin Nəsimi rayon şöbəsinə müraciət edərək, iki illik pensiya haqqının ödənilməsini xahiş etmişdir. Cavabdeh orqan bundan imtina edərək, imtinanın səbəbləri kimi onun xx.xx.2008-ci ildə pensiya üçün müraciət etdiyini, həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən Nazirlər Kabinetinin 2 №li siyahısı üzrə güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün kişilər üçün yaş həddi 57 yaş müəyyən edildiyindən, ona 57 yaşı tamam olduğu tarixdən pensiya təyin edildiyini göstərmişdir. Halbuki 25 illik ümumi əmək stajını 1998-ci ildə qazanmışdır və həmin stajın hamısı ağır şəraitli işlərdə fəaliyyət göstərməyi ilə bağlıdır. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat idarəsi məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçının mövqeyinə görə onun pensiya hüququ 55 yaşının tamam olduğu 19 oktyabr 2006-cı ildə yaranmışdır. Lakin inzibati orqan (DSMF-nin Nizami rayon şöbəsi) iddiaçıya pensiyanı 57 yaşdan, yəni 19 oktyabr 2008-ci ildən təyin etmişdir. Buna görə də iddiaçının hüquqları pozulub. İddiaçının bu dəlili əsaslı deyildir. Belə ki, iddiaçı əslində pensiyanın yenidən hesablanmasını deyil, 19 oktyabr 2006-cı ildən təyin olunmasını tələb edir. Yəni qaldırılan iddia öhdəliyin icrası deyil, məcburetmə haqqındadır. Lakin nəzərə alınmalıdır ki, pensiyanın təyin edilməsi haqqında qərar inzibati aktdır. Əgər iddiaçı ona pensiya təyin edilməsi haqqında inzibati orqanın 2008-ci il tarixli qərarı ilə razı deyildirsə, onda bu halı mübahisələndirə bilərdi. Həmin qərar qəbul edilən zaman bu məsələlər MPM-nin 27-ci fəsli ilə tənzimlənirdi. MPM-nin 298-ci maddəsində hüququ pozulduğunu iddia edən şəxsə bu barədə məhkəmədə iddia qaldırmaq üçün 1 aylıq müddət tanınmışdı. İddiaçının bu müddətdə iddia qaldırmağında tərəddüd yoxdu. Göründüyü kimi, qüvvəyə minmiş və mübahisələndirilməmiş inzibati aktın iddiaçıya pensiya təyin edilməsi haqda qərarın mövcudluğuna baxmayaraq, inzibati orqanın üzərinə təkrarən eni inzibati aktın qəbulu vəzifəsi qoyula bilməz. Hazırki iddia qaldırılan tarixə qədər iddiaçı pensiya təyin edilməsi haqqında 2008-ci il tarixi qərarı mübahisələndirmədiyindən, həmin inzibati akt qüvvədə olduğundan və onun mübahisələndirilməsi üçün müddət bitdiyindən iddia bu tələbə münasibətdə mümkün sayılmamalıdır. Cavabdeh qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş emişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı- İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı-İddiaçı vəkili-X5 məhkəmə iclasında verdiyi izahatında cavadeh inzibati orqan tərəfindən iddiaçıya pensiya təyin olunarkən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbərinin pozulduğunun nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili-X2 məhkəmə iclasında etiraza uyğun izahat verərək, məhkəmədən etirazda qeyd olunanların nəzərə alınaraq İddiaçı iddiasının rədd olunması haqqında qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1951-ci ildə Lənkəran rayonunda doğulmuşdur. 30 noyabr 1973-cü ildə verilmiş və 919 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış 346753 nömrəli diplomun notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1969-cu ildə SSRİ Dəniz Donanması Nazirliyinin Bakı Dənizçilik Məktəbinə qəbul olunmuş və 1973-cü ildə həmin məktəbin “Gəmi güc qurğuları və onların istismarı ixtisası üzrə tam kursunu bitirmişdir. Notarial qaydada təsdiq və tərcümə edilmiş xx.xx.1973-cü il tarixli Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı X6: xx.xx.1973-cü ildə Bakı Dənizçilik Məktəbini bitirdikdən sonra Kaspara işə göndərilən üzən heyətə motorçu qəbul edilmişdir. xx.xx.1974-cü ildə biliklərin yoxlamasından keçdikdən sonra kom. heyətə keçirilmişdir və təmir mexaniki təyin edilmişdir. xx.xx.1976-cı ildə Nəqliyyat donanması gəmilərində 4-cü mexanik, xx.xx.1979-cu ildə Nəqliyyat donanması gəmilərində 3-cü mexanik təyin olunmuş, xx.xx.1980-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1980-ci ildə X7 Cənub rayon idarəsi 736 saylı gəmiyə növbə mexaniki vəzifəsinə, xx.xx.1986-cı ildə SLV 363 baş mexanik vəzifəsinə qəbul edilmişdir. Neft-Sənaye Nazirliyinin xx.xx.1988ci il tarixli 220 saylı əmrinə əsasən X7 Cənub rayon İdarəsi Xəzərneft donanması İdarəsinin sualtı texniki işlər və dəniz nəqliyyatı Cənub istismar dəstəsinə dəyişdirilmişdir. xx.xx.1993-cü ildə Dəniz nəqliyyatı və sualtı texniki işlər üzrə cənub ekspedisiya dəstəsi- X11 Cənub idarəsi adlandırılmışdır. xx.xx.1998-ci il tarixdə “Qaradağ-5” gəmisinə böyük mexanik təyin olunmuş, xx.xx.2003-cü ildə PSK 43-də 2-ci mexanik, xx.xx.2003-cü ildə PSK-43-də böyük mexanik, xx.xx.2005-ci ildə DİLŞ-sinə 12-ci dərəcəli mexanik, xx.xx.2011-ci ildə DTİŞ-nə 13 dərəcəli hamiyəçi-mexanik təyin olunmuşdur. xx.xx.2012-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2012-ci ildə Abşeron rayon X13 İdarəsinin Texniki istismar şöbəsinə 13-cü dərəcəli hamiyəçi-mexanik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2013-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən verilmiş **********7 №li 04 mart 2020-ci il tarixli arayışdan və DSMF Bakı şəhəri Nəsimi rayon şöbəsində olan 073775/074215 №li “Pensiyaçının uçot vərəqi”ndəki məlumatlardan müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci il tarixdən (57 yaşdan) yaşa görə ömürlük pensiya təyin olunmuş və xx.xx.2020-ci ildən o, ayda 648,89 manat məbləğində pensiya alır. Hazırda iddiaçı 55 yaşının tamam olduğu xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üzrə pensiyasının hesablanaraq ona ödənilməsini istəyir. İş materiallarından görünür ki, iddiaçı bununla bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2019-cu il tarixli **********3 №-li məktubla imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 01 avqust 1997-ci il tarixə qüvvədə olmuş müvafiq maddəsinə əsasən kişilər 25 il ümumi və bu stajın ən azı 12 il 6 ayı olan hissəsi ağır və zərərli şəraitdə işlədiyi halda 55 yaşı tamam olduğu tarixdən güzəştli şərtlə 2 №li siyahı ilə pensiyaya çıxmaq hüququna malik idilər. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 01 avqust 1997-ci il tarixdən vətəndaşların istər yaşa görə istərsə də güzəştli şərtlə pensiya yaşları ildə 6 ay olmaqa 2 il uzadılmışdır. Müraciətçi xx.xx.2008ci il tarixdə pensiyaya çıxmaq üçün müraciət etdiyindən həmin tarixdə qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən 2 №li siyahı ilə kişilərin yaş həddi 57 yaş qeyd olunduğundan düzgün olaraq 57 yaşı tamam olduğu tarixdən ona 2 №li siyahı ilə əmək pensiyası təyin edilmişdir. Aşağıda qeyd olunan əsaslara görə məhkəmə cavabdeh inzibati orqanın imtinasını əsassız hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının "b" yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Yuxarıda qeyd olunan normaların məzmununa uyğun olaraq, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün iddiaçının 1997-ci ilin avqustun 1-dək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. Göründüyü kimi, iddiaçının təhsil dövrü (1969-1973-cü illər) də nəzərə alınmaqla xx.xx.1997-ci il tarixədək (xx.xx.1973-ci ildən xx.xx.1980-cı ilədək və xx.xx.1980-cı ildən xx.xx.1997-ci ilədək, cəmi 23 il 6 ay 19 gün) 25 ildən artıq ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Bundan əlavə, iddiaçının qeyd olunan dövrlərdə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyasıhında- XXVİİİ Nəqliyyat (kod ********) fəslinin, Dəniz və çay donanması (kod ********) adlanan 3-cü bəndində 23003020—23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) kodu ilə nəzərdə tutulmuşdur. Bundan əlavə, xx.xx.1951-ci il təvəllüdlü iddiaçının 55 yaşı xx.xx.2006-cı il tarixdə tamam olur. Hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının 1997-ci ilin avqustun 1-dək 25 il ümumi iş stajı, 12 il 06 ay xüsusi iş stajı olmasını mübahisələndirməmiş, iddiaçıya həmin staj əsasında əmək pensiyası təyin etmiş (57 yaşdan), lakin onun 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmamasını bildirərək, xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələblərini nəzərə almamışdır. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı il tarixdə qüvvəyə minməklə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədən düşmüşdür. Belə olan halda, iddiaçıya pensiya məbləği hesablanarkən onun 55 yaşının tamam olduğu anda qüvvədə olan qanunvericilik normalarının tələblərinə əsasən hesablama aparılmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən isə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni olmamışdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və həmin məbləğlərin indeksasiyası qərarın icrası ilə bağlı olduğundan, məhkəmə məbləğlərin indeksasiyasını xüsusi göstərilməsini məqsədəuyğun hesab etmir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında da göstərilmişdir ki, ödənilməli pul məbləğlərinin indeksasiyası məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM- 73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yenidən hesablanaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün ona ödənilməsi vəzifəsi cavabdehəhəvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yenidən hesablanaraq, xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr üçün ona ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar