Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-622/2023 11.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi ilə tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi və ona mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi və ona mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 9 avqust 1999-cu il tarixdən 25 iyul 2003-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində kursant kimi, 25 iyul 2003-cü il tarixdən 17 avqust 2021-ci il tarixədək isə Silahlı Qüvvələrdə zabit qismində həqiqi hərbi xidmət keçmiş, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı 14 oktyabr 2020-ci il tarixdən 22 oktyabr 2020-ci il tarixədək döyüş bölgəsində olan hərbi hissələrdə ezamiyyətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə nazirinin 7 may 2021-ci il tarixli 0595 nömrəli əmrinə əsasən «Hərbi xidmət keçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) əsasən və 164-cü maddəsinə (hərbi geyim forması daşımaq hüququ verilməklə) müvafiq olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı 22 oktyabr 2021-ci il tarixdə cavabdehə müraciət edərək mənzil növbəsinə götürülmə və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsini xahiş etmişdir. Lakin cavabdehin 19 noyabr 2021-ci il tarixli məktubu ilə iddiaçının mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsindən imtina olunmuşdur. İmtina məktubu iddiaçı tərəfindən rəsmi qaydada 26 noyabr 2021-ci il tarixdə qəbul edilmişdir. Cavabdehin imtinası əsassızdır və iddiaçının mənzil növbəsinə götürülməsi və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. İmtina məktubunda göstərilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 15 sentyabr 2021-ci il tarixli arayışına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin təqdim etdiyi tam olmayan elektron məlumatlar bazasında Salyan rayonu, Arbatan kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. İmtina məktubunda göstərilən 0.25 ha torpaq sahəsində formal olaraq ümumi birgə mülkiyyətçi kimi qeydiyyatdan keçsə də, iddiaçı həmin yerdə yaşamır və ondan istifadə etmir. İddiaçı öz ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Bununla bağlı X2 ilə iddiaçı arasında 9 mart 2021-ci il tarixli kirayə müqaviləsi imzalanmışdır. Bakı şəhərinin Binəqədi rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələrdən alınmış arayışlardan görünür ki, iddiaçının mülkiyyətində və istifadəsində torpaq sahəsi yoxdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi tərəfindən verilmiş 16 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, o (iddiaçı), Azərbaycan Respublikası Silahlı Qvvələrində xidmət etdiyi dövrdə Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi 23 sentyabr 2021-ci il tarixli arayışa əsasən iddiaçının arvadı X3 adına daşınmaz əmlak yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasmda bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasmda verilən yaşayış sahələrinə ehtiyacı olan hesab edilir: sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasmda kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasmda kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasmdan az ailə üzvlərinin adambaşma düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasmda onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). «Hərbi qullquçuların statusu haqqında» Azərbaycan Respublikası qanunun 12-ci maddəsinin 1-ci bəndinə görə hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarmdan ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. Həmin Qanunun 12-ci maddəsinin 7-ci bəndinə görə isə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarmda xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, İPM-in 8.1.1, 33.1, 45, 46-cı maddələrinə əsaslanaraq, iddiaçının mənzil növbəsinə götürülməsi və ona 22 oktyabr 2021-ci il tarixdən hesablanmaqla aylıq kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdeh Bakı şəhər Binəqədi RİH-in üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Bakı şəhəri Binəqədi RİH-in nümayəndəsinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış yazılı etirazında bildirilir ki, İddiaçı yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələbərinə uyğun olmadığından müsbət həll olunması mümkün olmamışdır. İlkin olaraq vətəndaşın ehtiyata və ya istefaya buraxılmış zabit qismində mənzil növbəsinə götürülməsi üçün «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq nəzərdə tutulmuş güzəştlərdən istifadə etmək hüququnun olması araşdırılmalıdır. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətdən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Qanunvericiliyin tələbindən göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış zabitlərin yaşayış sahəsinə olan ehtiyaclarını ödənilməsi məqsədilə mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsi ilə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi sənədlərdən müəyyən edilmişdir ki, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 15 sentyabr 2021-ci il tarixli arayışına əsasən onun (iddiaçının) adına Salyan rayonu, Arbatan kəndində yerləşən 0.25 ümumi birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsi qeyd edilmişdir. İlkin olaraq bu səbəblərdən də iddiaçıya imtina verilmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim olunmuş sənədlərdən məlum olur ki, o, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununun 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 174 nömrəli 6 avqust 2012-ci il tarixli «Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilr qaydasının müəyyən edilməsi barədə» qərarında iddiaçının təxris olunma əsasına görə kirayə pulunun verilməsi nəzərdə tutulmur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununur mənalı mənası ondan ibarətdir ki, mənzillə təmin olunmalı şəxsə mənzil verilənə kirayə pulu verilməlidir. Mənzil nözbəsinə götürülüb kirayə pulu verilməməsi qanunun məntiqi mənasında öz əksini tapmamışdır. Bu səbəblərdən iddiaçının yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə uyğun olmadığından onun müraciətinin müsbət həlli mümkün olmamışdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə, İPM-in 58-ci maddəsinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 12 aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar; q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları). Qadın hərbi qulluqçular ailə vəziyyətinə görə buraxılırlar: uşaq doğulması ilə əlaqədar öz xidməti vəzifələrini icra edə bilmədikləri halda, onların xahişi ilə; hərbi qulluqçu ilə nikaha girdikdə – əri başqa yaşayış məntəqəsinə köçürüldükdə, əgər ərinin yeni xidmət yerində qadın hərbi qulluqçu üçün vakant vəzifə yoxdursa, eləcə də əri həqiqi hərbi xidmətdən buraxılıb yeni yaşayış yerinə gedirsə; mülki şəxslə nikaha girdikdə, əri başqa yaşamaq məntəqəsinə daimi yaşayış üçün gedirsə; qadın – hərbi qulluqçunun vəzifələrini icra etməyə maneçilik törədən xüsusi üzürlü səbəblər olduqda (buraxılma üçün digər əsaslar olmadıqda); həqiqi hərbi xidmət hərbi qulluqçuları ailə vəziyyətinə görə, həqiqi hərbi xidmət keçərkən «Hərbi xidmətə çağırışın Əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə uyğun çağırışdan möhlət hüququ meydana çıxdıqda; e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); ə) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətdikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin İİ hissəsinə görə AR Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, AR Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndinə görə yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: (1.1) Bakı şəhərində – 150 manat, (1.1-1) Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, (1.2) başqa şəhər və rayon mərkəzlərində – 75 manat, (1.3) digər yaşayış məntəqələrində – 55 manat. Həmin Qərarın 2-ci bəndi ilə müəyyəm edilmişdir ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. Göründüyü kimi, mövcud qanunvericilik normaları yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş hərbi qulluqçulara (zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına) seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müvafiq məbləğdə aylıq kompensasiya ödənilməsini onların ehtiyata və ya istehfaya yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə buraxılması ilə şərtləndirir. Bundan başqa, bu məsələyə münasibətdə tətbiq edilməli olan qanunvericiliyin normaları ilə əlaqədar Azərbaycan Respublikası Kaonstitusiya Məhkəməsinin Plenumu tərəfindən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 18 iyul 2022-ci il tarixli Qərardad qəbul edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu mübahisəli hüquqi məsələyə münasibətdə hüquqi mövqeyini belə ifadə etmişdir: - Hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən – həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir. Belə ki, «Hərbi vəzifə və hərbi xidmət haqqında» Qanunun 41-ci maddəsi üzrə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrupa hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə, hərbi qulluqçunun öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), AR Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X1»nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlərin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir. Qeyd edilməlidir ki, qanunverici «Hərbi qulluqçuların statusu haqqında» Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini AR Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, CM-ə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlardan belə məlum olur ki, mübahisəyə tətbiq edilməli olan hüquq normalarını şərh edərkən Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, öz arzusu və ya yol vermiş olduğu qanuna zidd hərəkətlər (yaxud uyğunsuzluq, CM-ə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Hazırkı işin hallarına görə İddiaçı hərbi xidmətdən ehtiyata yaşa, xəstəliyə, ailə vəziyyətinə, 5 təqvim ili xidmət etməklə ştatların ixtisarına görə deyil, “öz arzusu ilə” buraxılmışdır. Odur ki, mənzil növbəsinə götürülməli və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 174 nömrəli 2012-ci il 6 avqust tarixli 174 nömrəli qərarının 1-ci bəndi üzrə müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün aylıq kompensasiya məbləğləri verilməsi nəzərdə tutulan şəxslərin dairəsinə hazırkı İddiaçı aid edilə bilməz. Cavabdehin imtinasında göstərilən xüsusata gəldikdə isə, Salyan rayonu, Arbatan kəndində yerləşən 0.25 ha həyətyanı torpaq sahəsi iddiaçıya başqa şəxslərlə ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olduğundan və o, həmin torpaq sahəsində inşa olunan evdə yaşamadığından, bu hal onun hərbi xidmətdən tərxis olunduqdan sonra yaşayış yeri üzrə mənzil növbəsinə götürülməsinə təsir edən hal sayıla bilməz. Bununla belə, məhkəmə cavabdeh Bakı şəhəri Binəqədi RİH-in dəlili ilə razılaşmasa da, hesab edir ki, cavabdehin imtinası qanuna zidd qiymətləndirilməməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi və ona mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsaslı olmadığından, təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı oğlunun cavabdeh Bakı şəhəri Binəqədi RİH-ə qarşı «iddiaçının mənzil növbəsinə götürülməsi və ona mənzil kirayə haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası əsaslı təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-622/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-622/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver