Məhkəmə qərarları › İş №2-1(112)-6220/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6220/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6220/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədəcəfər oğlunun sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, qaçqın statusu verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasındakı hüquqi münasibətlərə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ- 48/5 nömrəli 22 dekabr 2022-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı 10 dekabr 2021-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və ailə üzvlərinə ( xx.xx.1978-ci il təvəllüdlü əri Obaid Obaidullah, xx.xx.2007-ci i təvəllüdlü Obaid Aqsa, qızı - xx.xx.2012-ci il təvəllüdlü Obaid Husna və oğlu xx.xx.2017-ci il təvəllüdlü Obaid Taha) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Əfqanıstanın Kabil şəhərinin Şəşdərək məntəqəsində anadan olmuşdur, milliyətcə tacikdir, dini etiqadına görə müsəlmandır (sünni). 12 illik orta təhsilini bitirdikdən sonra Kabil universitetinin islam elmləri fakültəsinə daxil olmuş, orada iki il təhsil aldıqdan sonra X6 adına instituta qəbul olmuş, daha iki il həmin universitetdə riyaziyyat müəllimi fakültəsində təhsil almışdır. Ərizəçi əvvəllər Kabilin 9-cu və 7-ci məntəqələrində riyaziyyat müəllimi olaraq fəaliyyət göstərmiş. 2014-2017-ci illərdə isə “Əfqan qadınlarının təhsil mərkəzi” (AWEC) adlı xarici təşkilatda çalışmış və təhsildən kənar qalan qadınlara dərs demişdir. O, evlidir, beş övladı vardır. Bir bacısı və üç qardaşı vardır. Ərizəçinin valideynləri vəfat etmişdir. Bacısı və bir qardaşı hazırda Əfqanistanda, digər iki qardaşı isə X3 və İtaliya Respublikasında yaşayırlar. O müəllimə çalışdığı müddətdə Əfqanistanda taliblər tərəfində təhdid olunmuş, 2 dəfə bu barədə polisə şikayətlər olunmuş, lakin polislər heç bir tədbir görməmişlər. Bu səbəbdən ərizəçi Əfqanistanda həyatı üçün təhlükə hiss edərək, ölkəsini tərk etməyə məcbur qalmışdır. O, iddia edir ki, müəllim işlədiyi müddətdə Taliban tərəfindən iki dəfə hədə-qorxu gələn məktublar alıb, orada onu məktəbin su quyusuna zəhər tökməyi və məktəbin bəzi üzvlərim zəhərləməyi tələb ediblər, əks halda onu öldürməklə hədələyiblər. Obaid Xalidə ərinin də Talibanla əməkdaşlıq edəcəyi ilə hədələndiyini, lakin onun (ər) bundan imtina etdiyini bildirib. O, iddia edir ki, 2014-cü ildə ailəsi Avropaya getmək üçün onlara qarşı edilən təhdidlərə görə ilk dəfə Əfqanıstandan Dubay vasitəsilə Gambiyaya gedib, lakin orada 8 ay qaldıqdan sonra Kabil şəhərinə qayıdıblar. Onun təqdim etdiyi sertifikata əsasən, o, 17 aprel 2014-cü il tarixindən 30 mart 2016-cı il tarixədək Əfqan Qadınlarının Təhsil X2 vəzifəsində çalışmışdır. Ərizəçi bir dəfə AWEC ilə işləyərkən bankomatdan pul çıxarmaq istəyərkən naməlum şəxslərin hücumuna məruz qalıb və onun əlinə turşu atıb çantasını oğurlayıb. Bu hadisədən sonra o işini tərk edərək ölkədən çıxmaq qərarına gəlib. O qanuni yolla İrana gedib, oradan ailə üzvləri ilə birlikdə Türkiyəyə sərhədi keçib, lakin Türkiyə Bolqarıstan sərhədində tutulub və 2017-ci ildə Əfqanıstana qayıdıb. Qayıdandan sonra abituriyent “X8”də müəllim işləməyə başlayıb. O, USAİD-in müəllimlər üçün təşkil etdiyi seminarlarda təlimçi kimi iştirak etdiyini iddia edir. Bir dəfə oğlu məktəbə gedən zaman onu bir qrup gənc dəstə oğlanı saxladı və ona silah verdi və yanında dayanan başqa bir oğlanı öldürməyi əmr etdi. O, bu müddət ərzində atasının Talibanla əlaqəsi olan əmisi oğlu tərəfindən təhdid edildiyini bildirib. Hadisədən sonra ərizəçi yenidən ölkəni tərk etmək qərarına gəlib və Özbəkistan vasitəsilə Azərbaycana gəlib. Onun və ərinin Taliban tərəfindən aldıqları təhdidlər, habelə dəstə qrupu tərəfindən cəlb olunmağa cəhd edilmiş oğlu və qızı üçün təhdidlər səbəbindən Əfqanıstana qayıtmaq istəmir. Onun əri Obaidullah Obaid xx.xx.2022-ci il tarixində Azərbaycanı tərk edərək Əfqanıstana qayıtmışdır, qızı Obaid Hanya ailə-məişət problemləri səbəbindən intihar etmişdir. O ailə üzvləri ilə birlikdə xx.xx.2019-cu il tarixində Azərbaycana gəlmişdir. O ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşayır. Cavabdehin onlara qaçqın statusu verilməsi ilə bağlı imtinası əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, İddiaçı iddia ərizəsinə etiraz edərək hesab edirlər ki, iddia əsassızdir və təmin edilməməlidir. Belə ki, Əfqanıstan İslam Respublikasının vətəndaşı, ünvan 1 ünvanında müvəqqəti yaşayan İddiaçı ailə üzvləri (əri - Obaid Obaidullah, qızları - Obaid Aqsa, Obaid Husna və oğlu Obaid Taha) ilə birlikdə 10 dekabr 2021-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına 06-2021 saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı qaçqın statusu verilməsi haqqında vəsatətinin qeydiyyatı və müsahibəsi zamanı Əfqanıstan İslam Respublikasının Kabil şəhərinin Şəşdərək məntəqəsində doğulduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, 12 illik orta təhsilini bitirdikdən sonra Kabil universitetinin islam elmləri fakültəsinə daxil olduğunu, burada iki il təhsil aldıqdan sonra X7 adına instituta qəbul olduğunu və daha iki il bu universitetdə riyaziyyat müəllimi fakültəsində təhsil aldığını, əvvəllər Kabilin 9-cu və 7-ci məntəqələrində riyaziyyat müəllimi olaraq fəaliyyət göstərdiyini, 2014-2017-ci illərdə isə “Əfqan qadınlarının təhsil mərkəzi” (AWEC) adlı xarici təşkilatda çalışdığını və təhsildən kənar qalan qadınlara dərs tədris etdiyini bildirmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, bu nikahdan beş övladının dünyaya gəldiyini, bir bacısı və üç qardaşının olduğunu, valideynlərinin vəfat etdiyini, bacısının və bir qardaşının hazırda Əfqanıstanda, digər iki qardaşının isə X3 və İtaliya Respublikasında yaşadıqlarını qeyd etmişdir. Ərizəçi müəllim olaraq çalışdığı müddətdə taliblər tərəfindən təhdid edildiyini, iki dəfə bu barədə məktub (təhdidməktubu) aldığını, ondan məktəbin su quyusuna zəhər tökməsi tələbinin edildiyini, əks halda isə öldürüləcəyi ilə hədələndiyini qeyd etmişdir. İddiaçı sonralar ərinin də təhdid yolu ilə taliblərlə əməkdaşlığa çağrıldığını, lakin onun (ərinin) bundan imtina etdiyini qeyd etmişdir. Ərizəçi bu barədə polisə şikayət etdiklərini, lakin heç bir nəticə olmadığını, bundan sonra ölkəni tərk etmək qərarına gəldiyini, 2014-cü ildə ailə üzvləri ilə birlikdə Avropaya getmək məqsədilə Dubaydan keçməklə Qambiyaya getdiklərini, 8 ay orada qaldıqdan sonra yenidən Kabil şəhərinə qayıtdıqlarını demişdir. O, 2017-ci ilə kimi Əfqanıstanda yaşadıqlarını, ötən müddətdə naməlum şəxsin onun üstünə kimyəvi turşu tökdüyünü, bu hadisədən xəsarət aldığını, hadisədən 24 gün sonra Əfqanıstanı yenidən tərk edərək 2017-ci ildə İran İslam Respublikasına, oradan isə qeyri-qanuni yolla Türkiyə Respublikasına getdiklərini bildirmişdir. Ərizəçi səhhəti ilə əlaqədar yenidən Əfqanıstana geri qayıtdıqlarını (2017-ci ildə), 2019-cu ilə qədər ölkəsində yaşadıqlarını, bu müddət ərzində isə əmək fəaliyyəti ilə əlaqədar atasının əmisi oğlanları tərəfindən özünün və oğlunun təhdid edildiyini, bütün bu hadisələrdən sonra yenidən Əfqanıstanı tərk etdiklərini və 10 aprel 2019-cu ildə Azərbaycan Respublikasına gəldiklərini demişdir. Ərizəçinin əri Obaid Obaidullahla keçirilmiş müsahibə zamanı o, Əfqanıstanın Kabil şəhərində doğulduğunu, milliyyətcə tacik, dini etiqadına görə müsəlman (sünni) olduğunu, maddi imkansızlıq səbəbindən yalnız altı il təhsil ala bildiyini və maşın alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. O, arvadı İddiaçı dediklərini təsdiq edərək eyni problem səbəbindən Əfqanıstanı tərk etdiklərini və hazırda ölkələrinə qayıtmaq istəmədiklərini söyləmişdir. Ərizəçinin ərizə-anketinin qeydiyyatı və müsahibə zamanı özünün və ailə üzvünün söylədiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və bu məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İddiaçı və ailə üzvlərinin Əfqanıstanı tərk etmələrinə səbəb olmuş maddi faktların təhlili və inandırıcılığın qiymətləndirilməsi zamanı onun söylədiklərində bəzi ziddiyyətli məqamlar aşkar edilmiş və o, bunun səbəblərini əsaslı şəkildə izah edə bilməmişdir. Belə ki, ərizəçi mənşə ölkəsinə qayıtmaq istəməməsini müəllim olaraq çalışması və bunun Əfqanıstan cəmiyyətində, həmçinin taliblər tərəfindən qəbul edilməməsi ilə əlaqələndirməyə çalışmışdır. Ərizəçinin söylədiyi bu faktla bağlı mənşə ölkəsi haqqında məlumatlar araşdırılarkən BMT QAK-ın “Əfqanıstandan olan sığınacaq axtaranların beynəlxalq himayə tələbatlarının qiymətləndirilməsi üçün BMT QAK-ın rəhbər prinsipləri”ndə (2018-ci il) ictimai sahədə çalışan qadınların risk qrupları arasında olması qeyd edilir və aşağıdakı izahat verilir: “İctimai sahədə çalışan qadınların, jurnalistlərin, müəllimlərin, hüquq müdafiə fəallarının və beynəlxalq təşkilatlar üçün işləyən qadınların geniş yayılmış hücumların hədəfi olduqları barədə məlumat var. İctimai həyatda iştirak etməyə çalışan qadınlar çox vaxt sosial normaları pozanlar hesab olunur”. Ərizəçinin problemi ilə bağlı söylədikləri mənşə ölkəsi barədə məlumatlarla təsdiqini tapsa da, onun hər dəfə ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Belə ki, dediklərindən onun 2014-cü ildə ölkəsini Avropaya getmək məqsədilə tərk etdiyi, bir müddət Dubayda, daha sonra Qambiyada yaşadığı, lakin yenidən Əfqanıstana qayıtdığı, təxminən 3 il öz ölkəsində yaşadığı, sonradan Əfqanıstanı ikinci dəfə tərk etdiyi və bir müddət sonra ölkəsinə yenidən qayıtdığı məlum olmuşdur. O, ölkəsinə sonuncu dəfə qayıtdıqdan sonra yaşadığı üç il ərzində naməlum şəxs tərəfindən üzərinə kimyəvi turşu töküldükdən sonra yenidən Əfqanıstanı tərk etmiş, lakin Avropaya (Bolqarıstana) gedə bilmədikləri, həmçinin hamilə olması səbəbindən yenidən Əfqanıstana qayıtmış və 2017-ci ildən 2019-cu ilə kimi öz ölkəsində yaşamağa davam etmişdir. Ərizəçinin həyati təhlükəsi ilə bağlı söylədiklərinin Kabil şəhərində baş verməsinə baxmayaraq hər dəfə Əfqanıstana qayıdarkən məhz Kabildə məskunlaşması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Bundan əlavə ərizəçinin əri X4 həyatı üçün təhlükə olduğunu bildirsə də, 01,05.2022-ci il tarixdə könüllü şəkildə Azərbaycanı tərk edərək Əfqanıstana geri qayıtmışdır. İddiaçı və ailə üzvünün müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Müvafiq prosedur hərəkətlər yerinə yetirildikdən sonra İddiaçı şəxsi işi “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması üzrə Komissiyada müzakirə edilmiş, qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi səbəblər Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri çərçivəsində qiymətləndirilmişdir. Bu səbəblər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999- cu il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində “qaçqın”a verilən anlayışın tələbləri ilə əhatə olunmadığından, həmçinin Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın 3-cü və 7-ci bəndlərinə əsasən onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ərizəçiyə və ailə üzvünə qaçqın statusu verilməsindən imtina edilməsi qənaətinə gəlinmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbini, iddiaçının əri Obaid Obaidullaha aid hissədə azaltdığını, iddiaçıya, qızı Obaid Aqsaya, qızı Obaid Hüsnaya, oğlu Obaid Tahaya qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinin dədiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli protokol qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin Qaçqın statusu verilməsindən imtina edilməsi haqqında İQ-48/5 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı və ailə üzvlərinə (əri xx.xx.1978-ci il təvəllüdlü Obaid Obaidullah, qızları – xx.xx.2007-ci il təvəllüdlü Obaid Aqsa, xx.xx.2012-ci il təvəllüdlü Obaid Husna və oğlu xx.xx.2017-ci il təvəllüdlü Obaid Taha) qaçqın statusu verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın statusunun müəyyənləşdirilməsi İdarəsinin xx.xx.2023-cü il tarixli, MŞ-06-2021 №-li Arayış – müvəqqəti şəhadətnamənin surətindən görünür ki, Bu müvəqqəti şəhadətnamə xx.xx.1980-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikasının vətəndaşı İddiaçı ondan ötrü verilmişdir ki, o və onun ailə üzvləri (qızı xx.xx.2007-ci il təvəllüdlü Aqsa Obaid, xx.xx.2012-ci il təvəllüdlü Husna Obaid və oğlu xx.xx.2017-ci il təvəllüdlü Taha Obaid) o həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət tmiş, xx.xx.2021-ci il tarixdə adına 06-2021 saylı şəxsi iş açılmışdır. Bu sənəd xx.xx.2023-cü il tarixədək etibarlıdır və ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. Arayışın sahibi vəsatətinə baxıldığı dövr ərzində Azərbaycan Respublikasının ərazisində iş icazəsi tələb olunmadan müvəqqəti olaraq əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq məhkəməyə təqdim edilmiş AFG01123489 nömrəli Əfqanıstan İslam Respublikası pasport məlumatlarından görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdə Əfqanıstan Respublikası, Kabul vilayətində doğulmuşdur, Əfqanıstan İslam Respublikası vətəndaşıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında vəsatətdən (ərizəanket) görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə qaçqın statusu verilməsi haqqında vəsatətlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçı ilə müsabihə aparılmış, onun iddia etdiyi hallar ətraflı araşdırılmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirərək onun ləğv edilməsini və ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun: - 1-ci maddəsinə görə qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. - 12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. - 13-cü maddəsində isə təsbit edilmişdir ki, şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, qaçqın statusunun verilməsi və ya onun verilməsindən imtina barədə qərarlardan birinin qəbul edilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. Bu səbəbdən cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməsi ilə məhdudlaşdırılır. İnzibati orqanın qaçqın statusunun verilməsindən imtina ilə bağlı qərarından görünür ki, iddiaçı ilə aparılmış müsahibələrdən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusunun mövcud olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçının müsahibə zamanı verdikləri izahatlarından məlum olmuşdur ki, vətəndaşı olduğu və daimi yaşadıqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışlar. İddiaçının problemi ilə bağlı söylədikləri mənşə ölkəsi barədə məlumatlarla təsdiqini tapsa da, onun hər dəfə ölkəsini tərk etdikdən sonra yenidən ora qayıtması və uzun müddət öz ölkəsində yaşaması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. Belə ki, iddiaçının 2014-cü ildə ölkəsini Avropaya getmək məqsədilə tərk etdiyi, bir müddət Dubayda, daha sonra Qambiyada yaşadığı, lakin yenidən Əfqanıstana qayıtdığı, təxminən 3 il öz ölkəsində yaşadığı, sonradan Əfqanıstanı ikinci dəfə tərk etdiyi və bir müddət sonra ölkəsinə yenidən qayıtdığı məlum olmuşdur. O, ölkəsinə sonuncu dəfə qayıtdıqdan sonra yaşadığı üç il ərzində naməlum şəxs tərəfindən üzərinə kimyəvi turşu töküldükdən sonra yenidən Əfqanıstanı tərk etmiş, lakin Avropaya (Bolqarıstana) gedə bilmədikləri, həmçinin hamilə olması səbəbindən yenidən Əfqanıstana qayıtmış və 2017-ci ildən 2019-cu ilə kimi öz ölkəsində yaşamağa davam etmişdir. Ərizəçinin həyati təhlükəsi ilə bağlı söylədiklərinin Kabil şəhərində baş verməsinə baxmayaraq hər dəfə Əfqanıstana qayıdarkən məhz Kabildə məskunlaşması onun əsaslı təqib qorxusunun olmadığını deməyə əsas verir. İddiaçı və ailə üzvünün müsahibə zamanı verdikləri izahatlardan məlum olmuşdur ki, onlar vətəndaşı olduqları ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətlərinə, milliyyətlərinə və dini etiqadlarına görə təqib olunmamışlar. İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Məhkəmə inzibati orqanın gəldiyi nəticə ilə razılaşır ki, ərizəçinin müsahibə zamanı bildirdiyi məqamlar onun mənşə ölkəsində həyatı üçün hazırda ciddi bir təhlükənin olmadığını deməyə əsas verir. Ərizəçinin barəsində mənşə ölkəsində əsaslı təqib qorxusunun mövcudluğu sübuta yetirilmir. Bununla bağlı qeyd edilməlidir ki, hər hansı səbəbə söykənən istənilən təqib qorxusu deyil, yalnız irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə mövcud olan təqib qorxusu qaçqın statusunun alınmasına əsas təşkil edə bilər. Göründüyü kimi inzibati orqan qaçqın statusunun verilməsi ilə bağlı irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cavabdehin gəldiyi bu qənaət əsaslı olmuşdur. Belə ki, bu qənaət ilk növbədə iddiaçının özünün verdiyi məlumatlara əsaslanmışdır. Nəzərə almaq lazımdır ki, qaçqın statusunun verilməsi ilə bağlı işlərdə inzibati orqanın üzərinə düşən vəzifə olduqca çətin şərtlərdə real əsaslı təqib qorxusunun mövcud olubolmadığını aşkar etməkdir. Buna görə, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat sübut olunmadıqda şəxslər başqa əsaslara istinadla qaçqın statusu almaq hüququna malik deyildirlər. Hazırkı işin halları baxımından iddiaçının belə təqibin qurbanı olması barəsində tam əsaslı ehtiyatın mövcudluğu sübut olunmur. Yuxarıda göstərilənlərə əsasən isə məhkəmə hesab edir ki, iddiaçının və onun ailə üzvlərinin barəsində irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusu müəyyən edilmədiyindən inzibati orqan qaçqın statusunun verilməsindən qanuni və əsaslı olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında qaçqın statusu verilməkdən imtina edilərkən cavabdeh özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın gəldiyi nəticə qanuni və əsaslı olduğundan, iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar