Məhkəmə qərarları › İş №2-1(112)-6221/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6221/2021

15.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6221/2021 15.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti) qarşı “mənzilə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 10.02.2021-ci il tarixli, **********35 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, Bakı şəhəri, ünvan 5 evin, 26 saylı mənzili xüsusi təyinatlı mənzil fonduna aiddir və qeyd olunan mənzildə iddiaçının pasport qeydiyyatı yoxdur. Həmçinin yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamışdır. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı 30.04.2021-ci il tarixdə cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 1 otaqdan ibarət 26 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)-6221/2021 saylı, 25.08.2021-ci il tarixli qərardadı ilə Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, yoxlama-ölçü işlərinin aparılması üçün mütəxəssislərə şərait yaradılmamasına dair cavabdehin göstərdiyi düzgün deyil. Belə ki, ərizədə göstərilən əlaqə nömrələrinin heç birinə zəng olmamışdır. Digər tərəfdən, həmin mənzildə günün istənilən vaxtı ailə üzvlərindən kimsə olur, ötən müddətdə ünvana heç kəs müraciət etməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdeh və üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq, onlar öz nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər, bununla bağlı məhkəməyə məlumat verməmişlər, məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki ünvan 1 ünvanında yerləşən 26 saylı mənzilin “Radioquraşdırma” İB-nin HİK-nin X3 Şurasının və MMK-nin birgə 06.12.2006-cı il tarixli 68 saylı Protokolu ilə ona verildiyini iddia edən iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İş materiallarında olan “Bakı Radioquraşdırma” İB-nin HİK-nin X3 Şurasının və MMKnin birgə 09.11.2004-cü il tarixli 41 saylı Protokolundan çıxarışdan görünür ki, Bakı "Radioquraşdırma" İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçulara, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verilməməsini nəzərə alıb, Birliyə məxsus S.Ə.ünvan 3A, Məshəti küçəsi ЗА, R.Quliyev küçəsi 6 və Cavanşir küçəsi 4 ünvanlarında yerləşən yataqxanalarda hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, Birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə orderin verilməsi və orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif edilməsi və razılığa əsasən sənədləşdirilməsi, Birlikdə işləyib uzun illər mənzil və yataqxana nöbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus S Ə.ünvan 3A, Məhsəti küç. ЗА, R Quliyev küç. 6 və Cavanşir küç 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlar alınarkən və ya X6 ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. “Bakı Radioquraşdırma” İB-nin HİK-nin X3 Şurasının və MMK-nin birgə 06.12.2006-cı il tarixli 68 saylı Protokolundan çıxarışa əsasən Birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 2-ci mərtəbədə 18 kvadrat metrlik sahəsi olan bir otaqlı 26 nömrəli mənzilin HİK-nin Qərarı ilə Order əsasında İddiaçı adına sənədləşdirilməsi və pasport qeydiyyatına salınması, Birliyə məxsus Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 2-ci mərtəbədə Ağdam rayonundan olan qaçqın ailəsi X8 tərəfindən zəbt edilmiş 26 nömrəli mənzilin torpaqlar alınarkən və ya X6 ilə qaçqın ailəsinə mənzil verilərsə, boşalacaq həmin mənzilin qeyri-şərtsiz İddiaçı ailəsinə verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 23.07.2021-ci il tarixli, 583 nömrəli məktubunda bildirilmişdir ki, əvvəllər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 5 ünvanda yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Xətai rayonu, Cavanşir küçəsi, ev 4 ünvanında yerləşən 26 saylı mənzil xüsusi təyinatlı mənzil fonduna aiddir. Həmin otaqda 1993-cü ildən Ağdam rayonundan məcburi köçkün kimi X8, qızı X7 və oğlu X4 məskunlaşmış, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən 2018-ci ilin iyul ayında həmin ailə məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşdür. X1 ünvan 6 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. İşdə olan sənədlərdən görünür ki: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər İcra Hakimiyyətinin və Tərtər Rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə (siyahıda Bakı şəhəri, ünvan 5 yataqxana də nəzərdə tutulmuşdur) Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi qərara alınmışdır. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamının icrası haqqında 18.12.2013-cü il tarixli, 122 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilmiş, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 07.11.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən, dövlət mənzil fonduna keçirilmiş keçmiş yataqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsi orada faktiki yaşayan vətəndaşların adına yaşayış sahəsinə icarə (kirayə) müqaviləsinin bağlanılması Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı əsasında həyata keçirildiyindən, Departamentin mütəxəssisləri ilə birlikdə bu sərəncama müvafiq olaraq Xəzər rayon MKTB-nin və 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına verilmiş keçmiş yataqxanalarda mənzillərin özəlləşdirməyə hazırlanması məqsədilə yaşayış sahəsinə icrarə (kirayə) müqaviləsinin bağlanması və dəyişdirilməsi ilə bağlı sakinlərin müraciətlərini aidiyyəti üzrə təqdim etməklə icrasının təmin edilməsi qərara alınmışdır. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18.12.2013-cü il tarixli, 122 saylı sərəncamına 2 saylı Əlavədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131 s nömrəli sərancamına əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansından 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyində olan mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilən əmlakın siyahısından görünür ki, Bakı şəhəri, ünvan 5 yataqxana binası 133 saylı MKİS-nin xidmət dairəsinə verilmişdir. İddiaçı Bakı "Radioquraşdırma" İstehsalat Birliyi tərəfindən ona verilmiş orderə istinad edərək 26 saylı mənzilə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə mənzilin xüsusi təyinatlı mənzil fonduna aid olması, mənzildə iddiaçının pasport qeydiyyatının olmaması və yoxlama-ölçü işlərinin aparılmasına şərait yaradılmaması əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə cavabdehin imtinası ilə razılaşır və qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanları) sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. - 2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. - 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. - 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. - 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Nazirlər Kabineti) qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının (Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları) balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Sadalanan normalardan müəyyən olunur ki, dövlət mülkiyyətində olan yataqxanaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı əsasında yerli icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra özəlləşdirilməsi üçün: 1. şəxs həmin yataqxanada faktiki yaşamalı; 2. mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamalıdır. İddiaçının hazırda adına özəlləşdirilməsini tələb etdiyi yataqxana Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin balansına verilsə də, iddiaçı həmin mənzillə bağlı balanssaxlayıcı Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə kirayə müqaviləsi bağlamamışdır. Həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən yaşayış yeri Azərbaycan Respublikasının vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İşdən olan iddiaçıya məxsus AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun yaşayış yeri kimi hazırda barəsində iddia irəli sürdüyü mənzil deyil, ünvan 6 ünvanı qeyd olunmuşdur. İşdən görünür ki, mübahisəli mənzildə iddiaçı deyil, 1993-cü ildən 2018-ci il tarixədək Ağdam rayonundan məcburi köçkün kimi X8, qızı X7 və oğlu X4 yaşamışlar. Belə olan halda aydın olur ki, iddiaçı həm də faktiki olaraq yataqxanada yaşamamış, bununla da yataqxananın adına özəlləşdirilməsi üçün qanunla zəruri olan heç bir tələbi, nə həmin yataqxanada faktiki yaşama, nə də mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsinin bağlanması barədə tələbi ödəməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, hazırda cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından iddiaçının tələbi əsaslı sayıla və təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar