Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6221/2024 12.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn qeydə alınması” tələbinə dair inzibati mübahisələrə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 271097/2023-16-25 saylı icra tələbinin icra edilməklə, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka tam mülkiyyət hüququnun qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1381/2023 saylı qətnaməsi ilə onun miras əmlakdakı paylarının onun payına birləşdirilməsinə dair iddia ərizəsi təmin olunmuş və Bakı şəhəri Səbail rayon icra Şöbəsinin 27.1 1.2023-cü il tarixli 271097/2023-16-25 saylı məktubu ilə icra vərəqəsi icra olunması üçün cavabdeh təşkilata göndərilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubu ilə icranın mümkün olmadığı bildirirlmiş və buna səbəb olaraq işə baxılan zaman Bakı şəhəri Səbail Rayon Məhkəməsinin vermiş olduğu icra vərəqəsi ilə 1 saylı Ərazi İdarəsinin üzərinə icra ediləcək öhdəlik qoyulmadığı göstərilir. Cavabdeh təşkilat “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 28-ci maddəsinə əsasən icraatda tərəflər tələbkar və borcludur. İcra sənədinə əsasən müəyyən hərəkətləri etmələri olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır və göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan aprel 1961-ci il tarixli Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 91,2 kv.metr olan fərdi yaşayış evi X11 məxsus olmuşdur. İşdə olan Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1998-ci il tarixli 30/1648 saylı arayışından görünür ki, xx.xx.1970-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 1/4 hissə olmaqla X21, ¼ hissə olmaqla X7, ¼ hissə olmaqla Zeynalov X33 və ¼ hissə olmaqla X16, Zeynalova X24, Zeynalova X25, Zeynalova X26 və Zeynalova X12 məxsus olmuşdur. xx.xx.1997-ci il tarixli vəsiyyətnamədən görünür ki, X30 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini oğlu X31 vəsiyyət etmişdir. xx.xx.1998-ci il tarixli vəsiyyət üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1998-ci ildə vəfat etmiş X18 Bakı şəhəri, 7-ci Maqomayev döngəsi 4 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsindən ibarət miras əmlakının vərəsəsidir. Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1998-ci il tarixli, 180463 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, 7-ci Maqomayev döngəsi 4 ünvanında yerləşən fərdi yaşayış evi 1) İddiaçı adına ¼ payda, 2) X9 adına ¼ payda, 3) X13 adına ¼ payda, 4) X47, X24, X25, X26, X20 adına ¼ payda xüsusi mülkiyyət kimi xx.xx.1998-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1381/2023 saylı məktubundan görünür ki, İddiaçı - cavabdehlər X13, Əliyeva Əqimə (Hökümə) Kərbalayı Mustafa qızı, X5 və X4, X17, X6 və X3 qarşı «miras əmlakdakı payların paya birləşdirilməsi» tələbinə dair mülki iş üzrə çıxarılmış 29 sentyabr 2023-cü il tarixli, 2(009)- 1381/2023 saylı qərardadı ilə İddiaçı - cavabdehlər X13, Əliyeva Əqimə (Hökümə) Kərbalayı Mustafa qızı, X5, X4, X17, X6 və X3 qarşı «miras əmlakdakı payların paya birləşdirilməsi» barədə iddia tələbinə dair mülki iş üzrə icraata cavabdehlər Əliyeva Əqimə (Hökümə) Kərbalayı Mustafa qızı, X5 və X1 münasibətdə xitam verilməsi qərara alınmış, 29 sentyabr 2023-cü il tarixli, 2(009)-1381/2023 saylı qətnamə ilə iddia tələbi təmin edilmiş və Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evinin payçıları X13, X17, X6 və X2 payları İddiaçı həmin əmlakda olan payına birləşdirilməsi qət edilmişdir. Həmin qətnamə 02 noyabr 2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. İddiaçı hazırda həmin məhkəmə qərarının icra edilməsini, yəni Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evinin digər payçıları X13, X17, X6 və X2 paylarının onun payına birləşdirilməklə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; Məhkəmə qeyd edir ki, iddia ərizəsindən aydın olur ki, iddiaçı hazırda tələbinin əsası kimi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1381/2023 saylı qərarına istinad edir. Lakin işdə olan həmin qətnamədən görünür ki, İddiaçı cavabdehlər X13, X17, X6 və X3 qarşı «miras əmlakdakı payların paya birləşdirilməsi» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evindən cavabdehlərin paylarının onun payına birləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia təmin edilərək, Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evinin payçıları X13, X17, X6 və X2 payları İddiaçı həmin əmlakda olan payına birləşdirilmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, “Məhkəmə iclasında müəyyən edilmişdir ki, miras qoyan X35 04 avqust 1956-cı il tarixdə vəfat etdikdən sonra oğlu X30 Bakı şəhəri, 7ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evini dörddə bir hissədə vərəsəlik qaydada qəbul etmişdir. Əmlakın qalan hissəsi X13, X17, X6, X8, X5, Zeynalova X20 və X2 adına müvafiq olaraq dörddə bir hissələrdə paylı mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir. İddiaçı atası X18 vəfatından sonra mirası faktiki olaraq, Bakı şəhəri, 7-ci Maqomayev döngəsindəki 4 nömrəli yaşayış evini dörddə bir hissədə vərəsəlik qaydasında qəbul etmişdir. İş materialları və məhkəmə tərəfindən verilmiş sorğularla müəyyən olunmuşdur ki, sözügedən əmlakın digər payçı vərəsələri olan X13, X17, X6 və X2 vərəsəlik işinin açılıb-açılmaması ilə bağlı məlumat aşkar edilməmişdir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçı mirası qanunla müəyyən edilmiş qaydada qəbul edərək, hazırki vaxta kimi miras əmlakı idarə etməkdədir. Qanunvericiliyin tələbinə uyğun olaraq cavabdehlər hazırki vaxta kimi əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusunu ifadə etmədiklərindən onların payları iddiaçının payına əlavə edilməlidir.” Göründüyü kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi iddiaçının atası X18 miras əmlakı ilə bağlı olmuşdur, hansı ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 1/4 hissəsi Nazim Zeynalova məxsus olmuş, o, həmin payı iddiaçıya vəsiyyət etmiş, daha sonra həmin vəsiyyətnaməyə əsasən vərəsəlik şəhadətnaməsi əsasında iddiaçının 4 saylı evin ¼ hissəsinə mülkiyyət hüququ qeydə alınmış və bununla bağlı qeydiyyat vəsiqəsi verilmişdir. 4 saylı evin X13, X17, X6 və X3 məxsus hissəsinə gəldikdə, işdən görünür ki, həmin şəxslərin mübahisəli daşınmaz əmlaka mülkiyyət hüququna dair dövlət reyestrindəki qeyd qüvvədədir, ləğv edilməmişdir. Eyni zamanda həmin şəxslərin vəfat etməsi, yaxud məhkəmə tərəfindən ölmüş elan edilməsi, bununla bağlı vərəsəlik işinin açılması barədə iş materiallarında hər hansı bir sübut mövcud deyil. Buna uyğun olaraq iddiaçı, həmin şəxslərin payına münasibətdə vərəsə olmasını təsdiq edən sənədi, yaxud mirasın qəbul edilməsi faktı barədə məhkəmə qətnaməsini təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində göstərilən əsaslardan hər hansı birini cavabehə təqdim etmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin əmlakla bağlı yuxarıda qeyd edilən hüquqlarını təsdiq edən yeni sübutlara (məsələn, vərəsəlik hüququ haqqında şəhadətnamə və sair) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6221/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6221/2024
12.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver