Məhkəmə qərarları › İş №2-1(112)-6222/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6222/2021

12.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6222/2021 12.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, Cavabdehin nümayəndəsi X11 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti) “mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 1 otaqdan ibarət 27 saylı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya hal-hazırda faktiki istifadəsində olan ünvan 1 ünvanında yerləşən yataqxananın 1 otaqdan ibarət, ümumi sahəsi 18.0 kv.m olan, 27 saylı mənzilinə dair 05.01.2004-cü ildə 0182 saylı Order verilmişdir. Sözügedən mənzilə dair mülkiyyət hüququnu əldə etmək zərurəti yaranmışdır. Mənzili özəlləşdirmək üçün ərizə ilə müvafiq orqana, cavabdehə müraciət etmişdir. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 2, 4 saylı evin 27 saylı mənzili üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair “Çıxarış”ın verilməsi barədə ərizənin icrasından 10.03.2021-ci il tarixli cavab məktubu ilə imtina etmişdir. Ərizənin icra olunmasından imtina edilməsinə dair cavabdehin 10.03.2021-ci il tarixli, **********6 saylı qərarı qanunsuz və əsassızdır. Belə ki, cavabdeh qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənləşdirici sənədlər təqdim edilməməsini səbəb göstərərək ərizənin icrasından imtina etmişdir. İddiaçının cavabdehə ünvanladığı ərizə və ona əlavə edilmiş sənədlərin surətindən göründüyü kimi ona təqdim edilmiş sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olmuşdur. Göstərilənlərə əsasən cavabdehin imtinası əsassızdır, qərəzlidir və qanunsuzdur. Aydın olur ki, cavabdehin iddiaçıya çıxarış vermək niyyəti yoxdur. Bu səbəbdən həmin mənzilə iddiaçının adına mülkiyyət hüququnun verilməsi vəzifəsi məhkəmə qərarı ilə cavabdehin üzərinə qoyulmalıdır. Belə ki, qeyd olunan mənzilə dair hüquqlar 2009-cu il oktyabrın 1-dək, yəni yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək yarandığından həmin mənzilə dair mübahisələr yeni Mənzil Məcəlləsi qüvvəyə minənədək qüvvədə olmuş qanunlarla tənzimlənməlidir. Bakı İnzibati Məhkəməsinin 02.07.2021-ci il tarixli, 2-1(112)-6222/2021 nömrəli qərardadı ilə Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı Bakı şəhəri, ünvan 8 ünvanında yerləşən 27 saylı mənzilin onun mülkiyyətinə verilməsinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra - İdarə) həvalə edilməsi üzrə iddiası etirazla qarşılanır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı İddiaçı **********46 nömrəli 10.03.2021-ci il tarixli məktub ünvanlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti) orderi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Habelə, 08.07.1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin təmin edilməməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1976-cı il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 12.02.2021-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, İddiaçı, X4, X7 və X8 ünvan 3 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı 12.02.2021-ci il tarixli ərizəsindən görünür ki, ünvan 4 ünvanında yerləşən 27 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş Bakı “Radioquraşdırma” İB-nin 05.01.2004-cü il tarixli 0182 nömrəli orderində qeyd olunmuşdur ki, verilir vətəndaş İddiaçı və onun iki nəfərdən ibarət ailə üzvləri Xətai rayonu, Cavanşir küçəsindəki 4 saylı evdə yerləşən ailəlilər üçün yataqxananın 1-ci giriş 2-ci mərtəbəsindəki yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı 27 nömrəli mənzili tutmaq hüququna malikdir. Ailə tərkibi 2 nəfər - İddiaçı - 1976-cı il təvəllüdlü özü, X4 1972-ci il h/yoldaşı. Order Bakı “Radioquraşdırma” İB-nin müdriyyəti və HİK-nin 31 saylı protokolu ilə rəsmiləşdirilmiş 05 yanvar 2004-cü il tarixli birgə qərarına əsasən verilmişdir. İş yeri “Radioquraşdırma" İB-i növbə əsasında verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” Zavodunun 18.05.2021-ci il tarixli, K/104 nömrəli məktubuna əlavə edilmiş sənədlərdən görünür ki: - Bakı “Radioquraşdırma” İB-in HİK-nin müdriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09.11.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışa əsasən Birlik Bakı “Radioquraşdırma” İstehsalat Birliyində uzun illər işləyən fəhlə və qulluqçularına, birlikdə mənzil növbəsində olanlara növbə əsasında mənzil verə bilməməsini nəzərə alıb, Birliyə məxsus S.Ə.Şirvani k. 4A, Məshəti k. 3A, R.Quliyev k. 6 və Cavanşir k. 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan fəhlə və qulluqçuların yaşadıqları otaqlara yeni mənzil nömrələrinin verilməsi, Birliyin yataqxanalarında yaşayan fəhlə və qulluqçulara yaşadıqları mənzilə Order verilmiş və Orderdə göstərilmiş mənzil nömrəsinə əsasən pasport qeydiyyatına salınması, Birlikdə yataqxana növbəsində olan fəhlə və qulluqçulara, məcburi qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin təklif olunması və razılığa əsasən sənədləşdirilməsi (HİK-nin qərarı və Order). Birlikdə işləyib uzun illərdi mənzil və yataqxana nöbəsində olan və yataqxanada yaşayan ailə üzvlərinə görə mənzil sahəsi az olan fəhlə və qulluqçulara da qaçqın ailələri tərəfindən zəbt olunmuş mənzillərin verilməsi, Birliyə məxsus S.Ə.ünvan 6A, Məhsəti küç. 3A, R.Quliyev küç. 6 və Cavanşir küç. 4 ünvanlarında yerləşən yataqxanalarda hal-hazırda yaşayan qaçqın və məcburi köçkün ailələri torpaqlarımız alınarkən və ya ölkə Prezidentinin sərəncamı ilə məcburi köçkün ailələrinə mənzil verilən vaxt yataqxanalarda boşalacaq mənzillərin qeyri-şərtsiz həmin mənzillərə order verilmiş fəhlə və qulluqçulara verilməsi qərara alınmışdır. - Bakı “Radioquraşdırma” İB-in HİK-nin müdriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə növbəti iclasının 09.11.2004-cü il tarixli 41 saylı protokolundan çıxarışa əsasən Birliyə məxsus olan Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 2-ci mərtəbədə 18 kv.m-lik 1 otaqlı 27 nömrəli mənzilin İddiaçı adına HİK-nin qərarı ilə Order əsasında sənədləşdirilməsi və pasport qeydiyyatına salınması, Birliyə məxsus olan Cavanşir küçəsi 4-də yerləşən yataqxanada 2-ci mərtəbədə 27 nömrəli mənzildə yaşayan Zəngilan rayon qaçqını X5 torpaqlarımız alınarkən ölkə Prezidentinin sərəncamı ilə bu ailəyə mənzil verilən zaman boşalacaq 27 nömrəli mənzilin qeyri-şərtsiz İddiaçı ailəsinə verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 20.08.2021-ci il tarixli, 591/1 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 7 ünvanda yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. ünvan 8 ünvanında yerləşən 27 saylı yaşayış sahəsi xüsusi təyinatlı, mənzil fonduna aiddir. Müəyyən edilmişdir ki, Bakı şəhəri, ünvan 7 yataqxana binasının 27 saylı mənzilində 1993-cü ildən Zəngilan rayon məcburi köçkünü X6, 3 nəfər (özü və 2 qızı) ailə üzvü ilə birlikdə məskunlaşmış və 2018-ci ilin iyul ayında Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin müvafiq qurumları tərəfindən məcburi köçkünlər üçün salınmış şəhərciyə köçürülmüşlər. Qeyd edilən binanın 27 saylı yaşayış sahəsindən məcburi köçkün ailəsi köçürüldükdən sonra İddiaçı həmin mənzilin açarını əldə edərək qapısını bağlamış və nəticədə dövlət mənzil fonduna aid yaşayış sahəsi üzərində balanssaxlayan təşkilat tərəfindən idarəçilik hüquqlarının həyata keçirilməsinə maneə yaratmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 21.09.2021-ci il tarixli, 774 nömrəli məktubuna aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131 s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlərin onlara aid əmlakla birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər İcra Hakimiyyətinin və Tərtər Rayon İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131s nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahıya uyğun olaraq aidiyyəti üzrə Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilməsi qərara alınmışdır. Qeyd olunan sərəncamın icrası ilə bağlı təhvil-təslim işlərinin aparılması istiqamətində müvafiq təşkilati tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın Əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131 s nömrəli sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyətinim balansına verilən əmlak siyahısından görünür ki, Bakı şəhəri, ünvan 7 yataqxana binası Bakı Şəhər İcra Hakimiyyətinim balansına verilmişdir. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamının icrası haqqında 18.12.2013-cü il tarixli, 122 nömrəli sərəncamına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131 s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosial-mədəni və məişət-kommunal təyinatlı obyektlər onlara aid əmlakla birlikdə sərəncamın əlavəsində göstərilən siyahı üzrə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilməsi qərara alınmışdır. Qeyd edilən yaşayış fondunun balansa və xidmət dairəsinə qəbul etməklə vahid texniki-istismar normalarına uyğun xidmətini və istismarını təmin etmək məqsədilə: Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişətkommunal təyinatlı obyektlər bu sərəncamın 1 saylı Əlavəsində göstərilən siyahı üzrə Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki 136 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilməsi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan məişət-kommunal təyinatlı obyektlər bu sərəncamın 2 saylı Əlavəsində göstərilən siyahı üzrə 1 saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyindəki müvafiq mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilməsi, Xəzər rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (Yaşar Novruzov) və 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə (Emin Talıbov) bu sərəncamın 1-ci və 2-ci bəndlərinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə birgə təhvil-təslim işlərinin aparılması, dövlət əmlakının Registrində balansa qəbul edilən daşınmaz əmlak barədə məlumatın qeydiyyata alınması üçün müvafiq tədbirlərin həyata keçirməsinin təmin edilməsi və nəticəsi barədə Departamentə məlumat verilməsinin tapşırılması, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 07.11.2001-ci il tarixli, 709 saylı sərəncamına əsasən, dövlət mənzil fonduna keçirilmiş keçmiş yataqxanalardakı yaşayış sahələrinin özəlləşdirilməsi orada faktiki yaşayan vətəndaşların adına yaşayış sahəsinə icarə (kirayə) müqaviləsinin bağlanılması Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin müvafiq sərəncamı əsasında həyata keçirildiyindən, Departamentin mütəxəssisləri ilə birlikdə bu sərəncama müvafiq olaraq Xəzər rayon MKTB-nin və 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına verilmiş keçmiş yataqxanalarda mənzillərin özəlləşdirməyə hazırlanması məqsədilə yaşayış sahəsinə icrarə (kirayə) müqaviləsinin bağlanması və dəyişdirilməsi ilə bağlı sakinlərin müraciətlərini aidiyyəti üzrə təqdim etməklə icrasının təmin edilməsi qərara alınmışdır. - Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 18.12.2013-cü il tarixli, 122 saylı sərəncamına 2 saylı Əlavədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2013-cü il tarixli, 131 s nömrəli sərancamına əsasən Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansından 1 saylı Xüsusi Təyinatlı MKTB-nin balansına və istismar edilməsi üçün həmin Birliyin tabeliyində olan mənzil-kommunal istismar sahələrinin xidmət dairəsinə verilən əmlakın siyahısından görünür ki, Bakı şəhəri, ünvan 7 yataqxana binası 133 saylı MKİS-nin xidmət dairəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 10.03.2021-ci il tarixli, **********46 nömrəli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, giriş 2, 4 saylı evin 27 saylı mənzilinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** daxil olma nömrəli, 24.02.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. Beləliklə, hazırkı işdən müəyyən olunur ki, İddiaçı Bakı “Radioquraşdırma” İB-nin 05.01.2004-cü il tarixli 0182 nömrəli Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, yat/na, ev 4, 27 saylı mənzilin onun istifadəsinə verildiyini, mənzildə qeydiyyatda olan ailə üzvünün isə mənzilin onun adına özəlləşdirilməsinə etiraz etmədiyini əsas gətirərək mənzil üzərində hüquqların qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh sözügedən mənzilə dair hüqumüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas götürməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı tələbində iddiaçı cavabdehin imtinasının qanunsuz olmasını iddia edərək sözügedən mənzilə hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsinin təmin edilməsi (bənd 2.0.1); hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarışın verilməsi (bənd 3.0.11); tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək (bənd 3.0.24) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). İstinad olunan normalardan müəyyən edildiyi kimi öhdəliyin icrası haqqında iddialarla bağlı mübahisələrə baxılarkən müəyyən edilməli olan xüsusi mümkünlük şərtlərindən biri kimi iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdeh orqana müraciət etmişdir. İddia mahiyyət üzrə əsassızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Prezidentinin ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Sadalanan normalardan müəyyən olunur ki, dövlət mənzil fondunun balansında olan dövlət mülkiyyətində olan yataqxanaların (təhsil müəssisəsi yataqxanaları istisna olmaqla) mənzillərinin özəlləşdirilməsi üçün mənzilə dair hüquqmüəyyənedici sənədlər aşağıdakılardan ibarətdir: mənzil fondunun mülkiyyətçisi olan yerli icra hakimiyyəti orqanının həmin mənzilə dair sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, mübahisə predmeti olan mənzilin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsindəki 4 saylı bina ilkin olaraq “Üfüq” İstehsalat Birliyi “Radioquraşdırma” zavodunun balansında olmuş, zavodun HİK-nin müdriyyətinin əmək kollektivi şurasının və MMK-nın birgə iclasının qərarı ilə İddiaçı və onun iki nəfərdən ibarət ailə üzvünə 27 nömrəli mənzillə bağlı 05.01.2004-cü il tarixli 0182 nömrəli order verilmiş, eyni zamanda həmin mənzildə məskunlaşmış Zəngilan rayon qaçqını X3 mənzil verilən zaman boşaldıqdan sonra İddiaçı ailəsinə verilməsi qərara alınmışdır. Mənzil adıçəkilən zavodun balansında olduğu ərəfədə mənzilin özəlləşdirilməsi həyata keçirilməmişdir. Daha sonra müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.06.2013-cü il tarixli, 131 s nömrəli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 26.07.2013-cü il tarixli, 294 saylı sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin balansında olan sosialmədəni və məişət-kommunal təyinatlı obyektlər, o cümlədən ünvan 7 ünvanda yerləşən yataqxana binası 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilmişdir. Hazırda sözügedən ünvan 7 bina yataqxana olmaqla xüsusi təyinatlı dövlət mənzil fonduna aiddir. Başqa sözlə, iddiaçının iddia etdiyi mənzilin mülkiyyətçisi dəyişmiş, mənzil dövlət mülkiyyətinə keçməklə mənzilin balanssaxlayıcısı qismində Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti çıxış edir. Hazırkı mübahisə predmeti olan yataqxana binası mənzilinə dair əmlak hüququ, o cümlədən istifadə hüququnu təsdiq edən sənəd qismində bilavasitə mənzilin mülkiyyətçisi ilə bağlanmış mənzil kirayəsi müqaviləsi çıxış edir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 6-cı maddələri də məhz dövlət mənzil fonduna aid yataqxana binasının mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış vətəndaşın həmin binada yerləşən mənzili şəxsi mülkiyyətinə keçirmək hüququnun olduğunu birbaşa təsbit etmişdir. İddiaçı isə sözgedən yataqxana binasının hazırkı halda mülkiyyətçisi olan müvafiq icra hakimiyyəti orqanı ilə mənzil kirayə müqaviləsi bağlamamışdır. İddiaçının iddia etdiyi mübahisəli mənzilin onun istifadəsində olması ilə bağlı istinad etdiyi hal isə öz-özlüyündə mənzilə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verən hüquqmüəyyənedici sənəd hesab olunmur. Başqa sözlə, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində göstərilmiş hüquqmüəyyənedici sənədləri təqdim edə bilməmişdir . “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, cavabdehin iddia olunan mənzil üzərində hüquqların qeydiyyata alınmasından imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 10 ünvanında yerləşən 1 otaqdan ibarət 27 saylı mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar