Məhkəmə qərarları › İş №2-1(112)-6225/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6225/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6225/2020 24.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (Qazax rayonu, Birinci Şıxlı kəndində qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquq məsələləri və məhkəmə mübahisələri ilə iş sektorunun baş məsləhətçisi-hüquqşünas, ünvan 1 ünvanında qeydiyyatd olan) iştirakıilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi cəlb olunmaqla) pensiyanın əvvəlki tarixdən ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin (hərəkətsizliklərinin), onun 05 mart 2020-ci il tarixli imtina cavabının qeyri-qanuni hesab edilməsi, ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması və buna hüququnun yarandığı vaxtdan hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən göndərilən məlumat vərəqində qeyd edilən tərxis olunduğu xx.xx.2006-cı il tarixdən pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6225/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərardadına əsasən ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6225/2020 saylı, 03 noyabr 2020-ci il tarixli qərardadına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi 3-cü şəxs qismində məhkəmə prosesinə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının yenidən hesablanması və buna hüququ olduğu müddətdən hesablanaraq ödənilməsi barədə ərizə ilə 06 dekabr 2019-cu il tarixində cavabdehə rəsmi qaydada müraciət etmişdir. İdarədən ona 05 mart 2020-ci il tarixli imtina cavabı gəlmişdir. Bu imtinanı qanunsuz hesab edir, çünki cavabdeh həmin imtina ilə onun pensiya hüququnu qanunsuz şəkildə məhdudlaşdırmışdır. İdarə cavab verərkən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən ona təqdim olunmuş 1 noyabr 2019-cu il tarixli 46/2019 nömrəli məlumat vərəqəsinə istinad etmişdir. Bu vərəqəyə uyğun olaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.3-cü maddəsinə əsasən 25 il 9 ay 17 gün (iş stajı 10 il 4 ay 24 gün, təqvimi xidmət illəri 15 il 4 ay 23 gün) cəmi iş stajı və xidmət müddətinə görə 452,33 manat məbləğində pensiya təyin edilmiş və keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. Pensiya almaq hüququ 2006-cı ildən yaranmışdır və işlədiyi qurumla əlaqədar olaraq əmək haqqının artırılması onun pensiyasının da artırılması üçün birbaşa əsasdır. Təyin edilmiş pensiyanın məbləği hazırkı gömrük işində onun keçmiş vəzifəsinə uyğun əmək haqqı ilə mütənasib deyildir. Bundan başqa pensiya hüququnun 2006-cı ildə yaranmasına baxmayaraq, keçmiş 3 il üçün yığılmış məbləğin qaytarılmalı olması barədə cavabdehin dəlili də qanunsuzdur. Cavabdeh bu dəlilini “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrilə əsaslandırmışdır. Bu normalara əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Halbuki onun pensiya hüququ yarandığı vaxt bu norma mövcud deyildi və ona tətbiq edilməsi qanunsuzdur, çünki qüvvədə olan qanunvericiliyə əsasən hər hansı mübahisə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına əsasən tənzimlənir. Digər tərəfdən, Konstitusiyanın 149-cu maddəsinin Vİİ bəndinəəsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Cavabdehin imtina cavabı ilə onun bu hüququ pozulduğu üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyibarədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçının adına pensiya təyinatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “məlumat vərəqi” xx.xx.2019-cu il tarixdə İdarəyə daxil olmuş və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya məbləğinin keçmiş dövrü ilə bağlı hissəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Qeyd: yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. Qeyd: yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının ödənilməsi” ilə əlaqədardır. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiya ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə pensiya ödənişi ilə bağlı geriyə olan müddət xx.xx.2017-ci il tarixdən sonrakı müraciətdən əvvələ ən çoxu 3 il üçün müəyyən edilmiş və qərar verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması dövründə iddiaçıya məxsus pensiya işinin surəti sorğu əsasında cavabdehdən tələb edilmişdir. Həmin pensiya işinin surəti məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiqi edilmişdir. Pensiya işinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, **********0 saylı əmək pensiyasının təyin edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya işinə əlavə edilmiş əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2020-ci il tarixdən hesablanmış pensiya xx.xx.2017-xx.xx.2019-cu il tarixinə olan ötən dövr üzrə yenidən hesablanmışdır. Pensiya işinə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 46/2019 saylı, 01 noyabr 2019-cu il tarixli məlumat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə 10 il 04 ay 24 gün iş stajı, 15 il 04 ay 23 gün təqvim üzrə xidmət illəri olmaqla, cəmi 25 il 09 ay 17 gün ümumi iş stajı ilə Tovuz Gömrük İdarəsinin inspektoru vəzifəsindən “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin 4-cü bəndinə əsasən təşkilatı ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətdən xaric olmuş, ona 552,80 manat məbləğində təminat xərcliyi hesablanmışdır. İşdə olan cavabdeh tərəfindən verilmiş 05 mart 2020-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, iddiaçının keçmiş dövr üzrə hesablanmış fərq məbləği barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, o, 06 dekabr 2019-cu il tarixində İdarəyə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunması üçün müraciət etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdarəyə təqdim olunmuş 01 noyabr 2019-cu il tarixli 46/2019 nömrəli məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.3-cü maddəsinə əsasən 25 il 9 ay 17 gün (iş stajı 10 il 4 ay 24 gün, təqvimi xidmət illəri 14 il 4 ay 23 gün) cəmi iş stajı və xidmət müddətinə görə 452,33 manat məbləğində pensiya təyin edilmiş və keçmiş 3 il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 8497,53 manat fərq məbləği cari ilin fevral ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş 01 noyabr 2019-cu il tarixli 46/2019 nömrəli məlumat vərəqəsinə uyğun olaraq iddiaçıya cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.3-cü maddəsinə əsasən hərbi qulluqçu kimi yaşa görə əmək pensiya təyin edilmiş və təyin edilmiş pensiya keçmiş 3 il müddət üçün yenidən hesablanmışdır. Lakin iddiaçı pensiya hüququnun xx.xx.2006-cı il tarixdən yarandığı əsası ilə, ona təyin edilmiş əmək pensiyasının həmin tarixdən hesablanaraq ödənilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5–ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.3-cü maddəsinə əsasən hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərin hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14 və 20.14.3-cü bəndlərinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—55 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablaması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»nın 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi qulluqçuların hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 46/2019 saylı məlumat vərəqəsindən görünür ki, iddiaçı barəsində qulluq etdiyi orqan tərəfindən məlumat vərəqəsi xx.xx.2019-cu il tarixdə verilmişdir və həmin məlumat vərəqəsi əsasında iddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı pensiya hüququnun xx.xx.2006-cı il tarixdən yarandığını bildirsə də, lakin əmək pensiyası hüququnun yarandığı tarixdən bu günədək onun hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların verilməsi ilə bağlı xidmət etdiyi orqana müraciət etməsi və bununla bağlı həmin orqan tərəfindən məlumat vərəqəsinin verilməsi iş materialları ilə müəyyən edilməmişdir. İşdə olan sənədlərdən görünür ki, iddiaçıya onun müraciəti əsasında qulluq etdiyi orqan tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş məlumat vərəqəsinə əsasən xx.xx.2020ci il tarixdə əmək pensiyası təyin edilmiş, həmçinin qüvvədə olan qanunvericilik üzrə ona təyin edilmiş pensiya keçmiş 3 il müddət üçün yenidən hesablanaraq, hissə-hissə pensiyasının üzərinə əlavə olaraq ödənilir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının pensiya hüququ xx.xx.2006-cı il tarixdə yaransa da, lakin ona hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası müraciəti əsasında xx.xx.2019-cu il tarixdə verilmiş məlumat vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixdən təyin edildiyindən, hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən əmək pensiyaları müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ötən dövr üzrə hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənildiyindən, iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün yaranmış pensiya fərqinin ödənilməsində cavabdeh haqlı olmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, 08 oktyabr 2020-ci il tarixli «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar