Məhkəmə qərarları › İş №2-1(112)-6225/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6225/2021

20.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6225/2021 20.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X6 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1976-1999-cu illər ərzində əmək fəaliyyətini təsdiq edən sənədlərə istinadən inzibati orqan tərəfindən pensiyaya təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, təqaüd yaşının çatması ilə əlaqədar olaraq 26.02.2021-ci il tarixdə DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına pensiya təyin olunması üçün müraciət etmişdir. Əmək kitabçasını itirdiyi üçün həmin idarəyə aşağıda göstərilən sənədləri təqdim etmişdir. 01.09.1972-ci ildən 01.07.1976-cı ilə qədər əyani təhsil almağı barədə NQ 769450 nömrəli diplomun surətini, 04.05.1977-ci ildən 05.11.1978-ci ilə qədər SSRİ Silahlı Qüvvələrində hərbi xidmət keçməyi barədə hərbi biletin surəti, 1977-ci ilin yanvar ayından 1994-cü ilin noyabr ayına qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində müxtəlif vəzifələrdə işləməyi barədə Dövlət Arxivinin 13/513 NQ-N, 22.06.2021-ci il tarixli arxiv arayışını və aylıq əmək barəsində olan məlumatlar, 1994-cü ilin noyabr ayından 1995-ci ilin oktyabr ayına qədər «Naxbank NKB»-də baş müşavir işləməyi barədə bankın işçilərinin izahatları və onların əmək kitabçalarının surətləri, 25.10.1995-ci ildən 30.03.1999-cu ilə qədər "xxxx" ASC-də Naxçıvan şöbəsinin müdiri vəzifəsində işləməyi barədə Azərbaycan Beynəlxalq Bankının 11.11.2020-ci il tarixli 40-6960/2020NQ-li arayışı. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 18.03.2021-ci il tarixli **********1 NQ-H məktubu ilə onun müraciətinə ancaq əmək kitabçasının əslinin təqdim ediləcəyi halda baxıla biləcəyi bildirmişdir. Hesab edir ki, bu onun AR Konstitusiyasının 38-ci maddəsi ilə təsbit olunmuş sosial təminat hüququnu pozur. Əmək kitabçası itdikdə işçilərin əmək kitabçasının Forması və onun tərtibi Qaydaları”nın 7-ci bəndinə uyğun olaraq işçi axırıncı iş yerinə müraciət etməklə onun dublikatını ala bilər. Əgər işçi 25-30 illik əmək stajı olan kitabçasının itməsindən söhbət gedirsə və həmin şəxsin əvvəl işlədiyi müəssisələr bağlanmışlarsa, bununla bağlı arxiv sənədləri mövcuddursa, belə olan halda narahatçılığa əsas yoxdur, çünki işçi ilə əmək müqaviləsi bağlanan zaman ona əmək kitabçası açılıbsa, bu o deməkdir ki, həmin sənədlər artıq arxiv idarəsində saxlanılır. Arxiv sənədlərinin saxlanması isə 75 ilə qədər nəzərdə tutulur. Arxiv sənədləri mötəbər sənəd olmaqla itmiş, yanmış, məhv olmuş sənədləri sübutu və bərpası üçün əsasdır. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdehin iddia ərizəsinə etiraz məktubunda qeyd edilmişdir ki, hazırkı iş üzrə İddiaçı 25.02.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən 18.03.2021-ci il tarixli, **********1 nömrəli məktubla cavab verilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Tərəflərindən iddiaçıya ünvanlanmış cavab məktubunun məzmunundan göründüyü kimi hazırkı iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən iddiaçının müraciətinə verilən cavab imtina kimi qəbul edilə bilməz. Göründüyü kimi iddiaçı tərəfindən pensiya təyin edilməsi məsələsinin yoxlanılması üçün zəruri olan dövlət qulluqçusu kimi işlədiyi müddətin son 24 ayı və ya ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqı barədə müvafiq dövlət orqanının arayışı və əmək kitabçasının əslləri Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filiala təqdim edilməmişdir. Buna görə də pensiya təyin edilməsi məsələsinin yoxlanılması qeyri-mümkündür. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçının “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiasının mümkün hesab edilməməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı ildə Naxçıvan MR, Babək rayonu, Zeynəddin kəndində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. - Ч 769450 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş və 1976-cı ildə əməyin iqtisadiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. - BH 033460 nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 04.05.1977-ci il tarixdən 5.11.1978-ci il tarixədək hərbi xidmətdə olmuşdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin 22.06.2000-ci il tarixli 13/513 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin və X4 Komitəsinin sənədlərinə baxdıqda müəyyən oldu ki, İddiaçı 1977-ci ilin yanvar ayından 1980-ci ilin iyuna ayına qədər böyük iqtisadçı, 1980-ci ilin iyun ayından 25.07.1989-cu ilə qədər şöbə müdiri, X4 Komitəsinin 25.07.1989-cu il tarixli 07 №-li protokolundan çıxarışa əsasən X4 Komitəsinə təlimatçı təyin edilməsi, 17.07.1991-ci il tarixli 04 №-li əmrlə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Nazirinin müavini vəzifəsinə təyin edilməsi, 01.08.1991-i il tarixli 49 №-li əmrlə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Naziri təyin edilməsi, 12.05.1993-cü il tarixli 16 n №-ıi əmrlə işdən azad edilməsi, 1993-cü ilin iyun ayından 1994-cü ilin noyabr ayına qədər Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində işləməsi əmr kitablarında göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən İddiaçı Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində, Naxçıvan MSSR X9 Komitəsində, X4 Komitəsində işlədiyi və aylar üzrə əmək haqqı almasına dair arayış təqdim edilmişdir. -Azərbaycan Beynəlxalq Bankı İnsan Resurslarının idarə edilməsi departamenti tərəfindən verilmiş 19.04.2021-ci il tarixli 40-4896/2021nömrəli arayışdan görünür ki, İddiaçı 25.10.1995-30.03.1999-cu il tarixlərində "xxxx" ASC-də Naxçıvan şöbəsinin müdiri vəzifəsində işləyib və son bir il ərzində aylıq əmək haqqı aşağıda göstərilən kimi təşkil edib: mart 1988- 500000, aprel 1998-500000, may 1998-500000, iyun 1998-500000, iyul 1998-500000, avqust 1998-500000, sentyabr 1998-500000, oktyabr 1998-500000, noyabr 1998-500000, dekabr 1998-500000, yanvar 1999-500000 və fevral 1999-500000. Məhkəmə sorğusu əsasında Azərbaycan Beynəlxalq Bankı Hüquq departamenti tərəfindən təqdim olunmuş “Azərbaycan Respublikası Beynəlxalq Bankı” X2 25 oktyabr 1995-ci il tarixli 279k saylı və 31 mart 1999-cu il tarixli 29 saylı əmrlərinin surətlərindən görünür ki, 25 oktyabr 1995-ci il tarixli 279k saylı əmrlə X5 heyətinin 1995-ci il 20 oktyabr tarixli qərarına (protokol №44) uyğun olaraq İddiaçı Azərbaycan Respublikası X3 şöbəsinin müdiri vəzifəsinin icraçısı təyin edilmiş, 31 mart 1999-cu il tarixli 29 saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən 19 may 2021-ci il tarixli 02/55 nömrəli məktubla təqdim olunmuş Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq nazirinin 17 iyul 1991-ci il tarixli 04 №-li və 12 may 1993-cü il tarixli 16 n №-li əmrlərinin surətindən görünür ki, 17 iyul 1991-ci il tarixli 04 №-li əmrlə İddiaçı 17 iyul 1991-ci il tarixdən Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini vəzifəsinə təyin edilmiş, 12 may 1993-cü il tarixli 16 n №-li əmri ilə Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq naziri İddiaçı işdə yol verdiyi nöqsanlara görə Naxçıvan MR Ali Məclisi sədrinin 10 aprel 1993-cü il tarixli 36-Xİİ №-li fərmanı ilə tutduğu vəzifədən azad edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuş və 13.02.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı dövlət qulluğunda çalışdığı iş stajı nəzərə alınmaqla ona əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh etirazında iddiaçının pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddianın mümkünlüyü: Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İPM-in 2.2.3cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İPM-in 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh etirazında iddianın mümkün sayılmamalı olduğunu bildirir və bu halı onunla əsaslandırır ki, iddiaçı tərəfindən sənədlərin əsilləri təqdim olunduğu təqdirdə müraciətinə baxılacaqdır. Məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş məktub imtina məktubu kimi qiymətləndirilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 31.2-ci maddəsinə əsasən, əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Qüvvədə olan qanunvericiliyin tələblərindən, həmçinin, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün sübut qismində arxiv arayışlarını təqdim etmişdir. Cavabdeh inzibati orqan isə əmək kitabçasının təqdim edilməməsi səbəbilə pensiya təyinini mümkünsüz hesab etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaldırılan iddia İnzibati Prosessual Məcəlləsinin normalarına uyğun olmaqla mümkün iddiadır. İddia mümkün olmaqla yanaşı, həm də mahiyyəti üzrə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1 və 21.1.7ci maddəsinə əsasən Dövlət qulluqçuları üçün pensiya təminatı və dövlət sosial sığortasına təminat verilir. Həmin Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət“qulluğu vəzifəsində qulluq stajından“və dövlət məvacibinin məbləğindən asılıdır.“Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il“(bu Qanunun 23.2-1-ci maddəsində“nəzərdə“tutulan hal istisna olmaqla)“qulluq stajı tələb olunur. Həmin Qanununun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır.“ Həmin Qanununun 32-1.1-ci madəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1.Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı“əmək pensiyaçılarına“təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş“«Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının“vətəndaşlığına xitam verilməsi“ilə bağlı“dövlət qulluğuna xitam verilmiş“dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. 20.11-1. Dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı X4 Komitəsində 1977-ci ilin yanvar ayından 1980-ci ilin iyun ayına qədər böyük iqtisadçı, 1980-ci ilin iyun ayından 25.07.1989-cu ilə qədər şöbə müdiri, 25.07.1989-cu il tarixdən 17.07.1991-ci il tarixədək təlimatçı, Naxçıvan MR Kənd Təsərrüfatı və Ərzaq Naziri vəzifəsində 01.08.1991-ci il tarixdən 12.05.1993-cü il tarixədək, Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində şöbə müdiri vəzifəsində 1993-cü ilin iyun ayından 1994-cü ilin noyabr ayına qədər işləmişdir. İş materiallarında olan arxiv sənədlərindən, hərbi bilet və təhsil haqqında diplomdan görünür ki, iddiaçının ümumilikdə 25 ildən çox sosial sığorta stajı var. Həmçinin, arxiv sənədlərindən də aydın olur ki, 15 ildən çox dövlət qulluğu stajı var. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması“Siyahısına əsasən: Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında instruktor-Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparatında böyük məsləhətçi; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında nazir, dövlət komitəsinin sədri-Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında aparatın rəhbəri; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında nazirin birinci müavini, müavini, dövlət komitəsi sədrinin birinci müavini, müavini- Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında müvafiq olaraq Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatın rəhbərinin müavini, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının aparatında təminedici şöbənin müdiri; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında baş idarə, aparıcı idarə, şöbə rəisi, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdiri- Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında təminedici şöbənin müdiri; Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında baş mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər), iqtisadi müşavir, məsləhətçi, rəhbərin köməkçisi- Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında böyük məsləhətçi vəzifələrinə uyğunlaşdırılmışdır. Göründüyü kimi iddiaçı siyahıda göstərilən vəzifələrdə işləməklə 15 ildən artıq dövlət qulluğu stajına malik olmuşdur. İddiaçının 65 yaşı tamam olduğundan qüvvədə olan qanunvericilik normalarına əsasən dövlət qulluqçusu kimi yaşa görə pensiya almaq hüququ da yaranmışdır. Həmçinin məhkəmə cavabdehin iddiaçının 1977-1994-cü illər üzrə sığorta stajının əmək kitabçasında öz əksini tapmamasına münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Məhkəmə iddiaçının 1977-1994-cü illərdə əmək fəaliyyəti ilə əlaqədar arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X8) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şübhə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının 1977-1994-cü illərdə işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Sədrlik edən Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar