Məhkəmə qərarları › İş №2-1(112)-6226/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6226/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6226/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X6” publik hüquqi şəxs Bakı Baş Səhiyyə X11 şəxs 5 №-li şəhər poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh 2 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum əri 17.09.1953-cü il təvəllüdlü X1 21.01.2022-ci il tarixdə Bakı şəhərində ölməsi və bu barədə ölüm haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh 2 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməs) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X6” publik hüquqi şəxs Bakı Baş Səhiyyə X11 şəxs 5 №-li şəhər poliklinikası göstərilməklə, mərhum əri 17.09.1953-cü il təvəllüdlü X1 ölməsi barədə ölüm haqqında tibbi şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X6” publik hüquqi şəxs Bakı Baş Səhiyyə X11 şəxs 5 №-li şəhər poliklinikasına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, rəsmi nikah bağlayaraq, ailə qurduğu ünvan 1 ünvanında qeydiyyyatda olan əri 17.09.1953-ci il təvəllüdlü X5 ünvan 1də ölmüşdür. Belə ki, əri xərçəng xəstəsi idi. Ərinin vəziyyəti 21.01.2022-ci il tarixdə qəfildən pisləşmiş və o, tez təcili yardım çağırmışdır.Təcili yardım çatanda əri artıq ölmüşdür. Əri öldükdən sonra o, onu Bakı şəhəri, Qaradağ rayonunda yerləşən qəbiristanlıqda dəfn etmişdir. Ölüm haqqında şəhadətnamə almaq üçün 2 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsinə müraciət etsə də, onun əlində əsaslı sənədlər olmadığı üçün ona imtina edilmişdir. Hesab edir ki, Qeydiyyat şöbəsinin təcili yardımın sənədini əsas götürməməsi və imtina etməsi onun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 12.04.2022-ci il tarixli qərardadı ilə əsl olayan cavabdeh əsl cavabdeh ilə əvəz ediilmiş və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi ərazi X6” publik hüquqi şəxs Bakı Baş Səhiyyə X11 şəxs 5 №-li şəhər poliklinikasının iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AA ******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1954-cü ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. 11.10.2016-cı il tarixdə “Asan 2” tərəfindən verilmiş Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 16587799 №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, 17.09.1953-cü il təvəllüdlü (doğum yeri Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri) X5 ünvan 2 ünvanında qeydiyyatda olmuşdur. Naxçıvan şəhər VVAQ şöbəsi tərəfindən verilmiş 15 yanvar 1981-ci il tarixli 399171 №-li nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 ilə X2 15.01.1981-ci ildə nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1981-ci ilin yanvar ayını 15-ci günündə 11 nömrə ilə qeyd edilmişdir. BŞT və TTYS 2 saylı Bölmənin təcili tibbi yardım briqadasının tərkibi tərəfindən verilmiş “Ölüm haqqında Xəbərdarlıq vərəqəsi”nin surətindən müəyyən olunur ki, 2 saylı Bölmənin təcili tibbi yardım briqadasının həkimi M.Tağıyev tibb bacısı R.Məmmədovanın iştirakı ilə 21.01.2022-ci il tarixdə saat 12:45-də çağırış əsasında ünvan 4 ünvanında kişi cinsli meyitin (həkimə qədər ölüm) müayinəsi aparılmış, ölümün ilkin səbəbi qeyd edilməmişdir. Hazırkı tələblə bağlı iddiaçının müraciətlərinə: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 20.01.2022-ci il tarixlii 05/152/70 saylı məktubda qeyd olunmuşdur ki, 2 saylı Bakı “ASAN xidmət ” mərkəzi qeydiyyat şöbəsi onun 29.01.2022-ci il tarixli ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində onun ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi məsləhət görülür. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi X6” Publik hüquqi şəxs Bakı Baş Səhiyyə X11 Şəxs 5 №-li şəhər poliklinikası tərəfindən verilmiş 29.01.2022-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, ünvan 5 ünvanda yaşayan, 17.09.1953-cü il təvəllüdlü X5, 21.01.2022-ci il tarixdə ölmüşdür. Nəsimi rayon 5 saylı şəhər poliklinikasına müraciət etmədiyinə, müayinə və müalicə almadığına, ölümün səbəbini bilmədiyinə görə Forma № 106 almaq üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etməsi bildirilmişdir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun göstərilən ünvana tərəflarindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddia mümkündür. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı cavabdeh orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onların hüquqlarını pozduğunu iddia edə bilərlər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki məhkəmə mübahisəsi yaranmışdır. İddia əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 9.1-ci bəndində göstərilmişdir ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patolojianatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın: 4.1-ci bəndinə əsasən, “ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir; 4.2-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X7 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYSnin həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir; 4.3-cü bəndinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir; 4.5-ci bəndinə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir; 4.7-ci bəndinə əsasən, şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi “Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-10)” üzrə kodlaşdırılmalıdır; 5.3-cü bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 03.07.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimatın: 3-cü maddəsinə əsasən, ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X7 Stansiyasının (bundan sonra – TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir; 4-cü maddəsinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Göründüyü kimi, ambulator tibb müəssisəsi tərəfindən “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkündür. Hazırki işdə “xəbərdarlıq vərəqəsi”nə əsasən şəxsin (X1) ölüm faktının həkim gələnə qədər baş verdiyi qeyd olunmuşdur. Eyni zamanda şəxsin ölməsinin səbəbi ilə bağlı hər hansı tibbi sənəd məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Başqa sözlə, şəxsin ölüm səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının əri X1 ölüm faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən, təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının “X3 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, İddiaçı cavabdeh 5 saylı şəhər poliklinikasına qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar