Məhkəmə qərarları › İş №2-1(112)-6226/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6226/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6226/2025 10.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 10 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təqdim edilmiş sənədlər nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin etmək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 63 yaş 6 aydan əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1 dekabr 1960-cı il təvəllüdlü olmaqla 8 dekabr 1977-ci il tarixindən əmək fəaliyyətinə başlamışdır və 18 sentyabr 2003-cü il tarixədək ümumilikdə 25 il 2 ay 21 gün olmaqla bu yerlər üzrə müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur: “Kommuna” sovxozu: xx.xx.1977 - xx.xx.1978 (cəmi: 6 ay 7 gün); Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (qanunvericiliyə əsasən pensiya müddətinə daxil edilir): xx.xx.1978 - xx.xx.1983 (cəmi: 4 il 10 ay 20 gün); “NORD” elmi istehsalat birliyi: xx.xx.1983 - xx.xx.1992 (cəmi: 8 il 7 ay 8 gün); UPTK RSO “Azərqidromeliostroyremont” (“Xalq üçün Mallar” DK) xx.xx.1992 - xx.xx.1996 (cəmi: 4 il 2 ay); Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu (hazırda Azərbaycan Dövlət Dəniz Akademiyası nəzdində Azərbaycan Dənizçilik Kolleci): xx.xx.1996 - xx.xx.2003 (cəmi 7 il 16 gün). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsi nəzərə alınmaqla ona 2024-cü ilin 1 iyul tarixindən əmək pensiyası təyin edilməli idi. Həmin müddətdən pensiya hüququnun yaranmasına baxmayaraq hazıradək ona əmək pensiyası təyin edilməmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı Dost Mərkəzi vasitəsilə cavabdehə müraciət etmişdir. Cavabdehin tərəfindən əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci il tarixdən xx.xx.1996 tarixədək təmir-tikinti idarəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan X1 əmək stajının mötəbərliyinə əsaslı şübhələr olması ilə bağlı araşdırma aparıldığı barədə 29 iyun 2024-cü il tarixli 3-17-1/2-H- 150079/2024 nömrəli məktub təqdim edilmişdir. Araşdırma aparıldıqdan sonra cavabdehin 30 avqust 2024-cü il tarixli 3-17-1/2-H- 208214/2024 nömrəli məktubu ilə xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək olan müddət, o cümlədən yuxarıda araşdırma aparılan müddət üzrə əmək haqqı hesablanan aylar da nəzərə alınmaqla əmək stajına daxil edildiyi və həmin müddətlər nəzərə alınmaqla əmək stajının ümumilikdə 23 il 7 ay 19 gün təşkil etdiyindən əmək pensiyası təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində əmək stajının 25 il 2 ay 21 gün olduğu təqdirdə hansı dövrün sosial sığorta stajına daxil edilməməsi barədə məktubun təqdim edilməsi üçün 4 saylı Bakı Dost Mərkəzi vasitəsilə yenidən cavabdehə müraciət edilmişdir. Cavabdehin 12 oktyabr 2024-cü il tarixli 3-17-1/2-H-247725/2024 nömrəli məktubu ilə “Xalq üçün Mallar” DK-nin Təmir-tikinti təchizat idarəsinin 1995-ci ilin İİ, İİİ, İV rüblərinə və 1996-cı ilə dair hesabat məlumatları aşkarlanmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Eyni zamanda Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunun arxivində saxlanılan ödəniş cədvəllərinə əsaslanaraq 1996cı il üzrə 4 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 5 ay, 1999-cü il üzrə 9 ay, həmçinin xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək haqqı hesablandığının müəyyən edildiyini və əmək haqqı hesablanan ayların sığorta stajına daxil edildiyi bildirilmişdir. Nazirliyə ünvanlanmış müraciətə cavab onun tabeliyində olan Dövlət Sosial Fondu tərəfindən 22 oktyabr 2024-cü il tarixli 3-17-1/2-H-258061 /2024 nömrəli məktubla verilmişdir. Cavab eyni məzmunlu olmuş, xx.xx.1977-ci il tarixindən xx.xx.2003-ci il tarixiədək əmək haqqı hesablanan aylar nəzərə alınmaqla əmək stajının 22 il 5 ay 19 gün, xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 1 il 1 ay olmaqla cəmi 23 il 6 ay 19 gün olduğu bildirilmişdir. Göründüyü kimi iddiaçı hər cavab məktubunda sığorta stajı hesablayarkən yalnız əmək haqqı hesablanan ayları əsas götürdüyünü bildirmişdir. Cavabdehin etirazı: Cavabdeh etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2024-cü il tarixdən qadınların pensiya yaş həddi 64 yaş müəyyən edilib. İddiaçı tərəfindən təqdim olunmuş sənədlərin surətlərinə əsasən iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1983-cü il tarixədək əyani təhsil aldığı dövr 15.02 1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək “Xalq üçün mallar” DK-nın Təmir-tikinti təchizat idarəsində və xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunda adına əməkhaqqı hesablanan aylar da nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 2 il 5 ay 19 gün, xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 1 il 1 ay olmaqla cəmi sığorta stajı 23 il 6 ay 19 gün təşkil edir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1 1-ci yarımbəninə əsəsən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından asılı olmayaraq, müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, Qaydaların 4.1.2-ci yarımbəndinə əsasən 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə isə dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarına əsasən müəyyən edilir. “Xalq üçün mallar” DKnın Təmir-tikinti təchizat idarəsində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək və Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunda xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı “Xalq üçün mallar” DK-nın Təmir-tikinti təchizat idarəsinin 1995-ci ilin İİ. İİİ. İV rüblərinə və 1996-cı ilə dair hesabat məlumatları aşkarlanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixdə tərtib olunmuş akta əsasən Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunun arxivində saxlanılan ödəniş cədvəllərində 1996-cı il üzrə 4 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 5 ay, 1999-cu il üzrə 9 ay, həmçinin 01.01 2000-cı il tarixdən xx.xx.2003-cü il tarixədək iddiaçının adına əməkhaqqı hesablandığı aylar sığorta stajına daxıl edilib. Sırf bu məsələyə münasibətdə bildirilir ki, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 1.0.1. maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmçinin iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından avtomatlaşdırılmş qaydada pensiya təyinatı mümkün sayılmır. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququ yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddənin tələblərinə əsasən bildirilir ki, aktiv vergi ödəyicisi kimi (VÖEN:**********) qeydiyyatda oldğu üçün iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi mümkün hesab edilmir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, etirazda “xx.xx.2024-cü il tarixdən qadınların pensiya yaş həddi 64 yaş müəyyən edilib” cümləsi texniki səhv olaraq ərizənin mətninə daxil edilmişdir və xx.xx.2023-cü il tarixdən qadınların pensiya yaş həddi 63 yaş 6 ay müəyyən edilib” cümləsi ilə əvəz edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür, 63 yaşı 6 ayı tamam olduğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan onun sığorta stajının yetərli olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir. Hazırda iddiaçı ona adıçəkilən qanunun tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: … 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti;… 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-ci il tarixədək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 1 dekabr 1960-cı il tarixdə doğulduğu nəzərə alındıqda, onun 63 yaş 6 ayının tamam olduğu 1 iyun 2024-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. İddiaçının cavabdeh tərəfindən mübahisə edilməyən sığorta stajı 23 il 6 ay 19 gündür. Cavabdehin imtinasının (etirazının) əsas dəlili ondan ibarətdir ki, “Xalq üçün mallar” DK-nın Təmir-tikinti təchizat idarəsinin 1995-ci ilin İİ. İİİ. İV rüblərinə və 1996-cı ilə dair hesabat məlumatları aşkarlanmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Eyni zamanda xx.xx.2024-cü il tarixdə tərtib olunmuş akta əsasən Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunun arxivində saxlanılan ödəniş cədvəllərində 1996-cı il üzrə 4 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 5 ay, 1999-cu il üzrə 9 ay, həmçinin 01.01 2000-cı il tarixdən xx.xx.2003-cü il tarixədək iddiaçının adına əməkhaqqı hesablandığı aylar sığorta stajına daxıl edilmişdir. Məhkəmə həmin dəlillərlə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan Qaydalarda 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası yuxarıda qeyd edilən normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Digər tərəfdən, iddiaçının işlədiyi həmin mübahisəli dövrlərin 2006-cı il yanvarın 1dək iş stajı kimi nəzərə alınmalı olması ilə bağlı məhkəmə bir daha qeyd edir ki, iddiaçının hüququ yarandığı vaxt qüvvədə olan və yuxarıda istinad olunan “Qaydalar”da da 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edildiyi təsbit olunmuşdur. Bundan əlavə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Həmin Qanunun 4-cü maddəsinə əsasən, bu Qanunun 1-ci, 2-ci və 3-cü maddələri ödənilməsi barəsində məhkəmə qərarı qəbul edilmiş, lakin 2018-ci ilin 1 aprel tarixinə ödənilməmiş borcların qalığına da şamil edilir. Göründüyü kimi, sığortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı 63 yaşı 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı 63 yaşı 6 ayının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar