Məhkəmə qərarları › İş №2-1(112)-6227/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6227/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6227/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: maşinist, Binəqədi nasos stansiyasında işləyir),cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası: hüquqşünas, Hüquq şöbəsində hüquq məsləhətçisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən 1046,9 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən 193,3 kv.m fərdi yaşayış evinin iddiaçının adına özəlləşdirilməsi və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı ünvan 1 ünvanında yerləşən 1046,9 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən 193,3 kv.m fərdi yaşayış evinin iddiaçının adına özəlləşdirilməsi və çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum əri X2 19.10.2014-cü il tarixdə ürəyinin dayanmasından rəhmətə gedib. Onlar hikahı 25.06.1983-cü il tarixdə bağlamışdırlar. Nikahdan sonra ərinin adına Binəqədi rayonu Bakı Fəhlə küçəsi, ev 23 ünvanında yerləşən fərdi yaşayış evini birgə nikah dövründə almışdırlar, əmlaka texniki pasport verilib. Texniki pasport Binəqədi Rayon İcra Hakimiyyətinin 07.06.2001-ci il tarixli 12-A-125 nömrəli məktubuna əsasən tərtib edilib. Texniki pasportda reyestr nömrəsi 30/770 saylı 04.08.01 tarixli yazılıb. Savadsızlığ ucbatından qeydiyyat vəsiqəsi (kupçaçıxarış) almağa cəhd etmədilər, arxain oldular ki, texniki pasportu var, çünki texniki pasportun əsasında çıxarış verilir. Əri dünyasını dəyişəndən sonra iddiaçı bu sahədə biliksiz olduğu üçün vərəsəlik üçün notariusa müraciət etmədi. Düşündü ki, ərinin adına olan mülk onsuz da onun adına sayılır, yalnız müəyyən əməliyyatlar etmək istəyəndə anladı ki, mülkiyyətinin çıxarışı olmağı çox vacibdi. İddiaçı övladları ilə birgə 2019-cu il tarixdə Bakı 26 saylı Notariat Ofisinə müraciət etdi və o vərəsə təyin olundu, vərəsəlik məktubu verildi. Lakin çıxarış olmadığı üçün vərəsəlik şəhadətnaməsi verilə bilməzdi ki, onun əsasında öz adına çıxarış əldə etsinDəfələrlə şikayət olandan sonra arxivdə texpasport tapıldı, 2019-cu ildən qüvvəsini almış, cənab Prezidentimizin 2019-cu il tarixli 37 saylı sərəncamı var sənədsiz evlərə, mənzillərə, torpaqlara və qeyri-yaşayış sahələrinə dair, lakin icra etmirlər, pandemiyanı da bəhanə edirlər, amma Bələdiyyə əmlak torpaq vergisini, MKİS zibil pulunu və sair kommunal xidmətlər iddiaçıdan pullarını alırlar. İddiaçı Milli Arxiv İdarəsinə sorğu vermək istəmiş, lakin qəbul etmədilər, iddiaçıdan hər hansı buda dair sərəncam və ya qərarın nömrəsini və tarixini istəmişdirlər, lakin o vaxtlarda (1994- 2001-ci illərdə) heç bir qərar və sərəncam əsasında yox, sadəcə Bakı şəhər İcra Hakimiyyətinin məktubu əsasında mülkiyyətə texniki pasport, bəzən isə əlavə olaraq texpasport əsasında qeydiyyat vəsiqəsi də verilirdi. İddiaçı Milli Arxiv İdarəsinin Dövlət Arxivinin Bakı şəhər Filialına məktub yazdı, lakin cavab verdilər ki, ad, soyad, ata adı və ya ünvan əsasında sorğu edə bilmirlər. İddiaçı əri ilə birgə 13 il həmin ev sahibiyində və istifadədə olub, şəxsən iddiaçının sahibliyində və istifadədə olması müddəti 20 ildir. Həmin mülkdə 1983-cü ildən yaşamışdırlar və qeydiyyatda olmuşdurlar, sadəcə sanədləşmə sonra başlanılmışdır deyə, onlar 2001-ci ildə texpasport almışdırlar. İddiaçı ərinin vərəsəsidir, deməli çıxarış birbaşa onun adına verilə bilər. İddiaçı Binəqədi Rayon Məhkəməsində xüsusi icraat qaydasında ərizə yazaraq müraciət etmişdir ki, onun sahiblik, istifadə və sərəncamında olması faktı təsdiq edilsin, lakin məhkəmə qərardad qəbul etmişdir ki, bu iş ümumi icraat qaydasında qaldırılmalıdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəməyə təqdim еtdiyi iddiа tələbinə еtirаzını оnunlа əsаslаndırmışdır ki, fərdi yaşayış evinə və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********64 saylı, 12.04.2021-ci il tarixli və **********66 saylı 25.05.2021-ci tarixli cavab məktubu ünvanlanmışdır. Cavabdeh qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etirazda göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iddiaçı iddia tələbini təsdiq edən sübutlar qismində məhkəməyə şəxsiyyət vəsiqənin, doğum haqqında şəhadətnamənin, nikahın bağlanması haqqında şəhadətnamənin, ölüm haqqında şəhadətnamənin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhərinin xüsusi notariusu İ.B.Hüseynovun X-430 nömrəli, 24 iyul 2019-cu il tarixli və X-50 nömrəli, 18 fevral 2021-ci il tarixli məktubların, yaşayış evinin Texniki Pasportunun, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-00367-2021 nömrəli, 10 fevral 2021-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 09.03.2021-ci il tarixli və 14.04.2021-ci il tarixli, Daşınmaz Əmlakın Dövlət Reyestri Ximətinin 05.04.2021-ci il tarixli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 22.04.2021-ci il tarixli və Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 07.06.2001-ci il tarixli məktubların kserosurətlərini təqdim etmişdir. Məhkəmə İddiaçı iddianı aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində göstərilmişdir: “8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.” İşin faktiki hallarına əsasən iddiaçının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi torpaq sahəsinə və onun üzərində olan yaşayış evinə dair yuxarıda sadalanan hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmiş və həmin sənədlərin mövcud olması inzibati məhkəmə icraatının gedişi zamanı müəyyən edilməmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı ünvan 3 ünvanında yerləşən 1046,9 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən 193,3 kv.m fərdi yaşayış evinin iddiaçının adına özəlləşdirilməsi və çıxarışın verilməsi barədə iddia tələbi təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 1 saylı ünvan 3 ünvanında yerləşən 1046,9 kv.m torpaq sahəsinin və onun üzərində yerləşən 193,3 kv.m fərdi yaşayış evinin iddiaçının adına özəlləşdirilməsi və çıxarışın verilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar