Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6227/2023 03.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “mənzil uçotuna alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra –İddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – Cavabdeh) müraciət edərək, onun ikinci Qarabağ müharibəsi əlili kimi güzəştli mənzil növbəsinə götürülməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, mövcud mənzil qanunvericiliyinə əsasən o, son beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmadığından xahişinin yerinə yetirilməsi mümkün deyildir. Müvafiq qanunvericiliyə əsasən göstərilən tarixdən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülə bilər. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Sabirabad Rayon İcra Hakimiyyətinin 18 may 2021-ci il tarixli sərəncamı ilə birinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil uçotuna alınması nəzərə alınmaqla 18 may 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlill olmuş müharibə əlili kimi mənzil uçotuna alınması vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakıda işindən ayrılaraq, könüllü olaraq vətən uğrunda döyüşlərə yollanmışdır. Müharibə zamanı bir sıra döyüşlərdə fəal iştirak etmişdir. Düşmən tərəfindən hər iki ayağından snayper gülləsi ilə vurulmuş, hər iki ayağı amputasiya olunmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2020-ci il 2358 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Cəbrayılın azad olunmasına görə” medalı, 29 dekabr 2020-ci il 2369 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Qubadlının azad olunmasına görə” medalı və 24 iyun 2021-ci il 2725 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Vətən müharibəsi zamanı qəhrəmancasına vuruşmuş, xüsusi sücayət göstərərək torpaqların azad edilməsində əlindən gələni etmişdir. Hazırda çox çətinliklə özünü idarə edir, fiziki qüsurlu vəziyyətində bir çox işlərin görülməsində əziyyət çəkir. Buna baxmayaraq Bakıdakı işinə qayıtmış və “McDonalds Azərbaycan”da çalışır. Tez-tez reabilitasiyaya və müalicəyə ehtiyacı var və yaralarının sağalmasına vaxt tələb olunur. Reabilitasiyaya göndəriş, müalicə müəssisələri Bakıda yerləşdiyi üçün çox çətinlik çəkir. Məhkəməyə iddia ərizəsi ilə müraciət etməkdə əsas məqsədi, kirayə yaşadığı evin çox acınacaqlı olmasıdır. O, İ qrup əlillik dərəcəsi alandan sonra Sabirabad və Bakı şəhərləri arasında qalıb, anası ona baxdığı üçün o da əziyyət çəkir. Hazırda anasının himayəsindədir. Ayaqlarının itirilməsi onun üçün psixoloji sarsıntılar yaradır, düşdüyü vəziyyət, sağlamlığının itirilməsi, asılılıq və qurumların incitməsi psixoloji durumunu pis vəziyyətə salıb. Hazırda elə bir şəraitsizlikdə kirayə qalır ki, protezli ayaqlarla düşüb çıxmaq olmur, heç nədən müstəqil istifadə edə bilmir. Kirayə pulunu ödəməkdə çox çətinlik çəkir. O, Sabirabad rayon İcra Hakimiyyətinin Başçısının 57 saylı, 18 may 2021-ci il tarixli sərancamı ilə mənzil növbəliyinə götürülmüşdür. Növbəliyin daşınması ilə bağlı uzun illərdir yaşadığı evə qeydiyyata düşdükdən sonra Cavabdehnə müraciət etdikdən sonra prosedura uyğun olaraq sənədlərini RİH-nə təhvil verdiyinə baxmayaraq Yasamal RİH müxtəlif bəhanələr gətirərək sərəncam verməkdən boyun qaçırır. Uzun illərdir ki, Bakı şəhərində yaşayıb, əmək fəaliyyəti ilə məşğuldur. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, məsələ ilə bağlı İddiaçı Rayon İcra Hakimiyyətində 1-ci qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına götürülməmiş və uçota götürülmədiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. İddiaçı 1-ci qrup Qarabağ müharibəsi əlillərinin güzəştli mənzil-uçot siyahısına götürülməsi barədə Rayon İcra Hakimiyyəti tərəfindən imtina verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda barəsində əlverişli inzibati akt qəbul edilməsini xahiş edir ki, bu iddia inzibati mübahisə olmaqla düzgün inzibati orqana qarşı qaldırılmışdır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ vardır və məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciət etmiş, tələbi təmin edilmədikdən sonra qanunla nəzərədə tutulmuş müddətdə məhkəməyə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Belə ki, işdə olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə SHXÇDX-nın Sabirabad rayon şöbəsi tərəfindən qismən səfərbərliklə hərbi xidmətə çağırılmışdır. N nömrəli hərbi hissənin tərkibində Cəbrayıl-Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə Xəstəliklər Cədvəlinin İİ qrafası 70-ci maddəsinin “a” bəndinə (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2008-ci il tarixli 123 №-li əmri) əsasən həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız sayılaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı Dost Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial ödənişlər” altsisteminə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsindən İ (birinci) dərəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyə görə 400 (dörd yüz) manat məbləğində Prezident təqaüdü alır.Təyinatın başlama tarixi: xx.xx.2021 Təyinatın bitmə tarixi: müddətsiz. İşdə olan Azərbaycan Respublikası Sabirabad rayonu İcra Hakimiyyəti başçısının 18 may 2021-ci il tarixli, 57 nömrəli 1-ci qrup Qarabağ müharibəsi əlili İddiaçı yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində mənzil növbəliyinə götürülməsi barədə Sərəncamına əsasən Sabirabad rayonu İcra Hakimiyyəti başçısı yanında Mənzilvermə Komissiyası İddiaçı mənzil şəraitini araşdıraraq müəyyən etmişdir ki, ərizəçi özü, atası, anası, qardaşı, qardaşının həyat yoldaşı, qardaşının qızı ilə birgə yaşayış sahəsi 30 kv.metr olan fərdi evdə yaşayır. O, 1-ci qrup Qarabağ müharibəsi əlili statusuna malikdir və ailə üzvləri ilə birlikdə Qalaqayın kəndində daimi qeydiyyatdadır. Mənzilvermə Komissiyası Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51-ci maddəsinə uyğun olaraq bu ailənin yaşayış sahəsinə ehtiyacı olduğunu müəyyən edərək 16 may 2021-ci il tarixli 20 saylı iclas protokolunun qərarında İddiaçı 1-ci qrup Qarabağ müharibəsi əlili kimi birinci növbədə mənzil sahəsi ilə təmin olunma hüququna malik olduğunu nəzərə alaraq onun mənzil növbəliyi siyahısına daxil edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı 6 nəfər ailə üzvü olmaqla (özü, atası, anası, qardaşı, qardaşının həyat yoldaşı, qardaşının qızı) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində 16 may 2021-ci il tarixdən mənzil növbəliyinə götürülmüş və 1-ci qrup Qarabağ müharibəsi əlili kimi mənzil sahəsi ilə güzəştli əsaslarla təmin olunmaq hüququna malik olan vətəndaşların mənzil növbəliyi siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sabirabad Rayon İcra Hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahısında İddiaçı 18 may tarixindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı qeyd edilmişdir. Bakı şəhəri Cavabdehndən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Nazirliyə təqdim olunmuş növbəlilik siyahılarında İddiaçı adı qeyd edilmədiyindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə uyğun olaraq yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına müraciət etməsi tövsiyə olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı adına respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlaklar aşkar edilməmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1998-ci il təvəllüdlü İddiaçı xx.xx.2013-cü ildən xx.xx.2021-ci ilədək Sabirabad rayonu, Qalaqayın kəndində, xx.xx.2021-ci ildən isə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçı hazırda Bakı şəhərində yaşadığını, buna görə də yaşadığı yer üzrə mənzil uçotuna götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, qüvvədə olan Mənzil Məcəlləsinə (bundan sonra –MM) əsasən: - maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. - maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - maddə 50.1. Aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.1. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan vətəndaşlar; 50.1.2. sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar; 50.1.3. yaşayış sahələri üçün müəyyən edilmiş tələblərə cavab verməyən sahələrdə yaşayan vətəndaşlar; 50.1.4. bir neçə ailənin yaşadığı mənzildə yaşayan sosial kirayə müqaviləsinə əsasən kirayəçi, kirayəçinin ailə üzvləri, yaşayış sahəsinin mülkiyyətçisi, mülkiyyətçinin ailə üzvləri olan vətəndaşlar (əgər ailənin tərkibində ağır xroniki xəstəliyə düçar olmuş xəstə varsa, bu da bir mənzildə onunla yaşamağı mümkünsüz edirsə və həmin vətəndaşların sosial kirayə müqaviləsi ilə verilən və ya mülkiyyət hüququ əsasında onlara məxsus olan digər yaşayış sahəsi yoxdursa). 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. - maddə 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. - maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. - maddə 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X1 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. - maddə 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. - maddə 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. - maddə 52. Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdikləri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülür. Sadalanan normalardan görünür ki, şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün əsas meyar onun yaşayış sahəsi ilə təmin olunub olunmaması, əgər təmin olunmuşsa, yaşayış sahəsinin ölçüsünün yaşayış sahəsinin uçot normasına uyğunluğudur. İşdən görünür ki, iddiaçı hər hansı bir yaşayış sahəsinə malik olmamaqla yaşayış sahəsinə ehtiyacı olan şəxsdir. Cavabdehin imtinasından da görünür ki, hazırkı iddianı təmin etməkdən imtina edərkən yeganə dəlil kimi iddiaçının beş il ərzində yaşayış yeri üzrə Yasamal rayonu ərazisində qeydiyyatda olmamasına istinad etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, birincisi, Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 51.4-cü maddəsinin üçüncü və dördüncü cümlələrinin tələbləri nəzərə alınmaqla); 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Cavabdeh iddiaçıya imtina cavabı versə də, bu imtinanı Mənzil Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hansı normaya əsasən verdiyini qeyd etməmiş, yəni imtina haqqında qərar həmin Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara istinad edilmədən, əsaslandırılmadan qəbul edilmiş, həmçinin 53-cü maddə də cavabdehin istinad etdiyi əsasla imtina verilməsi nəzərdə tutulmamışdır. İkincisi, Mənzil Məcəlləsinin 51.7-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 27 avqust 2009-cu il tarixli 153 saylı Fərmanının 1.3.7-ci yarımbəndinə əsasən həmin Məcəllənin 51.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Lakin hazırkı tarixədək müvafiq qaydalar müəyyən edilməmişdir. Buna baxmayaraq Mənzil Məcəlləsinin 51.3-cü maddəsi qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşların uçota alınma haqqında ərizələrinin yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilməsini mümkün hesab etmişdir. Buna görə də iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar birinci qrup əlil olmasını, hazırda Bakı şəhərində yaşamasını və burada işləməsini, qanunvericiliyin şəxsin yaşayış yeri üzrə deyil, digər yer üzrə uçota alınmasını mümkün hesab etməsini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Çünki uçota alınma ilə bağlı qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyacların ödənilməsi üçün köməklik göstərilməsidir. Başqa sözlə, sosial müdafiəyə ehtiyacı olan şəxslərə köməklik göstərilməsinin meyarı onların həqiqətən də bu köməyə ehtiyacı olmasıdır. İşin hallarından görünür ki, iddiaçı həqiqətən yaşayış sahəsinə, eyni zamanda sosial müdafiəyə ehtiyacı olan şəxsdir və ehtiyacı olan şəxs kimi yaşadığı və sosial reabilitasiya olunduğu ərazi üzrə mənzil uçotuna alınmasını tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Sabirabad Rayon İcra Hakimiyyətinin 18 may 2021-ci il tarixli sərəncamı ilə birinci qrup Qarabağ müharibəsi əlili kimi mənzil uçotuna alınması nəzərə alınmaqla 18 may 2021-ci il tarixindən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlill olmuş müharibə əlili kimi mənzil uçotuna alınması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-6227/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6227/2023
03.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver