Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-623/2023 15.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi iddiaçının nümayəndəsi X1 iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X6, X10 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cəlb olunmaqla) «sərəncamın qismən etibarsızlığının tanınması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RİH-ə qarşı «sərəncamın etibarsızlığının tanınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. İddia ərizəsində bildirilir ki, Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 3 oktyabr 2009-cu il tarixdə təsdiq edilmiş topoqrafik plana əsasən İddiaçı neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsinə ayrılmış sənaye təyinatlı torpaq sahəsinin bir hissəsi Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Mərdəkan – Bakı yolunun sağ tərəfi (“Azpetrol” YDM-nin arxasında), H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 1 saylı neft və qaz çıxarma sahəsində (39 T 423031; ******* koordinatlarda) yerləşən mədən ərazisinin bir hissəsi Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 850 nömrəli sərəncamı ilə vətəndaş X3 orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 0,7 ha torpaq sahəsi icarəyə verilmişdir. X12 tərəfindən 27 yanvar 2020-ci il tarixli etibarnamə ilə sözügedən torpaq sahəsinin 0,26 ha hissəsi isə vətəndaş X7 verilmişdir. Elsevər İmanov həmin torpaq sahəsində təyinatından kənar tikinti işləri aparır. Torpaq sahəsinin yaxınlığında (təxminən 2 metrliyində) 922 və 946 nömrəli ləğv edilmiş neft quyuları mövcuddur. Həmçinin torpaq sahəsinin 57 metrliyində 829 saylı işlək neft quyusu fəaliyyət göstərir və 17 metrliyindən isə NQÇİ-nə məxsus neft xətti keçir. Mühafizə zonası daxilində aparılan tikinti işlərinin qanunazidd olduğu və sözügedən ərazinin neft quyularının yaxınlığında olması, yanğın və partlayış riski daşıdığı üçün gələcəkdə bədbəxt və texnogen hadisələrin baş verə biləcək ehtimalının olması vətəndaş Elsevər İmanova izah edilmiş və əlavə işlərin aparılmamasına dair ona şifahi xəbərdarlıq edilmişdir. Buna baxmayaraq o, sözügedən torpaq sahəsinə dair hüquqtəsdiqedici sənədlərin olduğunu əsas gətirərək Bakı şəhəri Xəzər RİH tərəfindən verilmiş 23 dekabr 2013-cü il tarixli 850 nömrəli sərəncam, icarə müqaviləsi və 27 yanvar 2020-ci il tarixdə verilmiş Hümmət Məmmədov tərəfindən verilmiş və Bakı şəhəri 31 saylı notariat ofisində rəsmiləşdirilmiş etibarnaməni işçilərə təqdim edərək tikinti işlərini davam etdirəcəyini bildirmiş və hal-hazırda da davam etdirir. Faktla bağlı müvafiq tədbirlərin görülməsi, həmçinin tikinti işlərinin dayandırılması məqsədilə “Azneft" İstehsalat Birliyi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə, Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X5 Agentliyinə, Bakı şəhəti Xəzər RPİ-yə rəsmi qaydada müraciətlər ünvanlanmışdır. Mübahisəli torpaq sahəsi ayrılarkən Bakı şəhəri Xəzər RİH tərəfindən qanun pozuntusuna yol verilmişdir. Belə ki, ayrılan torpaq sahəsi İddiaçı neft və qaz əməliyyatlarının aparılması üçün daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahələrinə aiddir. Başqa sözlə, Bakı şəhəri Xəzər RİH özünə məxsus olmayan sənaye təyinatlı torpaq sahəsinə qanunsuz sərəncam vermişdir. Göründüyü kimi, cavabdehin hüquqazidd hərəkətləri nəticəsində İddiaçı H.Z.Tağıyev adına NQÇİ istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində neft və qaz əməliyyatları aparmaq imkanından faktiki olaraq məhrum olmuş, göstərilən torpaq sahələrinin hüquqi rejimi və məqsədli təyinatı, ən əsası isə texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud surətdə pozulmuşdur. Qeyd olunan torpaq sahəsi İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşdiyindən, bakı şəhəri Xəzər RİH-in sözügedən sərəncamı qanunun tələbinə görə qüvvədən düşmüşdür və heç bir hüquqi qüvvəyə malik deyildir, etibarsızdır. Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş topoqrafik plandan göründüyü kimi, ərazi İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin müstəsna istifadəsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir və X10 həmin torpaq sahəsində qanunsuz tikinti işləri aparır. Hesab olunur ki, yuxarıda göstərildiyi kimi, sözügedən ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mülkiyyəti olduğu üçün aşağıdakı hüquqi əsaslara görə Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 850 saylı sərəncamı etibarsız hesab edilməlidir. İPM-in 1.2-ci 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) müddəaları tətbiq oluna bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsızdır. Həmin Qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cü maddəsinin 2ci bəndində torpaqların kateqoriyalara bölünməsi göstərilmişdir. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini isə Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 176 nömrəli 4 avqust 1999-cu il tarixli Fərmanın 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Bu səbəbdən yuxarıda göstərilən torpaq sahəsinə yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və ya Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən hüquqmüəyyənedici sənədlərin verilməsi yalnız Nazirlər Kabinetinin torpağın təyinatının dəyişdirilməsi barədə qərarı mövcud olduğu halda həyata keçirilə bilər. Lakin Nazirlər Kabinetinin belə bir qərarı mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə fayda, gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 180-cı maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya daşınmaz əmlak özbaşına tikili sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu halda maraqlı tərəf İddiaçı hesab olunur. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 3-cü bəndinə əsasən mühafizə zonalarının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borclu olduğu halda, Bakı şəhəri Xəzər RİH tərəfindən neft təhlükəsizliyi qaydalarına riayyət etməmişdir. Torpaq Məcəlləsinin 46-cı maddəsinə və «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 6-cı maddələrinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət obyektlərinin – dağ mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqları və s. Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıbsatılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Ona görə də Bakı şəhəri Xəzər RİH tərəfindən Hümmət Məmmədova ayrılmış torpaq sahəsi dövlət mülkiyyətində olduğu üçün etibarsız sayılmalıdır. Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlarının özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Torpaq Məcəlləsinin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin 10 may 2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. Bu halda, X3 ayrılmış torpaq sahəsi sənaye təyinatlı torpaq sahələrinə aiddir və həmin torpaq sahələrinin təyinatı heç bir zaman dəyişdirilməmişdir. Bu ərazidə yaşamaq və ya hər hansı fəaliyyət növü ilə məşğul olmaq ilk növbədə həmin vətəndaşların özləri üçün həyati təhlükəlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları»nın təsdiq edilməsi haqqında 6 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarının 3.3-cü bəndi ilə, quyulardan şəxsi tikililərə 300 metrlik mühafizə zonası müəyyən olunmuşdur. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri xidməti haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə, İPM-in 2, 8, 38.1, 46, 68 – 70-ci maddələrinə əsaslanaraq, məhkəmədən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Mərdəkan – Bakı yolunun sağ tərəfində (“Azpetrol” YDM-nin arxasında) 39 T 423031; ******* koordinatlarda yerləşən SOCAR-ın İddiaçı H.Z.Tagıyev adına Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsindən qanunsuz olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə vətəndaş X3 0,7 ha torpaq sahəsinin ayrılması barədə cavabdeh Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 850 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul edilməsi xahiş olunur. İPM-in 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Məhkəmənin qərardadı ilə X6, X10 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddia ilə bağlı məhkəməyə ünvanlanmış 4 fevral 2022-ci il tarixli məktubunda bildirilir ki, iddia ərizəsinə əsasən iddiaçı Xəzər rayonu, Qala qəsəbəsi, Mərdəkan – Bakı yolunun sağ tərəfində (“Azpetrol” YDM-nin arxasında) 39 T 423031; ******* koordinatlarda yerləşən İddiaçı H.Z.Tağıyev adına Neft və Qaz Çıxarma İdarəsinin daimi istifadəsində olan sənaye təyinatlı torpaq sahəsində qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə vətəndaş X3 0,7 ha torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Xəzər RİH tərəfindən verilmiş 23 dekabr 2013-cü il tarixli 850 nömrəli sərəncamın etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmçaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin nizamnaməsinin 1.1-ci bəndinə əsasən həmin publik hüquqi şəxs daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən, Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir. Göstərilənlərə və MPM-in 60-cı maddəsinə əsaslanaraq, iş üzrə üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin həmin Xidmətin tabeliyində olan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz olunması və iddianın münasibət bildirilməsi üçün həmin təşkilata göndərilməsi xahiş edilir. Üçüncü şəxs X2 nümayəndəsinin (vəkilinin) iddia ilə bağlı məhkəməyə ünvanlanmış vəsatətində bildirilir ki, üçüncü şəxs iddia tələbi ilə razılaşmır və iddianın mümkün hesab edilməməsi barədə qərardad çıxarılmasını xahiş edir. Bakı şəhəri Xəzər RİH 23 dekabr 2013-cü il tarixli 850 nömrəli sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Mərdəkan – Bakı yolunun sağ tərəfində (“Azpetrol” YDM-in arxasında) 39 T 423031, ******* koordinatlarda yerləşən 0,7 ha torpaq sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə X3 ayrılmışdır. Həmin ərazidə X6 uzun müddətdir ki, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. İddiaçının mübahisələndirdiyi inzibati akt 23 dekabr 2013-cü il tarixdə qəbul edilmişdir və iddiaçının həmin inzibati aktdan məlumatı var idi. iddiaçı iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. İPM-in 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət «İnzibati icraat haqqında» Qanunun 73.1 və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1 və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: (38.3.2) müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. İPM-in 38.1-ci maddəsinə əsasən hal hazırki iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilərdi. Qeyd olunanlara baxmayaraq, iddiaçı İPM-in 38.1-ci maddəsinin tələblərini pozmuşdur. Həmin Məcəllənin 24.1 və 24.2-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla MPM ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. MPM-in 130.1 və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İPM-in 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Azərbaycan Respublikasının Plenumunun “İnzibati Məhkəmə İcraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömərli qərarında göstərilir: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zərurli ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunun məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Qeyd olunan normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Göstərilənlərə və İPM-in 22, 24, 38-ci maddələrinə, MPM-in 130-cu maddəsinə əsaslanaraq, İddiaçı iddiasına iddia müddətinin tətbiq edilməsi və iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Məhkəmənin 7 iyun 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə olunmuşdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 1 sentyabr 2022-ci il tarixli məktubu ilə məhkəməyə Mərkəzin ekspertinin “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” vəsatəti daxil olmuşdur. Vəsatətdə bildirilmişdir ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə 24 iyun 2022-ci il tarixdə tədqiqat obyektinə dair əlavə məlumatların təqdim olunması barədə vəsatət verilmişdir. Vəsatət verilməsindən uzun müddət keçməsinə baxmayaraq, təmin olunmamışdır. Qeyd olunanları nəzərə alaraq, qərardadda qoyulmuş sullar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 21 oktyabr 2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində bildirilir ki, göstərilən torpaq sahəsi faktiki olaraq sərhədləri şərti olmaqla 0,7 ha təşkil edir (üzərində 2 ədəd fərdi yaşayış evi mövcuddur). Belə ki, torpoaq sahəsində hasarlama və mərzçəkmə işləri aparılmamışdır. Vahid elektron baza məlumatlarına əsasən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və su kəmərinin mühafizə zonasında yerləşir. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «sərəncamın qismən (0,07 ha) hissədə etibarsızlığının tanınması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə bildiriş ünvanlanmışdır Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf və üçüncü şəxslər gəlməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respblikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 65.1-ci maddəsinə görə aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-in 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-in 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: - (2.2.1) şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); - (2.2.5) inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia). İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, hazırkı İddiaçı cavabdeh Bakı şəhəri Xəzər RİH-in 23 dekabr 2013-cü il tarixli 850 nömrəli sərəncamının 0,07 ha hissəsində etibarsız sayılmasını tələb edir və tələbini onunla əsaslandırır ki, cavabdeh müvafiq səlahiyyətə malik olmamışdır və müvafiq torpaq sahəsi İddiaçı H.Z.Tağıyev adına NQÇİ-nin istifadəsində olan ərazi hüdudlarında yerləşir. İddia ərizəsində həmçinin «İnzibati icraat haqqında» Qanunun inzibati aktın etibarsızlığı əsasları təsbit olunmuş 65-ci maddəsinə, eləcə də İPM-ijn 38.1 və 70-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə qeyd edir ki, iddia tələbi “sərəncamın qismən etibarsız sayılmsı” kimi irəli sürülsə də, iddianın əsasları müəyyən etmə və ya tanınma haqqında iddia üzrə deyil, mübahisələndirmə haqqında iddiaya istiqamətlənir. Çünki, dövlət mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı yerli icra hakimiyyəti orqanları səlahiyyətlidir və hazırkı işin halları «İnzibati icraat haqqında» Qanunun 65.1.2-ci maddəsinin təsiri altına düşmür. Lakin iddiaçının gətirdiyi dəlillər bu səlahiyyətin icrasında yol verilən qanun pozuntularına yönəlmişdir. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçının müəyyən etmə və ya tanınma haqqında iddia ilə çıxış etməsi, mübahisələndirmə haqqında iddiadan yayınma cəhdi kimi qiymətləndiriməlidir. İddianın dəyişdirilməsinə gəldikdə isə, sərəncamın qəbulundan bir neçə il müddət keçdiyindən, məhkəmə “müəyyən etmə və ya tanınma haqqında” hazırkı iddianı “mübahisələndirmə haqqında” yəni “sərəncamın qismən ləğv edilməsi” iddiası ilə əvəz olunmasının iddiaçıya tövsiyyə edilməsini məqsədəuyğun saymamışdır. Nəzərə alınmalıdır ki, İPM-in 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. Lakin işin hallarına görə iddiaçı sərəncamın qismən etibarsız sayılması barədə hazırkı iddianı mübahisənin predmeti olan sərəncamın qəbulundan 8 ildən artıq vaxt keçdikdn sonra qaldırmışdır. Bundan başqa, qeyd olunmalıdır ki, iddianı torpaq sahəsinin istifadəçisi sayılan (iddia ərizəsinə əsasən) və inzibati orqan olmayan H.Z.Tağıyev adına NQÇİ qaldıra bilər, subyektiv hüquqa hazırkı iddiaçı deyil, həmin qurum malikdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan xüsusatlara əsasən hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-623/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-623/2023
15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver