Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6231/2024 04.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı 21 yanvar 1960-cı ildə Bakı şəhərinin keçmiş Orconikidze rayonu (indiki Suraxanı rayonunda) anadan olmuşdur. X1 və X3 müraciəti əsasında Suraxanı rayonu Qeydiyyat şöbəsi tərəfindən doğum akt qeydi kitabında qeydə alınmış və müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Bakı Ticarət Kollecində “Xörəklərin hazırlanması texnologiyası” ixtisası üzrə 1976-1980-cı illərdə orta ixtisas təhsili almışdır. 1980-1982-ci illərdə Leninqradda hərbi xidmətdə olmuşdur. xx.xx.1989-cu ildə X13 ilə rəsmi qaydada nikaha daxil olmuş və nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Əmək fəaliyyətinə başladıqdan sonra 1980-cı ildə əmək kitbçası açılmış və müxtəlif yerlərdə çalışmışdır. Bakı Şərab zavodunda baş aşbaz, Xüsusi elektrik avadanlıqları zavodunda elektrik mantyoru vəzifəsində, koopertivdə və digər işlərdə işləmişdir. Daha sonra işsiz qalmış və tapdığı işlərdə də müqaviləsiz işləmişdir. 1990-cı illərdə qarışıqlıq səbəbindən doğum haqqında şəhadətnaməsini, hərbi biletini və SSRİ pasportunu itirmiş və həmin sənədlərini bir daha tapa bilməmişdir. Müstəqillik qazandıqdan sonra Azərbaycan Respublikası vətəndaşı şəxsiyyət vəsiqəsini də doğum haqqında şəhadətnaməni və SSR qırmızı pasportunu itirdiyi üçün ala bilməmişdir. Lakin ona respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən forma 9 arayışı verilmişdir. Uzun müddət şəxsi həyatındakı problemlərə, işləməyə başı qarışımış, şəxsiyyət vəsiqəsini əldə edə bilməmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəsi alınması üçün müraciət etdikdə doğum haqqında şəhadətnamənin əslini təqdim edə bilmədiyi üçün şəxsiyyət vəsiqəsinin verilməsi mümkün olmamışdır. Daha sonra iddiaçı doğum haqqında şəhadətnamənin dublikatının alınması üçün Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təkrar şəhadətnamə şəxsin özünə və ya notarial qaydada verilmiş etibarnamə əsasında nümayəndəsinə verilir. İddiaçının şəxsiyyət vəsiqəsi olmadığı üçün ona təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində bildirdi ki, o, İddiaçı 1997-ci ildən tanıyır, onunla qonşudur, ünvan 1 ünvanında yaşayır. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddia qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni doğum haqqında təkrar şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi ilə bağlıdır. İddiaçı qeyd olunan tələbi ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən arzuladığı faktiki xarakterli hərəkətlər həyata keçirilmədikdən sonra, seçdiyi yer üzrə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı iddia qaldırmışdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, iddiaçının doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müraciətinə baxılmış, lakin onun şəxsiyyətini təsdiq edən sənədi olmadığından ərizənin icra olunmasının mümkün olmadığı bildirilmişdir. -12 may 1997-ci il tarixli 9 №li Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən Arayışın surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Salayev X7 qəsəbəsi, keçid 1005, ev 11, mənzil 102 ünvanında qeydiyyatda olmuşdur. -Azərbaycan SSR Ali və orta ixtisas təhsili Nazirliyinin Bakı Sovet Ticarət Texnikumu tərəfindən verilmiş xx.xx.1980-cı il tarixli, 039141 №-li diplomun surətindən görünür ki, diplomun sahibi qrafasında X9 qeyd olunmuşdur. -Orconikidze rayonu VVAQ idarəsi tərəfindən xx.xx.1989-cu il tarixdə verilmiş V-ЖГ №323117 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuş X9 xx.xx.1968-ci il tarixdə Bakı şəhərində doğulmuş X11 nikaha daxil olmuş, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında 21 oktyabr 1989-cu il tarixdə, 584 nömrə ilə qeyd edilmişdir. -xx.xx.1980-cı ildən doldurulmağa başlanılmış iddiaçıya məxsus əmək kitabçasından görünür ki, X9 xx.xx.1980-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan SSR-də müxtəlif müəssisələrdə əmək fəaliyyətində olmuşdur. -xx.xx.1984-cü il tarixli Həmkarlar ittifsaqı Biletindən görünür ki, X9 1976-cı il tarixdə Neft və X15 Həmkarlar İttifaqına EDQ üzrə ixtisaslaşmış həmkarlar kontoruna üzv qəbul olmuşdur. -Cavabdeh tərəfindən İddiaçı xx.xx.1960-cı il tarixli, 372 №-li doğum akt qeydinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. Həmin akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində (Azərbaycan SSR) doğulmuşdur. X2, anası X5. -Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024cü il tarixli məktubda bildirilmişdir ki, iddiaçının digər ölkələrdən deportasiya olunması barəsində Dövlət Miqrasiya Xidmətində məlumat yoxdur. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş məhkumluq haqqında tələbnamə arayışdan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı məhkumluğu barədə Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat aşkarlanmamışdır. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, iddiaçının 1980-1982-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkan xaricindədir. İşin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının doğum haqqında akt qeydi mövcuddur. İddiaçı hazıradək şəxsiyyət vəsiqəsi ilə təmin edilməmişdir. İddiaçı doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı müvafiq ərizə ilə Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, sonuncu 24 yanvar 2024-cü il tarixli məktubla iddiaçının şəxsiyyətini təsdiq edən sənəd olmadığı əsası ilə ərizənin təmin edilməsindən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Belə ki, hazırkı tələbin hüquqi əsasını «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları" təşkil edir. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının və ya onun qanuni nümayəndəsinin ərizəsi, doğum şəhadətnaməsi, 16 yaşına çatmış vətəndaşın fotoşəkli, dövlət rüsumunun ödənilməsi barədə qəbz və zəruri hallarda Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər əsasında, yaşadığı yerin müvafiq dövlət orqanları tərəfindən vətəndaşın və ya onun qanuni nümayəndəsinin müraciətindən ən geci 10 gün keçənədək verilir. İstinad olunan Qaydaların: - 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. 9.3-cü bəndinə əsasən təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. -9.7-ci bəndinə əsasən, (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. -9.8-ci bəndinə əsasən qeydiyyat şöbəsinə və konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Təkrar şəhadətnamələrin göndərilməsi barədə vətəndaşların sorğuları 7 gün müddətində icra olunur. Başqa şəhərlərdən tələb edilən təkrar şəhadətnamələr ərizəçinin yaşadığı yerin qeydiyyat şöbəsinə və konsulluq idarəsinə göndərilir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi norma qeyd edilən Qaydanın 9.7-ci bəndində göstərilənlərlə bağlı olsa da, həmin normada 16 yaşına çatmış şəxslərə aid doğum haqqında təkrar şəhadətnamələrinin həmin şəhadətnamənin aid olduğu şəxsə verilməsi qadağan edilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onun 18 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə 372 nömrəli akt qeydi mövcuddur və Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi həmin akt qeydinin surətini məhkəməyə müvafiq sorğu əsasında təqdim etmişdir. Yəni doğum akt qeydinin olması işin mübahisəli hallarına aid deyil. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə bu mövqedən çıxış edərək hesab edir ki, hazırkı iddia təmin edilməli və iddiaçıya 20 fevral 1960-cı il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində aparılmış 372 №-li doğum akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X6 20 fevral 1960-cı il tarixdə Suraxanı rayon Qeydiyyat Şöbəsində aparılmış 372 №-li doğum akt qeydi əsasında təkrar doğum haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-6231/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6231/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver