Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6235/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, İslamov Tamerlan Cəlil oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 16 iyun 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1967-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Sərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (bundan sonra – cavabdeh) Cəbrayıl rayon Şöbəsinə müraciət etmiş, iddiaçının müraciətinin təmin olunmasından xx.xx.2023-cü il tarixli məktubla imtina edilmişdir. İmtina məktubunda qeyd edilmişdir ki, təqdim edilən sənədlər əsas vermədiyi üçün (döyüşdə iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər yoxdur) “müharibə veteranı adı və vəsiqəsinin” verilməsi mövcud qanunverciliyin tələblərinə əsasən mümkün deyil. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəbrayıl rayonunda erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə iştirak etməyi Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 243 saylı, 20 dekabr 2005-ci il tarixli arayışda da öz əksini tapmışdır. Sözügedən arayış isə Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş 03 dekabr 2005-ci il tarixli, Ə-35-1235 saylı arayış əsasında tərtib edilmişdir. 1-ci Qarabağ müharibəsində iştirakı nəzərə alınaraq “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin təmin edilməsi üçün ərizə və ona əlavə edilmiş sənədlərlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinə müraciət edib. Müraciəti əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsi sənədlərini aidiyyəti üzrə “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası” na göndərdi. Sənədləri iki dəfə Komissiyanın müvafiq iclasında müzakirə edilmişdir. Komissiya tərəfindən sənədləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinə geri qaytarılmışdır. Geri qytarılmanın səbəbi isə sənədlərinə əlavə etdiyi Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 243 saylı, 20 dekabr 2005-ci il tarixli arayışda öz əksini tapmış Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş 03 dekabr 2005-ci il tarixli, Ə-35-1235 saylı arayışın Komissiyaya təqdim edilməməsi olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinə ərizə ilə müraciət etməmişdən qabaq vəkili tərəfindən Cəbrayıl Rayon Polis Şöbəsinə xx.xx.2021-ci il tarixli, 540 saylı vəkil sorğusu vermişdir. Həmin vəkil sorğusunda Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş 03 dekabr 2005-ci il tarixli, Ə- 351235 saylı arayışın hansı hüquqi əsasa dayanılaraq verilməsi barədə cavab istənmişdir. Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli, 3947 saylı cavab məktubunda qeyd edilmişdir ki, Cəbrayıl Rayon Polis Şöbəsində 2015-ci il daxil olmaqla saxlama müddəti bitmiş sənədlər yandırılaraq məhv edilmişdir. Bu səbəbdən qeyd olunan arayışla bağlı məlumat vermək mümkün olmamışdır. Bu cavab məktubu Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsinə təqdim etməyinə baxmayaraq Bölmə tərəfindən təkrar Cəbrayıl Rayon Polis Şöbəsinə 03 dekabr 2005-ci il tarixli, Ə-35- 1235 saylı arayış barədə sorğu göndərilmişdir. Cəbrayıl Rayon Polis Şöbəsi tərəfindən eyni məzmunlu cavab göndərilmişdir. Həmin cavab məktubu ərizə və digər sənədləri ilə bərabər təkrar “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”na göndərilmişdir. Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Bölməsi tərəfindən ona verilən xx.xx.2023-cü il tarixli, 3-4314/2-67/2023 saylı cavab məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası onun hüququnu pozmuşdur. Cavabdeh iddiaya qarşı yazılı etiraz verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının adına tərtib edilmiş Cəbrayıl rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 243 nömrəli arayışı və Cəbrayıl rayon Polis şöbəsi”nin xx.xx.2005-ci il tarixli, Ə-35-1235 nömrəli arayışının verilməsinə əsas olmuş sənədlərin mötəbərliyi və hüquqi qüvvəsi müəyyən edilməmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti yuxarıda adıçəkilən arayışı verərkən (təsdiq edərkən iddiaçının özünümüdafiə dəstələrinin və ya hər hansı qoşun növündə döyüşlərdə iştirak etməsini araşdırmamış, yalnız Cəbrayıl rayon Polis şöbəsinin arayışını əsas götürərək vətəndaşın döyüşlərdə iştirak etməsini təsdiq etmişdir. Halbuki özünümüdafiə dəstələrin təşkili yerli icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Cəbrayıl rayon İcra Hakimiyyəti “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahıları”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmiş, lakin tərtib olunmuş siyahılarda iddiaçının adı keçmir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən, Azərbaycan Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçının müraciətinə cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə imtina edilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətinə riayət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 243 saylı, 20 dekabr 2005-ci il tarixli arayışa və Cəbrayıl rayon Polis şöbəsi tərəfindən verilmiş 03 dekabr 2005-ci il tarixli, Ə-35-1235 saylı arayışlara istinad edərək erməni işğalçılarına qarşı gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etdiyini iddia edərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsini tələb edir. İddia ərizəsinə əlavə edilmiş Cəbrayıl Rayon icra Hakimiyyəti Başçısının xx.xx.2005ci il tarixli, 243 nömrəli arayışında qeyd edilmişdir ki, iddiaçı 1989-1991-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirak etmiş, ön postlarda keşik çəkmişdir. Arayışın verilməsinə əsas kimi Cəbrayıl rayon Polis Şöbəsinin verdiyi xx.xx.2005-ci il tarixli Ə-35- 1235 saylı arayışa istinad edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Cəbrayıl rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 3947 № li məktubunda qeyd edilmişdir ki, 2015-ci il daxil olmaqla saxlama müddəti bitmiş sənədlər yandırılaraq məhv edilmişdir. Bu səbəbdən xx.xx.2005-ci il tarixli Ə-35-1235 saylı arayışla bağlı məlumat vermək mümkdün deyildir. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin Cəbrayıl rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı könüllü və ya məcburi qaydada həqiqi hərbi xidmətə cəlb olunmamışdır. Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Rayon İcra Hakimiyyətində iddiaçının 1989-1991-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirakını təsdiq edən sənədlər mövcud deyildir. Məhkəmənin təkrar sorğusuna cavab olaraq Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl rayon sakinlərinin bir çoxu birinci Qarabağ müharibəsi zamanı bu və ya digər şəkildə (özünümüdafiə dəstələrinin tərkibində iştirak etmə, yaralıların döyüş bölgəsindən çıxarılması, tibbi xidmət göstərilməsi və s.) rayonun müdafiəsində iştirak etdiyindən, rayon Polis Şöbəsinin arayışı əsasında Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən arayışlar verilmişdir. Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2017-ci il tarixə qədər olan sənədləri Cəbrayıl rayon Dövlət Arxivi İdarəsinə təhvil verilmişdir. “Dövlət orqanlarında, idarə, müəssisə və təşkilatların fəaliyyəti nəticəsində yaranan sənədlərin saxlanma müddətləri göstərilməklə nümunəvi siyahısı və onun tətbiq olunmasına dair göstəriş”ə əsasən arayış xarakterli sənədlərin saxlanma müddəti 5 il təşkil etdiyindən, rayon İcra Hakimiyyətinin həmin dövrü əhatə edən sənədləri, o cümlədən 2015-ci ilə dair sənədlər ləğv edilmişdir. Bu səbəbdən də məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubda iddiaçının 1989-1991-ci illərdə erməni işğalçılarına qarşı gedən döyüşlərdə iştirakını təsdiq edən sənədləri mövcud olmadığı qeyd edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının cavabdehə ünvanladığı xx.xx.2016-cı il tarixli məktuba əlavə edilmiş “xx.xx.1988-ci il tarixdən 1991-ci il tarixədək Cəbrayıl rayonunun və kəndlərinin müdafiəsi üçün yaradılmış özünümüdafiə dəstəsi iştirakçılarının” Siyahısında iddiaçının adı yoxdur. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən müharibə veteranı dedikdə ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər...başa düşülür. Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin “Müharibə veteranları” adlanan İ bölməsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara müharibə veteranı vəsiqəsinin verilməsi üçün müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsas hesab edilir. Yuxarıda qeyd olunduğu kimi hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi digər iddia növlərindən fərqli olaraq iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdehin etirazından müəyyən edilir ki, müharibə veteranı və vəsiqəsi verilməsi barədə cavabdeh inzibati aktın qəbulunu onunla istisna etmişdir ki, Cəbrayıl Rayon İcra Hakimyyətinin arayışı və həmin arayış verilərkən istinad edilən Cəbrayıl Rayon Polis Şöbəsinin arayışı şəxsin döyüş əməliyyatlarında iştirak etməsi və ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi əsası qismində çıxış etmir. Beləliklə, inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğunu cavabdeh sübut etməlidir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sənədlər müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə inzibati aktın qəbulunu istisna etmək üçün yetərli sübut hesab edilir. Belə ki, iddiaçının istinad etdiyi onun döyüşlərdə iştirakını təsdiq edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin arayışı Cəbrayıl Rayon Polis Şöbəsinin arayışına əsasən verilmişdir. Cəbrayıl Rayon Polis Şöbəsinin arayışının isə hansı əsaslara söykənərək verilməsi bəlli deyil. Çünki müddəti keçdiyindən həmin arayışın hansı əsasla verilməsi bəlli deyil. Belə olan halda iddiaçının Cəbrayıl rayonunun müdafiəsi ilə bağlı gedən döyüşlərdə iştirakı mənbəyi mötəbər olmayan arayışlara istinadla müəyyən edilə bilməz. Cəbrayıl rayon İcra Hakimiyyətinin təsdiq etdiyi özünümüdafiə dəstələrinin siyahısında da iddiaçının adı yoxdur. Bundan başqa Məhkəmə qeyd edir ki, sözügedən arayışlar yalnız o zaman əhəmiyyət daşıyardı ki, iddiaçının özünümüdafiə dəstələrində iştiraka cəlb olunması hər hansı digər sübutlarla (döyüşdə iştirakla bağlı silahın iddiaçıya təhkim olunması barədə əmr, onun döyüşlərdə yaralanması və ya təltif olunması haqqında sənədlər, post kitabının təhvili, o cümlədən onun döyüşlərdə iştirakını sübut edən digər sənədlər) təsdiq olunsun. Göründüyü kimi cavabdeh inzibati aktın qəbulunu istisna edən faktiki şərtin mövcudluğu sübut edilmiş, iddiaçı isə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə, onun da qeyd edilməsini zəruri hesab edir ki, yuxarıda sadalanan normativ-hüquqi aktların müddəalarının təhlil də göstərir ki, hərbi biletlər (hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunma haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər, qanunvericiliklə müəyyən edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. İddiaçı isə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə, o cümlədən yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda adının olmasına dair rəsmi məlumata, yəni qanunvericiliklə imperativ qaydada tələb olunan sənədlərə malik deyil. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konteksdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1251/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “İddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahı, həmçinin siyahı ilə birlikdə döyüşlərdə iştirakı sübut edən başqa sənədlər olmalıdır. İddiaçının Füzuli rayonunun ərazisində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etməsini Füzuli rayon İcra Hakimiyyətinin təsdiq etdiyi siyahı olsa da, döyüşlərdə iştirakı sübut edən başqa sənəd mövcud olmamışdır. İddiaçının döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi işdə olan yerli icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahı və arayışdan başqa hər hansı sübutla təsdiq olunmur". Göründüyü kimi oxşar iş üzrə yuxarı instansiya məhkəməsi də hesab edir ki, siyahı və arayış özü özlüyündə şəxsin müharibə veteranı və vəsiqəsini əldə etməsinin müstəqil əsası qismində çıxış edə bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı məcburtmə haqqında iddia növü üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddətinə (cavabdeh orqana müraciət etməsindən sonra məhkəmədə iddia qaldırmaq müddətinə) riayət etsə də, 1989-1991-ci illərdə döyüşlərdə iştirak etməsini iddia ilə əlaqədar cavabdehə və məhkəməyə 2023-cü ildə, yəni həmin hadisənin baş verdiyi vaxtdan 32 ilə yaxın müddət keçdikdən sonra müraciət etmişdir. Bu səbəbdən də, üzərindən uzun müddət keçmiş faktların və halların sübut edilməsi də (müddəti keçmiş sənədlərin məhv olması və s. səbəbdən) mümkün olmamışdır ki, buna səbəb də iddiaçının öz hüquqlarından vaxtında istifadə etməməsi olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6235/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6235/2023
16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver