Məhkəmə qərarları › İş №2-1(112)-6235/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6235/2024

26.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6235/2024 26.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün sənədlərin göndərilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra - Cavabdeh) müraciət etmiş, cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 2/2-172 nömrəli, xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirmişdir ki, təqdim olunmuş arayış-məlumata əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarının 1-ci hissəsinin 10-cu abzasında qeyd olunan ərazilərdə fəaliyyəti təsdiq olunmadığına görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir. Məktubda məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, N №-li hərbi hissədə zabit kimi xidmət edərək 44 günlük Vətən Müharibəsində iştirak etmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün xidmət keçdiyi hərbi hissədən sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqənin verilməsi üzrə komissiyaya daxil olmuş, lakin həmin komissiyanın xx.xx.2023-cü il tarixdə keçirilmiş iclasında məqsədəuyğun hesab edilməmişdir. İmtina cavabı əsassız və qanunsuzdur. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Aəzrbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə ‘Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. N nömrəli hərbi hissədən təqdim olunmuş arayış məlumatdan göründüyü kimi Vətən Müharibəsi zamanı iddiaçının xidmət etdiyi ərazi (Kürdəmir rayonu) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş ərazi meyarlarına uyqun deyildir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) III. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 495 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 021 nömrəli döyüş əmri rəhbər tutularaq N nömrəli hərbi hissənin idarə heyəti, S-125-2TM divizionu, təlim divizior radiolokasiya bölüyü, rabitə bölüyü, təlim bölüyü və maddi-texniki təminat taqımı Azərbaycan Respublikası ərazi bütövlüyünün təmin edilməsi üçün döyüş əməliyyatlarına cəlb edilməsi, xx.xx.2020-ci il tarixdən etibarən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirən hərbi qulluqçuların adlı siyahısının aşağıdakı kimi tərtib edilməsi qərara alınmışdır:

14. İdeoloji iş və mənəvi psixoloji təminat bölmə (A1) rəisinin ideoloji iş və mənəvi psixoloji təminat üzrə baş köməkçisi – mayor - İddiaçı – arxa komanda məntəqəsi. N nömrəli hərbi hissə komandirinin arayışından görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissə komandirinin N sentyabr 2020-ci il tarixli 072 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə yaradılan bilavasitə mühafizə heyəti qismində Hərbi Hava Qüvvələrinin X3 məntəqəsinin qorunması üzrə döyüş təminatı tapşıqlarını yerinə yetirmiş, döyüş fəaliyyətləri zamanı N nömrəli hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat tapşırıqlarının icrası yuxarı komandanlığın göndərdiyi sərəncama əsasən təşkilini və həyata keçrilməsini, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanın xalqa müraciətini, keçirdiyi görüşləri, verdiyi müsahibələri və verdiyi bəyanatları vaxtı-vaxtında döyüş mövqeyindəki şəxsi heyətə çatdırılmasını təşkil etmişdir. Döyüş fəaliyyətləri zamanı hərbi qulluqçuların və onların ailə üzvlərinin tələb və ehtiyacları vaxtı-vaxtında öyrənilmiş və köməklik göstərilmişdir. Qarşılıqlı əlaqədə olduğu hərbi hissələrlə və Kürdəmir, Ağsu və Göyçay rayon hakimiyyət orqanları ilə və içtimai təşkilatlarla qarşılıqlı əlaqə işini yüksək səviyyədə təşkil etmişdir. Döyüş fəaliyyətləri zamanı Kürdəmir rayon SHXÇDX-də könüllü çağırışçılarla Ordumuzun göstərdiyi qəhrəmanlıqlar və əldə etdiyi yüksək naliyyətlər barədə söhbət aparmışdır. Kürdəmir rayon Mərkəzi Xəstəxanasından müalicə alan yaralı hərbi qulluqçulara mənəvi-psixoloji və maddi yardım göstərilməsi işini təşkil etmişdir. Kürdəmir, Ağsu və Göyçay rayon hakimiyyət orqanları ilə birgə Vətən müharibəsi Şəhidlərinin dəfnində “Fəxri qaravul” dəstəsi ilə iştirak etmişdir. Hərbi Hava Qüvvələrinin X3 məntəqəsinə döyüş növbətçiliyinə cəlb olunan şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin daim yüksək səviyyədə saxlanılması işini təşkil etmişdir. İşdə olan arayış-məlumatdan görünür ki, mayor İddiaçı xx.xx.2020-xx.xx.2020-ci illərdə N nömrəli hərbi hissədə xidmət keçmiş, xx.xx.2020-ci il tarixli 021 nömrəli əmri, briqada komandirinin xx.xx.2020-ci il tarixli 072 nömrəli əmri, briqada komandirinin xx.xx.2020-ci il tarixli 045 nömrəli əmri, briqada komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin döyüş əməliyyatlarına cəlb olunmuş, Kürdəmir ərazisində Hərbi Hava Qüvvələrinin X3 məntəqəsində iştirak etmiş, Hərbi Hava Qüvvələrinin X3 məntəqəsinin qorunması üzrə döyüş təminatı tapşırıqlarını yerinə yetirmiş, Hərbi Hava Qüvvələrinin X3 məntəqəsinə döyüş növbətçiliyinə cəlb olunan şəxsi heyətin mənəvipsixaloji vəziyətinin daim yüksək səviyyədə saxlanılması işini təşkil etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 50 nömrəli əmrindən görünür ki, N sentyabr - N noyabr tarixlərində hərbi hissənin döyüş tapşırıqlarının yerinə yetirilməsində fəal iştirak edən və öz vəzifə borclannın icrasında fərqlənən şəxsi heyətin həvəsləndirilməsi məqsədilə, mayor İddiaçı —İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə bölmə isinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə baş köməkçisi – “Fəxri fərman”la təltif edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2021-ci il tarixli 16 nömrəli əmrindən çıxarışdan görünür ki, Mayor İddiaçı, İdeoloji iş və mənəvi psixoloji təminat bölməsi (A1) rəisinin ideoloji iş və mənəvi - psixoloji təminat üzrə baş köməkçisi, Azərbaycan Respublikası Müdafiə nazirinin 29 dekabr 2020-ci il tarixli 01424 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini - mənəvi psixoloji təminat bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, 13 yanvar 2021-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış, xidmətini davam etdirmək üçün Qubadlı rayonu N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Mayor İddiaçı 2021-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilməyib, Cavabdehin 346 nömrəli, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu olmuş İddiaçı Vətən Müharibəsində xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş fəliyyətlərində Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərinə ezamiyyətə göndərilməmiş və həmin ərazilərdə döyüş fəaliyyətlərində iştirak etməmişdir. Beləliklə, işin istinad edilən halları ilə müəyyən edilir ki, iddiaçı N saylı hərbi hissənin N sentyabr - N noyabr tarixlərində Hərbi Hava Qüvvələrinin X3 məntəqəsinin qorunması üzrə döyüş təminatı tapşırıqlarını yerinə yetirmiş, Hərbi Hava Qüvvələrinin X3 məntəqəsinə döyüş növbətçiliyinə cəlb olunan şəxsi heyətin mənəvi-psixaloji vəziyətinin daim yüksək səviyyədə saxlanılması işini təşkil etmiş, cavabdeh isə iddiaçının həmin tarixlərdə Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərinə ezamiyyətə göndərilmədiyi, həmin ərazilərdə döyüş fəaliyyətlərində iştirak etmədiyini əsas gətirərə iddiaçıya müharibə vetranə statusunu verilməsindən imtuna etmişdir. İddiaçı hazırda cavadehin bu imtinası ilə razılaşmayaraq, döyüş əməliyyatlarının təminatının həyata keçirilməsində iştirak etdiyinə görə ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar: ...Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;... Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir... “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin müddəalarına əsasən, müharibə veteranı adı aşağıdakı qaydada verilir: –Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.

2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. İstinad olunan normaların məzmunundan aydın olur ki, müvafiq şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:

1. o, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş şəxs olmalı;

2. bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. İddiaçının 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək N nömrəli hərbi hissənin tərkibində Hərbi Hava Qüvvələrinin X3 məntəqəsinin qorunması üzrə döyüş təminatı tapşıqlarını yerinə yetirməsi, döyüş fəaliyyətləri zamanı N nömrəli hərbi hissənin İdeoloji iş və mənəvi-psixoloji təminat tapşırıqlarının icrasının təşkilinin həyata keçirməsi hərbi hissənin arayışı, əmrdən çıxarışla tam təsdiq olunur. İddiaçının yerinə yetirdiyi tapşırığın mahiyyətinə gəldikdə, o, Hərbi Hava Qüvvələrinin X3 məntəqəsinin qorunması üzrə döyüş təminatı və mənəvi-psixoloji təminat üzrə tapşırıqları yerinə yetirmişdir, hansı ki, yuxarıda istinad olunan normalara əsasən döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat da nəzərdə tutulmuşdur. Belə olan halda aydındır ki, iddiaçı Nazirlər Kabinetinin 216 saylı qərarı ilə ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün tələb olunan bütün şərtləri ödəyir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi verilməsi üçün adının daxil edildiyi siyahının razılaşdırılması məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə göndərilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar