Məhkəmə qərarları › İş №2-1(112)-6236/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6236/2024

28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6236/2024 28.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, iddiaçının nümayəndəsi, oğlu X7, İddiaçı cavabdeh Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə qarşı “X8 şəhid hesab edilməsi və iddiaçıya şəhid ailəsi statusunun verilməsi üçün zəruri sənədlərin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.1984-cü il təvəllüdlü X8 şəhid hesab edilməsi və şəhid ailəsi statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək xx.xx.1984-cü il təvəllüdlü X8 şəhid hesab edilməsi və şəhid ailəsi statusunun verilməsi üçün zəruri sənədlərin verilməsi (arayış və digər sənədlər) öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X13 xx.xx.2002-ci il tarixdə Qaradağ rayon hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr 2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüşdür. Onun tapılması ilə əlaqədar müvafiq qurumlar tərəfindən axtarış tədbirləri aparılsa da, sonradan axtarış tədbirləri nəticə verməmişdir. Mərhum həyat yoldaşı X10 bununla bağlı müvafiq qurumlara çoxsaylı müraciətlər etsə də, heç bir ümüdverici xəbər verilməmişdir. X5 bu vəziyyətinə dözməyən mərhum həyat yoldaşı ağır xəstəliklərə tutularaq sonda dünyasını dəyişmişdir. Bundan sonra aidiyyəti üzrə məhkəməyə müraciət olunmuş və Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-316/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, xx.xx.1984-cü il təvəllüdlü X13 N noyabr 2002-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr 2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilməsi, X8 itkin düşmüş hesab edilməsi gününün N noyabr 2002-ci il hesab edilməsi, xx.xx.1984-cü il təvəllüdlü X8 itkin düşməsi yeri Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazi (14-cü post) hesab edilməsi qət edilmişdir. Sonradan müvafiq qurumlara edilmiş sorğuları cavablandırılarkən oğlu Elmir Nəcəflinin yaşamasını ehtiva edən heç bir müsbət cavab əldə edilmədiyindən Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 2(002)-1638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, xx.xx.1984-cü il təvəllüdlü X8 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət edərkən N noyabr 2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə ölmüş elan edilməsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.4-cü maddəsinə əsasən X8 ölüm gününün N noyabr 2002-ci il hesab edilməsi, X8 ölüm yerinin Azərbaycan Respublikası, Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsinin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazi (14-cü post) hesab edilməsi qət edilmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq oğlunun şəhid hesab edilməsi və ona şəhid ailəsi statusunun verilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh isə bunu etməkdən imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehinnümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi, Vəkil iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, iddiaçının oğlu Elmir Nəcəflinin hərbi xidmət zamanı, hərbi xidmət vəzifələrini yerinə yetirərkən vəfat etməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiq edilir. Bu isə ona şəhid ststusunun verilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Qadir Nəcəfli iddia ərizəsini müdafiə edərək bildirdi ki, onun qardaşı itkin düşdükdən sonra müxtəlif dövlət qurumlarına müraciət edərək onu axtarmışlar. Həmin vaxt cavabdehin əməkdaşları onlara bildirmişlər ki, qardaşına şəhid statusu verilməsinə razıdırlar, bu şərtlə ki onlar müraciətləri dayandırsınlar. Lakin, onlar bununla razılaşmamış, qardaşının sağ olduğuna ümid etmiş və axtarışları davam etdirmişlər. Lakin, sonradan qardaşının sağ olması ilə bağlı ümidləri tamamilə kəsilmişdir. Bundan sonra isə cavabdeh qardaşına şəhid statusu verilməsindən imtina etmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X11 bildirmişdir ki, iddiaçı oğluna şəhid statusunun verilməsi üçün cavabdehə müraciət etmişdir. İddiaçının müraciəti ilə bağlı xidmətə məruzə edilmiş, lakin müraciətə müsbət cavab verilmədiyi üçün iddiaçının tələbinin təmin edilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1957-ci il tarixdə Ağdam rayonu, Gülablı kəndində anadan olmuş, ünvan 1 ünvanında qediyyatdadır. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(002)-316/2023 saylı qətnaməsi ilə “27 fevral 1984-cü il təvəllüdlü X8 Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edərkən N noyabr 2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, X8 itkin düşmüş hesab edilməsi günü N noyabr 2002-ci il tarix hesab edilmişdir. 27 fevral 1984-cü il təvəllüdlü X8 itkin düşməsi yeri Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazi (14-cü post) hesab edilmişdir”. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 12 iyul 2023-cü il tarixli, 2(002)- 1638/2023 saylı qətnaməsi ilə X13 eyni əsaslarla “ölmüş”elan edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1638/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçının ərizəsi qismən təmin edilmişdir. Belə ki, X8 “döyüş xidmətini yerinə yetirərkən ölmüş elan edilməsi” ilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən, Qaradağ rayon Məhkəməsi qanunvericiliyə əsasən şəxs barəsində 21 il müddətinə xəbər çıxmadığından “məhkəmə qaydasında ölmüş” elan etmişdir. İddiaçının “döyüş xidmətini yerinə yetirərkən ölmüş elan edilməsi” tələblərini rədd etmişdir. Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvanlanmış 12 yanvar 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu xx.xx.1984-cü il təvəllüdlü əsgər X8 xx.xx.2002-ci il tarixdə xidmət etdiyi ərazidə naməlum şəraitdə yoxa çıxması faktı ilə bağlı aidiyyəti dövlət orqanları və beynəlxalq təşkilatlarla birlikdə zəruri tədbirlər görülmüşdür. Aparılan axtarış-araşdırma işləri nəticəsiz qaldığından E.Nəcəfli Dövlət Komissiyası tərəfindən itkin düşmüş şəxs kimi qeydiyyata götürülmüşdür. Qeyd edilənləri nəzərə alaraq, ərizədə qaldırılan iddianın təmin olunmasına etiraz edilməmişdir. xx.xx.1984-cü il təvəllüdlü X8 N nömrəli hərbi hissədə xidmət edərkən xx.xx.2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımın nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-316/2023 nömrəli və ölmüş elan edilməsi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,2(002)- 1638/2023 nömrəli qətnamələri iş materiallarına əlavə edilmişdir. N nömrəli Hərbi hissə komandirinin xx.xx.2019-cu il tarixli, 279 saylı əmrindən çıxarışa əsasən xx.xx.2002-ci il tarixdən hərbi hissədə həbs qeydiyyatında olan əsgər X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 334.3-cü və 338.1-ci maddələri ilə təqsirli bilinib, hal-hazıradək əməliyyat-axtarış tədbirləri həyata keçirilib tapılmadığına görə xx.xx.2019-cu il tarixdən itkin qeydiyyatından, hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılmış hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, xx.xx.2002-ci il tarixdə Qaradağ RHK-dan həqiqi müddətli hərbi xidmətə çağırılmış, 1984-cü il təvəllüdlü X13 N №-li hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli 94 №-li əmrilə xx.xx.2002-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyularaq “əsgər” hərbi rütbəsi verilmiş təlim taborunda müvafiq vəzifəyə təyin olunmuşdur. 3-cü MAT-ın 9-cu MAB-ın 3-cü MATnın hərbi qulluqçusu əsgər X13 hərbi hissəni özbaşına tərk etdiyi üçün, N №-li hərbi hissə komandirinin xx.xx.2002-ci il tarixli, N nömrəli əmrilə hərbi hissənin fərarilərinin siyahısına salınaraq qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin noyabr-dekabr 2002-ci il tarixli nizami hissə üzrə əmrlərində X8 itkin düşməsi barədə məlumat aşkar olunmamışdır. AZ-İİ seriyalı, 366470 nömrəli Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X13 N noyabr 2002-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində aparılan “Qaytarılmaz itkilərin elektron məlumat sistemi”ndə N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər X8 xx.xx.2002-ci il tarixdə Ağcabədi rayonunun Qiyamadınlı kəndində, qoşunların təmas xəttində hərbi hissənin 3-cü taqımının nəzarət etdiyi ərazidə postda keşik çəkərkən itkin düşməsi barədə məlumat var. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsində icraatı dayandırılmış 32218 nömrəli cinayət işinin istintaqı zamanı müəyyən edilmişdir ki, əsgər X3 Nazirliyinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçərkən xx.xx.2002ci il tarixdə saat 22.30 radələrində bilavasitə düşmənlə təmas xəttində 14-cü postda döyüş növbəsində olarkən xidmət yerini hərbi hissənin əsgəri E.Babayevə təhkim olunmuş və həmin gün xidməti istifadə üçün ona verilmiş AK-74 markalı 895794 №-li avtomat silah və 4 ədəd daraqda cəmi 120 ədəd 5,45 mm kalibrli patronla birlikdə naməlum şəraitdə tərk etmişdir. Həyata keçirilmiş istintaq hərəkətləri ilə E.A.Nəcəflinin döyüş postunu hansı şəraitdə tərk etməsini, hansı istiqamətdə getməsini və hazırkı vaxtadək olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Cinayət işi üzrə E.A.Nəcəflinin Azərbaycan Respublikası CM-in 334.3 və 338.1–ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilərək barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır. Azərbaycan Respublikasının Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyi N nömrəli hərbi hissəsinin müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuş xx.xx.1984-cü il təvəllüdlü əsgər X13 xx.xx.2002-ci il tarixdə xidmət etdiyi Ağdam rayonu Mərzili kəndi ərazisində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Hadisənin həmin dövrdə qoşunların qarşıdurma xəttində baş verməsi səbəbindən E.Nəcəflinin Ermənistan hərbçiləri tərəfindən əsir götürülməsi barədə yaranmış ehtimalın yoxlanılması məqsədilə aidiyyəti beynəlxalq təşkilatlara müraciətlər ünvanlanmış, lakin Ermənistan tərəfi E.Nəcəfli haqqında onlarda məlumatın olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2003-cü il tarixli məktubunda göstərilmişdir ki, Əsgər E.A.Nəcəflinin ona təhkim olunmuş avtomat silahı ilə tərk etdiyi ərazinin düşmənlə bilavasitə üzbəüz olması, şahid qismində dindirilmiş əsgərlərin ifadələri və iş materiallarının digər halları E.A.Nəcəflinin erməni əsirliyində olmasına ciddi əsas verir. N noyabr 2002-ci il tarixdə itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında axtarışda olan X13 ilə bağlı arayışda göstərilmişdir ki, N noyabr 2003-cü il tarixdə itkin düşmüş 19 təvəllüdlü X13 ilə bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı ətraflı araşdırma aparılmışdır. Məlum olmuşdur ki, ünvan 4 ünvanda pasport qeydiyyatında olan, MN-in N saylı hərbi hissəsinin sabiq əsgəri, 1984-cü il təvəllüdlü X13 N noyabr 2002-ci il tarixdə Ağdam rayonu, Mərzili kəndi istiqamətində, qoşunların təmas xəttində, posta növbə çəkərkən silahla birlikdə naməlum şəraitdə itkin düşmüşdür. E.Nəcəfli posta ona təhkim edilmiş AK-74 markalı ******* №-li silahla deyil, əsgər yoldaşı X9 təhkim edilmiş AK- 74 markalı 895794 №-li avtomat silahla çıxmışdır. Faktla bağlı onun valideynləri həmin dövrdə və cari il ərzində dəfələrlə Dövlət Komissiyasında qəbul edilmiş şifahi və yazılı müraciətləri qəbul edilmişdir. Qoşunların təmas xəttində itkin düşməsi faktını nəzərə alaraq Dövlət Komisiyası qarşı tərəfdə araşdırma aparlıması məqsədilə həmin dövrdə X14 Komitəsinin Bakı nümayəndəliyinə və Beynəlxalq İşçi qrupuna müraciətlər etmiş onlarla keçirilmiş görüşlərdə bu məsələ dəfələrlə qaldırılmışdır. Lakin, onun sonrakı taleyi barədə məlumat əldə olunmamışdır. Ancaq, həmin dövrdə Beynəlxalq işçi qrupu ilə keçirilmiş görüşlərdə qrupun Azərbaycan üzrə əlaqələndiricisi Əvəz Həsənov E.Nəcəflinin üçüncü ölkəyə göndərilməsi barədə qeyn-rəsmi ifadə işlətmişdir. Həmçinin E.Nəcəflinin atası ÄdTFNəcəfli bu məsələ ilə bağlı X1 Bakı Komitəsinin sədri Arzu Abdullayeva ilə görüşdüyünü və sonuncunun oğlunun Hollandiyaya göndərilməsi barədə məlumat verdiyini Dövlət Komissiyasına ünvanladığı ərizədə (1 aprel 2003-cü il tarixli) qeyd etmişdir. Elmir Nəcəfli itkin düşdüyü gün onunla birlikdə postda olmuş Mingəçevir şəhər sakini Əzizov Əli ifadəsində bildirmişdir ki, hadisə baş verən gün posta çıxmamışdan bir neçə saat əvvəl E.Nəcəfli tağım komandiri leytenant Zaur Əhmədov və onun müavini Xoşbəxt Rzayev tərəfindən bərk döyülmüş və təhqir edilmişdir. İşgəncələrin davamı kimi E.Nəcəfli sonradan Zaur Əhmədov tərəfindən posta çıxmağa məcbur edilmişdir. Həmin gün, yəni N noyabr 2002-ci il tarixdə, saat 22:00-dan 24:00-dək E.Nəcəfli ilə birlikdə çavuş Rauf Zeynalov (1983-cü il təvəllüdlü, Mingəçevir şəhər sakini, məlumata görə hazırda RFdədir), sıravilər - Elçin Əliyev (Astara rayon sakini, 1984-cü il təvəllüdlü) və Əli Əzizov təyin edilmişlər. Ayaqlarındakı yaralara görə yüngül ayaqqabı geyinməsinə rəsmi icazəsi olmasına baxmayaraq, E.Nəcəfli posta çıxarkən əsgər çəkmələrini geyinmiş və namaz qılmaq üçün tağımda saxladığı ləvazimatları özü ilə bərabər götürmüşdür. Bu hal Ə.Əziovun diqqətini cəlb etmiş və o, E.Nəcəflinin postu özbaşına tərk etmək fikrində olması qənaətinə gəlmişdir. Bu barədə tağım komandiri Zaur Əhmədovu xəbərdar etsə də o, buna əhəmiyyət verməyərək E.Nəcəflini posta çıxarmışdır. Növbədə olduqları müddətdə çavuş R.Zeynalov və sıravi E.Əliyev səngərin sol cinahım yoxlamaq üçün gəzintiyə çıxmışlar. Onlar getdikdən sonra E.Nəcəfli Ə.Əzizovdan icazə istəyərək postun təqribən 15-20 metrliyində yerləşən tualetə getmişdir. E.Nəcəflinin uzun müddət qayıtmadığını görən Ə.Əzizov təxminən 5 dəqiqə ara verməklə iki dəfə postu tərk edərək onu çağırmağa getmişdir. Lakin E.Nəcəfli hər dəfə özünü pis hiss etdiyini bildirərək, ona bir az da vaxt verilməsini xahiş etmişdir. Ə.Əzizov onunla razılaşarq yenidən posta qayıtmışdır. E.Nəcəflinin təkrar yubandığını görən Ə.Əzizov üçüncü dəfə postu tərk edərək onu yoxlamağa getmişdir. Tualetə çatarkən E.Nəcəflinin orada olmadığını görmüş və onu axtarmağa başlamışdır. Axtarışların müsbət nəticə vermədiyini görən Ə.Əziov məcburiyyət qarşısında əsgər yoldaşlarını səsləyərək köməyə çağırmışdır. Bu vaxt postları yoxlamaq üçün gələn tağım komandiri leytenant Z.Əhmədov və digər iki əsgər hadisə yerinə yaxınlaşmış və Ə.Əzizov tağım komandirinə hadisə barədə məlumat verdikdən sonra təkrar axtarışlar başlamışdır. Lakin E.Nəcəfli tapılmadığından yuxarı komadanlığa məruzə edilmişdir. Ə.Əzizov həmçinin E.Nəcəflinin itkin düşməsindən bir neçə dəqiqə əvvəl boğuq səslər və rus dilində söyüşlər eşitdiyini bildirmiş, lakin gecə olduğu üçün səsin hansı istiqamətdən gəldiyini müəyyən edə bilməmişdir. Hadisənin və ondan əvvəl baş verənlərin şahidi olmuş Ə.Əzizovun fikrincə, E.Nəcəfli həmin gün tağım komandiri Z.Əhmədov və onun müavini baş çavuş X.Rzayev tərəfindən döyülüb təhqir edilməsinə dözməyərək posta hazırlıqlı vəziyyətdə çıxmış və məqam düşdükdə postu tərk edərək hərbi hissədən qaçmaq niyyətində olmuşdur. Belə ki, növbədə olduqları müddətdə E.Nəcəfli qəmgin, fikirli və psixoloji cəhətdən sarsılmış vəziyyətdə müşahidə edilmişdir. Ə.Əzizovun ehtimalına görə E.Nəcəfli postu tərk edərkən azmış və ermənilər tərəfindən əsir götürülmüşdür. 8 yanvar 2003-cü il tarixdə Ağdam rayonu istiqamətində ermənilər tərəfindən əsir götürülmüş və 6 fevral 2003-cü il tarixdə Dövlət Komissiyasının səyləri ilə azad olunmuş, Cəlilabad rayonu, Qarazəncir kənd sakini X6 izahatında bildirmişdir ki, Elmir adlı azərbaycanlı əsir barədə əsir götürüldükdən 10-15 gün sonra xəstəxanada işləyən 35-40 yaşlı, hündür boylu, arıq bədənli, sarışın, azərbaycan dilində danışan erməni tibb bacısından eşitmişdir. Tibb bacısı E.Abıyevin qorxduğunu və həyacan keçirdiyini görüb təsəlli vermək məqsədi ilə onun saxlandığı otaqda Qaradağ rayonundan olan Elmir adlı əsirin də müalicə olunduğunu və 3 ay əvvəl Azərbaycan tərəfə qaytarıldığını bildirmişdir. Tibb bacısı bu sözləri deyərkən E.Abıyevə nəzarət edən zabit otağa daxil olmuş, erməni dilində nəsə demiş və tibb bacısı otaqdan çıxmışdır. E.Abıyev həmin tibb bacısının adını, familyasmı və atasının adını bilmədiyini və bir daha Elmir barədə eşitmədiyini qeyd etmiş, qaytarıldıqdan sonra Elmirin azad olunmadığını öyrənmişdir. E.X16 ərazisində saxlanılmışdır. Dəqiq yeri bilmir. Azərbaycan Respublikası Hərbi prokurorluğundan daxil olmuş son məlumata əsasən (xx.xx.2006-cı il tarixə) hazırda Elmir Nəcəfimin N noyabr 2003-cü il tarixdə xidmət etdiyi MN-in N saylı hərbi hissəsini özbaşına tərk etməsi faktı ilə bağlı Hərbi prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində Azərbaycan Respublikası CM-in 333.4 maddəsi ilə 0364 saylı cinayət işi istintaq edilir. Eyni zamanda bildirilir ki, bu faktla bağlı həmin dövrdə açılmış cinayət işi nəticəsində Azərbaycan Respublikası Hərbi Məhkəməsinin 27 may 2003-cü il tarixli hökmü ilə tağım komandiri, leytenant Zaur Əhmədova 3 il müddətində azadlığın məhdudlaşdırılması, onun müavini Xoşbəxt Rzayevə isə 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, hadisənin bilavasitə qoşunların təmas xəttində baş verməsi, həmçinin aparılan araşdırmalar X8 erməni tərəfinə keçməsi və oradan üçüncü ölkəyə göndərilməsi ehtimalını yaratsa da, bu fakt hələ ki, rəsmi təsdiq olunmamışdır. Hazırda E.Nəcəfli itkin düşmüş şəxs kimi axtarışdadır. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda göstərilmişdir ki, şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir (1.1.). Aşağıdakılar şəhid hesab edilirlər: 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X2 Xidmətində, X4 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular (1.2.). Qeyd olunan normaların məzmunundan görünür ki, şəxsin şəhid hesab edilməsi üçün müəyyən edilmiş hallardan biri də onun Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya müvafiq orqanlarda döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, itkin düşməsi və məhkəmənin qərarına əsasən ölmüş hesab edilməsidir. Yuxarıda qeyd edilən “Qaydalar”da həmçinin göstərilmişdir ki, şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X2 Xidmətinin, X4 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur (4.1.). Hazırkı halda iddiaçının X5 şəhid hesab edilməsi üçün döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, itkin düşməsi və məhkəmənin qərarına əsasən ölmüş hesab edilməsi müəyyən edilməlidir. Göründüyü kimi iddiaçı xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək X5 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində Xidmət edərkən xx.xx.2002-ci il tarixində qoşunların təmas xəttində postda keşik çəkərkən saat 23:00 radələrində hərbi hissənin 3-cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən itkin düşməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-316/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, X8 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində Xidmət edərkən, xx.xx.2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə itkin düşmüş hesab edilməsi qət edilmişdir. İddiaçı sonradan xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək X8 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində Xidmət edərkən xx.xx.2002-ci il tarixində qoşunların təmas xəttində postda keşik çəkərkən saat 23:00 radələrində hərbi hissənin 3-cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə 14-cü postda döyüş xidməti apararkən ölmüş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1638/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, X8 Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində Xidmət edərkən, xx.xx.2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə ölmüş hesab edilməsi qət edilmişdir. Məhkəmə həmin qətnamədə hesab etmişdir ki, X8 xx.xx.2002-ci il tarixində, saat 23:00-da döyüş xidməti apararkən ölməsinə dair kifayət qədər mötəbər sübutlar təqdim edilmədiyindən ərizə həmin hissədə rədd edilməlidir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X13 xx.xx.2002-ci il tarixdə qoşunların təmas xəttində postda keşik çəkərkən hərbi hissənin 3-cü motoatıcı tağımının nəzarət etdiyi ərazidə ölmüş elan edilsə də, onun məhz döyüş xidməti apararkən ölməsi faktı öz təsdiqini tapmamışdır. Yuxarıda qeyd edilən “Qaydalar”da isə şəxsə şəhid statusunun verilməsi üçün onun məhz döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olması, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilməsi imperativ olaraq təsbit edilmişdir. X13 isə məhz döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı ölmüş elan edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırkı iddia əsaslı hesab edilə və təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respubikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinə qarşı “X8 şəhid hesab edilməsi və iddiaçıya şəhid ailəsi statusunun verilməsi üçün zəruri sənədlərin verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar