Məhkəmə qərarları › İş №2-1(112)-6237/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6237/2022

12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6237/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili “14 saylı Vəkil Bürosu”nun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili “fərdi qaydada fəaliyyət göstərən” vəkil X1 iştirakları ilə, iddiaçı- İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı hərəkətlərin əsassız hesab edilməsi və iddiaçıya pensiyanın dayandırıldığı tarixdən bərpa edilərək ödənilməsi, eyni zamanda yaranmış fərqin ona ödənilməsi vəzfəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” 23.12.2020-ci il tarixli **********5 saylı Qərarın ləğv edilməsi və ona, yəni İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı 31.12.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixdə Kəlbəcər rayonunda doğulmuşdur. O, uzun müddət digər əmək fəaliyyəti ilə yanaşı vergi orqanlarında xidmət etmişdir. Ona 06.11.2019-cu il tarixdən müddətsiz olaraq ümumi xəstəlik-gözdən əlil səbəbindən birinci dərəcəli əlillik təyin olunmuşdur. Həmin əlillik dərəcəsi əsasında ona cavabdeh tərəfindən əmək pensiyası təyin olunmuş və bir müddət əmək pensiyasının ödənişi davam etmişdir. Lakin 2020-ci ilin oktyabr ayından etibarən ona təyin edilmiş əmək pensiyasının ödənişi dayandırılmışdır. Şifahi olaraq dəfələrlə cavabdehə və onun çağrı mərkəzinə zəng etsə də, mahiyyəti üzrə cavab verilməmişdir. Ona təyin edilmiş birinci dərəcəli əlillik dərəcəsi hazırda da qüvvədədir. Ərizə ilə cavabdehə müraciət edərək, ona təyin olunmuş pensiyanın ödənişinin hansı səbəblərdən dayandırılması barədə məlumatın ona təqdim edilməsini, eyni zamanda ona təyin edilmiş pensiyanın ödənişinin davam etdirilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Müraciətindən 35 gündən çox keçməsinə baxmayaraq bu günə kimi heç bir cavab verilməmişdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, cavabdehin iddiaçının pensiyasının dayandırmaqda ifadə olunan hərəkətləri qanunsuz və əsassızdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən ona təyin olunmuş pensiya dayandırılarkən “İnzibati icraat haqqında” AR Qanununun normaları pozulmuşdur. Belə ki, həmin Qanuna əsasən, cavabdeh inzibati orqanın pensiyanın dayandırılmasına yönəlmiş hərəkəti zamanı inzibati icraat başlanılmalı, bununla bağlı qərar qəbul edilməli və maraqlı şəxs kimi iddiaçı inzibati icraata cəlb edilməli idi. Lakin cavabdeh inzibati orqan yuxarıda qeyd etdiyi heç bir qanunvericilik normasına riayət etmədən qanuni əsaslarla təyin edilmiş pensiyanı dayandırmışdır. Bu isə onun konstitusiya ilə təsbit olunmuş sosial təminat hüququnun bir başa pozuntusudur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1958-ci ildə Kəlbəcər rayonunda doğulmuş İddiaçı Kəlbəcər rayonu, N.Gəncəvi prospekti 32 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 62 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 14.12.2022-ci il tarixli 149 saylı arayışdan müəyyən olunur ki, İddiaçı Bakı şəhəri, Y/Günəşli “V” yaşayış sahəsi, 28 saylı evin 73 nömrəli mənzilində yaşayır. İddiaçıya məxsus ИТ-İ ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı 20.10.1979-cu ildən 29.12.1986-cı ilədək Kəlbəcər rayon Maliyyə şöbəsində Dövlət Gəlirləri inspektoru vəzifəsində işləmişdir (Əmr 20.10.1979-cu il tarixli 54 və 29.12.1986-cı il tarixli 118 №-li); 29.12.1986-cı ildən 21.04.1989-cu ilədək Kəlbəcər rayon 3439 №-li Mərkəzi əmanət kassasında böyük kassir vəzifəsində işləmişdir (Əmr 29.12.1986-cu il tarixli 81/3 və 21.04.1989-cu il tarixli 65/1 №-li); 01.08.1989-cu ildən 02.10.1989-cu ilədək Kəlbəcər rayon Avtonəqliyyat Müəssisəsinə “Turş-Su” istirahət zonasında müvəqqəti fəhlə vəzifəsində işləmişdir (Əmr 01.08.1989-cu il tarixli 26 л/с və 02.10.1989-cu il tarixli 33 л/с №-li); 02.10.1989-cu ildən 18.07.1994-cü ilədək Kəlbəcər rayon sığorta müfəttişliyində sahə baş müfəttişi vəzifəsində işləmişdir. 1994-cü ildən 03.03.2000-ci ilədək Bakı şəhəri Suraxanı rayonu üzrə X4 “Fiziki şəxslərin vergiyə cəlb edilməsi şöbəsinə X7 vəzifəsində işləmişdir (Əmr 18.07.1994-cu il tarixli 20 və 06.03.2000-ci il tarixli k-01 №-li) 03.03.2000ci il tarixdən 20.12.2002-ci il tariədək Bakı şəhəri Suraxanı rayonu üzrə X4 işləmişdir işləmişdir (Əmr 06.03.2000-ci il tarixli 02 və 20.12.2002-ci il tarixli k-1350 №-li) 01.0.2003cü il tarixdən 01.11.2003-cü il tarixədək işsizlik müavinəti təyin edilmişdir; 02.02.2004-cü il tarixdən 01.02.2018-ci il tarixədək Bakı şəhər Vergilər Departamentinin X7 vəzifəsində işləmişdir (Əmr 30.01.2004-cü il tarixli k-57 və 30.02.2018-ci il tarixli ARV-nin **********072- 500 №-li). DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən verilmiş **********6 saylı 05.05.2022-ci il tarixli arayışdan müəyyn olunur ki, İddiaçı 13.02.2018-31.12.2020-ci il tarixədək ödənilmiş əmək pensiyası; 2018-ci il aprel üçün 2057.06 manat; may ayı üçün 2057,06 manat; iyun ayı üçün 2057.06 manat; iyul ayı üçün 2447.93 manat; avqust ayı üçün 2447.93 manat; sentyabr ayı üçün 2447.97 manat; 2019-cu il üzrə 2861.10 manat; 2020-ci il üzrə yanvar ayı üzrə 5483.76 manat, fevral ayı üzrə 5483.76 manat; mart ayı üzrə 2861.10 manat; aprel ayə üzrə 2861.10 manat; may ayə üzrə 2861.10 manat; iyun ayə üzxrə 2861.10 manat; iyul ayı üzrə 2861.10 manat; avqust ayə üzrə 2861.10 manat; sentyabr ayı üzrə 2861.10 manat; oktyabr ayı üzrı 0.00; noyabr ayı üzrə 1127.36 manat; dekabr ayı üzrə 563,68 manat. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.1958-ci il təvəllüdlü İddiaçı aid 017887 №-li pensiya işinə əlavə olunmuş aşağıdakı sənədlərdən: - Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatdan müəyyən olunur ki, İddiaçı 4086003AACAV saylı Foma 88 göndərişi əsasında 06.11.2019cu il tarixdən ümumi xəstəlik-gözdən əlilliklə bağlı müddətsiz birinci dərəcəli əlillik dərəcəsi təyin olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” Qərarı ilə İddiaçı 06.11.2019-cu il tarixdən yaşa görə (əlilliyə görə) 563,68 manat məbləğində pensiya təyin olunmuşdur. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” 23.12.2020-ci il tarixli **********5 saylı qərarın surətindən müyyən olunur ki, İddiaçı DSMF XŞTİ tərəfindən təyin olunmuş yaşa görə əmək pensiyası 09.12.2020-ci il tarixli, **********2 nömrəli xidməti məruzəyə əsasən dayandırılmışdır. Qərarın 10-cu bəndində göstərilmişdir ki, sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr: 01.09.2019-31.12.2020. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş “Əmək pensiyasının ödənişinin dayandırılması haqqında” 01 fevral 2022-ci il tarixli **********4 №li cavab məktubunda göstərilmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 29 dekabr 2021 ci il tarixində daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılmışdır. Bildirirlər ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun qaydada dayandırılır. X3 əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğundan və pensiya işinin araşdırılmasına zərurət yarandığından adıçəkilən şəxsə pensiya ödənişi dayandırılmışdır. Araşdırma nəticəsində hər hansı qanunvericiliyə zidd hal aşkar edilməyəcəyi təqdirdə V.Baxşaliyevin əmək pensiyasının ödənişi bərpa olunacaq, dayandırılma müddətində ödənilməmiş pensiya məbləği müvafiq kart hesabına köçürüləcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İş materiallarından göründüyü kimi, iddiaçıya 06.11.2019-cı il tarixdə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 61 yaşdan əllilliyə görə (dövlət qulluğu) əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh tərəfindən iddiaçının əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı əsas götürülmüş müvafiq sənədlərin düzgünlüyünə şübhələr olduğuna istinad edilərək, təyin edilmiş əmək pensiyası 23.12.2020-ci il tarixli **********5 №-li qərarla dayandırılmışdır. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. İddiaçıya təyin olunmuş pensiyanın dayandırılması barədə cavabdeh inzibati orqan tərəfindən müvafiq qərarın qəbul edilib-edilməməsi ilə bağlı heç bir sənəd məhkəməyə təqdim olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3. İnzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: 21.3.1. maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.2. ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda; 21.3.3. dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda; 21.3.4. ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.5. barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda; 21.3.6. inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. Adıçəkilən Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İddia ərizəsindən və cavabdehin qeyd olunan halları təkzib edən sübut təqdim edə bilməməsindən aydın olur ki, adıçəkilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən isə işin faktiki hallarından, inzibati orqanın təqdim etdiyi materiallarla da təsdiq edilir ki, inzibati orqanın səlahiyyətli əməkdaşları tərəfindən ümumiyyətlə göstərilən normanın tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır, sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Belə ki, adıçəkilən Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Qanunun 1.2-ci maddəsində isə qeyd edilmişdir ki, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi inzibati aktla bağlı inzibati orqanların həyata keçirmiş olduğu fəaliyyətin aparılmasının qanuniliyini müəyyən edən adıçəkilən Qanunla nəzərdə tutulmuş şərtlər inzibati orqanların faktiki xarakterli fəaliyyətinin də həyata keçirilməsində məcburi qüvvəyə malikdir. Beləliklə inzibati orqanın həm inzibati akt xarakteri daşıyan qərarları, həm də faktiki xarakterli digər hərəkətləri ilə bağlı inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan prinsip və qaydalarına (məlumatlandırma, tam və obyektiv araşdırma, inzibati akt və faktiki xarakterli hərəkətin qanuniliyi, əlverişlilik meyarları və s) əməl edilməsi zəruridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” 23.12.2020-ci il tarixli **********5 saylı Qərarı ləğv edilməli və İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı 31.12.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” 23.12.2020-ci il tarixli **********5 saylı Qərarı ləğv edilsin və İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı 31.12.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar