Məhkəmə qərarları › İş №2-1(112)-6239/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6239/2023

03.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6239/2023 03.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarın ləğv edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarın ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********198700 nömrəli Qərarına əsasən fərdi sahibkar İddiaçı (VÖEN: **********) yanvar 2020 - avqust 2022-ci illər vergi dövrü üzrə inzibati orqanın xx.xx.2022-ci il tarixli **********69568 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Yoxlamanın nəticəsi üzrə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul edilmişdir. Qərar əsasında iddiaçıya ümumilikdə 277 494,96 manat əlavə vergi hesablanmışdır. Həmin Qərardan sahibkar tərəfindən şikayət verilmiş, lakin Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli **********011600 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı bildirmişdir ki, cavabdehin qərarı aşağıdakılara görə bütövlükdə əsassız olmaqla qanuna ziddir: Yoxlamanın keçirilməsi və qərarın çıxarılması zaman cavabdeh tərəfindən maddi və prosessual normaları ciddi pozmuşdur. Belə ki, cavabdeh Vergi Məcəlləsinin müddəalarını pozmaqla Aktda vergiləri sadəcə elektron yaddaş qutusunda olan məlumatlar və hər hansı təsdiqi olmayan "dövriyyə" rəqəmləri əsasında hesablamışdır. Cavabdeh digər vergi orqanının burada sözü gedən səyyar vergi yoxlamasından əvvəl və səyyar vergi yoxlamasına aidiyyəti olmayan operativ vergi nəzarəti zamanı götürülmüş və heç bir dəlil və rəsmi sənədlərlə təsdiqlənməyən rəqəmlər əsasında iddiaçıya əsassız olaraq külli miqdarda vergi hesablanmışdır. Lakin, qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vergi orqanı əldə edilmiş rəqəmlərin ilk növbədə həqiqliyini sübuta yetirməli və vergiləri yalnız vergi ödəyicisinin (iddiaçının) və ya onun nümayəndəsinin rəsmi izahatları nəzərə alınmaqla və bunlara əsasən hesablamamalı idi. Cavabdeh sözügedən təsdiqsiz və həqiqiliyi yoxlanılmamış rəqəmləri 2022-ci il iyul ayında əldə etdiyi halda 2022-ci ilin sentyabrında başlanmış yoxlamada həmin rəqəmlərə istinad etməklə tələb etdiyi Aktda vergiləri hesablamışdır. Cavabdeh vergi orqanı yuxanda sözügedən dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etməli, onlann həqiqətə uyğunluğunun yoxlanılması məqsədilə xronometraj keçirməli və yalnız həmin dövriyyə rəqəmlərinin həqiqiliyini sübut etdikdən sonra hər hansı vergi məbləğlərini hesablaya bilərdi. Bunlan yoxlamaq üçün yoxlama dövründa kifayət qədər vaxtı və imkanları olduğuna baxmayaraq cavabdeh bu istiqamətdə heç bir tədbir görməmişdir. Digər tərəfdən götürülmüş cədvəllərdə göstərilmiş məbləğlərə gəldikdə isə vergi orqanı həmin məbləğlərin qəpiklə, manatla, dollarla, rubl və ya digər valyutada göstərilməsini müəyyən etmədən birbaşa öz mülahizəsinə əsasən həmin məbləğlərin manatla göstərildiyi qənaətinə gəlmişdir. Bütün bu xüsusiyyətlər nəzərə alınmaqla cavabdeh vergi orqanı həmin rəqəmlərin həqiqiliyini mütləq araşdırmalı idi. Lakin, yuxarıda göstərildiyi kimi cavabdeh vergi orqanı sözü gedən və vergilərin hesablanması üçün istifadə olunmuş dövriyyə rəqəmlərin heç birini araşdırılmamışdır. Cavadeh tərəfindən vergilərin hesablanması üçün istifadə olunmuş həmin məlumatlarda göstərilən rəqəmlər ümumiyyətlə həqiqəti əks etdirmir və ordakı rəqəmləri iddiaçıya aidiyyəti yoxdur. İddiaçı tərəfindən bütün alış və satışlar ciddi hesabat sənədləri ilə aparıldığına görə hər hansı əlavə uçot aparılmamışdır. Yuxarıda sadalananlara münasibətdə qeyd edilir ki, VM-nin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Göründüyü kimi vergi qanunvericiliyinin özündə birbaşa göstərilmişdir ki, hər hansı ziddiyyətli və təsdiqlənməyən hallar vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. VM-nin 36.2-ci maddəsinə uyun olaraq vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəməiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Lakin, VM-nin bu maddəsinə zidd olaraq cavabdeh düzgün qərar qəbul edilməsi üçün yoxlama dövrü ərzində əhəmiyyətli olan bütün halları, o cümlədən iddiaçı üçün əlverişli olan halları aydınlaşdırmamışdır. Belə ki, cavabdeh vergi orqanının iddiaçının dövriyyəsi ilə bağlı hər hansı şübhələri və aydın olmayan məqamları olduğu halda onun bunları yoxlamaq üçün xronometraj keçirmək hüququ mövcuddur və bu VM-də nəzərdə tutulmuş bir yoxlama prosedurudur. Lakin, cavabdeh vergi orqanı bunun əvəzinə daha rahat olan qanuna zidd yolu seçməmiş və təsdiqi olmayan və yoxlanılmamış xəyali rəqəmləri əsas götürməklə iddiaçıya ağılasığmaz məbləğdə vergiləri hesablamışdır. Cavabdeh vergi orqanı göstərilən rəqəmlərin nəyə görə manatla göstərildiyi, hansısa kompüterdən çıxan rəqəmlərin nə əsasla düzgün olduğu qənaətinə gəldiyi bəlli deyil. Sözü gedən rəqəmlərin iddiaçıya aid olub olmaması vo ya sadəcə texniki səhvlər nəticəsində yazıldığı və ya başqa bir müəssisənin dövriyyəsinin olmaması müəyyən edilməmişdir. Cavabdeh tərəfindən Aktda göstərilən məbləğdə malların iddiaçı tərəfindən alındığı və satıldığı sübut edilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən VM -nin 36.2-ci maddəsinin tələbləri kobud pozulmuşdur. Xüsusi olaraq vurğulanmalıdır ki, hər hansı vergi hesablanmamışdan əvvəl vergi tutma obyekti müəyyən edilməli və sübut edilməlidir. Belə ki, VM-nin 159-cu maddəsinə əsasən malların təqdim edilməsi vergitutulan əməliyyat hesab edilir. Göründüyü kimi, hər hansı ədv hesablanması üçün malların təqdim edilməsi sübuta yetirilməlidir. Başqa sözlə kompüterdən çıxarılan hər hansı təsdiqsiz və yoxlanılmamış rəqəmlər hələ malların təqdim edilməsini sübut etmir. Həmçinin VM-nin 96.1-ci maddəsinə əsasən rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmən dövr üçün VM ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir. VM-nin 13.2.12-ci maddəsinə əsasən gəlir "malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlirdir". Beləliklə, hərhansı verginin hesablanması üçün hər bir halda malların təqdim edilməsi sübuta yetirilməlidir. Bu hal (malların təqdim edilməsi) sübut edilməyənə dək vergi orqanları vergiləri hesablaya biliməz. Hətta vergi ödoyicisinin öz gəlirlərini gizlətmək niyyəti olsa və o malları təqdim etməsini göstərməsə belə, vergi orqanı bunu sübut etməlidir. Bunun üçün vergi qanunvericiliyi vergi orqanlarına xronometraj keçirməklə dövriyyənin müəyyənləşdirilməsi kimi hüquq vermişdir və bu hüquq istənilən halda və müddətdə həyata keçirilə bilər. Səyyar vergi yoxlamasından göründüyü kimi, İddiaçı yoxlama ilə əhatə olunan dövrlər üzrə gəlir vergisi və əlavə dəyər vergisi üzrə hesabatlar təqdim edərək vergiyə cəlb edilən dövriyyəsini bəyan etdiyi və ona müvafiq vergiləri hesablayaraq dövlət büdcəsinə ödədiyi halda cavabdeh vergi orqanı həmən bəyannamələr üzrə faktiki vergidən yayınma halı aşkar edə bilməmiş və əsassız olaraq iddiaçının vergiyə cəlb edilən dövriyyəsini ciddi hesabat blankı sayılmayan və mötəbərliyi ciddi şübhələr doğuran təsdiqi olmayan elektron məlumatlar əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra "NK" adlanır) 55 saylı qərarı ilə təsdiq edilmiş şərti rentabellik normasını tətbiq edilməklə hesblamış və bununla da vergi qanunvericiliyini kobud şəkildə pozmuşdur. Belə ki, həmən qərarın tətbiq edilməsi üçün vergi orqanı ilk növbədə iddiaçının gəlirlərini təsdiq etməli idi. Lakin, yuxarıda qeyd edildiyi kimi, cavabdeh vergi orqanı tərəfindən iddiaçının hər hansı dövriyyəsi sübut edilməmişdir Beləliklə, cavabdeh vergi orqanı səyyar vergi yoxlaması zamanı vergi qanunvericiliyini tələblərini və iddiaçının qanunla qorunan hüquq və maraqlarını pozmaqla sonuncuya əsassız və qanunsuz olan vergi məbləği hesablamışdır.

3. İddiaya etiraz onunla əsaslandırılmışdır ki, uçot-baza məlumatına əsasən fərdi sahibkar xx.xx.2011-ci il tarixdən vergi ödəyicisi kimi uçota alınmış, xx.xx.2017-ci il tarixdə isə ƏDV məqsədləri üçün qeydiyyata alınmışdır. Vergi ödəyicisinin əsas fəaliyyətinin “ixtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olduğu və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ilə Əhməd Rəcəbli küçələrinin kəsişməsi ünvanında yerləşən, ümumi sahəsi 43,0 kv. metr olan “Ərzaq mağazası“ adlı təsərrüfat subyektinin (obyektinin) xx.xx.2012-ci il tarixdən vergi orqanında qeydiyyatda olduğu müəyyən edilmişdir. Bildirilir ki, fərdi sahibkar tərəfindən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin “Əməliyyatlar üzrə cəmi” sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” hissəsində ümumilikdə 796.835,88 manat olaraq bəyan edilmişdir. Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən İddiaçı məxsus “Ərzaq mağazası“ adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlar götürülmüş və qeyd olunan hal xx.xx.2022-ci il tarixli DVX seriyalı 002759 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Protokol ilə rəsmiləşdirilmişdir. Fərdi sahibkarın təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlara (flaşkart) əsasən 2020-ci ilin yanvar ayından 2022ci ilin iyun ayı üzrə satış dövriyyəsi (vergi ödəyicisi tərəfindən imzalanmış) müvafiq dövrlər üzrə 2.338.474,58 (ƏDV-siz) manat dövriyyə məbləğinin olmasına baxmayaraq, vergi ödəyicisi tərəfindən müvafiq dövlər üzrə təqdim edilmiş əlavə dəyər vergisi bəyannamələrində əks etdirilmiş 796 835,88 manat (ƏDV-siz) dövriyyə məbləği arasında 1 541 638,70 manat (ƏDV-siz) kənarlaşma müəyyən edilmişdir ki, nəticədə dövlət büdcəsinə hesablanmalı olan 277 494,96 manat ƏDV məbləği yayındırılmışdır. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********897300 nömrəli uyğunsuzluq məktubu göndərilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış yazılı izahat və müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən, 2022-ci ilin avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə 277 494,96 manat vergi məbləği hesablanmış və bu barədə vergi ödəyicisinə xx.xx.2022ci il tarixli **********823400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" Qərar göndərilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin avqust ayı üçün dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, yaranmış kənarlaşma aradan qaldırılmadığı üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü maddələrinə əsasən yenidən keçirilmiş kameral vergi yoxlaması ilə 2022-ci ilin avqust ayı üçün ƏDV bəyannaməsi üzrə 277 494,96 manat əlavə vergi məbləği hesablanaraq, bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********198700 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar göndərilmişdir. İddiaçının verginin hesablanması üçün əsas olmuş sənədlərin və məlumatların həqiqiliyini cavabdeh tərəfindən sübuta yetirilmədiyi iddiasına münasibətdə bildirilir ki, operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktda fiziki şəxsin dövriyyəsini və digər fəaliyyətini əks etdirən elektron məlumatların İddiaçı tərəfindən könüllü olaraq təqdim edildiyi qeyd olunmuş və aktın doğruluğunu vergi ödəyicisi öz imzası ilə təsdiq etmişdir. Bundan əlavə fərdi sahibkar təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatlarda qeyd olunan (flaşkart) dövriyyə məbləği ilə razılaşmış, həmin məbləğin real satış dövriyyəsini əks etdirdiyini bildirmiş və müəyyən edilmiş dövriyyə cədvəli fərdi sahibkar tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmışdır. Bununla da vergi ödəyicisi təsərrüfat subyektində (obyektində) quraşdırılmış elektron yaddaş qurğusunda mövcud olan məlumatların həmin dövrə olan dövriyyəni əks etdirdiyini öz imzası ilə təsdiq etmişdir. Əlavə olaraq bildirilir ki, vergi ödəyicisinin xx.xx.2022-ci il tarixli (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli, **********642100, **********428000 nömrəli) inzibati şikayətlərinin araşdırılmasının nəticəsinə əsasən “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2022-ci il **********011600 saylı Qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. Həmin Məcəllənin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, 23.1.2-ci maddəsinə əsasən isə vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımı izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formada aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılardakı məlumatlarının verilməsini, həmin məlumatlarla birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək hüququ vardır. Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Məcəllənin 83.7-ci maddəsinə əsasən vergi orqanlarında vergi ödəyicisinin vergini ödəməkdən yayınmaq niyyətində olduğunu təsdiq edən əsaslandırılmış konkret məlumat varsa və verginin tutulmasının təmin edilməsi zəruridirsə, habelə vergi ödəyicisi riskli vergi ödəyicisidirsə, vergi orqanının vergini onun ödənildiyi tarixədək hesablamaq hüququ vardır. Vergi orqanı bu barədə əsaslandırılmış qərar çıxarmalıdır. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı olan bütün əməliyyatların başlanğıcını, gedişini və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasını təmin etməyə borcludur. Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd olunanlara əsasən cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış kameral vergi yoxlaması zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubunda bildirilmişdir ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Bildirilir ki, vergi nəzarəti tədbirləri zamanı fəaliyyəti ilə əlaqədar elektron yaddaş qurğusunda olan məlumatlara əsasən aparılmış araşdırma zamanı 2020-ci ilin yanvar- 2022- ci ilin iyun ayları üzrə büdcəyə hesablanmalı ƏDV dövriyyə məbləği 2338474,57 manat olmalı halda, tərəfinizdən müvafiq dövrlər üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 797835,88 manat əks etdirilmiş, nəticədə artan yekunla 2022-ci ilin avqust ayı üzrə ƏDV bəyannaməsi üçün 277314,96 manat ƏDV məbləğinin büdcədən yayındırılması halı yaranmışdır. Bildirilmişdir ki, kameral vergi yoxlamasının başa çatdırılması üçün zəruri olan sənədlər (məlumatlar) məktubda göstərilən müddətədək təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37,67 və 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi ödəyicisinin vergi öhdəliklərinizi yenidən hesablamaq hüququ vardır.

5. Vergi ödəyicisi uyğunsuzluqlar barədə vergi orqanına məlumat verməmiş, nəticədə vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2022-ci il **********198700 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən xx.xx.2022-ci il tarixdə 2022-ci ilin avqust ayı üzrə təqdim edilmiş ƏDV bəyannaməsində hesablanmış əlavə vergi məbləği 277.494,96 manat azaldıldığından kameral vergi yoxlaması ilə bərpa edilmişdir.

6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 30 dekabr 2022-ci il tarixli inzibati şikayətin təmin edilməməsi haqqında **********011600 nömrəli qərarı ilə fərdi sahibkar İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2022-ci il tarixli inzibati şikayətləri təmin edilməmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli Qərar dəyişdirilmədən saxlanılmış, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə fərdi sahibkar İddiaçı maliyyə-təsərrüfat fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsi məsələsinə baxılması tapşırılmışdır.

7. Məhkəmənın hazırlıq icraatı üzrə iclasında, eləcə də şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

8. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə təqdim edilmiş yazılı etirazı müdafiə etdi.

İİ. İddianın növü və mümkünlüyü

9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.

11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır.

12. Həmin Qanunun 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər.

13. Vergi Məcəlləsinin 49.4-cü maddəsinə əsasən, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir.

14. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya sifarişli məktubla çatdırılması müəyyən edilmir. Həmin qərarlar məhkəmə araşdırması zamanı qəbul edilmiş və iddiaçıya təqdim edilmişdir. Odur ki, məhkəmə iddiaçı tərəfindən prosessual müddətlərin ötürüldüyü qənaətinə gəlmir.

15. İddia mümkündür.

İİİ. Məhkəmənin mövqeyi

16. Beləliklə, iş materiallarına əsasən müəyyən olunur ki, vergi ödəyicisi barəsində qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması haqqında” **********198700 nömrəli xx.xx.2022-ci il tarixli qərar cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində qəbul edilmişdir. Həmin qərar Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən iddiaçıya məxsus “Ərzaq mağazası“ adlı təsərrüfat subyektində (obyektində) xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar götürülmüş elektron yaddaş qurğusunda olan məlumatlar əsasında qəbul edilmişdir.

17. Vergi Məcəlləsindən: 23.1.1. vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. 50.3. Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. 50.6. Operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar.

18. Beləliklə, məhkəmə qeyd edir ki, vergi orqanı operativ vergi nəzarəti nəticəsində Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarmaq imkanı olduğu halda, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmamış, əldə olunan məlumatlar digər yoxlama tədbiri - kameral vergi yoxlaması zamanı vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilmişdir.

19. Məhkəmə hesab edir ki, həmin məlumatların Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlamasının məqsədləri baxımından vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirmədiyindən vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi nəzərdən keçirilə bilməz.

20. Nəzərə alınmalıdır ki, şəxsin əmlak hüquqları konstitusiyanın qoruma sferası ilə əhatə olunan üstün dəyərlər sırasına aiddir. Məhz bu baxımdan həmin dəyərə yalnız qanunla müəyyən olunmuş qaydada və mütənasib üsullarla müdaxiləyə yol verilir. Hər kəsin qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəməyə borclu olması konstitusion vəzifə olsa da, bu konstitusiya öhdəliyinin reallaşdırılması vasitələrinə, dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin ... tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh olunmasına dair” 12 yanvar 2011-ci il tarixli Qərarı).

21. Hazırkı mübahisəyə münasibətdə operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə hər hansı qərar qəbul edilmədən həmin məlumatların vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar kimi qiymətləndirilməklə digər yoxlamanın keçirilməsi üçün istifadəsi nəticəsində inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında kameral yoxlama nəticəsində qəbul etdiyi qərarını əsaslandırdığı və məsuliyyətə cəlbetmənin qanunauyğunluğu təsdiq olunmur.

22. Belə ki, operativ vergi nəzarət tədbirinin nəticələri üzrə qərar qəbul edilmədən həmin tədbir nəticəsində əldə edilmiş məlumatlar vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumat hesab edilə bilməz. Bu mənada cavabdeh tərəfindən aparılmış kameral yoxlamanın nəticəsində vergi ödəyicisinin vergi məsuliyyətinə cəlb edilməsi qanuni deyil.

23. Digər tərəfdən kameral vergi yoxlaması zamanı vergi orqanının Vergi Məcəlləsinin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ iki halla məhdudlaşıb (Məcəllənin 37.4-cü maddəsinin 2-ci hissəsi): -Kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması və (və ya) - kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilməməsi.

24. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə həmin halların olduğunu müəyyən etmir.

25. Digər tərəfdən məhkəmə hesab edir ki, Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar üzrə vergilərin hesablanması: i) ilk növbədə qanunla müəyyən edilmiş qaydada əldə edilməli, ii) vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanı olmalıdır.

26. (i) Məlumatların qanunla müəyyən edilmiş qaydada əldə edilməsinə münasibətdə məhkəmə qeyd edir ki: -Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”dən: 1.2. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri (bundan sonra - Reyestr) xüsusi idarələrarası dövlət informasiya ehtiyatıdır. 1.3. Reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılmasının mütəmadiliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunmasını mümkün edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər. -Vergi qanunvericiliyinin müddəalarına əsasən vergi orqanlarının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – operativ vergi nəzarətinin aparılmasıdır ki, həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. -“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.2-1-ci maddəsinə əsasən bu Qanun cinayət təqibinin həyata keçirilməsi və ya məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. -Vergi orqanı hesab edir ki, yoxlama tədbiri cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparıldığından “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəaları hazırkı işə şamil oluna bilməz. Lakin yoxlama Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2022-ci il ci il tarixli **********69568 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən aparılsa da, yoxlama materiallarında hər hansı başlanmış cinayət işinə istinad və ya cinayət işinin başlanması haqqında qərar yoxdur. Odur ki, məhkəmə həmin operativ nəzarət tədbirini cinayət təqibinin həyata keçirilməsi çərçivəsində aparılan yoxlamalara aid olduğu qənaətində deyil.

27. (ii) Vergi ödəyicisinin həmin məlumatların əldə edilməsi üsulunu, mötəbərliliyini, səhihliyini mübahisələndirmək və dəlillərini təqdim etmək imkanına münasibətdə məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatların ödəyici tərəfindən inzibati icraat çərçivəsində, xüsusilə kameral vergi yoxlaması zamanı mübahisələndirilməsi və faktiki halların araşdırılmasını tələb etməsi (məsələn, şahid ifadələri, üzləşmələr və s.) ağlabatan və mümkün hesab edilmir. Odur ki, vergi orqanı tərəfindən kameral vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən vergilərin hesablanması kameral vergi yoxlamasının məqsədlərinə uyğun hesab edilə bilməz.

28. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

29. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.

30. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir.

31. Vergi Məcəlləsinin 94.0-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda: 94.0.1. vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 94.0.2. vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində (VÖEN: **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2022-ci il tarixli **********198700 nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar