Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6239/2024 01.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı, cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “ictimai birliyin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı ictimai birliyin qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə 1 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı və X2 xx.xx.2023-cü ildə “Polis və X1” ictimai birliyinin təsis yığıncağı keçirərək birliyin yaradılması haqqında qərar qəbul ediblər. Yığıncaqda Birliyin təsis sənədlərinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilməsi müzakirə edilib. Təsisçilər birliyin dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət edib. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla sənədləri geri qaytararaq bildirib ki, “...təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericilik aktlarına uyğunluğu yoxlanılarkən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.3.1-ci maddəsinin tələblərinə riayət edilməyib. Belə ki, ərizələrdə təsisçilərin yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməyib”. İddia tələbi, iddianın əsaslandırması, cavabdehin etirazları: İddiaçı cavabdeh Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Polis və X1” ictimai birliyi hüquqi şəxsin dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə ünvanlanmış ərizədə Qanunun 5.3.1-ci maddəsi də daxil olmaqla, 5.3-cü maddədə öz əksini tapmış və ərizədə qeyd edilməsi tələb edilən digər məlumatlar ətraflı şəkildə qeyd edilmişdir. Buna görə cavabdeh tərəfindən müvafiq qeydiyyat hərəkətlərinin edilməsindən imtina edilməsi qanunvericiliyin tələbinə ziddir. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, qurumun təsis sənədləri xx.xx.2023-cü il tarixdə Ədliyyə Nazirliyinə təqdim olunmuş və sənədlərin qanunvericiliyə uyğunluğu yoxlanıldıqdan sonra xx.xx.2024-cü il tarixdə «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında)) Azərbaycan Respublikası Qanununun 11.3.1-ci maddəsinə əsasən müvafiq iradla geri qaytarılmışdır. Belə ki, adı çəkilən Qanunun 5.3.1-ci maddəsinin tələbinə zidd olaraq qurumun qeydə alınması üçün ərizələrdə təsisçilərin yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı “Polis və X1” adlı ictimai birliyin təsis yığıncağını keçirib və həmin birliyin dövlət qeydiyyatına alınması məqsədi ilə cavabdehə müraciət edilib. Cavabdeh isə ictimai birliyi qeydə almaqdan imtina edərək bildirir ki, ərizələrdə təsisçilərin yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilməyib. İddiaçı isə bunu əsassız hesab edərək bildirir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.3-cü maddəsinə göstərilən bütün sənədlər və məlumatlar cavabdehə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunun: - 2.1-ci maddəsinə əsasən ictimai birlik - təsis sənədlərində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə fiziki və (və ya) hüquqi şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarəedən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyrihökumət təşkilatdır. - 17.1-ci maddəsinə əsasən Qeyri-hökumət təşkilatlarının dövlət qeydiyyatına alınmasından yalnız "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda imtina edilə bilər. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun: 4.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Cavabdeh “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 5.3.1-ci maddəsinə istinad edərək iddiaçının ərizəsini geri qaytarmışdır. Qanunun 5.1 və 5.2-ci maddələrinə görə, hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər), qanuni təmsilçi (qanuni təmsilçilər) və ya onların müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir. Qanunun 5.3-cü maddəsinə görə, ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yeri, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; ... İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən və cavabdeh tərəfindən təqdim edilmiş inzibati icraat materiallarından müəyyən edilir ki, təsisçilər ictimai birliyin qeydə alınması ilə bağlı ərizələr ilə müraciət edərkən ərizəyə qoşma kimi 13 vərəq sənəd əlavə etmişlər. Həmin ərizələrə əlavə edilmiş qoşma sənədlərdə hər iki təsisçinin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi göstərilmişdir. Həmçinin müraciət ərizələrində də, təsisçilərin adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi qeyd edilmişdir. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, iddiaçıların cavabdeh inzibati orqana etdikləri müraciətləri ilə bağlı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraatın cavabdeh inzibati orqan tərəfindən tam aparılmaması, bununla da qanunvericiliyin tələblərinə riayət edilməməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxan məhkəmə işə baxarkən inzibati orqanı əvəz edərək orqanın yerinə inzibati icraat aparmalı deyil. Məhkəmə yalnız inzibati orqan tərəfindən aparılmış inzibati icraatı tamamlaya və ya təzələyə bilər. Baxılan işdə isə cavabdeh orqan inzibati icraat aparmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçıların müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında deyil, öhdəliyin icrası haqqında iddia olsa da, cavabdeh inzibati icraat aparmadığına görə, iddiaçının İctimai Birliyinin dövlət qeydiyyatına alınması tələbinə dair müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən inzibati icraatın aparılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublkası Ədliyyə Nazirliyi Cavabdehnə qarşı ictimai birliyin qeydə alınması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair müraciəti ilə bağlı məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla inzibati icraatın aparılması vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6239/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6239/2024
01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver