Məhkəmə qərarları › İş №2-1(112)-624/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-624/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-624/2021 26.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “kirayə müqaviləsinin bağlanması” tələbinə dair iddiası üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında, açıq şifahi məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki 20 A nömrəli evdəki 9 mərtəbəli evin 5-ci mərtəbəsində, 29, 29 kv.metr sahəsi olan, 9 nömrəli mənzilinin 006159 saylı, 09 yanvar 1987-ci il tarixli Xidməti Orderin daimi kirayə müqaviləsi ilə əvəz edilməsi öhdəliyinin bir vəzifə olaraq Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki 20 A nömrəli evdəki 9 mərtəbəli evin 5-ci mərtəbəsində, 29,29 kv.metr sahəsi olan, 9 nömrəli mənzil 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, qızı) iş yerindən 006159 saylı, 09 yanvar 1987-ci 1 tarixli xidməti orderlə ona verilmişdir. Göstərilən yaşayış sahəsinin xidməti orderinin daimi orderlə əvəz olunması barədə ərizə ilə cavabdeh Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyətinə müraciət olunmuş, ancaq Suraxanı Rayonu İcra Hakimiyyəti özünün 16.12.2019-cu il tarixli məktubu ilə ona cavab verərək bildirmişdir ki, xidməti mənzilin daimi kirayə müqaviləsi ilə əvəz edilməsi səlahiyyəti xaricində olduğundan məhkəməyə müraciət edilməlidir. Suraxanı Rayonu İcra Hakimiyyəti 16.12.2019-cu il tarixli məktubunu poçt vasitəsi ilə 15.01.2020-ci il tarixdə almışdır. Cavabdehin xidməti mənzilin daimi kirayə müqaviləsi ilə əvəz edilməsi barədə imtinası əsassızdır. Belə ki, o, öz ailəsi ilə birlikdə yaşadığı mənzil ona iş yerindən xidməti yaşayış sahəsi kimi verilməsinə baxmayaraq, o ailəsi ilə birlikdə bu mənzildə 33 ildir ki, yaşayır. Onunla qonşuluqda yaşayan mənzillərin sakinləri öz mənzillərinin xidməti orderlərini daimi orderlərlə əvəz edərək, öz yaşayış sahələrini özəlləşdirmişlər. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 252 nömrəli Sərəncamı ilə “xxxx” ASC yaranmışdır. Sərəncama əsasən, X6 Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “xxxxkanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyi ləğv edilmiş, onların funksiyaları, tabeliklərində olan müəssisə və təşkilatlar “xxxx” ASC-yə verilmişdir. O, Bakı Kanalizasiya İdarəsində 1985-2003-cü illərdə, yəni 10 ildən artıq bir müddətdə işləmiş və ona göstərilən xidməti mənzil iş yerindən verilmişdir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azəbaycan Respublikası Mənzil Məcəlləsinin 105-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. O, həmin idarədə 18 il işləmiş, qanunun tələbindən göründüyü kimi onunla cavabdehin həmin mənzilə daimi kirayə müqaviləsinin bağlanması əsasları yaranmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edirək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki 20 A nömrəli evdəki 9 nömrəli mənzilin xidməti mənzillər sırasından çıxarılmaqla iddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin qanuni və əsaslı olduğundan təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, məhkəmə iclasında tədqiq olunmuş subutları Azəraycan Respubikası İPM-nin 58.7-ci maddəsinin tələblərinə müvafiq tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: - 09 yanvar 1987-ci il tarixli № 006159 saylı xüsusi orderin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsindəki 20 A nömrəli evdəki 9 mərtəbəli evin 5-ci mərtəbəsində, 29,29 kv.metr sahəsi olan, 9 nömrəli mənzil 3 nəfər ailə tərkibi ilə (özü, arvadı, qızı) xidməti orderlə ona verilmişdir. - Cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti tərəfindən verilmiş 16.12.2019-cu il tarixli, Ə-474-091 saylı imtina məktubundan görünür ki, xidməti mənzilin daimi kirayə müqaviləsi ilə əvəz edilməsi məsələsi səlahiyyətlərinin xaricində olduğundan məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 103 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən İddiaçı verilmiş 26.11.2019-cu il tarixli, 1464 saylı arayışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 20 A №-li 9 mərtəbəli evin 5-ci mərtəbəsində 29,29 kv.metr sahəsi olan 2 otaqlı 9 №-li mənzildə 5 nəfərdən ibarət ailə üzvləri ilə yaşayır. Daimi qeydiyyatda olan şəxslər: İddiaçı (özü) (qeydiyyata alınma tarixi 1987-ci il), X4 (həyat yoldaşı), X5 (oğlu), X7 (gəlini), X8 (nəvəsi). - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 103 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 26 noyabr 2019-cu il tarixli № 1462 saylı arayışına əsasən X1 qəsəbəsi Eldar Qasımov 20 a saylı evin 9 №-li mənzilindən 2010-cu il tarixindən qeydiyyatdan çıxmışdır. Məhkəmə sorğusu əsasında daxil olmuş: - Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli № 1/324 saylı məktubundan görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91-ci maddəsinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fonduna aid edildiyindən “Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydasının tələblərinə uyğun olaraq sözügedən mənzilin xüsusi təyinatlı mənzil fondundan çıxarılmaqla yenidən kirayə müqaviləsinin bağlanılması məqsədi ilə balanssaxlayıcı təşkilatın razılığı olmalıdır. İddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq balanssaxlayıcı təşkilatın razılığına dair vəsatət təqdim edilmədiyindən mübahisə predmeti olan məsələlərin həllinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən məhkəmə qaydasında mümkünlüyü nəzərə alınaraq aidiyyəti üzrə müraciət etməsi ona tövsiyə edilmişdir. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından daxil olmuş 04 mart 2021-ci il tarixli № BA-00803-2021 saylı məktubuna əlavə edilmiş Orconikidze rayon XDS İK-nin (indiki Suraxanı RİH) xalq deputatları soveti icraiyyə komitəsinin iclasının 22 oktyabr 1986-cı il tarixli 39 saylı protokolundan görünür ki, BQİ-nin №5/645 qərarı ilə Hövsan qəsəbəsi, 20 A nömrəli evdəki 9 mərtəbəli evin 5-ci mərtəbəsində yerləşən sahəsi 29.29 kv.m olan iki otaqlı xidməti mənzil 3 nəfərdən ibarət olaraq İddiaçı verilmişdir. - “xxxx” ASC-nin 24.11.2020-ci il tarixli 01/2/01-5/4/17150 saylı məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 20A nömrəli yaşayış binası “xxxx” ASC-nin balansında deyildir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 29.04.2021-ci il tarixli, 313 nömrəli məktubdan görünür ki, ünvan 1 ünvanındakı yaşayış binası və həmin binanın yaşayış sahəsi 29,29 kv.metr olan 2 otaqlı 9 saylı mənzili Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Beləliklə, işin araşdırılmış hallarından görünür ki, cavabdeh inzibati orqan məsələnin həllinin səlahiyyətləri xaricində olduğunu, balanssaxlayıcı təşkilatın razılığının vacibliyini, mənzilin hal-hazırda hansı təşkilatın balansında olması haqqında məlumatın mövcud olmadığını qeyd edərək, iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Məhkəmə, cavabdehin dəlilləri ilə razılaşmır ona görə ki, iddiaçının yaşadığı mənzil xidməti mənzil kimi ona verilsə də, həmin mənzilin xüsusi təyinatlı mənzil fonduna daxıl edilməsi barədə qərar qəbul edilməmiş və belə bir qərarın mövcudluğu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə ki, xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növləri Mənzil- Məcəlləsinin 91-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin Məcəllənin 91.1-ci maddəsinə görə xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: xidməti yaşayış sahələri: yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli, 118 nömrəli qərarı ilə təsdiq edilmiş ‘Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi Qaydası'nın 1.5. bəndinə görə xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız bu Qaydaya riayət etməklə, xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. 1.7. Yaşayış sahəsi xüsusi təyinatlı mənzil fondu üçün müəyyən edilmiş tələblərə cavab verərsə, onun xüsusi təyinatlı mənzil fonduna aid edilməsi barədə qərar qəbul edilə bilər. 1.8. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə, xüsusi təyinatlı mənzil fonduna daxıl edilməsi və ondan çıxarılması dövlət mənzil fonduna münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla, sərəncamında və istifadəsində (balansında) yaşayış sahəsi olan mərkəzi icra hakimiyyəti orqanı, dövlət təşkilatı və müvafiq ərazi üzrə yerli icra hakimiyyəti orqanının qərarı, bələdiyyə mənzil fonduna münasibətdə isə müvafiq ərazi üzrə bələdiyyənin qərarı əsasında həyata keçirilir. Qanunvericiliyin və normativ hüquq aktının şərh edilən müddəallarından görünür kı, mənzilin xidməti yaşayış sahəsi olması hələ onun xüsusi təyinatlı mənzil fonduna aid xüsusi təyinatlı yaşayış sahəsi demək deyildir. Yaşayış sahəsindən xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə müvafiq orqanın qərarı ilə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Əgər yaşayış sahəsi xüsusi təyinatlı mənzil fonduna aid edilməmişdirsə, onun xüsusi təyinatlı mənzil fondundan çıxarılmasından söhbət gedə bilməz və bu əsasla hər hansı orqandan razılıq məktubunun tələb edilməsi əsassızdır və mövcud qanunvericiliyin tələblərinə ziddir. Hazırki iş üzrə mübahisələndirilən hüquq münasibətləri 2009-cu ilə kimi yarandığından, mübahisənin hüquqi əsasını da mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları təşkil etməlidir (İPM-nın 1.2-ci, MPM-nin 217.2-ca maddəsi). 01.10.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 103-cü maddəsinə görə xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini kirayə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər. Həmin Məcəllənin tələblərinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. Dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir yaxud bır neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir (51, 52-ci maddələr). Hazırki işin faktiki hallarından məlum olur ki, mübahisəli xidməti mənzil İddiaçı ləğv edilmiş Bakı Kanalizasiya İdarəsinin işçisi kimi verilmiş, iddiaçının əmək kitbçasının surətindən görünür ki, 1985-2003-cü illərdə (10 ildən artıq) həmin İdarədə işləmişdir. Hazırda həmin mənzil Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən olunmuşdur kı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və dövlət insanların mənzil hüquqlarının gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür (12. 43-cü maddələr). Konstitusiyada təsbit edilmiş insan hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (60, 71-cı maddələr). «İnsan hüquqları haqqında Ümumi Bəyənnaməvnin 8-cı maddəsinə əsasən hər bır şəxs kons-titusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçı ona xidməti yaşayış sahəsi vermiş müəssisədə uzun müddət-10 ildən artıq işlədiyindən və sonuncuya digər yaşayış sahəsinin verilməsi təklif olunmadığından, cavabdeh inzibati orqan yaşayış yeri üzrə qeydiyyatda olmaqla, istifadə hüququ olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsində yerləşən 20A saylı evdəki 9 mərtəbəli evin 5-ci mərtəbəsində 29,29 kv.metr sahəsi olan, 2 otaqdan ibarət 9 nömrəli mənzilə dair iddiaçı ilə kirayə müqaviləsinin bağlanması barədə sərəncam qəbul etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirak-çıları-nın oz mülahizələrini bil-dir-mək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinın qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibatı orqanın üzərinə inzibatı aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı olduğuna görə təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki 20 A, nömrəli evdəki 9 mərtəbəli evin 5-ci mərtəbəsində, 29,29 kv.metr sahəsi olan 9 nömrəli mənzilin xidməti mənzillər sırasından çıxarılmaqla, İddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası inzibati Prosessual Məcəlləsının 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Elman Qasımov küçəsindəki 20 A, nömrəli evdəki 9 mərtəbəli evin 5-ci mərtəbəsində, 29,29 kv.metr sahəsi olan 9 nömrəli mənzilin xidməti mənzillər sırasından çıxarılmaqla, İddiaçı ilə kirayə müqaviləsinin bağlanması haqqında sərəncam verilməsi vəzifəsi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar