Məhkəmə qərarları › İş №2-1(112)-6240/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6240/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6240/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı, Cavabdehin nümayəndəi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı birdəfəlik ödəmənin verilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Koronovirus pandemiyasının mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planına əsasən onun almalı olduğu 5 aylıq 190 manat pul vəsaitinin ona ödənilməsinin və qeyri-qanuni ona Nəsimi rayon Məşğulluq Mərkəzində işsizlik statusunun verilməsinin səbəbinin aydınlaşdırılmasının təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, dəfələrlə həm poçt, həm də elektron-poçt üzərindən cavabdeh nazirliyin bütün rəhbər məmurlarına 2 məsələ ilə bağlı müraciət etmişdir. Lakin, bugündək ona heç bir yazılı cavab (reaksiya) verilməmişdir. Bu məsələ ilə bağlı 142 qaynar xəttində də, qeydiyyata alınmışdır. Əfsuslar olsun ki, onlardan bir cavab gəlməmişdir. Bu iki səbəb aşağıdakılardır: 1-ci səbəb - onun məlumatları təyin olunmuş şərtlərə tam cavab versə də, 2020-ci ilin yanvar ayından evlilik vəziyyəti məhkəmə qərarı ilə subay olmasına və aprel ayından nigahın pozulması haqda şəhadətnamə əlində olmasına baxmayaraq, həyat yoldaşının işləməsi səbəbi ilə ona 190 manat yardımın verilməsindən imtina edilmişdir. 2-ci səbəb – o, esosial saytına müraciət etdikdə, belə bir məlumat almışdır ki, o, 05.03.2019-cu il tarixində Nəsimi Rayon Məşğulluq Mərkəzinə müraciət etmiş və 09.10.2019-cu il tarixində ona “İşsiz” statusu verilmişdir. O, Zaqatala rayonunda qeydiyyatdadır, göstərilən hər iki tarixdə o, rayonda olmuş və heç vaxt işsizlik statusu almaqla bağlı heç bir mərkəzə müraciət etməmişdir. Belə halda, onun Nəsimi Rayon Məşğulluq Mərkəzində işsiz stausu alması onda şübhələr doğurub. Hər iki məsələ barədə bugünədək nazirlik tərəfindən heç bir araşdırlma aparılmamasını, ona heç bir cavab verilməməsini və “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanununun pozulması halını nəzərə alaraq iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Koronovirus pandemiyasının mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiq etdiyi tədbirlər planına əsasən onun almalı olduğu 5 aylıq 190 manat vəsaitinin ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir münasibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan ərizələrdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq tələblərlə cavabdehə müraciət edilmişdir. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 2(033)-249/2020 nömrəli, 22.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ilə aralarında olan nikah qeydinin pozlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin sözügedən qətnaməsinə əsasən iddia təmin edilmiş, X2 ilə İddiaçı arasında bağlanmış 22 sentyabr 1990-cı il tarixli nikah qeydinin pozulması, nikahın pozulmasının qeydiyyat şöbəsində rəsmiləşdirilərkən 15 manat dövlət rüsumunun İddiaçı tutulması, X1 dövlət rüsumundan azad edilməsi qət edilmişdir. İşdə olan Məşğulluq alt sistemindən çıxarışdan görünür ki, İddiaçı 09.10.2019-cu il tarixdən MAS-da işsiz kimi qeydiyyata alınmışdır. İşdə olan birdəfəlik ödəmənin verilməsindən imtina olunması barədə məktubun surətindən görünür ki, 03.05.2020-ci il tarixdə, ********* mobil nömrəsinə sms vasitəsilə imtina cavabı göndərilərək, “həyat yoldaşı barədə səhv məlumat daxil etdiyinə görə” əsası ilə iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, aşağıdakı qanunvericiliyin normalarına əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə “Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na uyğun olaraq Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərlə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi, bu ödəmənin iki ay (aprel, may ayları) həyata keçirilməsi, 600 min şəxsi əhatə etməsi, habelə buna uyğun olaraq, müvafiq vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Həmin Qaydaların 1-ci bəndinin müddəalarına əsasən - 1.1. Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra – pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra – MEİS) “Məşğulluq” altsistemində (bundan sonra – MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2. Birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3. Birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4. Birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2-ci bəndinin müddəalarına əsasən - 2.1. Birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata 4 alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir. 2.2. Birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3. Dövlət qurumlarından aşağıdakı ödənişləri alan işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. əri və ya arvadı bu Qaydanın 2.3.1-ci - 2.3.8-ci yarımbəndlərinə uyğun olaraq ödəniş alan şəxslərə. 2.4. Birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ona birdəfəlik ödəmənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən aparılmış araşdırma zamanı iddiaçının ailə vəziyyəti barədə məlumat şəxsiyyət vəsiqəsində subay kimi qeyd olunsa da, MAS tərəfindən məlumatların təhlili zamanı Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində iddiaçının arvadının olması qeyd olunmuşdur. Qeyd olunan səhv məlumat səbəbindən təhlil prosesinin yekunlaşdırılması mümkün olmamış və iddiaçıya birdəfəlik ödəmənin verilməsindən imtina edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23-cü maddəsinin tələblərinə əsasən - 23.1. Nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır; 23.2. Nikahın məhkəmə qaydasında pozulması vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınır; 23.3. Nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindiyi gündən 3 gün müddətində məhkəmə bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur; 23.4. Ər (arvad) nikahın pozulması haqqında şəhadətnaməni alana qədər yenidən nikaha daxil ola bilməz. Həmin Məcəllənin 180-ci maddəsinin tələblərinə əsasən - 180.1. Məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır. 180.2. Ər-arvaddan yalnız birinin ərizəsi əsasında nikahın pozulması qeydə alındıqda nikah xətm olunmuş hesab edilir və nikahın pozulması haqqında şəhadətnamə almış şəxs yeni nikah bağlaya bilər. Həmçinin, sözügedən Qaydanın 2.4-cü bəndinə əsasən birdəfəlik ödəmə yalnız ailə üzvlərindən (ər və ya arvad) birinə ödənilir və birdəfəlik ödəmə üçün müraciət etmiş şəxsin hüquqlarının müəyyən edilməsi üçün həmin Qaydanın 3.8-ci bəndində göstərildiyi kimi işsiz şəxslərin ailə vəziyyəti haqqında məlumatlar avtomatlaşdırılmış rejimdə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrində yoxlanılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qaydasında nikahları pozulduqdan sonra nikahın pozulması haqqına şəhadətnamənin alınması üçün VVAQ orqanın müraciət etmədiyindən (bu halı məhkəmə iclasında iştirak edən iddiaçının özü də, etiraf etmişdir), nikahın pozulması haqqında şəhadətnamə almadığından, iddiaçının boşanması barədə məlumat vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmadığından, bununla da, qeyd olunan səhv məlumat səbəbindən Qaydaların 2.2-ci, 2.3.9-cu, 2.3.10-cu və 2.4-cü bəndlərinin iddiaçıya uyğunluğunu müəyyənləşdirmək üçün aparılan təhlil prosesinin yekunlaşdırılması mümkün olmadığından, cavabdeh tərəfindən ona birdəfəlik ödəmə ödənilməsi barədə müraciətinin təmin olunmasından qanuni əsaslarla imtina edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X6 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərəzsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar