Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6240/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İddiaçılar İddiaçı, X16 və X2 iştirakları ilə, İddiaçılar İddiaçı, X16 və X2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı, xx.xx.2002-ci il təvəllüdlü X16 və xx.xx.2003-cü il təvəllüdlü X3, Bakı şəhəri, ünvan 1 ünvana pasport qeydiyyatına alınmaları barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2000-ci il tarixdə, 349 nömrəli akt qeydi ilə Rüfət Yaqub oğlu ilə rəsmi nikaha daxil olaraq, ailə həyatı qurmuşdur. Birgə nikahdan iki oğulları: xx.xx.2002-ci il təvəllüdlü X16 və xx.xx.2003-cü il təvəllüdlü X7 dünyaya gəlmişdirlər. İddiaçı Rüfət Yaqub oğlu ailə həyatı qurduğu zaman gəlin olaraq həyat yoldaşının qeydiyyatda olub yaşadığı Bakı şəhəri, ünvan 1 fərdi yaşayış evinə gəlmişdir. Həmin ünvanda övladları dünyaya gəlmiş, böyüyüb boya-başa çatmışdırlar. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı - Rüfət Yaqub oğlu beyin ödəmindən rəhmətə getmişdir. İllərdir adıgedən ünvanda yaşamaqlarına baxmayaraq o və iki artıq yetkinlik yaşına çatan oğlanları bu günə qədər ata evində - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi, ev 19-a qeydiyyatda qalmaqdadırlar. xx.xx.2023-cü il tarixdə İddiaçı Sabunçu RPİ-nə ərizə və ona əlavə edilmiş lazımı sənədlərli qoşub, o və iki yetkinlik yaşına çatmış övladının illərdi yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvana pasport qeydiyyatına alınmalarını xahiş etmişdir. Sabunçu RPİ-nin 49/2-Ş-44639 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilən ünvana qeydiyyata alınmaqları üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin razıl ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) RPİ-nin QMB-nə təqdim olunması vacib olduğu, lakin, göstərilən sənədlər tərəfimizdən Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından, göstərilən ünvana qeydiyyata alınmağımızın imkan xaricində olduğu, həmçinin qeydiyyatla əlaqədar olaraq, Bakı İnzibati Məhkəməsinə müracət etməyim məqsədə müvafiq hesab edilmişdir. Sabunçu RPİ-nin məktubunda göstərilən, çatışmamazlıqları aradan qaldırıb, yəni ünvanda qeydiyyatda olan sakinlərin razılığı notarial qaydada təsdiq edilib tamamlanaraq, xx.xx.2023-cü il tarixdə yenidən ərizə ilə idarəyə müraciət edib, o və artıq yetkinlik yaşına çatan iki oğlunun illərdi yaşadıqları Bakı şəhəri, ünvan 1 ünvana pasport qeydiyyatına alınmalarını xahiş etmişdir. Sabunçu RPİ-nin 3-13-49/2-Ş-357/11 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda, ilkin yazılmış ərizəyə müvafiq təkrar eyni mövzulu cavab verərək, qeydiyyatla əlaqədar olaraq, Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi məqsədə müvafiq hesab edildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnziabti Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X16 və X7 birgə iddiaçı qismində məhkəmə icraatına cəlb edilmişlər. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi, ev 19 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.2002-cü il təvəllüdlü X16 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi, ev 19 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.2003-cü il təvəllüdlü X7 oğlu Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Azadlıq küçəsi, ev 19 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışına əsasən xx.xx.1962-ci il təvəllüdlü X4, xx.xx.1989-cu il təvəllüdlü X17, xx.xx.2013-cü il təvəllüdlü X18, xx.xx.2012-ci il təvəllüdlü X8, xx.xx.1984-cü il təvəllüdlü X12, xx.xx.1991-ci il təvəllüdlü X1, xx.xx.1990-cı il təvəllüdlü X19 Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kuybışev küçəsi, ev 4 ünvanında qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş X9, X1, X4 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kuybışev küçəsi ünvanında yerləşən 4 saylı evə İddiaçı, X10, X2 yaşayış qeydiyyatına alınmalarına etiraz etmirlər. İş materiallarına əlavə edilmiş X17 xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kuybışev küçəsi ünvanında yerləşən 4 saylı evə İddiaçı, X10, X2 yaşayış qeydiyyatına alınmalarına etiraz etmir, razıdır. İş materiallarına əlavə edilmiş X19 oğlu xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kuybışev küçəsi ünvanında yerləşən 4 saylı evə İddiaçı, X10, X2 yaşayış qeydiyyatına alınmalarına etiraz etmir, razıdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 18/2-4750/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kuybışev küçəsi, ev 4 ünvanında X17 xx.xx.2007-ci il tarixdən, X4 xx.xx.2005-ci il tarixdən, X8 xx.xx.2018-ci il tarixdən, X18 xx.xx.2018-ci il tarixdən, X12 xx.xx.2003-cü il tarixdən, X19 xx.xx.2008-ci il tarixdən, X5 xx.xx.2008-ci il tarixdən, X11 xx.xx.2011-ci il tarixdən yaşayış yeri üzrə qeydiyyatdadırlar. Qeyd olunan şəxslərin qeydiyyata alınmalarına əsas olunmuş sənədlərin saxlama müddəti bitdiyi üçün müvafiq qaydada məhv edildiyindən Sizə göndərilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş və məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, **********84 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki, ünvan 10 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinə dair mart 1963-cü ildə Yunus Yaqub oğlunun adına texniki pasport tərtib edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 49/2-Ş-44639 nömrəli məktubunda bildirilmişdir ki, Ərizənin icrası ilə əlaqədar olaraq bildiririk ki, Sizin yuxarıda göstərilən ünvana qeydiyyata alınmağınız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından göstərilən ünvana qeydiyyata alınmağınız imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov küçəsi 56) müraciət etməyiniz məqsədə müvafiq hesab edilir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 51/2-M-24951 nömrəli məktubunda bildirilmişdir ki, Ərizənizin icrası ilə əlaqədar olaraq bildiririk ki, Sizin yuxarıda göstərilən ünvana qeydiyyata alınmanız üçün yaşayış sahəsinə köçməyə əsas verən sənədlərin (order, mülkiyyət hüququnun qeydiyyat vəsiqəsi, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulan başqa sənədlər) tərəfinizdən RPİ-nin QMB-nə təqdim olunması vacibdir. Lakin, tərəfinizdən göstərilən sənədlər Sabunçu RPİ-nin QMB-nə təqdim olunmadığından həmin ünvana qeydiyyata alınmanız imkan xaricindədir. Qeydiyyatla əlaqədar olaraq Bakı şəhər İnzibati məhkəməsinə (Nəsimi rayonu, N.Vəzirov küçəsi 56) müraciət etməyiniz məqsədəmüvafiq hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən fərdi yaşayış evinə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçıların məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı tərəf məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız ““Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Yuxarıda sadalanan sübutlarla müəyyən olunur ki, iddiaçılar faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kuybışev küçəsi, ev 4 ünvanında faktiki yaşasalar da həmin ünvanda qeydiyyatda deyillər. İddiaçıların faktiki yaşadıqları sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də həmin fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi var. Eyni zamanda, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Kuybışev küçəsi, ev 4 ünvanı üzrə hər hansı əmlak xüsusi mülkiyyət hüququ ilə hər hansı şəxsin adına qeydiyyatdan keçməmişdir. Həmin evlə bağlı iddiaçıların qohumu olan (müvafiq olaraq qayınata və baba) Yunus Yaqub oğlunun adına1969-cu il tarixdə texniki pasport tərtib edilmişdir. Məhkəmə cavabdehin imtinasının əsasında duran iddiaçıların həmin ünvana qeydiyyata alınması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində sadalanan hüquqmüəyyənedici sənədlərin təqdim edə bilməməsi dəlilini hazırkı işin hallarına mübnasibətdə əsassız hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir”. Göründüyü kimi yaşayış yeri üzrə qeydiyyat şəxsin daşınmaz əmlaka hər hansı əşya hüququnu ehtiva etmir və qeydiyyatın məqsədi yalnız şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin bilavasitə icrası ilə bağlıdır. Belə olan halda hesab edilir ki, iddiaçıların qohumları həmin ünvanda qeydiyyatda olduqları halda iddiaçıların da onlarla birgə faktiki yaşadıqları ünvan üzrə qeydiyyata alınmanı tələb etməkdə haqlıdırlar. Nəzərə almaq lazımdır ki, həmin ünvanda qeydiyyatda olan X9, X1, X4, X17, X19 iddiaçıların həmin ünvana qeydiyyata düşmələrinə razı olduqlarına dair notarial qaydada təsdiqlənmiş ərizə təqdim etmişlər. Bundan əlavə nəzərə alınsa ki, cavabdeh orqan sözügedən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata keçmədiyi halda həmin ünvana iddiaçıların digər qohumlarını qeydiyyata almış, iddiaçıların müraciətinə cavab olaraq isə evin qeydiyyatdan keçməsi ilə bağlı sənədi tələb etməsi ən azı onlara münasibətdə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsi ilə təsbit edilmiş “bərabərlik prinsipi”nə zidd hesab olunmalıdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı, xx.xx.2002-cü il təvəllüdlü X16 və xx.xx.2003-cü il təvəllüdlü X2 ünvan 16 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü İddiaçı, xx.xx.2002-cü il təvəllüdlü X16 və xx.xx.2003-cü il təvəllüdlü X2 ünvan 16 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6240/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6240/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver