Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6240/2025 11.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü 1916,6 kvadrat metr göstərilməklə torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 1533 kvadratmetr torpaq sahəsi və 238.8 kvadratmetr fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 529 saylı sərəncamı ilə qeydiyyat vəsiqəsində dəyişiklik edilərək əlavə sahələr göstərilməklə yeni qeydiyyat vəsiqəsi verilmişdir. Həmin sərəncamda faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü 1916,6 kvadratmetr kimi göstərilmişdir. Mülkiyyət hüququ ilə ona məxsus olan torpaq sahəsinin ölçüsündə dəyişiklik edilərək 1916,6 kvadratmetr torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət olunmuşdur. Müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 529 saylı sərəncamı xx.xx.2001-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 529 saylı sərəncamı ilə ona əlavə torpaq sahəsi ayrılmamışdır. Mülkiyyətində olan fərdi yaşayış evinin ölçüləri dəqiqləşdirilərək yeni qeydiyyat vəsiqəsinin verilməsi həmin sərəncamla təsdiq olunur. 1533 kvadratmetr torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmasına əsas Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmişdir texniki pasport olmuşdur. İcra hakmiyyətinin xx.xx.2001-ci il tarixli, 529 saylı sərəncamında iddiaçının faktiki istifadəmdə olan torpaq sahəsi göstərilmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanında yerləşən 238,8 kv.m fərdi yaşayış evi və 0,1533 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Faktiki istifadədə olan əlavə 383,6 kv.m torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 529 saylı sərəncamı xx.xx.2001-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəmə iclasında yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi və onun altında yerləşən 0,1533 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir. Bakı şəhər Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 529 nömrəli Sərəncamına əsasən Buzovna qəsəbəsi, Kommunist küçəsində yerləşən 45 saylı evin texniki pasportunda və qeydiyyat vəsiqəsində dəyişiklik edilib vət.X3 məxsus A tikilisində əlavə 3 yaşayış otağı – 35,5 kv.m, 10,5 kv.m, balkon -36 kv.m, mətbəx -13,6 kv.m, hamam-ayaq yolu-giriş otağı 24,4 kv.m, torpaq sahəsində 3 tövlə - 100,4 kv.m, qaraj – 50 kv.m, yaşayış otağı-mətbəx-56,2 k.m, cəmi torpaq sahəsi 1916,6 kv.m olan əlavələrin qeydə alınması Bakı şəhər Texniki İnventarlaşdırma və mülkiyyət hüquqların qeydiyyat İdarəsinə xahiş edilmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid texniki pasporta əsasən ünvan 5 ünvanında 1916,6 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinin X3 məxsusluğu müəyyən olunur. Cavabdehin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi faktiki olaraq hasardaxili 0.221 ha təşkil edir. ünvan 3 ünvanında yerləşən 238,8 kv.m fərdi yaşayış evi və 0,1533 ha torpaq sahəsi ********** qeydiyyat nömrəsi ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Faktiki istifadədə olan əlavə 383.6 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, sözügedən torpaq sahəsinin ayrılmasına dair Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti Başçısının 529 saylı sərəncamı xx.xx.2001-ci il tarixlidir. Belə ki, xx.xx.2001-ci il tarixdən sonra torpaq sahəsinin ayrılması yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri xaricindədir. Fərdi yaşayış evinə dair verilmiş texniki pasporta əsasında ölçü işləri aparılarkən məlum oldu ki, texniki pasport tərtib edilərkən perimetrik ölçülər və ərazinin ümumi torpaq sahəsi düzgün qeyd edilməmişdir. Belə ki, texniki pasportda əks olunmuş tikililər naturada öz əksini tapmasına baxmayaraq texniki pasporta əsasən həmin tikililər ümumi göstərilən 0,19166 ha sahədə yerləşir (0.1533 ha mülkiyyət üzrə, 0.03836 ha istifadədə olan). Faktiki olaraq həmin tikililər 0,221 ha torpaq sahəsində yerləşir (texniki pasportda qeyd edilmiş perimetrik ölçülərə uyğun baş plan tərtib edildikdə bəzi tikililər sənəddən kənarda qalır). Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi qeydiyyata alınmış digər daşınmaz əmlaklarla üst-üstə düşmür. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslara istinad edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydə alınaraq, çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə öhdəliyin icrası haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin iddiaya etirazından da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (139.1.). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (139-1.1.8.). Azərbaycan Respublikasının Torpaq Məcəlləsində (bundan sonra – Torpaq Məcəlləsi) göstərilmişdir ki, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən olunmuş digər yollarla yaranır (55). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1.). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (2.2.). Bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (8.0.8.). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndində Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar öz əksini tapmışdır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununda göstərilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir (10). İş materiallarından göründüyü kimi, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən tərtib olunmuş və şəxsi mülkiyyət hüququ əsasında verilmiş texniki pasporta əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 1916,6 kv.m olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və digər tikililərin X3 məxsusluğu müəyyən olunur. Qeyd edilməlidir ki, hazırda həmin ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi faktiki olaraq iddiaçının istifadəsindədir və onun mülkiyyətində olmaqla yanaşı, bu hüquqlar müvafiq çıxarışla təsdiq olunmuşdur. Lakin, daşınmaz əmlakın dövlət qeydiyyatı zamanı, torpaq sahəsinin faktiki ölçüsü 1916,6 kv.m olduğu halda, qeydiyyatda 1533 kv.m kimi göstərilmişdir. Bu fərq texniki pasportda edilmiş dəyişikliklərin nəzərə alınmaması ilə əlaqədardır. Halbuki, texniki pasportda aydın şəkildə görünür ki, fərdi yaşayış evinin sahəsinə əlavə edilən hissələr və tikililər texniki sənədlərə daxil edilmiş və nəticədə ümumi torpaq sahəsi 1916,6 kv.m olaraq göstərilmişdir. Bundan əlavə, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 10 avqust 2001-ci il tarixli, 529 nömrəli Sərəncamı ilə həmin ünvanda yerləşən yaşayış sahəsindəki əlavələrin texniki pasporta daxil edilməsi və qeydiyyat orqanında əks olunması müvafiq şəkildə xahiş edilmişdir. Beləliklə, torpaq sahəsinin artırılması iddiaçının qanunsuz olaraq hər hansı ərazini zəbt etməsi nəticəsində deyil, əksinə, mövcud sənədlərə əsaslanan mülkiyyət hüququnun genişləndirilməsi ilə bağlıdır. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh tərəfin əlavə sahəyə dair hüquqmüəyyənedici sənədlərin mövcud olmaması barədə mövqeyi əsassızdır. Çünki istinad edilən texniki pasport, Azərbaycan SSR dövründə və sonrakı mərhələlərdə hüquqi qüvvəyə malik olan mülkiyyət sənədi olmaqla, iddiaçının 1916,6 kv.m torpaq sahəsinə faktiki və hüquqi sahibliyini təsdiq edir. Eyni zamanda, həmin sahənin başqa şəxsin mülkiyyət və ya istifadəsində olması halı da müvafiq mütəxəssis rəyi ilə müəyyən olunmamışdır. Belə olan halda, cavabdeh tərəfindən daşınmaz əmlakın texniki pasporta uyğun şəkildə qeydiyyatın aparılmasından imtina edilməsi əsassız sayılmalıdır. Mənzil Məcəlləsində həmçinin göstərilmişdir ki, yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir (23.1.). Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır (24.1.). Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir (26.1.). Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir (26.2.). Məhkəmə hesab edir ki, Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 10 avqust 2001-ci il tarixli, 529 nömrəli Sərəncamı iddiaçıya torpaq sahəsi ayrılması barədə deyil, yaşayış sahəsinin yenidən qurulması və yenidənplanlaşdırılması ilə bağlıdır. Bu səbəbdən məhkəmə cavabdehindəlillərini əsassız hesab edir. Məhkəmə, iddia tələbinin ifadə tərzi ilə bağlı bildirir ki, iddiaçı öz tələbində torpaq sahəsi ilə yanaşı fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etsə də, nəzərə alınmalıdır ki, onun tələbi məhz hüquqları qeydiyyata alınmış fərdi yaşayış evinə dair çıxarışda torpaq sahəsinin ölçüsünün 1916,6 kv.m göstərilməklə, yeni çıxarışın verilməsinə nail olmaqdır. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin torpaq sahəsinin ölçüsü 1916,6 kvadratmetr göstərilməklə torpaq sahəsi və fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 6 ünvanında yerləşən, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünün 1916,6 kvadratmetr göstərilməklə, torpaq sahəsi və fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaqla, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-6240/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6240/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver