Məhkəmə qərarları › İş №2-1(112)-6241/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6241/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6241/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədr--liyi Emin Etibar oğlu Eminzadənin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi barədə” iddiası üzrə işə məhkəmənin bina-sın-da (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və müba-hi-sə-nin vəziy-yə-tini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumdur. İddiaçı hazırkı iddiasında koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində və digər struktur qurumlarında həyata keçirilmiş kompleks profilaktiki tədbirlərin onun hüquqlarının pozulması ilə nəticələndiyini, bununla da, ona maddi və mənəvi ziyanın vurulduğunu iddia etmişdir. İddianın mümkünlüyü ilə əlaqədar məsələyə baxılması üçün məhkəmə iclası xx.xx.2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə 9 saylı Cəzaçəkmə müəssisəsinə (iddiaçıya) məhkəmə bildirişi göndərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 5-ci maddəsinə əsasən inzibati məhkəmələr və ya məhkəmə kollegiyaları öz ərazi yurisdiksiyaları daxilində, zərurət olduğu hallarda, başqa şəhərlərdə və ya yaşayış məntəqələrində səyyar məhkəmə iclasları keçirə bilərlər. Məhkəmə iddiaçının cəzaçəkən məhkum olduğunu nəzərə alınaraq, məhkəmə iclasının səyyar şəkildə keçirilməsi məsələsinə baxılmasına dair müraciəti ilə əlaqədar olaraq qeyd edir ki, iddia ərizəsində iddiaçının maddi və mənəvi zərərin ödənilməsi barədə tələbinin faktiki və hüquqi əsasları kifayət qədər geniş şərh edildiyindən müvafiq cəzaçəkmə müəssisəsində səyyar məhkəmə iclasının keçirilməsini zəruri edən hal müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçının iştirakı olmadan işə məhkəmənin inzibati binasında baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab edilmişdir. Məhkəmə əvvəla qeyd edir ki, koronavirus (COVİD 19) xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradılmışdır. Nazirlər Kabinetinin Sərəncamı ilə xx xxxxxx 2020-ci il tarixdə “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edilib və nəzərdə tutulmuş tədbirlər ölkə ərazisində həyata keçirilməkdədir. Bu istiqamətdə koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının vaxtında alınması məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrində və digər struktur qurumlarında kompleks profilaktiki tədbirlər həyata keçirilir. Bununla əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq penitensiar müəssisələrin nəzarət-buraxılış məntəqələrində «sanitariya mühafizə postları» qurularaq fərdi müdafiə vasitələri, məsafədən hərarəti ölçən cihazlar, dezinfeksiya avadanlıqları və vasitələri ilə təchiz edilib. Bu müəssisələrə daxil olan bütün şəxslər və nəqliyyat vasitələri sanitar-təmizləmə prosedurlardan keçirilir, sanitariya-epidemioloji nəzarət gücləndirilməklə geniş maarifləndirmə işi aparılır. Koronavirus infeksiyasının yayılma təhlükəsinin qarşısının alınması məqsədilə vətəndaşların penitensiar müəssisələrə daxil olması, məhkum və həbs edilmiş şəxslərə görüşlərin verilməsi, habelə gətirilən sovqatların qəbul edilməsi müvəqqəti olaraq dayandırılmışdır. Əməkdaşların və digər aidiyyəti şəxslərin (vəkil, müstəntiq, həkim və s.) müəssisələrə buraxılışı isə xüsusi qaydada həyata keçirilir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati məhkəmə icraatı qaydasında iddia, iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti yaxud hərəkətsizliyi) mövcud olmalıdır. Belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. Başqa sözlə iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərinin mövcudluğunu, cavabdehin imtinasının isə, onun həmin hüquq və mənafelərinə toxunduğunu təsdiq etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn, həqiqətən, pozulub-pozulmadığının müəyyən olunması məsələsinin, eyni zamanda, iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq, məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Göründüyü kimi iddiaçı hazırkı iddiasında cavabdeh kimi göstərdiyi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən hüquqlarının pozulması ilə nəticələnən hərəkətə (hərəkətsizliyə) yol verilməsini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyindən və belə bir hal məhkəmə araşdırması zamanı müəyyən edilmədiyindən iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının yuxarıda adıçəkilən orqan tərəfindən hansı formada pozulduğunu müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, koronavirus (COVİD 19) xəstəliyinin Azərbaycan Respublikası ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən həyata keçirilən profilaktik və təxirəsalınmaz tədbirlər ümumi xarakter daşıdığından həmin tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müəyyən məhdudiyyətlərin tətbiq edilməsi nəticəsində şəxs (iddiaçı) hər hansı məhrumiyyətə məruz qalırsa, bu hal onun hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə iddiaya mahiyyəti üzrə baxılmasının mümkün sayılmaması qənaətinə gəldiyindən iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icraatına cəlbetmə ilə bağlı məsələlərə baxlmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar