Məhkəmə qərarları › İş №2-1(112)-6241/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6241/2021

13.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6241/2021 13.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə “artıq ödənilmiş vəsaitin geri qaytarılması” barədə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2012-ci ildən bu günədək hər ay artıq ödədiyi məbləğin qanuna uyğun olaraq özünə qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47, 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədləri cavabdehə təqdim olunmuşdur. 30.06.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iş üzrə cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti”nin əsl cavabdeh “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi” ilə əvəz edilməsi barədə ərizə təqdim etmiş və ərizənin təmin olunmasını və cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti”nin əsl cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 Baş İdarəsi ilə əvəz edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 iyun 2021-ci il tarixli 2-1(112)-6241/2021 nömrəli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” əsl cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti” əsl cavabdeh “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 Baş İdarəsi” ilə əvəz edilməsi qərara alınmışdır. 21 sentyabr 2021-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, şəxsi hesab vərəqəsində yaranmış 5660,20 manat artıq ödənilmiş məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6241/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 17.01.2012-ci ildən adına açılan VÖEN: ********** saylı hesaba uyğun olaraq həmin tarixdən 10.10.2019-cu il tarixinədək Dövlət Vergi Xidmətinə vergilər ödəmişdir. Ödənilmiş vergilər haqqında məlumat cədvəlini təqdim etməklə ümumilikdə dövlətə 5660.2 (beş min altı yüz altmış manat iki qəpik) AZN ödədiyi məlum olur. (Ödənilmiş vergilər haqqında məlumat əlavə olunur). 23.09.2020-ci il tarixində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdarəsinə ərizə ilə müraciət edərək, bildirmişdir ki, o, 11.02.2016-cı il tarixdən fəaliyyətini 5 (beş) il müddətinə dayandırmışdır. Fəaliyyətinin bərpa olunma tarixi 11.02.2021-ci il olmasına baxmayaraq, növbəti beş ildə fəaliyyətə başlamaq niyyətinin olmadığını göstərmişdir.Fəaliyyət göstərdiyi dövrdə hesabatlarını vaxtlı-vaxtında təqdim etməklə vergi ödənişlərini artıqlaması ilə ödəmişdir.“Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması qaydaları”na 1 nömrəli əlavəyə uyğun olaraq 14 noyabr 2019-cu il tarixində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə yazdığı ərizədə qeyd etmişdir ki, hal-hazırda onun vergi üzrə şəxsi hesab vərəqəsində 4082.10 (dörd min səksən iki manat, 19 qəpik) AZN artıq ödəmə hesabına vəsaiti vardır. Bu barədə Dövlət Vergi İdarəsinin rəhbərliyindən xahiş etmişdir ki, həmin vaxt işsiz olduğuna və səhhəti ilə bağlı müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq həmin vəsaitin özünə qaytarılmasına göstəriş verilsin.Həmin ərizəni qəbul edən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən ona göstəriş verildi ki, “Kapital Bank”la Xüsusi Şərtlər Hesaba Dair müqavilə bağlasın. O da 03.12.2019-cu il tarixində “Kapital Bank”ın Xətail filialı ilə müqavilə bağlayaraq vergilər idarəsinə ödədiyi artıq ödəmə pulunun onun hesabına köçürülməsi üçün hesab açdırmışdır (“Kapital Bankla bağlanmış 03.12.2019-cu il tarixli müqavilənin surəti əlavə edilir). Lakin bu günədək onun hesabına bir qəpik də olsun pul köçürülməmişdir. 03.12.2019-cu il, 25.09.2020-ci il, 15.12.2020-ci il, 28.12.2020-ci il, 10.02.2021-ci il, 08.04.2021-ci il tarixli məktublarla (məktubların surətləri əlavə edilir). Dövlət Vergi Xidməti onun müraciətlərinə məktublara baxılması haqqında müddətləri pozmaqla başdansovdu cavablar vermiş və bununla da qanunla müəyyən edilən hüquqları pozulmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 üzrə Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, cavabdeh Bakı şəhəri X2 üzrə Baş İdarəsi icraatda olan 2-1(112- 6241/2021 saylı iş üzrə iddia ərizəsində irəli sürülən iddia tələblərinə qarşı etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, Vergi ödəyicisi artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməli və ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir.Araşdırma nəticəsində vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim edilmiş 03.12.2019-cu il tarixli **********235300 nömrəli, 25.09.2020-ci il tarixli **********618500 nömrəli və 24.12.2020-ci il taixli **********618501 nömrəli artıq ödənilmiş vəsaitin qaytarılması ilə bağlı müraciətlərə əlavə edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicilərinə qaytarılması” barədə ərizələrdə artıq ödəmələrin adı, təsnifat kodları, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəblərinin qeyd edilmədiyi, o cümlədən sonuncu müraciətə cavab olaraq ödəniş tarixindən 5 ildən artıq müddət keçdiyi qeyd edilmişdir. Qeyd edilənlərlə əlaqədar fiziki şəxs İddiaçı yuxarıda qeyd edilmiş artıq ödənilmiş vəsaitlərin qaytarılması ilə bağlı müraciətlərinin icrası mümkün olmamışdır və bu barədə vergi ödəyicisinə 24.12.2019-cu il tarixli **********834600 nömrəli, 15.10.2020-ci il tarixli **********243000 nömrəli və 10.12.2020-ci il tarixli **********609900 nömrəli məktublar göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən vergi orqanının hüquq və vəzifələrini icra edərək iddia ərizəsinə münasibət bildirilməklə sadalanan faktlara və hüquq normalarına əsaslanaraq iddiaçının iddia tələbinin əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir. İnzibati iş üzrə şifahi məhkəmə baxış iclası 13.10.2021-ci il tarixə təyin edilmişdir. İddiaçı və iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə verilmiş etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia tələbinin mahiyyətinə keçməzdən əvvəl, məhkəmə iddia tələbinin mümkünlüyünə baxır. İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Belə ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati oran tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddiaya) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı subyektiv hüquqa malikdir, iddiaçı vergi ödəyicisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X2 üzrə Baş İdarəsində qeydiyyatdadır. İddiaçı artıq ödənilmiş vəsaitin geri qaytarılması ilə bağlı rəy verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin olunmasından imtina edilmişdir. İnzibati iş ərazi aiddiyəti üzrə Bakı İnzibati Məhkəməsinə aiddir. İPM-nin 8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İddia tələbi mahiyyəti üzrə qismən əsaslıdır. Belə ki, iş materiallarında olan: - Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı (VÖEN **********)2012-ci ildən hər ay 14 noyabr 2019-cu il tarixinə 4082 manat 19 qəpik yaranmış artıq ödəmənin qaytarılmasını xahiş etmişdir. - Fərdi sahibkar İddiaçı (VÖEN **********) tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdarəsinə 23.09.2020-ci il tarixli ərizəsinin təsdiq olunmuş surətində qeyd edilmişdir ki, o, 11.02.2016-cı il tarixdən fəaliyyətini 5 il müddətinə dayandırmışdır. Fəaliyyətinin bərpa olunma tarixi 11.02.2021-ci il olmasına baxmayaraq növbəti beş ildə fəaliyyətə başlamaq niyəti yoxdur. Fəaliyyət göstərdiyi dövrdə hesabatlarını təqdim etmiş və vergi ödənişlərini artıqlaması ilə ödəmişdir. Hal-hazırda onun vergi üzrə şəxsi hesab vərəqəsində 4082.12 manat artıq ödəmə hesabına vəsaiti vardır. Ona görə də hal-hazırda işsiz olduğunu və səhhəti ilə bağlı müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq həmin vəsaitin ona qaytarılmasını xahiş etmişdir. - Bakı şəhəri X2 üzrə Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 15.12.2020-ci tarixli **********618500 nömrəli məktubda qeyd edilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.07.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Həmin Qaydaların 1 nömrəli əlavəsinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergi orqanına təqdim etdyi ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN-ni), bank rekvizitlərini, artıq ödəmənin adını, təsnifat kodunu, ödənilmə tarixini, yaranma səbəbini, və məbləğini göstərməlidir. Lakin tərəfindən sonuncu dəfə 23.09.2020-ci il tarixdə təqdim edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizə formasında artıq ödəmələrin adı, təsnifat kodları, ödənilmə tarixləri, onların yaranma səbəbləri düzgün qeyd olunmamışdır. Eyni zamanda ərizədə qeyd olunan artıq ödəmə məbləğinin bir hissəsinin ödəniş tarixindən 5 (beş) il keçdiyi müəyyən edilmişdir.Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Bununla əlaqədar olaraq qeydiyyatda olduğunu vergi orqanı tərəfindən 3910,1 manat məbləğində tələbetmə müddəti bitmiş artıq ödəmə şəxsi hesab vərəqəsindən silinmişdir.Yuxarıda göstərilənlər nəzərə alınmaqla qanunvericilikd nəzərdə tutulmuş qaydada tələbetmə müddəti bitməmiş artıq ödənilmiş vəsaitin qaytarılmasına dair yeni ərizə ilə qeydiyyatda olduğu vergi orqanına müraciət etməyi tövsiyə olunmuşdur. Məhkəmə öz xidməti vəzifəsinə uyğun olaraq İddiaçı (VÖEN:**********) artıq ödənilmiş məbləğin geri qaytarılması barədə müraciəti üzrə aparılmış araşdırmaya dair inzibati icraat materialların təsdiq edilmiş surətinin, həmçinin iddiaçının hazırkı müraciəti üzrə geri qaytarılmasını tələb etdiyi və 5 illik müddəti keçmiş məbləğləri barədə ətraflı məlumat verilməsi ilə bağlı aidiyyəti üzrə inzibati orqana sorğu göndərilmişdir. Sorğulara cavab məktubundan görünür ki: - İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, onun 11.10.2019-cu il tarixədək 4082,19 manat artıq ödəməsi olmuş, 10.02.2021-ci il tarixdə VM-nin 85.5-ci maddəsinə əsasən 3910,10 manat vaxtı keçmiş artıq ödəmə silinmişdir. Beləliklə, işin faktiki hallarından görünür ki, iddiaçı artıq ödənilmiş vergi məbləğin cavabdehdən ona qaytarılmasını xahiş etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. Məhkəmə tərəfindən araşdırılmalı hal odur ki, ümumiyyətlə iddiaçının artıq ödəmələrin olub-olmaması, olduğu təqdirdə iddiaçının tələb etmə hüququ üzrə müddətin ötürüb-ötürməməsinə münasibət bildirməlidir. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbi Vergi Məcəlləsinin 87.1-ci və 87.1.2-ci maddələri, eləcə də Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın müddəaları ilə tənzimlənir. Belə ki, Vergi Məcəlləsinin: -15.1 və 15.1.4-cü maddələrinə əsasən, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququdur. -24.0 və 24.0.10-cu maddələrinə əsasən, vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. -87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda artıq ödənilmiş məbləğlər digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir (maddə 87.1.1) və ya vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir (maddə 87.1.2). 87.3-cü maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. -87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli, 48 nömrəli Qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları»nın 1.1-ci və 1.2-ci bəndlərinə əsasən bu Qaydalar vergi ödəyicisindən düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin (bundan sonra — büdcəyə artıq ödəmələr) qaytarılması qaydalarını müəyyən edir. Bu Qaydalarda «vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar» dedikdə, verginin tam və vaxtında büdcəyə ödənilməsinə nəzarəti həyata keçirən orqanlar nəzərdə tutulur. Həmin Qaydaların 2-ci bəndinə görə vergi ödəyicisi düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Qaydaların 3.1 və 3.2-ci bəndlərinə müvafiq olaraq vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.1, 5.1.3 və 5.1.4-cü bəndlərinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar büdcəyə artıq ödəmələrin qalan hissəsinin vergi ödəyicisinə qaytarılması üçün bu Qaydaların müddəalarına uyğun tədbirlər görürlər; Vergi Məcəlləsində başqa hallar müəyyən edilməmişdirsə, büdcəyə artıq ödəmələrin qalan məbləğlərini vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarırlar. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki, “artıq ödənilmiş vergilər geri qaytarılması” dedikdə vergi ödəyici tərəfindən hər hansı səbəbə görə artıq tutulmuş vergi məbləğlərinin geri qaytarılması başa düşülür. Geriqaytarmanı tələb etmək isə vergi ödəyicisinin hüququ, onu müəyyən edilmiş qaydada təmin etmək isə vergi orqanının vəzifəsidir. Bu vəzifənin icrası və hüququn həyata keçirilməsi VM-nin və “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının müddəaları ilə tənzimlənir. VM bu cür məbləğlərin digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi və ya vergi ödəyicisinin razılığı ilə sonraki öhdəliklər üzrə borcların ödəmələrin hesabına aid edilməsini mümkün sayır. Məhkəmə qeyd edir ki, iş üzrə araşdırma zamanı müəyyən edildi ki, iddiaçının 2012-2019cu il tarixləri arasındakı dövr üzrə 4082,19 manat dövlət büdcəsinə artıq ödənişi olmuşdur. Bu hal təqdim olunmuş şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Lakin nəzərə alınmalıdır ki, həmin məbləğlər ümumilikdə 2012-2019-cu illər üzrə dövrləri əhatə edir ki, bu zaman həmin vəsaitin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək üçün qanunla müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi aydınlaşdırılmalıdır. Bu araşdırmanın aparılması yönündə məhkəmə Vergi Məcəlləsinin müddəalarına istinad edir. Belə ki, Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli 1356-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinə yeni məzmunda əlavə edilmiş 1.4cü maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Göründüyü kimi, vergi qanunvericiliyi vergi orqanı tərəfindən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnu müəyyən müddətə məhdudlaşdırılmış və tələb etmə müddətini 5 il müəyyən etmişdir. Yuxarıda göstərilənləri işin faktiki hallarına tətbiq etdikdə məlum olur ki, iddiaçının şəxsi hesab vərəqəsində artıq ödəmə kimi 01.01.2012-14.11.2019-cu il dövrü üzrə 4082,19 manat pul vəsaiti göstərilsə də, iddiaçı həmin artıq ödəmənin qaytarılması ilə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydad 25.09.2020-ci il tarixdə müraciət etdiyindən, ona həmin vəsait üzrə 5 illik müddəti ötməmiş ödənişlər geri qaytarılmalıdır. Artıq ödəmə kimi hesablanmış məbləğin 5 illik müddəti ötmüş 3910.10 manat vaxtı ötmüş artıq ödəmə kimi silinmişdir. Belə olan halda iddiaçının hal-hazırda olan şəxsi hesab vərəqəsində mövcud olan artıq ödəməsi 172.09 manat müəyyən edilir (4082,19 -3910,10) . İPM-nin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.1-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 32-ci, 52-ci, 68- 69-cu, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı şəxsi hesab vərəqəsində yaranmış 172.09 (bir yüz yetmiş iki manat doqquz qəpik) manat artıq ödənilmiş məbləğin ödənilməsi barədə rəyin verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qalan hissədə iddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar