Məhkəmə qərarları › İş №2-1(112)-6241/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6241/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6241/2024 02.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmək kitabçası üzrə xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə kimi “Azərkəndsutəchizat” X2 işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində əmək kitabçası 03 dekabr 1980-ci ildə hələ SSRİ vaxtında açılmışdır. İddiaçı əmək fəaliyyətinə xx.xx.1980-ci ildə başlamışdır. xx.xx.1993-cü ildə “Azərkəndsutəchizat” X9 ekonomist vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1999-cu ildə isə öz ərizəsi ilə işdən azad edilmişdir. Bu barədə əmək kitabçasında da qeydlər aparılmışdır. İddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda göstərilmişdir ki, “təqdim edilən sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 18 il 6 ay 26 gün təşkil edir. Eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 1 ay 26 gün sığorta stajına uyğun olaraq 15888,78 manat xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək (1 il 5 ay sığorta satjına uyğun) 1279,68 manat olmaqla ümumilikdə 17168,46 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu (işdən azad edilmə qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmədiyindən) həmin dövrün sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmin idarənin əməkdaşı şifahi olaraq isə bildirmişdir ki, əmək kitabçasında xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə kimi “Azərkəndsutəchizat” X9 işlədiyi dövrə aid işdən çıxma ilə bağlı qeyddə vəzifəli şəxsin soyadı göstərilməmiş, həmçinin əmək kitabçasında qeydin mətni kirill qrafikası ilə yazıldığı halda müəssisənin möhürünün içində adı latın qrafikası ilə yazılmışdır. 1998-ci ildə Kəlbəcər rayonundan olan məcburi köçkünlərin Sənaye Kombinatının inzibati binasını zəbt etdikdən sonra konsernin fəaliyyəti mümkün olmamışdır. Məcburi köçkünlər qanunsuz olaraq müəssisəsinin inzibati binasına daxil olaraq mühasibat otağı, arxiv və digər otaqları zəbt edərək müəssisəyə məxsus inventarları, sənədlərin saxlandığı papka və şkafları əksəriyyətini məhv etmişlər. Bu barədə xx.xx.1998-ci il tarixdə akt tərtib edilmiş, həmin aktda kombinata məxsus əsas vəsaitlərin və inventarların sındırılması idarənin arxivdə olan sənədlərinin dağıdılaraq faktiki olaraq məhv edildiyi qeyd olunmuşdur. xx.xx.1998-ci i tarixdə eyni məzmunlu məktubla Binəqədi Rayon Prokurorluğuna da müraciət edilmişdir. Hətta “Azərkəndsutəchizat” Konserni Sənaye X1 və digərlərinə qarşı iddia ərizəsi əsasında Binəqədi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli qətnaməsi əsasında həmin şəxslərin ailə üzvləri ilə birlikdə Xırdalan qəsəbəsi, Dostluq küçəsində yerləşən “Azərkəndsutəchizat” X6 məxsus inzibati binasından çıxarılması qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəyə minmiş və bununla bağlı icra sənədi verilmişdir. İddiaçı belə bir qarışıqlıq səbəbindən xx.xx.1999-cu ildə işdən çıxmalı olmuşdur. Daha sonra iri dövlət müəssisələrinin özəlləşdirilməsi prosesində müəssisənin səhmdar cəmiyyətinə çevrilməsi ilə əlaqədar direktor tərəfindən əsas vəsaitlər yeni təyin edilmiş A.Orucova akt əsasında təhvil verilmiş, möhürlərin puç edilməsi ilə bağlı xx.xx.1999-cu il tarixdə digər bir akt tərtib edilmişdir. Həmin dövrdə Sənaye Kombinatının direktoru X4, direktor müavini isə Cəlilov Ruflan olmuşdur. Hazırkı iş üzrə Sənaye Konserninin direktoru direktoru X4 iddiaçının həmin dövrdə “Azərkəndsutəchizat” X14 rəsmi işçisi olduğunu və xx.xx.1999-cu il tarixdə işdən azad edildiyini təsdiq edə bilər. Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda “Azərkəndsutəchizat” X3 (“X17”) arxiv sənədlərinin mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə, Dövlət Arxivinin Bakı Filialına və Abşeron rayon Dövlət Arxivinə təhvil verilmədiyi qeyd olunmuşdur. Lakin pensiya təyin edən qurum tərəfindən iddiaçının əmək kitabçasında “Azərkəndsutəchizat” X7 əmək fəaliyyəti ilə bağlı qeydlərin düzgün yazılmamasını, başqa sözlə əmək kitabçasının doldurulma qaydalarına riayət edilmədiyi bəhanə edilərək həmin dövrün sosial sığorta stajına daxil edilməməsi tamamilə qanunsuz və əsassızdır. Əgər həmin dövr də nəzərə alınsa, iddiaçının 25 illik stajı tamamlanmış olur və nəticədə yaşa görə pensiya hüququ yaranır. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı və qanuni hesab oluna bilməz. Mənim yaşa görə pensiya hüququ pozulmuşdur.

3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh tərəfindən ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 61 yaş 6 ay müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı tərəfindən təqdim olunan sənədlərin surətlərinə və mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən iddiaçının sığorta stajı (xx.xx.1975-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 18 il 6 ay 26 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 17 il 1 ay 26 gün sığorta stajınıza uyğun olaraq 15888,78 manat, 01.11,2021-ci il tarixindən 01,04.2023-cü il tarixinədək (1 il 5 ay sığorta stajınıza uyğun) 1279,68 manat olmaqla, ümumilikdə 17168,46 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixindən xx.xx.1999-cu il tarixinədək və xx.xx.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu (işdən azad edilmə qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmədiyindən) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Bildirilir ki, xx.xx.1993-cü il tarixindən 01,12.1999-cu il tarixinədək və xx.xx.1999- cu il tarixindən xx.xx.2005-ci il tarixinədək əmək haqqı almağını təsdiq edən sənədləri (əmək haqqı arayışları) və əmrlərdən çıxarışları təqdim etdikdən sonra həmin dövrlərin sığorta stajına daxil edilməsinə baxıla bilər. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçıya xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 130 manat, xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edildiyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda iddiaçının həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

4. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən iddiaya yazılı etirazda qeyd olunmuşdur ki, hazırkı iş üzrə iddia tələbi əsassız və qanunsuz olduğu üçün iddianın təmin edilməməsinə dair qərar qəbul edilməlidir. İddiaçı ərizə ilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilmiş sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən onun sığorta stajı (xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı illər də nəzərə alınmaqla) 18 il 6 ay 26 gün təşkil edir. Eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 17 il 1 ay 26 gün sığorta stajına uyğun olaraq 15888,78 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək (1 il 5 ay sığorta stajına uyğun) 1279,68 manat olmaqla, ümumilikdə 17168,46 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildirilmişdir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu (işdən azad edilmə qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilmədiyindən) həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “a” bəndinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə, əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativ üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə şəxslərin əmək pensiyası almaq hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Mübahisəli müddətlər üzrə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı” haqqında Qanunun “Əmək pensiyası hüququ olan şəxslər” adlanan 3-cü maddəsinə görə qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan mülkiyyət və təsərrüfatçılıq formasından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlərin - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə əmək pensiyası almaq hüququ vardır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin (qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla) sosial sığorta ödəmələrini (pensiya, müavinət) almaq hüququ yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumu qərarına əsasən pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əməkhaqqı -müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya ayhg məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli,186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın: 3.2-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək kitabçasında qeydlər-işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qaydaların 3.4.cü maddəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Gün və ay ikirəqəmli ərəb rəqəmləri ilə yazılmalıdır. Qaydaların 4.1-ci maddəsinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli 2- 1(102)-269/2024 nömrəli qərarından görünür ki, cavabdehin mübahisələndirdiyi xx.xx.1999-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində iddiaçının "xxxx" ASC-də işləməsi ilə bağlı mübahisə üzrə isə məhkəmə kollegiyası cavabdehin məhkəmə təcrübəsinə əsaslanan belə bir dəlili ilə razılaşır ki, cavabdeh inzibati orqanın şəxsə ünvanladığı imtinada istinad olunan əsaslardan, eləcə də daha sonra məhkəmə icraatının gedişində tərəflərin verdiyi izahatlardan və etirazlardan, həmçinin apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, hər bir halda iddiaçının qanunla tələb olunan ümumi və xüsusi iş stajına malik olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil edir. İddiaçının "xxxx" ASC-də işlədiyinə dair arxiv sənədlərinin aşkarlanmadığı, müəssisə tərəfindən iddiaçı barədə verilmiş və işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli 033 №-li arayışdakı məlumatların həmin müəssisənin arxiv məlumatları əsasında deyil, iddiaçının əmək kitabçasının məlumatları əsasında yazıldığı mübahisəsizdir. Cavabdeh də işin məhz həmin hallarına istinadla qeyd edir ki, “...apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının işlədiyi müəssisənin hansı tarixdən qeydiyyatdan keçməsi, eyni zamanda hansı tarixdən özəlləşdirilərək fəaliyyət göstərməsi ilə bağlı araşdırma aparmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanan məktubda da qeyd edildiyi kimi İ.Əliyevin müvafiq müəssisədə işlədiyi dövrlərlə bağlı arxiv sənədləri aşkar edilməmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən müəssisənin mövcudluğu deyil, iddiaçının həmin müəssisədə işləməsi faktı mübahisələndirilmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası tərəfindən bununla bağlı araşdırma aparılmadan, yalnız müəssisənin mövcudluğu ilə bağlı məsələyə istinad edərək həmin dövrləri sosial sığorta stajına daxil etmişdir.” Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özüözlüyündə, qeydşərtsiz təsdiq etmir. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla təkzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı İdi- Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. İddia ərizəsində də iddiaçı qeyd etmişdir ki, Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən “Azərkəndsutəchizat” X3 sənədlərinin mühafizə üçün Azərbaycan Respublikası Dövlət Arxivinə, Dövlət Arxivinin Bakı Filialına və Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Qeyd olunanlardan görünür ki, iddiaçının mübahisələndirilən dövrlərə dair iş stajını təsdiq edən arxiv sənədləri mövcud deyil, həmçinin həmin dövrlərə dair əmək kitabçasında olan qeydlərin müvafiq qərarla təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən mötəbərliyi sübut olunmur. Belə ki, yuxarıda qeyd olunan müvafiq qərarla təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalan”ndan da görünür ki, işçilərin əmək kitabçasında işdən azad olunması barədə qeydlər işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkiların, idarənin möhürü ilə təsdiq edilməlidir. İddiaçının əmək kitabçasına baxdıqda isə, xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərə dair qeydlərdə doldurulma qaydası pozulduğu (işdən azad edilmə qeydləri səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməmişdir) aydın görünür. Göründüyü kimi qanunvericliyin normalarına əsasən İddiaçı tələb olunan ümumi (25 il) eyni zamanda tələb olunan pensiya kapitalına malik olmadığından, ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Qeyd olunanlardan da aydın olduğu kimi İddiaçı iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanunauyğun olmuşdur.

5. İş materiallarına əlavə olunmuş xx.xx.1998-ci il tarixdə tərtib edilmiş Aktda qeyd olunmuşdur ki, 29 sentyabr 1998-ci il tarixində təxminən saat 16:00-17:00 aralığında Kəlbəcər rayonundan qaçqın olan bir qrup adamlar Kombinatın inzibati binasına birinci mərtəbənin divarlarını sökərək binaya daxil olub onu zəbt ediblər. Birinci və ikinci mərtəbədə otaqların qapılarını sındıraraq orada olan kombinatın əsas vəit və inventarlarını sındıraraq, mühasibədəki və kadrlar şöbəsindəki bütün sənədlərini, idarənin arxivində olan sənədləri dağıdaraq faktiki məhv etmişlər.

6. X17 tərəfindən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna ünvanlanan xx.xx.1998-ci il tarixli məktubda qeyd edilmişdir ki, 29 sentyabr 1998-ci il tarixdə Kəlbəcər rayonundan olan bir qrup qaçınlar kombinatın inzibai binasının 1-ci mərtəbəsinin divarlarını söküb, binaya daxil olmuşlar. Sonradan 1-ci və 2-ci mərtəbədəki bütün otaqların, binanın giriş dəmir qapısının açarlarını sınırıb, otaqları zəbt ediblər. İdarənin arxivində, mühasibətdə, kadrlar şöbəsində olan sənədlər hesabat edilib, çoxu məhv edilmişdir. Otaqlarda olan əsas vəsait və inventarlar sındırılmış, bəziləri isə yoxa çıxmışdır.

7. Binəqədi qəsəbəsi 6 saylı polis bölməsinin sahə müvəkkili polis komutanı Mahmud İbrahimov və Binəqədi rayon Xırdalan sanəye kombinaının direktoru M.Mədətov tərəfindən tərib olunmuş 16 noyabr 1998-ci il tarixli Akta əsasən 29 sentyabr 1998-ci il tarixdə 29 nəfər məcburi köçkün kombinaın inzibati binasını qeyri-qanuni zəbt edərək məskunlaşmışdırlar. Həmin 4 ilə Kəlbəcər rayonundan, 3 ailə isə Cəbrayıl rayonundan olan köçkünlərdir. Heç bir ailə Binəqədi rayon İcra Hakimiyyətindən köçkün qeydiyyatdan keçməmişdir.

8. Binəqədi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-342/1999 nömrəli Qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X18, X20, X21, X16, X26, X8 və X12 digər ailə üzvləri birlikdə Bakı, 370099, Xırdalan qəsəbəsi, Dostluq küçəsində yerəşən “Azərkəndsutəchizat” X6 məxsus inzibati binadan çıxarılmışdırlar.

9. xx.xx.1999-cu tarixli Aktlara əsasən A.X22 sədr vəzifəsinin icrası Dövlət Əmlak Komitəsinin 28 sentyabr 998-ci il tarixli 573 RK saylı əmri ilə həvalə ediliyinə görə direktor M.M.Mədətovun hesabında olan X11 xx.xx.1998-ci il tarixinə olan əsas vəsaitlər və əməkçilərin siyahısı yeni təyin edilmiş A.İ.Orucova təhvil verilmişdir.

10. Möhürlərin puç edilməsi haqqında xx.xx.1999-cu il tarixli, 474 saylı Akt iş materiallarına əlavə olunmuşdur.

11. İddiaçıya məxsus əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1993-cü il tarixdən “Azərkəndsutəchizat” X2 iqtisadçı vəzifəsində işləmiş və xx.xx.1999-cu il tarixdə tutduğu vəzifədən öz xahişi ilə azad edilmişdir.

12. İqisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Azərbaycan Respublikaında 1995-1998-ci illərdə dvlət mülkiyyətinin özəlləşdirilməsinin Dövət Proqramı”na uyğun olaraq keşmiş Dövlət Əmlak komitəsinin xx.xx.1998-ci il tarixli, 1061 nömrəli sərəncamı ilə keçmiş “Azəkəndsutəchizat” Dövlət Konserninn tabeliyində olmuş X11 bazasında “X17” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlər xx.xx.2001-ci il tarixində tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir.

13. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, dövlət reyestrində "xxxx" Firması adlı hüquqi şəxlərin sayı çox olduğundan sorğu edilmiş hüqui şəxsi müəyyən etmək mümkün olmamışdır.

14. Məhkəmə iclasında şahid qismində iştirak edən Mədətov Məmməd-Hüseyn Mədət oğlu bildirmişdir ki, 1991-ci ildən 1999-cü il tarixədək “Azərkəndsutəchizat” X2 müdir vəzifəsində işləmişdir, İddiaçı isə 1993-1999-cu il tarixlərində həmin kombinatda iqtisadçı vəzifəsində işləmişdir. Eyni zamanda qeyd etdi ki, kombinatda işçilərin (iddiaçı da daxil olmaqla) əmək kitabçaları müavin vəzifəsində işləyən Cəlilov Ruflan tərəfindən imzalanır, daha sonra isə müdir (Mədətov Məmməd-Hüseyn Mədət oğlu) tərəfindən möhürlə təsdiq edilirdi, işçilərin işdən azadolma əmri isə müdirin özü tərəfindən imzalanırdı. 1999-cu ildə X23 Cəmiyyətinə çevrilməsi ilə əlaqədar bir sıra işçilər (iddiaçı da daxil olmaqla) öz xahişi ilə işdən azad edilmiş, işləməyə davam etmək istəyən şəxslərin siyahısı isə akt üzrə təhvil verilmişdir. İzahatına əlavə etdi ki, həmin dövrdə bir sıra qaçqın ailələrin kombinata məxsus inzibati binanı qanunsuz zəbt etməsi ilə əlaqədar olaraq həmin dövrə aid bir sıra sənədlər məhv olmuşdur.

15. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı və nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

16. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) cavabdehin nümayəndəsi yazılı etirazın məzmunu uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

17. İddia tələbi yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

20. Göründüyü kimi, iddiaçı 2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxs olmadığı üçün kimi yaşa görə pensiya təyini üçün iki şərt lazımdır: 1) tələb olunan yaş; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı və ya ən azı 25 il staj. 1 iyul 2020 – 30 iyun 2021 il üçün kişilər üçün pensiya yaşı 65 yaşdır.

21. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir.

22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

23. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir.

24. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

25. İddiaçı xx.xx.1958-ci ildə anadan olub.

26. İddiaçının əmək kitabçasına əsasən, xx.xx.1980-ci il tarixdə əmək fəaliyyətinə başlayıb. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sosial sığorta stajı 18 il 06 ay 26 gün təşkil edir (əmək kitabçasında qeyd olunan işlədiyi dövrlər və xx.xx.1975-ci il tarixdən xx.xx.1980-ci il tarixədək əyani təhsil aldığı müddət nəzərə alınmaqla).

27. Mübahisəli sosial sığorta stajı isə iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1993cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrdür. Mübahisəyə əsas olan hal isə iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək və xx.xx.1999cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlərin doldurulma qaydasının pozulması, yəni işdən azad edilmə qeydlərinin səlahiyyətli şəxsin imzası ilə təsdiq edilməməsidir. Nəticədə həmin dövrlər cavabdeh tərəfindən mübahisələndirilmiş və sosial sığorta stajına daxil edilməmişdir.

28. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrə münasibətdə imtinanı mübahisələndirmir, ona görə də həmin dövr məhkəmə araşdırmasının predmeti olmamışdır.

29. Cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1993-cü il tarixdən xx.xx.1999-cu il tarixədək olan dövrə münasibətdə məhkəmə müəyyən edir: - Məhkəmə iclasında şahid qismində iştirak edən Mədətov Məmməd-Hüseyn Mədət oğlu bildirmişdir ki, 1991-ci ildən 1999-cü il tarixədək “Azərkəndsutəchizat” X2 müdir vəzifəsində işləmişdir, İddiaçı isə 1993-1999-cu il tarixlərində həmin kombinatda iqtisadçı vəzifəsində işləmişdir. Eyni zamanda qeyd etdi ki, kombinatda işçilərin (iddiaçı da daxil olmaqla) əmək kitabçaları müavin vəzifəsində işləyən Cəlilov Ruflan tərəfindən imzalanır, daha sonra isə müdir (Mədətov Məmməd-Hüseyn Mədət oğlu) tərəfindən möhürlə təsdiq edilirdi, işçilərin işdən azadolma əmri isə müdirin özü tərəfindən imzalanırdı. 1999-cu ildə X23 Cəmiyyətinə çevrilməsi ilə əlaqədar bir sıra işçilər (iddiaçı da daxil olmaqla) öz xahişi ilə işdən azad edilmiş, işləməyə davam etmək istəyən şəxslərin siyahısı isə akt üzrə təhvil verilmişdir. İzahatına əlavə etdi ki, həmin dövrdə bir sıra qaçqın ailələrin kombinata məxsus inzibati binanı qanunsuz zəbt etməsi ilə əlaqədar olaraq həmin dövrə aid bir sıra sənədlər məhv olmuşdur. - xx.xx.1998-ci il tarixdə tərtib edilmiş Akta əsasən 29 sentyabr 1998-ci il tarixində təxminən saat 16:00-17:00 aralığında Kəlbəcər rayonundan qaçqın olan bir qrup adamlar Kombinatın inzibati binasına birinci mərtəbənin divarlarını sökərək binaya daxil olub onu zəbt etmişdirlər. - X17 tərəfindən Bakı şəhəri Binəqədi rayon prokurorluğuna ünvanlanan xx.xx.1998-ci il tarixli məktubda qeyd edilmişdir ki, 29 sentyabr 1998-ci il tarixdə Kəlbəcər rayonundan olan bir qrup qaçınlar kombinatın inzibai binasının 1-ci mərtəbəsinin divarlarını söküb, binaya daxil olmuşlar. Sonradan 1-ci və 2-ci mərtəbədəki bütün otaqların, binanın giriş dəmir qapısının açarlarını sınırıb otaqları zəbt ediblər. İdarənin arxivində, mühasibətdə, kadrlar şöbəsində olan sənədlər hesabat edilib, çoxu məhv edilmişdir. Otaqlarda olan əsas vəsait və inventarlar sındırılmış, bəziləri isə yoxa çıxmışdır. - Binəqədi qəsəbəsi 6 saylı polis bölməsinin sahə müvəkkili polis komutanı Mahmud İbrahimov və Binəqədi rayon Xırdalan sanəye kombinaının direktoru M.Mədətov tərəfindən tərib olunmuş 16 noyabr 1998-ci il tarixli Akta əsasən 29 sentyabr 1998-ci il tarixdə 29 nəfər məcburi köçkün kombinaın inzibati binasını qeyri-qanuni zəbt edərək məskunlaşmışdırlar. Həmin 4 ilə Kəlbəcər rayonundan, 3 ailə isə Cəbrayıl rayonundan olan köçkünlərdir. Heç bir ailə Binəqədi rayon İcra Hakimiyyətindən köçkün qeydiyyatdan keçməmişdir. - Binəqədi Rayon Məhkəməsinin xx.xx.1999-cu il tarixli, 2-342/1999 nömrəli Qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər X18, X20, X21, X16, X26, X8 və X12 digər ailə üzvləri birlikdə Bakı, 370099, Xırdalan qəsəbəsi, Dostluq küçəsində yerəşən “Azərkəndsutəchizat” X6 məxsus inzibati binadan çıxarılmışdırlar. - xx.xx.1999-cu tarixli Aktlara əsasən A.X22 sədr vəzifəsinin icrası Dövlət Əmlak Komitəsinin 28 sentyabr 998-ci il tarixli 573 RK saylı əmri ilə həvalə ediliyinə görə direktor M.M.Mədətovun hesabında olan X11 xx.xx.1998-ci il tarixinə olan əsas vəsaitlər və əməkçilərin siyahısı yeni təyin edilmiş A.İ.Orucova təhvil verilmişdir. - Məhkəmə əmək kitabçasındakı və iş materiallarına əlavə olunmuş aktlardakı imzaları nəzərdə keçirdərək müəyyən edir ki, imzaların eyniliyinə şübhə doğuran hər hansı hal yoxdur.

30. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə işləməsi əmək kitabçasında əksini tapmış, həmin dövrdə iddiaçının işlədiyi müəssisədə (“Azərkəndsutəchizat” X2) müdir vəzifəsində işləmiş Mədətov Məmməd-Hüseyn Mədət oğlunun izahatı ilə təsdiqlənmişdir və həmin müəssisənin mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ümumi sığorta stajı ən azı 25 ildir (25 il 2 ay 08 gün).

31. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək kitabçasının doldurulması qaydasının pozulması heç bir halda şəxsi pensiya hüququndan məhrum edə bilməz. Qeyd edilən hal həmin dövr üzrə əmək fəaliyyətinin həyata keçirilməsini araşdırmaq üçün inzibati icraat lazımi həcmdə sübutetmə vasitələrindən istifadə üçün araşdırma aparmaq əsas ola bilər.

32. Belə ki, “İnzibati icraat haqqında” qanundan: 45.2. İnzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: 45.2.1. sənədlərdən; 45.2.2. tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; 45.2.3. şahid ifadələrindən;... ...45.2.7. işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər.

33. Lakin cavabdeh tərəfindən inzibati icraatın aparılmaması və qeyd edilən zəruri sübutetmə vasitələrindən istifadə edilməməsi nəticəsində formal yanaşma iddiaçının pensiya hüququndan məhrum edilməsi ilə nəticələnmişdir.

34. Məhkəmə eyni zamanda qeyd edir ki, hamıya bəlli olan haldır ki, 1999-cu ildə kirill qrafikasından latın qrafikasına keçid dövrü olduğundan sənədləşmədə qarışıq qrafikalarda yazılara rast gəlmək mümkündür.

35. Məhkəmə qeyd edir ki, iddaçı İddiaçı cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1999cu il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrün sosial sığorta stajına daxil edilməsini tələb etmədiyindən iddia tələbindən kənara çıxaraq həmin dövrün araşdırılması zərurəti yoxdur.

36. 01 iyul 2019 – 01 iyul 2020 dövrü üçün qadınlar üzrə pensiya yaşı 61 yaş 6 aydır. Odur ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2020-ci il tarixdə yaranmışdır.

37. X24 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

38. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );

39. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı xx.xx.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)

40. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi hüququ və bununla bağlı “qanuni gözləntisi” yoxdur və cavabdeh qurumun imtinası iddiaçının qanunla qorunan hüquqlarını pozmur.

41. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

42. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilsin. xx.xx.1993-cü ildən xx.xx.1999-cu ilə kimi “Azərkəndsutəchizat” X2 işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək İddiaçı 61 yaş 6 ayın tamam olduğu xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar