Məhkəmə qərarları › İş №2-1(112)-6243/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6243/2021

30.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6243/2021 30.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti, X5) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mənzilə dair 23.12.2004-cü il tarixdə order verilmişdir. Cavabdeh əsassız olaraq həmin orderi nəzərə almamış, digər şəxsin adına həmin mənzil nömrəsi ilə mənzilin qeydiyyata alındığını qeyd etmişdir. Cavabdehə mülkiyyət hüququnun qeydiyyatı üçün əsas olan sənədlər lazımı qaydada təqdim edilmişdir. Eyni zamanda ünvanın eyni olması ilə bağlı qeyd etmişdir ki, ünvan 1 ünvanlı beş mərtəbəli yataqxana və beş mərtəbəli 64 mənzilli yaşayış binası vardır və binaların ara məsafəsi 100 metrə yaxındır. Yaşayış binasının özəlləşdirilməsi səbəbindən mənə məxsus mənzilin özəlləşdirildiyi qeyd edilmişdir. Halbuki mənzillər fərqlidir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh hesab edir ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Habelə qeyd olunan mənzilin nömrəsi digər şəxsin adına qeydiyyata alınmış mənzil nömrəsi ilə eynidir. İddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunvericiliyin tələbindən də göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməlidir. Hazırkı iş üzrə mülkiyyət hüququnun qeydiyyata alınması tələb edilən mənzil üzərində isə həmin hüququn qeydiyyata alınması üçün nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Bununla bağlı olaraq məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş order və orderin verilməsinə əsas olmuş sənədlər də yuxarıda adıçəkilən qanunla siyahısı konkret olaraq müəyyən edilmiş hüquqmüəyyənedici sənəd qismində çıxış edə bilməz. Qanunun 8.0.11-ci maddəsində orderin nəzərdə tutulması da məhkəmə hesab edir ki, vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, maddənin tələbindən də göründüyü kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) verilmiş o orderlər mülkiyyət hüququnun qeydiyyata alınması əsası qismində çıxış edə bilər ki, order müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş olsun. Müvafiq icra hakimiyyəti orqanı dedikdə isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azrbaycan Respublikası Prezidentinin 2014-cü il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları başa düşülür. Hazırkı iş üzrə order iddiaçıya müvafiq yerli icra hakimiyyəti orqanı tərəfindən verilməmiş, Bakı “Radioquraşdırma” İB müdiriyyəti və HİKnin 41 saylı protokolu ilə rəsmiləşdirilmiş 09 noyabr 2004-cü il tarixli birgə qərarına əsasən müəssisənin özü tərəfindən verilmişdir. Göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas olan sənədlər konkret olaraq müəyyən edilmişdir ki, müəssisə tərəfindən verilən order və onun verilməsinə əsas olmuş sənədlər yerli icra hakimiyyəti orqanları tərəfindən verilmiş orderi, sərəncamı və ya bağlanılmış kirayə müqaviləsini əvəz etmədiyindən yuxarıda adıçəkilən qanunun tələbləri baxımından mülkiyyət hüququ yaradan sənəd hesab edilə bilməz. Yalnız yerli icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair order, sərəncam və ya kirayə müqaviləsi maddənin məqsədləri baxımından mülkiyyət hüququnun yaranması əsası qismində çıxış edir. Bu zaman dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair orderlə, yataqxanalardan istifadə edilməsi ilə bağlı verilən orderin fərqləndirilməsi baxımında 2009-cu il oktyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müvafiq müddəalarının da təhlili zəruridir. Adıçəkilən hal-hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin: Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan İİ bölməyə daxil olan 1-ci fəslində mənzil fondunun qeyd olunan kateqoriyalarına aid yaşayış sahələrinin verilməsi qayda və prosedurları konkret olaraq qeyd edilmişdir. Həmin Fəslə daxil olan 46-cı maddələrindən göründüyü kimi ictimai mənzil fondu evlərində (Məcəllənin 4-cü maddəsinə əsasən ictimai mənzil fondu dedikdə kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri başa düşülür) yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq inzibati orqana məlumat verilir. 48-ci maddəyə əsasən isə istər dövlət, istərsə də ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında müvafiq inzibati oqan tərəfindən vətəndaşa order verilir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi istər dövlət, istər ictimai mənzil fondu evində yaşayış sahəsinin verilməsi haqqında qərar əsasında order vermək səlahiyyəti müvafiq inzibati orqana aid hesab edilmişdir ki, yaşayış sahəsinə köçmək üçün yeganə əsas qismində həmin orderin müəssisənin özü tərəfindən verilməsi nəzərdə tutulmamışdır. Müəssisətərəfindən yataqxanalarla bağlı orderin verilməsinə dair qaydalar isə adıçəkilən Məcəllənin dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan İİ bölməyə daxil olan 1ci fəsli ilə deyil, yataqxanalardan istifadə adlanan 4-cü fəsil ilə müəyyən edilmişdir. Həmin fəslə daxil olan 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. 107-ci maddəyə əsasən yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin birgə qərarı ilə verilir. mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Göründüyü kimi Köhnə Mənzil Məcəlləsi ilə dövlət və ya ictimai mənzil fonduna daxil olan yataqxana tipli yaşayış sahəsinin verilməsi ilə bağlı orderlə, yataqxanalardan istifadə ilə bağlı verilən order arasında fərqləndirmə aparılmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş sənədlər həmin maddədə adıçəkilən qüvvədən düşmüş Məcəllənin İİ bölmə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsinin verilməsi adlanan 1-ci fəsil ilə müəyyən edilmiş prosedur qaydalara uyğun olaraq verilmiş müvafiq inzibati orqanın verdiyi orderi nəzərdə tutur, yataqxanalardan istifadə ilə bağlı verilən order isə müəssisənin müdriyyəti tərəfindən verilir ki, adıçəkilən maddədə nəzərdə tutulan mülkiyyət hüququnun qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənəd hesab edilmir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qərarları nəticəsində orderin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, yuxarıda qeyd edildiyi kimi adıçəkilən order dövlət və ya mənzil ictimai fondundan yaşayış sahəsinə dair köçmək üçün yeganə əsas qismində çıxış edən order olmayıb, müəssisə müdriyyəti tərəfindən yataqxanadan istifadə ilə bağlı verilən order hesab edilir ki, həmin orderin etibarlılığı, qeyd olunan orderin, eləcə də orderin verilməsinə əsasən hesab edilən sənədlərin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd hesab edilməsi anlamına gəlmir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati orqanın hüquqmüəyyənedici sənədin təqdim edilməməsi ilə bağlı irəli sürdüyü faktiki şərtlə bağlı imtinası qanuni və əsaslıdır. Məhkəmə, həmçinin cavabdehin digər imtina dəlili ilə bağlı da araşdırma aparmış və müəyyən etmişdir ki, mülkiyyət hüququ üçüncü şəxs X2 adına qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş mənzil sahəsinin nömrəsi ilə, iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasını iddia etdiyi mənzil sahəsinin ünvanı eyni olsa da, mənzillər fərqli binalarda yerləşən fərqli mənzillərdir. Cavabdehin sorğuya 13.08.2021-ci il tarixli cavab məktubu ilə də müəyyən edilir ki, qeyd olunan ünvanda bir neçə yaşayış binaları inşa edilmişdir. İddiaçı da iddia ərizəsində oxşar məzmunlu məlumat qeyd edərək həmin ünvanda yaşayış binası və yataqxananın eyni ünvan olduğu göstərmiş, mənzillərin fərqli olduğunu bildirmişdir. Subyektiv hüququn mövcud olubolmadığının müəyyən edilməsi ilə bağlı aparılması zəruri olan araşdırma zamanı müəyyən edilmişdir ki, qeyd olunan ünvanlar eyni olsa da, iddiaçının iddia etdiyi mənzil 1 otaqdan ibarət olmaqla 18 kv.m ölçüdədir. Üçüncü şəxsin mülkiyyət hüququ qeydiyyata alınmış mənzil isə 2 otaqdan ibarət, ümumi sahəsi 46.18 kv.m ölçüdədir. Göründüyü kimi həmin mənzillərin otaq sayı və ölçü baxımından fərqli mənzillər olması aşkardır. Lakin cavabdehin imtinası hüquqmüəyyənedici sənədin təqdim edilməməsi hissəsində qanuni və əsaslı olduğundan qeyd olunan faktiki şərtə münasibətdə cavabdehin imtinasının əsassız olması iddianın təmin edilməsi nəticəsinə gəlinməsi barədə yekun nəticəyə gəlinməsini mümkünsüz edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar