Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6243/2023 16.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsi 35 saylı Şəhər Poliklinikasına qarşı “tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X11 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsi 35 saylı Şəhər Poliklinikasına qarşı “tibbi şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” publik hüquqi şəxsi 35 saylı Şəhər Poliklinikasına qarşı imtina ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və tibbi şəhadətnamənin verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 25 dekabr 1982-ci ildə nikahını dövlət orqanlarında rəsmi qaydada qeyd etdirməklə X5 ilə ailə qurmuşdur. X13 xx.xx.2022-ci ildə özünü pis hiss etdiyinə görə, o, təcili tibbi yardım stansiyasına müraciət etmişdir. Tibbi yardım həkimləri gələnə qədər arvadı vəfat etmişdir. Bu barədə ona təcili tibbi yardım stansiyasının 16 saylı bölməsinin həkimləri tərəfindən 12 oktyabr 2022-ci ildə sorğuya cavab arayışı verilmişdir. Həmin sənədi o, yaşayış yeri üzrə 35 nömrəli Poliklinikaya təqdim etmişdir. Lakin, mərhum Polexina Asiyanın poliklinikaya müraciət etmədiyi əsas götürülərək ona tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Həmin sənədləri o, Binəqədi rayon Qeydiyyat Şöbəsinə təqdim etsə də, ona ölüm haqqında şəhadətnamə verməkdən imtina edilmişdir. Ölüm haqqında şəhadətnamənin başqa qaydada alınması mümkün deyildir. Ölüm haqqında şəhadətnamə ona vərəsəlik hüquqlarının, o cümlədən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə, sərəncam vermək üzrə hüquqlarının həyata keçirilməsi üçün lazımdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarına əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. X1 12 oktyabr 2022-ci ildə Binəqədi qəsəbəsində ölməsi faktını şahidlər X2 və Bakı şəhəri, 2-ci Alatava küçəsi, ev 4 “S”-də yaşayan X10 təsdiq edə bilərlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
4. Cavabdeh tərəfindən iddiaya qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, İddiaçı mərhum arvadı X6 Binəqədi rayonu 35 nömrəli Şəhər Poliklinikasının ərazisində yaşasa da, yaşadığı dövr ərzində Poliklinikaya müraciəti olmamışdır və adına ambulator kart açılmamışdır.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi imtinaya uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. İİ-BH seriyalı 372320 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, 15 avqust 1957-ci il tarixdə anadan olmuş İddiaçı ilə 27 mart 1957-ci il tarixdə anadan olmuş X7 arasında 25 dekabr 1982-ci ildə rəsmi nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1982-ci il dekabr ayının 25-də 701 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Polexin, arvada Polexina soyadı verilmişdir.
8. Bakı şəhəri Təcili və X9 Stansiyasının 16 saylı bölməsi tərəfindən iddiaçının ərizəsinə cavab olaraq verilmiş 32 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, iddiaçıya bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:20-də ünvan 2 ünvanına X6 adına çağırış daxil olmuşdur. Çağırışı 16 saylı bölmənin həkimi Ə.Əhmədov yerinə yetirmiş və ünvanda həkimə qədər ölüm, qadın cinsli meyid aşkar etmişdir.
9. cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 17 noyabr 2022-ci il tarixli 05/q-381/13 nömrəli imtina məktubuna əsasən, xx.xx.2022-ci il tarixdə vəfat etmiş arvadı X1 ölümünün qeydiyyata alınması barədə xx.xx.2022-ci il tarixli müraciətinə baxılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Arvadının adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktı məhkəmə tərəfindən müəyyən edilməlidir. Bununla əlaqədar aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunur.
10. 03 dekabr 2022-ci il tarixli 35 nömrəli Şəhər Poliklinikası tərəfindən verilən İddiaçı xx.xx.2022-ci il tarixində poliklinikaya etmiş müraciətinə cavab məlumatına əsasən onun xx.xx.2022-ci il tarixində yazdığı ərizəyə cavab olaraq bildirilmişdir ki, mərhum X1 heç vaxt 35 nömrəli Şəhər Poliklinikasına müraciəti olmayıb, ambulator kartı yoxdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
11. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
12. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
13. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
14. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
15. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
16. Məhkəmə iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
17. Belə ki, işin hallarının məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 15:20-də, ünvan 3 ünvanında İddiaçı arvadı, xx.xx.1957-ci il təvəllüdlü X3 ölüm hadisəsi baş vermiş, lakin, bununla bağlı ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
19. 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.
20. İstinad olunan Plenum Qərarının 9.4-cü bəndinə əsasən şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
21. Qeyd olunan Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.
22. "Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə görə insanın ölüm anını tibb işçisi (həkim, feldşer) təsdiq edir. İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018ci il tarixli 05 nömrəli Qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nın 4.1-ci bəndinə əsasən, "ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulatorpoliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir; 4.2-ci bəndinə əsasən, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X9 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquqmühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-nin həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir;
24. 4.3-cü bəndinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir;
25. 4.5-ci bəndinə əsasən, ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir;
26. 4.7-ci bəndinə əsasən, şəhadətnamədə bilavasitə ölümə səbəb olmuş xəstəlik, travma və ya digər hallar və ölümün baş verməsinə təsir etmiş, lakin onun birbaşa səbəbi olmamış digər vacib hallar da ardıcıllıqla qeyd olunmalıdır. Ölümün səbəbi "Xəstəliklərin və Sağlamlıqla Bağlı Problemlərin X4 (XBT-l0)” üzrə kodlaşdırılmalıdır;
27. 5.3-cü bəndinə əsasən, şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur.
28. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il, 52 nömrəli əmri ilə təsdiq edilmiş "Ölüm haqqında tibbi şəhadətnamənin verilməsi qaydasına dair” Təlimatın 3-cü maddəsinə əsasən, ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X9 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada "Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir;
29. 4-cü maddəsinə əsasən, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir.
30. Göründüyü kimi, Qanunvericiliyin tələbi baxımından ambulator tibb müəssisəsi tərəfindən "ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi ölümün baş vermə səbəbi məlum olan hallarda mümkün olduğunu şərtləndirir.
31. Hazırki işdə isə "xəbərdarlıq vərəqəsi”nə əsasən şəxsin ölüm faktının həkim gələnə qədər baş verdiyi, yəni qadın cinsinə aid meyitin aşkarlandığı qeydi aparılması müəyyən edilmişdir.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
33. Bu baxımdan, məhkəmə qeyd edir ki, iddiaçının arvadının ölüm faktının müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi qaydasında) aidiyyəti üzrə ümumi məhkəmədə (rayon (şəhər) məhkəməsi) müraciət etmək hüququ vardır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
36. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
37. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva