Məhkəmə qərarları › İş №2-1(112)-6243/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6243/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6243/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə qarşı “vergi borcunun silinməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinə (bundan sonra – X1 Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 Baş İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-2-8/2-Ə-5xx-xx/2024 №-li “Müraciətə baxılması haqqında” imtina bildirişinin qanunsuz hesab edilməsi və 1150.73 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, X1 Baş İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-2-8/2-Ə-5xx-xx/2024 №-li “Müraciətə baxılması haqqında” imtina bildirişinin qanunsuz hesab edilməsi və 2062.56 manat məbləğində vergi borcunun silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən, “Vergilərin hesablanması barədə” 17 noyabr 2017-ci il tarixli, **********761300 №-li, 22 yanvar 2018-ci il tarixli, **********0559900 №-li, 16 aprel 2018-ci il tarixli, **********535800 №-li, 16 yanvar 2018-ci il tarixli, **********893600 №-li, 15 iyun 2018-ci il tarixli, **********756900 №-li və 08 fevral 2019-cu il tarixli, **********893500 №-li həmçinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 31 may 2019-cu il tarixli, **********483900 №-li, 31 may 2019-cu il tarixli **********450700 №-li, 31 may 2019-cu il tarixli, **********432700 №-li və xx.xx.2019-cu il tarixli, **********464200 №-li qərarlarla hesablanmış vergi borclarının silinməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli uçot-baza məlumatlarına əsasən onun şəxsi hesab vərəqəsində vergilər üzrə yaranmış 1808.32 manat borc məbləği, 2016-2023-cü illər üçün eyni zamanda mdss üzrə yaranmış 207.77 manat və its üzrə 46.47 manat məbləğində borc məbləği 2022-2023-cü illər üçün təqdim edilmiş vergi bəyannamələri üzrə hesablanmışdır. Vergi ödəyiciləri xidmət mərkəzinin “Nərimanov 1”’ xidmət mərkəzi vasitəsi ilə xx.xx.2024-cü il tarixli müraciət ərizəsi ilə vaxtı ötmüş borc hissəsində olan 1150.73 manat məbləğinin Vergi Məcəlləsinin 85.4 maddəsinə əsasən silinməsini xahiş etmişdir. X1 Baş İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024cü il tarixli, 3-21-2-8/2-Ə-5xx-xx/2024 №-li “Müraciətə baxılması haqqında” imtina bildirişində xx.xx.2024-cü il tarixli **********1 nömrəli əmlakın siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar vergi ödəyicisi - onun siyahıya alınmış əmlakının satılması məqsədi ilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müracət edilməsi, işin hal-hazırda həmin məhkəmənin icraatında olması əsas gətirilmişdir. Qeyd edilmişdir ki, sözügedən məhkəmə prosesi yekunlaşdıqdan sonra vergi borcunun silinməsi məsələsinə baxıla bilər. Hesab edir ki, X1 Baş İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-21-2-8/2-Ə-5xx-xx/2024 №-li “Müraciətə baxılması haqqında” imtina bildirişi qanunsuzdur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh X1 Baş İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Yazılı etiraz onunla əsaslandırılmışdır ki, Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış /borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Eyni zamanda Vergi Məcəlləsinin 90.2-ci maddəsinə əsasən məhkəmə siyahıya alınmış əmlakın satılması barədə vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Bildiririk ki, xx.xx.2024-cü il tarixli **********1 nömrəli əmlakın siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar vergi ödəyicisi İddiaçı siyahıya alınmış əmlakının satılması məqsədilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və iş hal-hazırda həmin məhkəmənin icraatındadır. Odur ki, yuxarıda sözügedən məhkəmə prosesi yekunlaşdıqdan sonra vergi borcunun silinməsi məsələsinə baxıla bilər. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Eyni zamanda, həmin Məcəllənin 85.5-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 93.1-ci maddəsinə əsasən, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; - bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə; - qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; - digər hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab edildikdə qanunla müəyyən edilmiş qaydada silinə bilər. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi ohdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləginin vergilərin (o cumlədən cari vergi odəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada odənilməsidir. Vergi odəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi ohdəliklərinin yerinə yetirilməsi məcburidir. Belə ki, Mülki Məcəllənin 2.5-ci maddəsinə əsasən, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir. Onu da vurğulayaq ki, Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin şərh edilməsinə dair qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.5-ci maddəsinin tələbləri baxımından, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadığı halda, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan münasibətlərə həmin Məcəllənin müddəaları tətbiq edilmir. Göründüyü üzrə, iddiaçı tərəfindən mübahisələndirilən məsələ Vergi Məcəlləsi ilə tam əhatə olunur və iddia tələbində qeyd olunan hallar əsassız olduğundan təmin edilməməlidir. Belə olan halda, iddia tələbinin əsassız və qanunsuz olması sadalanan normalarla öz təsdiqini tapır. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh müvafiq olaraq məhkəmə iclasına gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı eyni tələblə cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu tərəfindən qanunvericiliklə müəyyən edilmiş müddətdə iddiaçının müraciəti təmin olunmadığından iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: X1 Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Müraciətə baxılıması haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-Y-7xx-xx/2024 №-li cavab məktubundan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixə olan uçot-baza məlumatlarına əsasən iddiaçının şəxsi hesab vərəqəsində vergilər üzrə yaranmış 1808,32 manat borc məbləği 2016-2023-cü illər üçün, eyni zamanda mdss üzrə yaranmış 207,77 manat və its üzrə 46,47 manat məbləğində borc məbləğinin 2022-2023-cü illər üçün təqdim edilmiş vergi bəyannamələri üzrə hesablandığı müəyyən edilmişdir. X1 Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış “Müraciətə baxılıması haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-8/2-Ə-5xx-xx/2024 №-li cavab məktubunda göstərilmişdir ki, “...Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Vergi Məcəlləsinin 23.1.15-1-ci maddəsinə əsasən hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 90.2-ci maddəsinə əsasən məhkəmə siyahıya alınmış əmlakın satılması barədə vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. Bildirilir ki, xx.xx.2024-cü il tarixli **********1 nömrəli əmlak siyahıya alınması haqqında qərarın icrası ilə əlaqədar vergi ödəyicisi İddiaçı siyahıya alınmış əmlakının satılması məqsədilə xx.xx.2024-cü il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət olunmuş və iş hal-hazırda həmin məhkəmənin icraatındadır. Odur ki, yuxarıda sözügedən məhkəmə prosesi yekunlaşdıqdan sonra vergi borcunun silinməsi məsələsinə baxıla bilər.” İddiaçıya (VÖEN: **********) aid xx.xx.2024-cü il çap tarixli şəxsi hesab vərəqində (surəti) olan məlumatlara əsasən hesablanılmışdır: 3444,94 manat; Ödənilmişdir: 788,40 manat; Azaldılmışdır: 546,00 manat; Çap tarixinə faiz borcu: 541,38 manat; Əhatə etdiyi dövrün son tarixinə saldo: -1808,32 manat; Çap tarixinə saldo: -1.808,32 manat; Cəmi ödənməli borc: 1808,32 manat; Vaxtı ötmüş borc: 1150,73 manat olaraq göstərilmişdir. Həm iddiaçı, həm də məhkəmənin müvafiq sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-2-3/2-675093/2025 №-li cavab məktubu ilə təqdim edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında: - Bakı şəhəri X2 Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli, **********761300 №-li Qərarından görünür ki, 2017-ci il 3-cü rüb üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: 84,00 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı: 126,00 manat təşkil etmiş və nəticədə 42,00 manat əlavə vergi məbləği hesablanmışdır. Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə”: - xx.xx.2018-ci il tarixli, **********893600 №-li Qərarından görünür ki, 2017-ci il 4-cü rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 92,00 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 126,00 manat təşkil etmiş və nəticədə 34,00 manat əlavə vergi məbləği hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, **********055900 №-li Qərarından görünür ki, 2017-ci il 4-cü rüb üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi və ya sığorta haqqı: 84,00 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 126,00 manat təşkil etmiş və nəticədə 42,00 manat əlavə vergi məbləği hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, **********535800 №-li Qərarından görünür ki, 2018-ci il 1-ci rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 180 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 228 manat təşkil etmiş və nəticədə 48 manat əlavə vergi məbləği hesablanmışdır. - xx.xx.2018-ci il tarixli, **********756900 №-li Qərarından görünür ki, 2018-ci il 2-ci rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 70 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 105 manat təşkil etmiş və nəticədə 35 manat əlavə vergi məbləği hesablanmışdır. - xx.xx.2019-cu il tarixli, **********893500 №-li Qərarından görünür ki, 2018-ci il 4-cü rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 184 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 213 manat təşkil etmiş və nəticədə 29 manat əlavə vergi məbləği hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə”: - xx.xx.2019-cu il tarixli, **********483900 №-li Qərarından görünür ki, 2019-cu il 1-ci rüb üzrə sadələşdirilmiş vergilər üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, təqdim edilmiş bəyannamə üzrə vergi ödəyicisi tərəfindən hesablanmış vergi: 168 manat; Vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi: 126 manat təşkil etmiş və nəticədə 42 manat əlavə vergi məbləği hesablanmışdır. - xx.xx.2019-ci il tarixli, **********450700 №-li Qərarından görünür ki, yanvar 2019cu il ƏDV üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi və ya sığorta haqqı kimi 106,78 manat hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 1673,96 manat təşkil etmişdir. - xx.xx.2019-ci il tarixli, **********432700 №-li Qərarından görünür ki, yanvar 2019cu il ƏDV üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi və ya sığorta haqqı kimi 106,78 manat hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 1673,96 manat təşkil etmişdir. - xx.xx.2019-ci il tarixli, **********464200 №-li Qərarından görünür ki, mart 2019-cu il ƏDV üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəyyən edilmişdir ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi və ya sığorta haqqı kimi 114,41 manat hesablanmış, qərarın hazırlandığı tarixə vergi və sığorta haqları üzrə öhdəlik 1896,81 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Vergilər Məcəlləsi: ... Maddə 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Maddə 85.2. Vergilərin ödənilmə müddətləri pozulmaqla ödənilməsinə görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. Maddə 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. Maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. ... Maddə 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. ... Maddə 89.1 Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. ... Maddə 90.1 Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Maddə 90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. ... Maddə 93.1. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; 93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə, 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarı. Məhkəmənin mövqeyi. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ona kameral vergi yoxlamaları nəticəsində hesablanmış, tutulma müddəti bitmiş vergı borclarının ümidsiz borc kimi silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. İddianın hüquqi əsasına münasibətdə məhkəmə qeyd edir ki, ümidsiz borc institutu Vergi Məcəlləsinin 93-cü maddəsi ilə tənzimlənir. Belə ki, həmin maddənin dizpozisiyasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların hansı hallarda silinməli olmasının şərtləri nəzərdə tutulmuşdur ki, onlardan biri də bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin qurtarmasıdır. Sözügedən müddət isə VM-in 85.4-cü maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən isə vergi orqanları verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Başqa sözlə, vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 12 yanvar 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri VM ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq VM ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (VM-in 23.1.6-23.1.8-ci maddələri). Bu hüquqların həyata keçirilməsi qaydaları isə Azərbaycan Respublikası VMnin 65, 89 və 90-cı maddələrində təsbit olunmuşdur. Onların sırasında, borclu vergi ödəyicilərinin bank və ya digər kredit təşkilatlarında olan hesablarına sərəncamların qoyulması, əmlakın siyahıya alınmasına dair qərarların qəbul edilməsi, öhdəliyinin icrasının təmin olunması məqsədilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması məqsədilə məhkəməyə müraciət etmək kimi səlahiyyətlər nəzərdə tutulmuşdur. Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Belə ki, Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyalarını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləği vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergi orqanları VM-in 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində VM-də nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Azərbaycan Respublikası VM-in 85.4-cü maddəsində nəzərdə tutulmuş 5 illik müddət də iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyət iştirakçılarının iqtisadi fəaliyyətinə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Məhz buna görə də bu müddət bitdikdən sonra vergi orqanları tərəfindən vergi ödəyicisinə məcburiyyət tədbirlərinin tətbiq edilməsi yolverilməzdir. Başqa sözlə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Belə olan halda cavabdeh vergi ödəyicisinin öhdəliyinin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi VM-də vergi orqanlarına verilən hüquqdan istifadə etməmiş, iddiaçının ödənilməmiş vergilərinin qanunla müəyyən edilmiş qaydada və müddətdə dövlət büdcəsinə ödənilməsini təmin etməmişdir. Dövlət məcburiyyət tədbirlərinin həyata keçirilməsinə müəyyən məhdudiyyətlərin, o cümlədən, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. Bundan çıxış edərək vergiqoymanın elementlərindən biri kimi vergi ödəmə müddətinin müəyyən edilməsi vergi hüquq münasibətlərinin hər iki tərəf üçün onun məcburiliyi, dövlət və şəxsi maraqların ədalətli tarazlığının təmin olunması məqsədini daşıyır. Beləliklə, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına kompleks şəkildə tətbiq edərək məhkəmə aşağıdakıları qeyd edir. Vergi öhdəliyi vergi ödəyicisi tərəfindən 5 il ərzində yerinə yetirilmədikdə, ödəyicinin həmin öhdəliyin ümidsiz borc kimi silinməsini tələb etmək hüququ vardır ki, həmin məbləği silmək eyni zamanda vergi orqanının da vəzifəsidir. Belə ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Məhkəmə ümidsiz borcla bağlı işlər üzrə borcun məbləğinin müəyyən edilməsi zamanı aşağıdakı qiymətləndirmə mexanizminin tətbiq edilməli olduğunu zəruri hesab edir: - silinməsi tələb olunan faktiki borcun məbləği və tərkibi; - müraciət tarixindən 5 il əvvələ olan borcun məbləği və son 5 il ərzində aparılmış ödənişlər; - ödənişlərin Vergi Məcəlləsinin 88-ci maddəsinin tələbini gözləməklə borclara yönəldilib-yönəldilməməsi; - 5 illik tələbetmə müddəti keçmiş borcun dəqiq məbləği. - vergi ödəyicisinin borcun silinməsi ilə bağlı vergi orqanına müraciətinin olubolmaması; İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının silinməsini tələb etdiyi borclar aprel 2019-cu il tarixdən əvvəlki dövlərə təsadüf edir ki, həmin müddətdən sonra iddiaçı tərəfindən hər hansı ödəniş həyata keçirilmədiyindən, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən həmin borcun tələbetmə müddəti keçmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü maddəsinin tələblərinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin edilməsi məqsədilə vergi orqanlarının bir çox hüquqları təsbit edilmişdir ki, həmin hüquqlar əsasında isə vergi orqanı vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün ödəniş xidməti təchizatçılarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada təhqiqat aparmaq və.s. tədbirlər həyata keçirə bilərdi. Lakin hazırkı iş üzrə cavabdeh inzibati orqan iddiaçının dövlət büdcəsinə olan vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə qanunla təsbit olunmuş hüquqlardan istifadə etməmiş və nəticədə isə vergi borcunun ümidsiz borc kimi silinməsi zərurəti yaranmışdır. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X2 Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2017-ci il tarixli, **********761300 №-li, Bakı şəhəri Lokal Gəlirlər Departamentinin “Vergilərin hesablanması barədə” xx.xx.2018-ci il tarixli, **********893600 №-li, xx.xx.2018-ci il tarixli, **********055900 №-li, xx.xx.2018-ci il tarixli, **********535800 №-li, xx.xx.2018-ci il tarixli, **********756900 №-li, xx.xx.2019-cu il tarixli, **********893500 №-li, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********483900 №-li, xx.xx.2019-cu il tarixli, **********450700 №-li, xx.xx.2019-cu il tarixli, **********464200 №-li və xx.xx.2019-cu il tarixli **********432700 qərarları ilə İddiaçı hesablanmış vergi borclarının tələbetmə müddəti keçmiş ümidsiz borc qismində silinməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar