Məhkəmə qərarları › İş №2-1(112)-6244/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6244/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6244/2023 31.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 1000/178Ş nömrəli, xx.xx.2022-ci il tarixli əmrini ləğv edərək işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 231Ş nömrəli, xx.xx.1999-cu il tarixli əmrə əsasən elə həmin tarixdən Astara gömrükxanasının yol vergiləri şöbəsinin böyük inspektoru vəzifəsinə, 100/1174Ş nömrəli xx.xx.2015-ci il tarixli əmrlə həmin şöbənin baş inspektoru vəzifəsinə, 100/123Ş nömrəli xx.xx.2018-ci il tarixli əmrlə həmin tarixdən Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunun baş inspektoru vəzifəsinə təyin edilmişdir. 1000/178Ş nömrəli xx.xx.2022-ci il tarixli əmrlə həmin tarixdən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin ikinci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatması ilə əlaqədar xidmətinə xitam verilmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/178Ş nömrəli xx.xx.2022-ci il tarixli əmri qanusuz və əsasızdır. Belə ki, iddiaçı əmək qabiliyyətini müvəqqəti itirdiyi və ambulator müalicə aldığı üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək xəstəlik vərəqəsində olmuşdur. Buna baxmayaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/178Ş nömrəli əmri ilə xidmətinə xitam verilmişdir. Halbuki, Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 121-ci hissəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə, habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının təşəbbüsü ilə onun xidmətinə xitam verilməsinə yol verilmir. Qeyd edilənlərdən də göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnən xx.xx.2022-ci il tarixli 1000/178Ş nömrəli qanunsuz və əsassız əmr qəbul edilmişdir. Pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə iddiaçı dəfələrlə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, iddiaçı pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra- İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh iddiaya dair məhkəməyə təqdim etdiyi yazılı münasibətində (etirazında) bildirmişdir ki, sabiq gömrük əməkdaşı İddiaçı xidmətdə olmağın son yaş həddinə çatdığına görə Komitənin 1000/178ş nömrəli 11 fevral 2022-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının 1999-cu il, 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında" Əsasnamənin (bundan sonra - Əsasnamə) 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən onun gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinin tələbinə əsasən gömrük orqanının vəzifəli şəxsinin xidmətinə bu Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə xitam verilə bilər. Əsasnamənin 27-ci maddəsində isə gömrük xidməti mayoru, tibb xidməti mayoru, gömrük xidməti polkovnikleytenantı, tibb xidməti polkovnik-leytenantı üçün 55 yaş son yaş həddi kimi müəyyən edilmişdir. Hazırda mübahisələndirilən əmrdən göründüyü kimi sabiq əməkdaş İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsi üçün əsas xidmətdə olmağın son yaş həddinə çatdığına görə Cənub Ərazi Baş Gömrük idarəsinin rəisi Pərviz Rəhimovun təqdimatı olmuşdur. AR ƏM-nin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çəkinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Bununla da AR ƏM-nin 296.3-cü maddəsində göstərilən hüququnun pozulmasının aşkar edildiyi gün, yəni iddiaçı özünə məxsus əmək kitabçasını götürdüyü gündən (xx.xx.2022-ci il) keçən müddət nəzərə alınmaqla hazırkı iş üzrə iddiaçının işə bərpa ilə bağlı iddia müddətini ötürdüyü sübut olunur (əlavə olunur). İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə məhkəməyə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. Göstərilənləri nəzərə alaraq, iddianın qeyrimümkün hesab edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə prosessual müddətin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı AR Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli 1000/178ş saylı əmri ilə işdən azad olunan vaxt səhhətində olan problemlərə görə əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi və ambulator müalicədə olmuşdur. Həmçinin, əmrin verildiyi tarixdən sonra səhhəti ilə əlaqədar mütəmadi olaraq müalicə almışdır. Bundan sonra iddiaçının həyat yoldaşı əməliyyat keçirmiş və bu səbəbdən də hüquqlarının müdafiəsi üçün müraciət edilməmişdir. Həmçinin, iddiaçıya bildirilmişdir ki, bu əmrlə işdən azad olunsa da, sonradan yenidən işə bərpa olunacaqdır. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 28-ci maddəsinə əsasən gömrük orqanının vəzifəli şəxsi tibbi cəhətdən yararlı olduqda, bu Əsasnamənin 27-ci maddəsində göstərilən yaş hədləri Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanı tərəfindən 5 ilə qədər müddətə artırıla bilər. İddiaçı ilə eyni vaxtda xidmət edən şəxslərin xidmət müddəti DGK tərəfindən uzadılmış və buna görə də həmin şəxslər 1 il sonra yaş həddi ilə əlaqədar təqaüdə çıxdıqda müvafiq qanunvericiliyə əsasən İddiaçı 3 dəfə çox təqaüd əldə edirlər. Yuxarıda qeyd olunanları və üzrlü səbəbləri nəzərə alaraq iddia müddətinin bərpa edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı ərizənin məzmununa uyğun izahat verərək, buraxılmış prosessual müddətin bərpa edilməsi və iddiaya mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın qeyri-mümkün hesab edilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. İPM-in: -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -2.2.5-ci maddəsinə əsasən, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. -36.1-cı maddəsinə əsasən, müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı məhkəmə, "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Sözügedən Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur” (1.1-2.2-ci bəndlər). Həmin Qərarın 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Eyni Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2-ci bənd); Göründüyü kimi, işin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin, iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. İstinad olunan normaların tələbinə əsasən, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Hazırkı iddia mübahisələndirmə haqqında iddia olduğundan bu növ iddiaya iddia müddəti tətbiq olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini ötürmüşdür. İlk növbədə qeyd edilməlidir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Vurğulanmalıdır ki, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Hazırkı halda iddiaçı gömrük orqanlarında xidmətinə xitam verilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1000/078ş nömrəli əmrin ləğvini və yenidən işə bərpa olunmasını tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2022-ci il tarixli, 1000/178Ş №-li əmrinin təsdiq edilmiş surətindən görünür ki, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən xidmətdə olmanın son yaş həddinə çatdığına görə İddiaçı gömrük orqanlarında xidmətinə xitam verilmişdir. Əsas: Cənub Ərazi Baş Gömrük İdarəsinin təqdimatı. Qeyd olunan əmrdə iddiaçı “Əmrin surəti ilə tanış oldum. xx.xx.2022.” qeydi aparmış və imzası ilə təsdiq etmişdir. Həmçinin iş materiallarında olan əmək kitabçalarının təhvil verilməsinin qeydiyyat kitabından çıxarışa əsasən iddiaçı xidmətdən azad edildikdən sonra xx.xx.2022-ci il tarixdə əmək kitabçasını imza etməklə götürmüşdür. AR Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən, hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Göründüyü kimi, iddiaçının gömrük orqanlarında xidmətinə xitam verilməsi haqqında mübahisələndirilən xx.xx.2022-ci il tarixli, 1000/178Ş №-li əmr ona xx.xx.2022-ci il tarixdə elan edilmiş, iddiaçı isə sözügedən əmrdən ona elan olunduğu andan məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı mübahisələndirdiyi əmrdən təkzibolunmaz şəkildə məlumatlı olduğu halda məhkəməyə xx.xx.2023-cü il tarixdə, yəni 11 (on bir) ay sonra müraciət etmişdir. İPM-in 38.1-ci maddəsi isə şəxsə inzibati aktı təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində mübahisələndirmək imkanı verir. Belə olan halda, iddiaçı qanunda nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. Məhkəmə xüsusi olaraq qeyd edir ki, mübahisələndirilən əmrin rəsmi olaraq təqdim olunmaması halı belə vəziyyəti iddiaçının lehinə dəyişmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız "təqdim olunma" ifadəsindən deyil, həm də "elan olunma" ifadəsindən istifadə edir. Buna görə, "elan olunma" eynilə "təqdim olunma"ya bərabər hüquqi nəticələr doğurur. "Elan olunma" isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onu akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. İş materiallarına əlavə edilmiş tibbi sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya verilmiş əmək qabiliyyətinin olmaması vərəqəsi və ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixdən, yəni xidmətdən azad edilmədən öncə ambulator müalicə almış, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidmət İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçının həyat yoldaşı X2 xx.xx.2022-ci il tarixdə DGK TXİ Mərkəzi Hospitalına “uzun müddət davam edən qanamalı adətin olması” şikayəti ilə müraciət etmiş, xx.xx.2022xx.xx.2022-ci il tarixlərdə hospitalda stasionar müalicə almış, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə kontrol müayinələrdən keçmişdir. Qeyd olunan tibbi sənədlərdən göründüyü kimi, iddiaçının müalicəsi mübahisələndirdiyi əmrdən əvvəl aparılmışdır. Digər tərəfdən təqdim olunan sənədlərlə, həm iddiaçının həm də həyat yoldaşının müalicəsinin uzun müddətli stasionar qaydada aparılması təsdiq olunmur. Müalicələr ambulator qaydada aparılmışdır ki, bu hal mübahisələndirilən əmr verildikdən sonrakı dövrdə iddiaçını şəxsən olmasa da, istər inzibati icraatda, istərsə də məhkəmədə nümayəndə vasitəsilə hüquqlarının müdafiəsi üçün müraciət etmək, təmsil olunmaq imkanından məhrum etməmişdi. Bu baxımdan da iddiaçının qeyd edilən dəlili əsaslı sayıla bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati aktın mövcudluğu iddiaçıya ən geci xx.xx.2022-ci il tarixdən məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət edilmədiyindən, müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı tutarlı sübut məhkəməyə təqdim edilmədiyindən buraxılmış prosessual müddətin bərpasına dair iddiaçının ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Buraxılmış prosessual müddətin bərpasına dair ərizə təmin edilməsin. İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar