Məhkəmə qərarları › İş №2-1(112)-6245/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6245/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6245/2025 11.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X12 İdris oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, döngə 3, ev 20 ünvanda yerləşən 600 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA ******* №-li çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, döngə 3, 20 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 174 nömrəli reyestr kitabının 15995 nömrəli vərəqində iddiaçının adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin ilkin mülkiyyətçisi olan X6 Azərbaycan Respublikası Abşeron rayon XDS İcraiyyə Komitəsinin 47 saylı xx.xx.1991-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikmək üçün həmin ərazidə 0,06 ha torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, döngə 3, ev 20 ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mən cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə dəfələrlə müraciət etsə də, lakin hər dəfə fərqli əsaslarla müraciətləri təmin edilməmişdir. Belə ki, cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda bildirilir ki, fərdi yaşayış evinin ilkin mülkiyyətçisi olmuş Ş.F.Zeynalova torpaq sahəsi ayrılmasına dair İdarənin arxivində Abşeron rayon XDS İK-nin 47 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı mövcuddur. Həmin qərarın qüvvədə olub-olmaması barədə Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmış, sorğuya cavab daxil olmadığından ərizənin icrası mümkün olmamışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda isə bildirilmişdir ki, ərizəyə əlavə edilən sənədlər surətdir, müraciət zamanı Abşeron rayon Dövlət Arxivinə sorğu göndərilmiş, sorğuya cavab olaraq 3- 48-1RA/2-854/24 nömrəli məktubda bildirilmişdir ki, Abşeron rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron rayon XDS İK-nin 47 saylı, xx.xx.1991-ci il tarixli qərarında torpaq sahəsi ayrılmış vətəndaşların adlı siyahısı əlavə edilmədiyindən X1na torpaq sahəsi ayrılıb-ayrılmaması barədə məlumat əldə edilməsi imkan xaricindədir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab ediməli və torpaq sahəsi üzərində hüquqlarım daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Abşeron rayon XDS İcrayyə Komitəsinin “Bakı Zeytun Emalı Zavodunda fərdi yaşayış evlərinin tikintisi üçün həyətyanı torpaq fondunun ayrılması haqqında” 47 №-li xx.xx.1991-ci il tarixli qərarından çıxarışa əsasən, X1na fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi ayrılmışdır. Həmin qərarın xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivdə saxlanılan nüsxə ilə eynidir. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, döngə 3, ev 20 ünvanda yerləşən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportun surətindən görünür ki, evin ilkin sahibi X7 olmuş, halhazırda isə İddiaçıdur, torpaq sahəsi 600 kv.m. və evin texniki pasportunun surəti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Arxivində saxlanılan nüsxə ilə eynidir. Beləliklə, bütün göstərilən faktlar onu göstərir ki, iddiaçı tərəfindən torpaq sahəsinin üzərində hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə təqdim edilən sənədlər qanunvericiliyinin tələblərinə tam cavab verdiyinə görə, məhkəmə tərəfindən cavabdehin imtinası qanunsuz hesab edilməli və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ünvanladığı etiraz məktubunda qeyd etmişdir ki, fərdi yaşayış evinin ilkin mülkiyyətçisi olmuş X6 torpaq sahəsi ayrılmasına dair İdarənin arxivində Abşeron rayon XDS İK-nın 47 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı mövcuddur. Həmin qərarın qüvvədə olub-olmaması barədə Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinə xx.xx.2024-cü il tarixli sorğu ünvanlanmış, sorğuya cavab olaraq 3-48-1RA/2-854/24 nömrəli məktubda bildirilmişdir ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon XDS İK-nın 47 saylı, xx.xx.1991-ci il tarixli qərarında torpaq sahəsi ayrılmış vətəndaşların adlı siyahısı əlavə edilmədiyindən X1na torpaq sahəsi ayrılıb-ayrılmaması barədə məlumat əldə edilməsi imkan xaricindədir. Cavabdeh etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 62.3-cü maddəsinə əsasən hazırkı işə cavabdehn nümayəndəsinin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. İş materiallarında olan: Azərbaycan Respublikası Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarından çıxarışa əsasən X3 örüş yerindən hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailəyə 5 hektar həyətyanı torpaq fondu, 1 hektar küçə və meydançalar üçün, cəmi 6 hektar fərdi yaşayış evlərinin tikintisi üçün Bakı Zeytun Emalı Zavoduna ayrılması və X1na fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********7 nömrəli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ********** nömrəli müraciəti zamanı Abşeron Rayon Dövlət Arxivinə sorğu göndərilmiş, sorğuya cavab olaraq 3-48-1RA/2-854/24 nömrəli məktubda bildirilmişdir ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon XDS İK-nın 47 saylı, xx.xx.1991-ci il tarixli qərarında torpaq sahəsi ayrılmış vətəndaşların adlı siyahısı əlavə edilmədiyindən X1na torpaq sahəsi ayrılıb-ayrılmaması barədə məlumat əldə edilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, döngə 3, ev 20 ünvanında qeydiyyatdadır. Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Abşeron rayon XDS İK-nin 47 saylı, xx.xx.1991-ci il tarixli qərarı bir neçə bənddən ibarətdir və hər bənd ayrılıqda sovxoz və digər mövzularda torpaq sahəsi ayrılması barədədir, o cümlədən qərara adlı siyahı əlavə edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-14177/2025 nömrəli sorğuya cavab məktubuna qeyd edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi X3 Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyə qaytarılmış hissəsində yerləşir. Sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aiddir. Həmçinin sözügedən torpaq sahəsi **********23-10301 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa torpaq sahəsinin texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı, koordinatları, ortofoto görüntüsünü və digər sənəd surətləri məktuba qoşma edilmişdir. Həmin məktuba əlavə edilmiş sənədlərin surətindən görünür ki; xx.xx.2024-cü il tarixli müayinə aktından görünür ki, “A” fərdi yaşayış evi arxiv texniki pasporta uyğundur, əlavə otaqlar inşa edilərək genişləndirilmişdir. “B” fərdi yaşayış evi layihəyə uyğundur. Yaşayış evi tam təmirlidir. Yaşayış var. Qiymətləndirmə vərəqi və eskiz işə əlavə edildi. MA seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, döngə 3, ev 20 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı xüsusi mülkiyyət hüquqları xx.xx.2011-ci ildə **********7 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. 249001 nömrəli, xx.xx.2005-ci il tarixli müqaviləyə əsasən, X2 rayon Texniki İnventarlaşdırma Bürosunun 20814 nömrəli qeydiyyat vəsiqəsinə və 05 iyul 2005-ci il tarixli, 1493 nömrəli arayışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsində döngə 3-də 612 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 58.6 kv.metr, köməkçi sahəsi 22.0 kv.metr olan, 3 otaqdan ibarət 20 nömrəli yaşayış evini İddiaçı satmışdır. Azərbaycan Respublikası Abşeron Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 47 nömrəli qərarından çıxarışa əsasən X3 örüş yerindən hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailəyə 5 hektar həyətyanı torpaq fondu, 1 hektar küçə və meydançalar üçün, cəmi 6 hektar fərdi yaşayış evlərinin tikintisi üçün Bakı Zeytun Emalı Zavoduna ayrılması və X1na fərdi yaşayış evi tikmək üçün 0,06 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Bakı “Zeytun” Konserv Zavodunun xx.xx.2005-ci il tarixli, 226 nömrəli arayışında qeyd edilmişdir ki, X6 Abşeron Rayon İcraiyyə Komitəsinin 47 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə ona Bakı Zeytun Konserv zavodunun ərazisində fərdi yaşayış evi tikdirmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. X1 göstərilən torpaq sahəsində 3 otaqlı yaşayış evi inşa etmişdir və həmin evdə yaşayır. Evə dair mübahisə yoxdur. Evin ünvanı aşağıdakı kimidir: “Zeytun yaşayış sahəsi” ünvan 5 edir ki, mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağıdakı qanunvericilik aktları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir; 139-1.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 29 iyun 2004-cü il tarixli 713-İİQ nömrəli Qanununa əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (2.1). Qanunun 8.0-cı maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunnan halları müəyyən edilmiş, 15-ci maddəsində isə hüquqların qeydə alınmasından imtina oluna bilən hallar öz təsbitini tapmışdır. Belə ki, Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 11.1-ci maddəsinə görə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır; 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər; 23.2-ci maddəsinə görə isə daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli Qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.2-ci bəndinə əsasən “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elekton çıxarış tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısının 2.6-cı bəndinə əsasən fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənziltikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar mülkiyyət hüququnun qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı iə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlər hesab olunur: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kəndlərdə, o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. Yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır; 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur; 111.2-ci maddəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Bununla bağlı qeyd olunur ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, § 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, § 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçının hüquqi marağı mübahisə predmetini təşkil edən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə hüququnu təsdiqləyən çıxarışla rəsmiləşdirilməsində ilə ifadə olunur. Cavabdeh tərəfin iddianın rəddinə dair mövqeyini əsaslandırmaq məqsədilə istinad etdiyi arqumentlər Abşeron Rayon XDS İK-nın 47 saylı xx.xx.1991-ci il tarixli qərarında torpaq sahəsi ayrılmış vətəndaşların adlı siyahısı əlavə edilmədiyindən X1na torpaq sahəsi ayrılıb-ayrılmaması barədə məlumatın olmamasıdır. Məhkəmə cavabdehin irəli sürdüyü arqumentlərə münasibətdə qeyd edir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsi Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 47 nömrəli, xx.xx.1991-ci il tarixli qərarına əsasən ilkin mülkiyyətçi X6 ayrılmışdır. Nəzərə alınmalıdır ki, adıçəkilən qərar X3 örüş yerindən hər ailəyə 0,10 hektar hesabı ilə 50 ailəyə 5 hektar həyətyanı torpaq fondu, 1 hektar küçə və meydançalar üçün, cəmi 6 hektar fərdi yaşayış evlərinin tikintisi üçün Bakı zeytun emalı zavoduna ayrılması nəzərdə tutulmuş və bu ailələrdən birinin də konkret olaraq torpağın ilkin mülkiyyətçisi X7 olduğu həmin qərarın 2-ci bəndində açıq şəkildə qeyd edilmişdir. Bu fakt torpaq sahəsinin ilkin mülkiyyətçisi X4 da daxil olduğu ailələr qrupu üçün nəzərdə tutulduğuna dəlalət edir. Bundan əlavə məhkəmə diqqətə çatdırır ki, cavabdeh tərəfindən verilmiş 14 aprel 2025-ci il tarixli, 3-21-3-30/2-14177/2025 nömrəli sorğuya cavab məktubuna qoşma əlavə edilmiş Bakı “Zeytun” Konserv Zavodunun xx.xx.2005-ci il tarixli, 226 nömrəli arayışı ilə sabit olunur ki, X6 Abşeron Rayon İcraiyyə Komitəsinin 47 saylı, xx.xx.1991-ci il tarixli qərarı ilə ona Bakı Zeytun Konserv Zavodunun ərazisində fərdi yaşayış evi tikdirmək üçün 0,06 ha torpaq sahəsi verilmişdir. Həmin məktuba qoşma edilmiş 249001 nömrəli, xx.xx.2005-ci il tarixli müqavilə ilə də sabit olunmuşdur ki, X2 rayon Texniki İnventarlaşdırma Bürosunun 20814 nömrəli qeydiyyat vəsiqəsinə və 05 iyul 2005-ci il tarixli, 1493 nömrəli arayışına əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsində döngə 3-də 612 kv.metr torpaq sahəsində yerləşən yaşayış sahəsi 58.6 kv.metr, köməkçi sahəsi 22.0 kv.metr olan, 3 otaqdan ibarət 20 nömrəli yaşayış evini İddiaçı satmışdır. Məhkəmə əlavə olaraq onuda qeyd edir ki, adıçəkilən qərar ləğv olunmadığından, geri çağrılmadığından, dəyişdirilmədiyindən və hazırda öz hüquqi qüvvəsini saxladığından, həmin qərar iddiaçının torpaq sahəsi üzərində hüquqi gözləntilərin olduğunu göstərir. Məhkəmə araşdırması ilə torpaq sahəsinin yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid olmaqla X5 ərazisindən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış ərazi olduğu müəyyən edilmişdir. Göstərilənlərlə əsasən Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuş və iddiaçının gözlənilən mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xətai küçəsi, döngə 3, ev 20 ünvanda yerləşən 600 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar