Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-625/2022 22.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və keçmiş müddət üzrə pensiya məbləğinin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, İddiaçı xx xxx 1960-cı il tarixdə doğulmuşdur. 21 may 2017-ci il tarixdə onun 57 yaşı tamam olmuşdur. Həmin tarixədək o, ümumi 25 ildən və güzəştli şərtlərlə əmək pensiya hüququ verən sahə üzrə 12 il 6 aydan çox sığorta stajına malik olmuşdur. Belə ki, iddiaçı 31 avqust 1977-ci il tarixdən 12 sentyabr 1978-ci il tarixədək X6 fəhlə vəzifəsində işləmiş (1 il 12 gün), 16 oktyabr 1978-ci il tarixdən 22 oktyabr 1980-ci il tarixədək hərbi xidmətdə olmuş, (2 il 4 gün), 27 fevral 1985-ci il tarixdən 23 iyul 1987-ci il tarixədək X1 Birliyinin 3 saylı Evtikmə Kombinatında 4-cü dərəcəli suvaqçı vəzifəsində (2 il 4 ay 26 gün), 23 iyul 1987-ci il tarixdən 17 yanvar 1990-cı il tarixədək həmin Kombinatda 3-cü dərəcəli suvaqçı vəzifəsində (2 il 5 ay 24 gün), 17 yanvar 1990-cı il tarixdən 18 iyul 1990-cı il tarixədək həmin Kombinatda 4-cü dərəcəli suvaqçı vəzifəsində (6 ay 1 gün), 18 iyul 1990-cı il tarixdən 30 dekabr 1994 il tarixədək həmin Kombinatda tamamlama sahəsində tikinti ustası vəzifəsində (4 il 5 ay 12 gün), 13 mart 1998-ci il tarixdən 13 dekabr 2002-ci il tarixədək Az X10 Təmir Trestində dördüncü dərəcəli suvaqçı vəzifəsində (4 il 9 ay), 11 fevral 2007-ci il tarixdən 27 yanvar 2008-ci il tarixədək "xxxx" MTK-da texniki təhlükəsizlik vəzifəsində (11 ay 16 gün), 1 iyul 2008-ci il tarixdən 30 mart 2012-ci il tarixədək "xxxx" MMC-nin Xırdalan şəhərində inşa etdiyi yaşayış kompleksində iş icracısı vəzifəsində (3 il 8 ay 29 gün), 2 aprel 2012-ci il tarixdən 1 iyul 2020-ci il tarixədək "xxxx" MMC-də tikinti ustası vəzifəsində (57 yaşı tamam olanadək 5 il 1 ay 19 gün) işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 29-cu (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bölməsində “tikinti və quraşdırma işləri üzrə ustalar” və “iş icraçıları” peşəsi güzəştli iş kimi nəzərə alınmışdır. Göründüyü kimi, iddiaçının 57 yaşı tamam olan günədək ümümu 25 ildən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən 12 il 6 aydan artıq stajı mövcuddur. İddiaçı tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona 21 may 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, həmin dövrdən indiyədək əmək pensiyasının birdəfəlik hesablayaraq ödənilməsi ilə bağlı müraciət edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 25 dekabr 2020-ci il tarixli məktubla güzəştli şərtlərlə yaşa əmək pensiyasını təyin olunmasından imtina olunmuşdur. İmtinanın əsası kimi 1 iyul 2017-ci il tarixdə dəyişiklik edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə istinad edilmişdir. Həmin imtina 14 yanvar 2021-ci il tarixdə təqdim edilmişdir. Hesab olunur ki, İddiaçı oğluna 21 may 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması, həmin dövrdən indiyə qədər olan dövr üçün pensiyanın hesablayanaq ona ödənilməsi barədə qərar qəbul olunmalıdır. İddiaçının 57 yaşının təmin olunduğu 21 may 2017-ci il tarixdə qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. Həmin Qanunun 31.4-cü maddəsinə əsasən, müraciət edən şəxsin əmək pensiyası hüququ olmadığı hallarda əmək pensiyası təyin edən orqan pensiya təyin olunmasından imtina edilməsi barədə qərarı 5 gün ərzində imtinanın səbəblərini göstərmək şərtilə bütün sənədlərlə birlikdə ərizəçiyə (xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarına onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə) göndərir. Həmin Qanunun hazırda qüvvədə olan 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Mənim pensiya hüququm yaranan dövrdə isə 3 il üçün deyil, pensiya hüqununun yarandığı bütün müddət üçün pensiyanın alınması mümkün idi. Həmçinin, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə ərizəsi ilə əlaqədar cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə tam əməl olunmamışdır. Belə ki, cavabdeh (inzibatı orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Göstərilənlərə və «İnzibati icraat haqqında» Qanunun 15, 19.2, 24 maddələrinə, İPM-in 11, 12, 33, 35.1, 39.1, 68, 73-cü maddələrinə əsaslanaraq, İddiaçı 21 may 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması və həmin dövrdən indiyədək olan dövr üçün əmək pensiyasının hesablayanaq ödənilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsinin məhkəməyə təqdim olunmuş iddia ilə bağlı qarşı münasibətdə bildirilir ki, İddiaçı iddiasına etiraz edilir. İddiaçı iddia edir ki, onun işləmiş olduğu peşələr ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsinə əsas verir. İddia əsassızdır. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası qanunu iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçıya şamil edilə bilməsi üçün onun 60 yaşı tamam olduğu tarixədək güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) İddiaçının işlədiyi peşənin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarında göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan azdır. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.8-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. Həmin Qanunun 6.2-ci maddəsinə görə əmək pensiyasının sığorta hissəsinin 1992-ci ilin yanvarın 1-dək qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği, habelə bu Qanunun 19-cu və 20-ci maddələrində nəzərdə tutulan əlavələr dövlət büdcəsinin, digər bütün məbləğləri isə məcburi dövlət sosial sığortası vəsaitləri və sosial sığorta ehtiyatı hesabına maliyyələşdirilir. Qeyd olunan mənbələrin birində vəsait çatışmazlığı olduqda, müvafiq xərclər digər mənbə hesabına maliyyələşdirilir. Həmin Qanunun 6.3-cü maddəsinə görə əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunanın fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 45-ci maddəsinə görə bu Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40.800 manat hesablanmışdır. İddiaçının cəmi pensiya kapitalı isə 28,865.09 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə əsaslanaraq və İPM-in tələblərini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının rədd edilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi (vəkili) gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini (vəkilini) dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. «Əmək pensiyaları haqqında» Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İş materiallarında olan "xxxx" Mənzil-Tikinti Kooperativinin 17 iyun 2021-ci il tarixli arayışında bildirilir ki, X4 həqiqətən 11 fevral 2007-ci il tarixdən 7 yanvar 2008-ci il tarixədək "xxxx" MTK-da texniki təhlükəsizlik mühəndisi işləmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin DSMF-yə ünvanlanmış 2 iyun 2020-ci il tarixli 16/01 PF nömrəli arayışında bildirilir ki, X4 həqiqətən "xxxx" MMC-nin Xırdalan şəhərində inşa etdiyi yaşayış kompleksinin 1 iyul 2008-ci il tarixdən 30 mart 2012-ci il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə X4 2 aprel 2012-ci il tarixdən 1 iyul 2020-ci il tarixədək "xxxx" MMC-də tikinti ustası vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahının 29-cu paraqrafın “b” bəndinə uyğun olaraq X3 güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına göndərilməsi xahiş olunur. İş materiallarında olan X1 Birliyinin 3 saylı Evtikmə Kombinatının 2 noyabr 2020-ci il tarixli 01/03 nömrəli arayışında bildirilir ki, X4 həqiqətən 27 fevral 1985-ci il tarixli 102 nömrəli əmrlə SEİB 3 saylı Evtikmə Kombinatı tamamlama sahəsinə 4-cü dərəcəli suvaqçı işinə qəbul edilmişdir. 23 iyul 1987-ci il tarixdə 324 saylı əmrlə 3-cü dərəcə suvaqçı işinə, 17 yanvar 1990-cı il tarixdə 13 saylı əmrlə 4-cü dərəcə suvaqçı işinə, 18 iyul 1990-cı il tarixli 209 saylı əmrlə tamamlama sahəsində tikinti ustası vəzifəsinə keçirilmiş və 30 dekabr 1994-cü il tarixədək həmin işdə çalışmışdır. 1 yanvar 1985-ci il tarixdən iş ahənginin olmaması ilə əlaqədar öz hesabına məzuniyyətə çıxmışdır. 1 yanvar 2007-ci il tarixdən 19 saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən iş stajı əsasında güzəştli pensiya hüququna malikdir. İş materiallarında olan НЗ seriyalı ******* nömrəli hərbi biletin surətindıən görünür ki, hərbi biletdə X2 16 oktyabr 1978-ci il tarixdən 22 oktyabr 1980-ci il tarixədək (2 il 4 gün) hərbi xidmətdə olması barədə qeydlər mövcuddur. İş materiallarında olan ИТ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin kitabçada X2 13 mart 1998-ci il tarixdən 13 dekabr 2002-ci il tarixədək Az X10 Təmir Trestində 4-cü dərəcəli suvaqçı vəzifəsində (4 il 9 ay) işləməsi barədə qeydlər mövcuddur. İş materiallarında olan "xxxx" ASC-nin 14 iyun 2021-ci il tarixli 113 nömrəli arayışında bildirilir ki, X4 həqiqətən Azər X10 Təmir Trestinin 2 saylı TQİ-də 13 mart 1998-ci il tarixdə 4-cü dərəcə suvaqçı peşəsi üzrə işə qəbul edilib, 13 dekabr 2002-ci il tarixdə əmək müqaviləsinin müddəti qurtarması ilə əlaqədar 79/k nömrəli əmrlə işdən azad edilib. Arayış əmək kitabçasına əsasən yazılmışdır. Azər X10 Təmir Trestinin 2 saylı TQİ-nin bazasında İqtisadiyyat Nazirıiyinin 17 oktyabr 2001-ci il tarixli 145 nömrəli sərəncamı ilə “Tikinti X9 Kimya Zavod-2” ASC yaradılmışdır. 10 fevral 2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamenti Qeydiyyat İdarəsi tərəfindən “Tikinti-X9 Kimya Zavod- 2” ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin eyni məzmunlu 20 sentyabr 2021-ci il tarixli 229 nömrəli arayışına əlavə edilmiş cədvəldə qeyd olunur ki, X4 1998-ci ilin iyul ayından 2002-ci ilin dekabr ayınadək əmək haqqı almışdır. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 4 noyabr 2021-ci il tarixli məktubunda bildirilir ki, 7 noyabr 2001-ci il tarixdə “Tikinti X9 Kimya Zavod-2” ASC adı ilə dövlət qeydiyyatına alınmış Cəmiyyətin adı ümumi yığıncağın 7 fevral 2017-ci il tarixli qərarı ilə dəyişdirilərək "xxxx" adlandırılmışdır. Əlavə olaraq, Cəmiyyətin qeydiyyat qovluğuna əsasən bildirilir ki, Cəmiyyətin 12 may 2016-cı il tarixli 3-cü redaksiyada olan nizamnaməsinin 1.4-cü bəndinə əsasən Cəmiyyət 7 noyabr 2001-ci il tarixdə 3307 qeydiyyat nömrəsi ilə Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınmış "xxxx" ASC-nin hüquqi varisidir. Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun 64.6-cı maddəsinə əsasən normativ hüquqi aktda lazım olduğundan yüksək və artıq tələblərin irəli sürülməsinə, fiziki və hüquqi şəxslər tərəfindən təqdim edilən sənədlərin, yaxud başlanmış inzibati prosedur çərçivəsində ona imtina üçün əsasların açıq (natamam) siyahısının mövcudluğuna, hüququn həyata keçirilməsinə imtina üçün subyektiv qiymətləndirici ifadələrdən istifadə olunmasına yol verilmir. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: . . . v” hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» təsdiq edilmişdir. Siyahının 29-cu (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) bölməsinin “b” (rəhbərlər və mütəxəssislər) bəndində tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları nəzərdə tutulmuşdur. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçı X5 xx xxx 1960-cı il tarixdə doğulmuşdur. 21 may 2017-ci il tarixdə, yəni 57 yaşı tamam olan tarixdə 25 ildən artıq ümumi iş stajına malik olmuşdur. O, 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışdığını əsas gətirərək «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə istinadən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. Cavabdeh imtinaya səbəb kimi, onu güzəştli iş stajını 8 il 5 ay 4 gün, yəni 12 il 6 aydan az təşkil etdiyini və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi əsas gətirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir və ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı X2 hərbi biletində və əmək kitabçasındakı iş illərinə aid qeydlər üzrə məlumatlar, onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan DSMF Xüsusi Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər sayılır. Həmn illər üzrə istər işin xarakterli ilə əlaqədar, istərsə də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı əlavə sənədlərin tələb olunması və bu səbəbdən də iddiaçının sosial sığorat stajına daxil edilməməsi, «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 64.6-cı maddəsinin, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15, 17, 19-cu maddələrinin, eləcə də müvafiq dövrdə qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqqında» Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının əmək münasibətlərinin yarandığı dövrün bir hissəsində və hazırda qüvvədə olan qanunvericilik normaları əmək məzuniyyətinin növləri sırasında “ödənişli məzuniyyəti” də nəzərdə tutmaqla məzuniyyət müddətini mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin əmək stajına, həmçinin ixtisası üzrə stajına aid edir. Bu qənaət ondan irəli gəlir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin birinci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikasının 19 iyul 1994-cü il tarixli Qanununun (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə 1 iyul 1999-cu il tarixdən qüvvədən düşmüşdür) 2-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Həmin Qanunun 3-cü maddəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14cü maddəsinin 2-ci ikinci hissəsinə görə uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı X2 ödənişsiz məzuniyyətdə olduğu dövr də onun sığorta stajına daxil edilməlidir. Cavabdeh inzibati orqanın imtinasında gətiirdiyi dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, 1 iyul 2017-ci il tarixədək qüvvədə olan qanunvericilik normaları 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) iş stajına malik kişilərin 57 yaşına çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yarandığını nəzərdə tutur və həmin tarixədək qüvvədə olan əmək qanunvericiliyinin («Əmək pensiyaları haqqında» Qanunun) tələbləri güzəştli şərtlərlə yaşa əmək pensiyası təyinatı üçün göstərilən iş stajlarına malik şəxslərə başqa şərt, o cümlədən “müvafiq minimum məbləğdə sığorta kapitalını toplamaq” şərtini qoymur. İddiaçının 57 yaşı isə, 21 may 2017-ci il tarixdə tamam olmuşdur. Bundan başqa, hazırkı məhkəmə icraatında iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 12 il 6 ay iş stajının toplamasını istisna edən xüsusatlar barədə cavabdeh tərəf heç bir tutarlı dəlil təqdim etməmişdir. Lakin işdə olan sənədlərlə onun tikinti sahəsindəı iş icraçısı və usta kimi çalışmışdır ki, bu vəzifələr də AR NK-nın 23 yamvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş siyahıda əksini tapır. Belə olan halda, iddiaçı X2 21 may 2017-ci il tarixdə (yəni, 1 iyul 2017-ci il tarixdən əvvəl) ümumi sığorta stajı 25 il olan və bu stajın 12 il 6 ayını (AR NK-nın 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajına malik 57 yaşına çatmış şəxs kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçı X3 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddia tələbində göstərilən keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçı cavabdeh inzibati orqana 5 noyabr 2020ci il tarixdə (imtina barədə 25 dekabr 2020-ci il tarixli məktubdan görünür) müraciət etdiyindən «Əmək pensiyaları haqqında» Qanunun 37.7-ci maddəsinə əsasən iddiaçıya ödənilməyən pensiya məbləğinin 5 noyabr 2017-ci il tarixdən sonrakı dövrə, yəni müraciət tarixindən əvvəlki son son üç ilə aid hissəsi ödənilməlidir. Nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eləcə də, həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək iddiaçı X3 oğluna 21 may 2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin 5 noyabr 2017-ci il tarixdən sonrakı dövrə aid hissəsinin “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə rədd edilməlidır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı X3 oğluna 21 may 2017-ci il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin 5 noyabr 2017-ci il tarixdən sonrakı dövrə aid hissəsinin “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-625/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-625/2022
22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver