Məhkəmə qərarları › İş №2-1(112)-625/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-625/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-625/2024 15.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin Cavabdeh qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx/xx/2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 2371.79 manat və Dövlət Sosial Müdafiə Fonduna 764.23 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (E_mobitel grop mağaza) fərqləndirici əlaməti Yapon istehsalı olan 1 vahidinin qiyməti 8000 manat olan 1 ədəd Conika sürətçıxaran aparat, 1 vahidinin qiyməti 1800 manat olan 1 Canon (25.20) markalı printer olmaqla, ümumilikdə 9800 manat məbləğində siyahıya alınmış hərrac vasitəsi ilə satılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddəidə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və fondlara ödənilməsi məqsədi ilə ona bildirişlər verilmişdir. Həmçinin, Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə, hesabına sərəncam qoyulmasına, baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək iısulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx/xx/2022-ci il tarixli Qərarlar çıxarmışdır. Qərarlar əsasında vergi ödəyicisinin xx/xx/2022-ci il tarixə yaranan dövlət büdcəsinə 2371,79 manat və Dövlət Sosial Müdalıə Fonduna 764,23 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (E_mobitel grop mağaza) fərqləndirici əlaməti Yapon istehsalı olan 1 vahidinin qiyməti 8000 manat olan 1 ədəd Conika sürətçıxaran aparat, 1 vahidinin qiyməti 1800 manat olan 1 Canon (25.20) markalı printer olmaqla, ümumilikdə 9800 manat məbləğində əmlakları siyahıya alınmış və bu barədə xx/xx/2022-ci il tarixli **********1 və **********0 saylı Protokollar tərtib edilmişdir. Protokollara siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və DSMF-na ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx/xx/2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 2371.79 manat və Dövlət Sosial MüdaFiə Fonduna 764.23 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdeh rəsmi qaydada xəbərdar edilmişdir. Məhkəmənin sərəncamı cavabdehin ünvanına göndərilmiş və iddia ərizəsində qeyd olunanlarla bağlı yazılı münasibət (etiraz) bildirməsi təklif olunmuş, lakin vergi ödəyicisi olan cavabdeh iddia tələbinə münasibət bildirməmiş və iddiaya dair yazılı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qayada xəbardar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasında iştirak etməmiş və etmədiklərinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdırlar. İddiaçı Vergi orqanı tərəfindən məhkəməyə ərizə təqim edilərək iddia ərizəsini tam müdafiə etdiyini, iş yükünün çox olmasını nəzərə alaraq, məhkəmə iclasının vergi orqanının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilərək iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehin xx/xx/2022-ci il tarixə dövlət büdcəsinə 2371.79 manat və Dövlət Sosial Müdafiə Fonduna 764.23 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (E mobitel comp magaza) fərqəndirici əlaməti Yapon istehsalı olan 1 vahidinin giyməti 8000 manat olan 1 ədəd Conika sürətçıxaran aparat, 1 vahidinin qiyməti 1800 manat olan 1 Canon (2520) markalı printer olmaqla, ümumilikdə 9800 manat məbləğində siyahıya alınmış hərrac vasitəsi ilə satılması barədə qərardad qəbul edilməsi ilə bağlı iddia ərizəsini aşağıdakı səbəblərə görə mümkünsüz hesab edir. Qeyd edir ki, xx.xx.2022-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qərardadı ilə qeyd olunan obyektdən istifadəsinə qadağa qoyulub. Ona görə də ona məxsus avadanlıqları və malları ailəsilə birgə yaşadığı ünvan 2 ünvanına köçürtmüşdür. xx.xx.2022-ci il tarixdə ailəsilə birgə yaşadığı mənzil qısa qapanma nəticəsində yanaraq külə döndü. Ona məxsus olan avadanlıq və mallar yanaraq külə dönmüşdür. Bunları etiraza əlavə etdiyi xx.xx.2022-ci il tarixli Nərimanov Rayon Məhkəməsinin qərardadı, evin yanmış şəkillərini və FHN-nin arayışı ilə sübut edir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixə ümumilikdə 2,362.39 manat, vergilər üzrə 196.02 manat, maliyyə sanksiyaları üzrə 2,100.00 manat, faizlər üzrə 66.37 manat yaranmış borc məbləğinin 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi barədə cavabdehə xx.xx.2021-ci il tarixli **********4 nömrəli “Vergi borcunun ödənilməsinə dair” bildiriş göndərilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi tərəfindən “Əmlakının siyahıya alınması haqqında” **********0 nömrəli xx.xx.2022-ci il tarixli və **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarları qəbul edilmişdir. - Vergi ödəyicisi olan cavabdeh Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən, vergi öhdəliklərini və məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə əmlakının siyahıya alınması qərara alınmışdır (**********0 nömrəli xx.xx.2022-ci il tarixli və **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarlara əsasən). - **********0 nömrəli xx.xx.2022-ci il tarixli və **********1 nömrəli xx.xx.2022-ci il tarixli qərarlar əsasında ünvan 3 ünvanında yerləşən “E_mobitel Comp” obyektində Yapon istehsalı olan 1 vahidinin qiyməti 8000 manat olan 1 ədəd Conika sürətçıxaran aparat, 1 vahidinin qiyməti 1800 manat olan 1 Canon (25.20) markalı printer olmaqla, ümumilikdə 9800 manat məbləğində əmlak siyahıya alınmış və bu barədə xx.xx.2022-ci il tarixli **********0 nömrəli və **********1 nömrəli Protokollar tərtib edilmişdir. - Tərtib edilmiş protokollar əsasında vergi ödəyicisinin iştirakı ilə siyahıya alınmış və həmin əmlak siyahıya alındıqdan sonra saxlanılması üçün vergi ödəyicisinin məsul saxlancına verilərək, bu barədə “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli Aktlar tərtib edilmişdir. Həmin Protokollarda və Aktda siyahıya alınmanın hüquqi nəticələri, siyahıya alınmış əmlakla əlaqədar davranış qaydaları və həmin qaydaların pozulmasının hüquqi nəticələri vergi ödəyicisinə elan edilmiş və vergi ödəyicisi olan cavabdeh tərəfindən həmin sənədləri imzalamışdır. Həmçinin əmlakın siyahiya alınması cavabdehin iştirakı ilə keçirildiyinə və saxlanılması üçün ona təhvil verildiyinə dair vergi ödəyicisi olan cavabdehdən izahat alınaraq iş materiallarına əlavə edilmişdir. - Siyahıya alınmış əmlakın tam siyahısı tərtib edilərək, müvafiq səlahiyyətli şəxslər tərəfindən imzalanmış və iş materiallarına əlavə edilmişdir. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-MTT(005)-185/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizəsi təmin edilərək, X3 məxsus ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 51.4 kv.m olan qeyri-yaşayış sahəsindən istifadə Cavabdeh qadağan edilmişdir. - Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X5 Xidməti 3-cü ərazi X5 İdarəsinin xx.xx.2022-ci il tarixli Arayışından görünür ki, 08 sentyabr 2022-ci il tarixdə ünvan 5 ünvanda yaşayan vətəndaş X1 məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş vermişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən, İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati icraat qaydasında baxılmalıdır. İPM-nin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İPM-nin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İPM-nin 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyaların ödənilməsi tələbinə dair iddialara da baxılır. Belə ki, iddiaçı inzibati fəaliyyəti həyata keçirən dövlət orqanıdır, iddianın predmeti vergi borcunun ödənilməsinin təmin edilməsi məqsədilə siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılmasından ibarətdir və mübahisənin mahiyyəti iddiaçının sahibkarlıq fəaliyyətindən deyil, inzibati orqanın fəaliyyətindən irəli gəlir. Vergi hüquq münasibətləri bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər dövlətin adından fəaliyyət göstərən bir tərəfin – vergi orqanının hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – vergi ödəyicisinin isə tabeçiliyinə əsaslanan tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, vergi orqanının tələbləri və vergi ödəyicisinin öhdəlikləri müqavilədən deyil, qanundan irəli gəlir. Hazırki mübahisə ümumi (publik) hüquq sahəsinə aid olan məsələ - hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması, yaxud ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması ilə bağlı olmuşdur. Konstitusiyanın müddəalarına əsaslanan VM vergi nəzarəti və vergi qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyətə cəlb etmə məsələlərini tənzimləyir. İddiaçı da iddia ərizəsində özünün inzibati orqan (vergi orqanı) səlahiyyətlərinə və Vergi Məcəlləsinin müvafiq müddəalarına istinad etmiş, habelə mübahisə iddiaçının inzibati orqan olaraq bilavasitə inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətlə bağlı olmuşdur. Həmçinin, VM-in 89.1 və 89.7-ci maddələrindən aydın olur ki, iddiaçı tərəfindən qəbul edilmiş cavabdehin əmlakının siyahıya alınması haqqında qərarı “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati aktdır Belə ki: 1. inzibati orqan (iddiaçı) tərəfindən qəbul edilmişdir; 2. ümumi (publik) hüquq sahəsinə (vergi qanunvericiliyinə) aid olan müəyyən məsələni (hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə ödənilməsinin təmin olunmasını) həll etmək məqsədilə qəbul edilmişdir; 3. ünvanlandığı hüquqi şəxs (cavabdeh) üçün müəyyən hüquqi nəticələr (sərəncam vermək hüququndan məhrum etmə, əmlakdan istifadənin vergi orqanının nəzarəti ilə həyata keçirmə, israf, dəyişdirmə, gizlətmə hallarında cinayət məsuliyyətinə cəlb edilmə və sair) yaratmışdır; 4. qərar formasında qəbul edilmiş hakimiyyət tədbiri olmuşdur. Beləliklə, hazırkı mübahisə üzrə iddiaçı inzibati orqan, mübahisənin predmeti dövlətin müstəsna maraq və nəzarətində olan vergi-hüquq münasibətləri ilə bağlı, iddia tələbi vergi borclarının ödənilməsi məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının satılması, mübahisəyə tətbiq olunan hüquq ümumi hüquqdur ki, bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirərkən publik hüququn agenti qismində çıxış edərək, ümumi hüququn nizamasalma predmetinə aid hüquq və vəzifələri həyata keçirməklə, qarşı tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmiş olur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddia öhdəliyin icrası haqqında iddianın xüsusi forması sayıldığından (İPM-in 34.1-ci maddəsinin ikinci cümləsi), öhdəliyin icrası haqqında iddiaya dair tələblər bu iddia növü üçün də eynilik təşkil edir. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən hazırkı işə tərəflərin iştirakı olmadan, tam, obyektiv və hərtərəfli baxılmasını mümkün hesab etmişdir. Belə ki, təqdim edilmiş məhkəmə bildirişlərində tərəflər məhkəmə baxışı iclasına gəlmədikləri halda da onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişlər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız iddia olduğundan təmin edilməməlidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdehin xx/xx/2022-ci il tarixə yaranan borc məbləğindən dövlət büdcəsinə 2371.79 manat və Dövlət Sosial Müdafiə Fonduna 764.23 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (E_mobitel grop mağaza) ümumilikdə 9800 manat məbləğində əmlakı siyahıya alınmışdır. ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (E_mobitel group mağaza) siyahıya alınan əmlak Yapon istehsalı olan 1 vahidinin qiyməti 8000 manat olan 1 ədəd Conika sürətçıxaran aparat, 1 vahidinin qiyməti 1800 manat olan 1 Canon (25.20) markalı printer olmuşdur. İşin faktiki hallarından müəyyən edilir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-MTT(005)-185/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin fəaliyyət göstərdiyi ünvan 4 ünvanda yerləşən, ümumi sahəsi 51.4 kv.m olan qeyri-yaşayış sahəsindən istifadəsi qadağan edilmiş, bu səbəblə cavabdeh həmin ünvanda yerləşən ona məxsus əmlakları, o cümlədən iddiaçı tərəfindən syahıya alınmış əmlakını ünvan 5 ünvanda yerləşən evinə aparmışdır. Lakin, 08 sentyabr 2022-ci il tarixdə X1 məxsus həmin ünvanda yerləşən fərdi yaşayış evində yanğın hadisəsi baş vermiş və cavabdehə məxsus, iddiaçı tərəfindən siyahıya alınmış 1 ədəd Conika sürətçıxaran aparat, 1 Canon (25.20) markalı printerdə daxil olmaqla, əmlak yanaraq məhv olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən siyahıya alınmış əmlak məhv olunduğundan, cavabdehin həmin əmlaka mülkiyyət hüququ da itirilmiş hesab edilir. Odur ki, siyahıya alınmış əmlak yanğın nəticəsində məhv olunduğundan və cavabdehin həmin əmlaka dair mülkiyyət hüququ itirildiyindən, iddiaçının qeyd edilən əmlakın hərrac vasitəsi ilə satılmasına dair hazırkı iddia tələbi təmin edilə bilməz. Həmçinin məhkəmə qeyd edir ki, iddia təmin olunsa belə göstərilən səbəbdən məhkəmə qərarı icrasız qalacaqdır. Belə ki, Mülki Məcəllənin 203.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi mülkiyyət hüququndan imtina etdikdə, əşya məhv olduqda və ya sonralar hər hansı başqa şəxs bu əşyaya mülkiyyət hüququnu əldə etdikdə, sahibliyin itib-itməməsindən asılı olmayaraq, daşınar əşyaya mülkiyyət hüququ itirilir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93). “İnzibati icraat haqqında” Qanunun 17-ci maddəsinə əsasən mütənasiblik prinsipi fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənən münasibətlər 1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 10. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları 10.0. Vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: 10.0.1. bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər; 10.0.2. bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər; 10.0.3. Azərbaycan Respublikasının dövlət vergi orqanları; 10.0.4. Azərbaycan Respublikasının gömrük orqanları; 10.0.5. bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları; 10.0.6. bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər Maddə 11. Vergi anlayışı Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; Maddə 23. Vergi orqanlarının hüquqları 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: ... 23.1.8. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək; ... 23.1.15-1. hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması (əmlak satışı ilə bağlı olmayan ümumi qaydada iddia), yaxud hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədi ilə vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, habelə digər daşınmaz əmlakının və dəyəri 5000 manatdan artıq olan daşınar əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırmaq və məhkəmə qərarları üzrə həmin əmlakların satışını qanunvericiliyə uyğun olaraq təşkil etmək; Maddə 52. Vergi qanunvericiliyin pozulmasına görə maliyyə sanksiyasının alınması qaydası 52.1. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicisinin məsuliyyətə cəlb edilməsi haqqında qərarın çıxarılmasından sonra müvafiq vergi orqanı vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsdən bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyalarını bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilən qaydada və ya məhkəmə qaydasında alır. Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 65. Vergilər üzrə borcların alınması qaydası 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ... 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Maddə 85. Vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri və həmin müddətlərin dəyişdirilməsi 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Maddə 89. Əmlakın siyahıya alınması 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 90. Vergi ödəyicisinin əmlakı hesabına verginin tutulması qaydası 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. 90.2. Məhkəmə bu Məcəllənin 90.1-ci maddəsində göstərilən vergi orqanının müraciətinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydada baxır. 90.3.1. Əmlakın hərracda satışı - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əmlakın, ona dair heç bir şərt qoyulmadan satışıdır. Bu zaman ən yüksək qiymət təklif etmiş alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir. 90.3.2. Hərracın təşkilatçısı kimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) çıxış edir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) hərracı vergi orqanının sifarişi əsasında həyata kecirir. 90.3.3. Vergi orqanının sifarişinə aşağıdakı sənədlər əlavə edilməlidir: ... 90.3.3.6. daşınmaz əmlak satıldıqda, həmin əmlaka dair qanunvericiliyə müvafiq olaraq zəruri olan sənədlərin surəti; 90.3.3.7. ayrıca tikili satıldıqda, həmin tikilinin yerləşdiyi torpaq sahəsindən istifadə hüququnu və ya həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti. Beləliklə, məhkəmə qeyd edir ki, məhkəmə araşdırması ilə siyahıya alınmış əmlakın məhv olunduğu sübuta yetirildiyindən, həmin əmlakın hərrac vasitəsi ilə satılması mümkün olmadığından iddia tələbi təmin edilə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx/xx/2022-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 2371.79 manat və Dövlət Sosial Müdafiə Fonduna 764.23 manat borcuna görə onun fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən təsərrüfat subyektində (E_mobitel grop mağaza) fərqləndirici əlaməti Yapon istehsalı olan 1 vahidinin qiyməti 8000 manat olan 1 ədəd Conika sürətçıxaran aparat, 1 vahidinin qiyməti 1800 manat olan 1 Canon (25.20) markalı printer olmaqla, ümumilikdə 9800 manat məbləğində siyahıya alınmış hərrac vasitəsi ilə satılmasına dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 70, 75,81 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar