Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-625/2025 18.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarların ləğv edilməsi və tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 18 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində qəbul etdiyi əlverişsiz inzibati aktı ləğv etməklə dövlət qulluğu stajının 18 ildən çox olmasını nəzərə alaraq qanunun tələbinə uyğun pensiyasının yenidən hesablanması, ondan tutulan məbləğin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması barədə” 3-17- 1/3-7-7318/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-5377/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, DQ seriyalı qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən pensiyadan tutulmuş məbləğlərin ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 01 yanvar 2006-cı il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun dövlət qulluğu stajı ümumilikdə 18 ildən çox müddət təşkil edir. Əmək pensiyasına çıxdığı vaxtdan əmək pensiyası təqribi 500 manat olsa da, sonradan dövlət qulluqçularının əmək haqqının artması ilə əlaqədar 2023-cü ilin may ayınadək təqribi 2200 manat əmək pensiyası almışdır. 2023-cü ilin may ayından ona verilən pensiya azaldılaraq təxmini 1600 manat müəyyən edilmiş, həmçinin 01 yanvar 2006-ci tarixdən təyin edilmiş əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2019-cu il tarixli Fərmanına əsasən düzgün hesablanmamasını və ona guya xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixlər arasındakı dövr üzrə 27425,20 manat artıq pul vəsaiti, 2023-cü ilin yanvar ayının 29 gününə görə 809,25 manat artıq pul vəsaiti və fevral ayı üçün 606,99 manat artıq pul vəsaiti ödənilməsi, “Əmək Pensiyaları haqqında’' Qanunun 39.1-ci maddəsinin 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləğinin son 3 il üçün tutulmalı olmasının nəzərə alınaraq xx.xx.2020-xx.xx.2023-cü il tarixlər arası dövr ərzində ümumilikdə 25457,52 manat aıtıq ödənilmiş pul vəsaitinin məndən tutulmalı olması qərarına gəlmişlər. Bununla bağlı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına etdiyi müraciətdən sonra ona izah edilmişdir ki, onun əvvəllər işlədiyi dövlət qulluqçusu statusu olan orqanların cənab Prezidentin 2019-cu il tarixli Fərmanına əsasən dövlət orqanı hesab edilmədiyindən həmin orqanlarda işlədiyi müddət dövlət qulluğu stajına hesablanmalı olmadığından onun dövlət qulluğu stajı 10 il 10 ay 16 gün müəyyən edilmiş və bu əsasla ona hesablanmış əmək pensiyası azaldılmış, həmçinin guya ona artıq ödənilmiş 25457,52 manat məbləğin məndən tutulması qərara alınmışdır. Halbuki, yuxarıda qeyd etdiyi kimi, Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanı 2019-cu il tarixdə, yəni o, dövlət qulluqçusu kimi əmək pensiyasına çıxdıqdan sonra qəbul edilmiş və Qanunun tələbinə görə vətəndaşın vəziyyətini ağırlaşdıran qanunun qüvvəsi geriyə tətbiq edilə bilməz. Qanunun tələbinə uyğun olaraq cavabdehə müraciət edərək əmək pensiyasının hansı meyarlara görə azaldılması barədə ona ətraflı arayış verilməklə, həmçinin barəsində qəbul edilmiş əlverişsiz aktı ləğv etməklə, dövlət qulluğu stajının 18 ildən çox müddət olması nəzərə alınıb Qanunun tələbinə uyğun olaraq əmək pensiyasını yenidən hesablanmasını xahiş etsə də, 21 noyabr 2023-cü il tarixli məktubda ona25457,52 manatın artıq ödənilməsi qeyd olunsa da hansı əsasa görə pensiyamın artıq ödənilməsinin hesab edilməsi və həmin məbləğin hansı əsasla tutulmalı olması barədə məsələyə ümumiyyətlə münasibət bildirilməmişdir. Beləliklə, heç bir əsaslandırma göstərilmədən ərizənin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Xətai rayon şöbəsi tərəfindən 1 yanvar 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 940 manat, qulluq stajına görə əlavə 93,25 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 141 manat, digər növ əlavə 313,33 manat olmaqla orta aylıq əmək haqqı 1487,58 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 10 il 10 ay 16 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1487,58 manat) 55 faizi-818,17 manat məbəğındə müəyyən edilib. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına gorə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artım nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 1 yanvar 2023-cü il tarıxinədək qüvvədə olmuş 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə. Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 10 il 10 ay 16 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1035 manat, qulluq stajına görə əlavə 102,67 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 155,25 manat, digər növ əlavə 345 manat olmaqla orta aylıq əmək haqqı 1637,92 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqı (1487,58 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1637,92 manat) arasındakı fərq məbləğinin (150,34 manat) 36,11 faizi-54,29 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (818,17 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 872,46 manat məbləğində müəyyən edilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1555 manat, qulluq stajına görə əlavə 154,26 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 233,25 manat, digər növ əlavə 518,33 manat olmaqla orta aylıq əmək haqqı 2460,84 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqı (1637,92 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (2460,84 manat) arasındakı fərq məbləğinin (822,92 manat) 36,11 faizi- 297,15 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (872,46 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1169,61 manat məbləğində hesablanmalı olduğu halda, 1855,24 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 27425,20 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, iddiaçının pensiyasının (1169,61 manat) tərkibinə 10 faiz maddi yardım əlavə edilməklə və cari il üzrə 14,7% indeksləşdirmə nəzərə alınmaqla 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1475,70 manat məbləğində müəyyən edilib. Bununla əlaqədar cari ilin yanvar ayı üzrə 29 gün üçün 1380,49 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 2189,74 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 809,25 manat artıq pul vəsaiti ödənilib. İddiaçının müraciətinə əsasən fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiyası yenidən hesablanaraq 30 yanvar 2023-cü il tarixindən 1770,56 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, cari ilin yanvar ayı üzrə iki gün üçün və fevral ayı üzrə ümumilikdə 1884,79 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 2491,78 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 606,99 manat artıq pul vəsaiti ödənilib. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar iddiaçıya artıq ödənilmiş pul vəsaiti 30 yanvar 2023-cü il tarixində daxil olmuş müraciətindən 3 il geri dövr üzrə məhdudlaşdırılıb. Qeyd olunanları nəzərə alaraq, ona xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25457,52 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia üzrə birinci tələb (qərarların ləğv edilməsi) mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İrəli sürülmüş iddia üzrə digər tələb (tutulmuş məbləğin geri qaytarılması) öhdəliyin haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-5377/2023 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, artıq ödəmə ilə əlaqədar iddiaçının pensiya məbləği 2340,76 manatdan 1770,56 manata azaldılmışdır; DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-7318/2023 nömrəli, “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın surətindən görünür ki, pensiya məbləği 1770,56 manat müəyyən edilmiş və artıq ödəmə 3 il ilə məhdudlaşdırılmışdır; “Pensiya təyinatı” altsistemindın çıxarışlardan görünür ki, iddiaçının pensiyasından tutulmalar aparılmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: X3 xx.xx.2023-cü il tarixli mətubunda göstərilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1978-1984-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda, 1984-1986-cı illərdə Naxçıvan MSSR X1 iş müddətilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda institutlar, aqrar istehsalat birlikləri və həmin qurumlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən 1978-1984-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda, 1984-1986-cı illərdə Naxçıvan MSSR X1 iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir.(xx.xx.2017-dək qüvvədə olan redaksiya) 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Hazırkı iddia tələbi ilə iddiaçı onun pensiyasının yenidən hesablanaması və artıq ödəmənin müəyyən edilməsi ilə bağlı qərarların qanunsuz olduğunu qeyd edir. Cavabdeh mübahisələndirilən qərarların qəbul edilməsini onunla izah edir ki, iddiaçının 10 il 10 ay 16 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (1487,58 manat) 55 faizi-818,17 manat məbəğındə müəyyən edilib. İddiaçının 10 il 10 ay 16 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 36,11 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1035 manat, qulluq stajına görə əlavə 102,67 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 155,25 manat, digər növ əlavə 345 manat olmaqla orta aylıq əmək haqqı 1637,92 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqı (1487,58 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (1637,92 manat) arasındakı fərq məbləğinin (150,34 manat) 36,11 faizi-54,29 manat 1 mart 2018-ci il tarixədək hesablanmış pensiyanın (818,17 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 872,46 manat məbləğində müəyyən edilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1555 manat, qulluq stajına görə əlavə 154,26 manat, hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə 233,25 manat, digər növ əlavə 518,33 manat olmaqla orta aylıq əmək haqqı 2460,84 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə ümumilikdə orta aylıq əmək haqqı (1637,92 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (2460,84 manat) arasındakı fərq məbləğinin (822,92 manat) 36,11 faizi- 297,15 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanın (872,46 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 1169,61 manat məbləğində hesablanmalı olduğu halda, 1855,24 manat məbləğində müəyyən edilməklə xx.xx.2019-xx.xx.2022-ci il tarixləri arasındakı dövr üzrə müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə iddiaçıya 27425,20 manat artıq pul vəsaiti ödənilib. Eyni zamanda, iddiaçının pensiyasının (1169,61 manat) tərkibinə 10 faiz maddi yardım əlavə edilməklə və cari il üzrə 14,7% indeksləşdirmə nəzərə alınmaqla 1 yanvar 2023-cü il tarixindən əmək pensiyası 1475,70 manat məbləğində müəyyən edilib. Bununla əlaqədar cari ilin yanvar ayı üzrə 29 gün üçün 1380,49 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, 2189,74 manat ödənilib. Buna görə də həmin dövr üzrə iddiaçıya 809,25 manat artıq pul vəsaiti ödənilib. İddiaçının müraciətinə əsasən fərdi hesabının sığorta hissəsində qeyd olunmuş sığorta kapitalına görə pensiyası yenidən hesablanaraq 30 yanvar 2023-cü il tarixindən 1770,56 manat məbləğində müəyyən edilib. Məhkəmə ilk növbədə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla ) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Beləliklə, göründüyü kimi cavabdeh inzibati orqan “Əmək pensiyaları haqqında” Qanunun yuxarıda qeyd edilən tələblərinə riayət etməmiş, artıq ödənildiyini iddia etdiyi pensiya məbləğinin geri qaytarılması barədə nə iddiaçının razılığını almadan, nə də məhkəmədə müvafiq iddia qaldırmadan iddiaçının pensiyasından faktiki olaraq tutulma həyata keçirilmişdir. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə qeyd edir ki, doğrudur, “İnzibati icraat haqqında” Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. O da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, “ “İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-5377/2023 nömrəli və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-7318/2023 nömrəli qərarları artıq ödəmənin müəyyən edilməsi hissəsində qanunsuzdur və ləğv olunmalıdır. Bununla birgə cavabdehin tutulma aparılmasına dair hərəkəti qanunsuz hesab olunduğundan onun nəticələri də aradan qaldırılmalı iddiaçıya ödənilən pensiyasından tutulan məbləğ geri qaytarılmalıdır. Məhkəmə pensiyanın yenidən hesablanması ilə bağlı hissəyə münasibətdə cavabdehin mövqeyini haqlı hesab edir. Belə ki, əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi iddiaçının 1978-1986-cı illərdə işlədiyi vəzifələr dövlət qulluğu hesab edilmədiyindən onun dövlət qulluğu stajının sadəcə 10 il 10 ay 16 gün olması nəzərə alınaraq pensiyasının yenidən hesablandığını bildirmişdir. Bu baxımdan həmin dövrün dövlət qulluğu vəzifəsi olub-olmamasının araşdırılması zərurəti yaranmışdır. Bununla bağlı aidiyyəti üzrə X4 sorğu verilmiş, sorğuya cavab olaraq müvafiq Siyahıda institutlar, aqrar istehsalat birlikləri və həmin qurumlarda mövcud olmuş vəzifələr nəzərdə tutulmadığı, qeyd edilənlərə əsasən 1978-1984-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutunda, 1984-1986-cı illərdə Naxçıvan MSSR X1 iş müddətinin dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə nəzərə alınmadığı göstərilmişdir. Qeyd edilənləri təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir. İddiaçı cavabdehin mövqeyinə qarşı münasibət bildirərkən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)-716/2017 nömrəli qərarına istinad edərək yenidən hesablanmanın qanunsuz olduğunu qeyd etmişdir. Məhkəmə bununla bağlı bağlı bildirir ki, adıçəkilən məhkəmə aktı ilə həll edilən məsələ pensiya hesablanarkən hansı əlavələrin nəzərə alınması ilə bağlı olmuşdur ki, cavabdeh hakimiyyət səlahiyyətlərinin icrasına görə 15 faiz əlavə və s. nəzərə almaqla pensiyanın yenidən hesablamışdır. Məhkəmə aktı ilə hazırda cavabdehin mübahisələndirdiyi məsələyə münasibət bildirilmədiyindən dövlət qulluğu stajının azaldılması ilə bağlı yenidən hesablanmada qanunsuzluğa yol verilməmişdir. Bu baxımdan, məhkəmə cavabdehin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının pensiyasının yenidən hesablanması zamanı yol verilmiş səhv davam etdirilə bilməzdi və cavabdeh məbləğin yenidən hesablanaraq azaldılmasında haqlı olmuşdur. Qeyd edilənlərə əsasən mübahisələndirilən qərarlarla iddiaçının pensiyasının 1770,56 manat müəyyən edilməsi qanuni və əsaslıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-5377/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/3-7-7318/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən-artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilməli və həmin qərarlar əsasında tutulan pensiya məbləğinin hesablanaraq İddiaçı qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-5377/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17- 1/3-7-7318/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı qismən-artıq ödəmənin müəyyən edilməsi hissəsində ləğv edilsin və həmin qərarlar əsasında tutulan pensiya məbləğinin hesablanaraq İddiaçı qaytarılması öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-625/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-625/2025
18.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver