Məhkəmə qərarları › İş №2-1(112)-6252/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6252/2025

04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6252/2025 04.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qızı) X4, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 4 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 86 sayl qərarına əsasən İddiaçı (qərara əlavə edilmiş siyahıda X3 yazılmışdır) və iki nəfər ailə üzvünə (X2 və X6) 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 069103 “Torpaq sahəsinin plan və ölçü” (kadastr planı) sənədi tərtib edilmişdir. İddiaçı nümayəndəsi vasitəsi ilə cavabdehə müraciət edərək torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasının xahiş etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “...torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir”. Həmçinin təqdim edilmiş sənədlərdə hüquq sahibinin adında uyğunsuzluq mövcuddur. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən X10 Komissiyasının xx.xx.2008-ci il tarixli, 86 nömrəli qərarı ilə ayrılmış 0,1 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Aqrar İslahat haqqında qanunun 9-cu maddəsində vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin qanunun 10-cu maddəsində fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən Abşeron rayonu Pirşağı qəsəbəsində Abşeron rayon AİK-nın xx.xx.2008-ci il tarixli 86 nömrəli qərarı ilə X1 məxsus 0.1 ha torpaq sahəsinə torpaq sahəsinin “planı və ölçüsü” (A Nq 069103) “Torpaq Məcəlləsinə”, “Daşınmaz əmlakın dövlət reyestri haqqıda”, və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tərtib edilmişdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubu ilə eynidir. Əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “plan və ölçü” sənədi (kadastr planı) ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən halıdır ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 86 saylı qərarına əsasən iddiaçıya və iki nəfər ailə üzvünə 0,10 ha torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinə dair ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 069103 “Torpaq sahəsinin plan və ölçü” (kadastr planı) sənədi tərtib edilmişdir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçının hazırkı tələbi irəli sürməkdə hüquqi marağı torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə aldırmağa yönəlmişdir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina edir və iddiaya etiraz edir. 1) torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi; 2) təqdim edilən sənədlərdə hüquq sahibinin adında uyğunsuluq olması; 3) sahəsinə dair ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “plan və ölçü” sənədi (kadastr planı) ilə faktiki vəziyyət arasında uyğunsuzluq olması. Məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının əsası kimi istinad etdiyi dəlillər əsassızdır. Belə ki, 1-ci dəlillə bağlı məhkəmə qeyd edir ki, torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A № 069103 “Torpaq sahəsinin plan və ölçü” sənədi tərtib edilmişdir. Məhkəmə tərəfindən həmin sənədin verilməsinə əsas olmuş sənədlər (arxiv qovluğu) sorğu edilmişdir. Sorğuya əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 86 saylı qərarına əsasən iddiaçıya və iki nəfər ailə üzvünə (X2 və X6) 0,10 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə tərəfindən Abşeron rayon dövlət arxivindən Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 86 saylı qərarı sorğu edilmiş və həmin qərar məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, 86 saylı qərara torpaq sahəsi ayrılmış vətəndaşların adlı siyahısı əlavə edilməmişdir. Həmin qərara torpaq sahəsi ayrılmış vətəndaşlarımn adlı siyahısı əlavə edilməsə də, cavabdehin təqdim etdiyi arxiv qovluğuna Abşeron rayon Aqrar İslahat Komissiyasının qərarına əavə edilmiş cədvəl məhkəməyə əlavə edilmişdir. Həmin cədvəldə torpaq sahəsinin ölçüsü, torpaq sahəsi ayrılmış şəxslərin (iddiaçı və ailə üzvləri) adları, torpaq sahəsinin xəritədə nömrəsi (320 saylı), iddiaçının və ailə üzvlərinin torpaq ayrılan şəxslərin sıra sayı (340-cı sıra) dair məlumatlar əks olunmuş və cədvəl Yerli Aqrar islahat Komissiyasının sədri, Abşeron rayon torpaq şöbəsinin müdiri və “Azdövyerqurlayihə” İnstutunun mütəxəssisi tərəfindən təsdiqlənərək möhürlənmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarından biridir. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə qeyd edir ki, qeyd edilən Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 86 saylı qərarı əlavə edilmiş cədvəllə birlikdə forma, məzmun, səbəb və məqsəd baxımından Qanunun yuxarıda istinad edilən normasının (8.0.1) tələbləri baxımından torpaq sahəsinə hüququn qeydə alınması üçün əsas hesab edilən sənəd hesab edilməlidir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsini 2-1(102)-196/2025 nömrəli iş üzrə, xx.xx.2025-cü il tarixli qərarında hüquqi mövqe bu istiqamətdə olmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsində göstərilən siyahı məhdudlaşdırıcı xarakter daşımır. Bu barədə hüquqi mövqe “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1 və 53-cü maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.2 və 139- 1.1.4-cü maddələrinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2 və 8.0.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 129-cu maddəsinin İ və İİ hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Plenumun xx.xx.2024-cü il tarixli qərarında əks olunmuşdur. Belə ki, həmin qərarda qeyd edilmişdir ki, “...xüsusilə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 139-1-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların dairəsini müəyyən etsə də, bu siyahı məhdudlaşdırıcı xarakter daşımır. Daşınmaz əmlak üzərində qanuni əsaslardan yaranan hüququn həmin əsasın bu siyahıda olmaması səbəbi ilə qeydiyyatından imtina edilməsi qeydiyyatın məqsəd və təyinatından kənar olmaqla mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxara bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi də daşınmaz əşya üzərində qanuni əsaslardan əmələ gələn hüquqların dövlət qeydiyyatının prosessual qayda və əsaslarını müəyyən edir. Odur ki, bu normalarda birbaşa göstərilməməsi səbəbi ilə borclunun əmlakını qəbul etmiş tələbkarın mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilməsi yolverilməzdir”. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə görə, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Odur ki, cavabdehin iddiaçı tərəfindən hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməməsi barədə imtinası imtinası əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin birinci imtina dəlilini əsassız hesab edir. Məhkəmə 2-ci dəlillə bağlı qeyd edir ki, məhkəmə tərəfindən sorğu edilən iddiaçının akt qeydlərindən müəyyən edilir ki, iddiaçının soyadı adı və ata adı “İddiaçı” oğludur. Lakin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A № 069103 “Torpaq sahəsinin plan və ölçü” sənədindən iddiaçının adı və ata adı eyni olsa da, soyadı olaraq “Səmədov” kimi yazılmışdır. Məhkəmə qeyd edir ki, bu hal texniki səhv kimi qəbul edilməlidir. Çünki Abşeron rayon Aqrar İslahat Komissiyasının xx.xx.2008-ci il tarixli, 86 saylı qərarına əsasən 0,10 ha torpaq sahəsi ayrılan şəxsin iddiaçı olması, həmin qərara əlavə edilmiş adlı siyahıda olan iddiaçının ailə üzvlərindən də müəyyən edilir. Həmçinin iddiaçının məhkəmə təmsil edən nümayəndəsinin (qızının) da soyadı “Şəmədova” dır Məhkəmə qeyd edir ki, plan ölçü sənədində olan bu texniki səhv iddiaçının təqsirindən olan hal deyildir və mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir. Məhkəmə cavabdehin etirazında qeyd etdiyi torpaq sahəsinin plan ölçü sənədi ilə faktiki vəziyyət arasında olan uyğunsuzluqla bağlı qeyd edir ki, həmin uyğunsuzluğu aradan qaldırmaq cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” hüquqların dövlət qeydiyyatına alınmasından imtina əsasları konkret olaraq göstərilmişdir: Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud deyil. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. MPM-in: 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Bakı şəhər Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən X10 Komissiyasının xx.xx.2008-ci il tarixli, 86 nömrəli qərarı ilə ayrılmış 0,1 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar