Məhkəmə qərarları › İş №2-1(112)-6253/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6253/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6253/2023 16.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışa düzəlişin edilməsi” tələbinə tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışa düzəlişin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi-46 ünvanında yerləşən 5317,1 kv.m əmlak kompleksi və onun yerləşdiyi 1.6838 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilməsi və torpaq sahəsinin kateqoriyası qrafasında torpaq sahəsinin “yaşayış məntəqələrinin torpaqları” kimi göstərilməklə yeni Çıxarışın verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 5317,1 kv.m əmlak kompleksi və 1.6838 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin Çıxarış verilərkən torpaq sahəsinin kateqoroyası düzgün yazılmamşdır. Belə ki, torpaq sahəsinin kateqoroyası bölümündə “yaşayış məntəqəsinin torpaqları” kimi göstərilməli olduğu halda “sənaye, nəqliyyat,rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi göstərilmişdir. Yol verilmiş səhvin düzəldilməsi və daşınmaz əmlakın dövlət reyestrindən yeni Çıxarışın verilməsi üçün xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etdik. Lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanunvericiliklə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq bizim ərizəmizi icra etməmiş və bizə bununla bağlı heç bir məlumat verməmişdir. Ona görə də ərizənin icra olunmama səbəbləri barədə heç bir məlumat əldə edə bilməmişik. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6253/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********53-12301 reyester nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda “Torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı)” “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi qeyd edilməsinə əsas olmuş sənədlərin, həmçinin ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə bitişik olan digər torpaq sahələrinin (RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli çıxarışlarda qeyd edilən torpaq sahələrinin) kateqoriyası barədə məlumatın və kateqoriyanın müəyyən olunmasına əsas olmuş sənədlərin təqdim edilməsi “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC tərəfindən tərəfindən 10 gün müddətində təmin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşdirmə verərək İddiaçıə məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda yol verilən yalnışlığın aradan qaldırılması və düzəliş edilərək “sənaye, nəqliyyat, rabitə, müdafiə və diğər təyinatı” sözlərinin “yaşayış məntəqələrinin torpaqları kimi göstərilməklə yeni Çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6253/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yazılı olaraq etiraz ərizəsi təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı MMC mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi-46 ünvanında yerləşən sahəsi 5317,1 kv.m əmlak kompleksi və onun yerləşdiyi 1,6838 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə verilmiş xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda düzəliş edilməsi və torpaq sahəsinin kateqoriyası qrafasında torpaq sahəsinin “yaşayış məntəqələrinin torpaqları” kimi göstərilməklə yeni Çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə xx.xx.2022-ci il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.3-cü bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 10-cu maddəsinə əsasən torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaqların hüquqi rejimi — torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında, dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyatı kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - iddiaçının xx.xx.2022-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət məktubu: - cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubu; - Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş 001004 qeydiyyat nömrəli, xx.xx.2001-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamə; - Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin tərəfindən verilmiş torpaq sahəsinin satılmasına dair 000055 qeydiyyat nömrəli, xx.xx.2006-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamə; -**********53-12301 reyester nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış: - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2023-cü il tarixli cavab məktubları. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılmasına dair” xx.xx.1996-cı il tarixli 1339 nömrəli Sərəncamı; - Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1997-ci il tarixli 129 saylı Sərəncamı.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş tərəflərin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən) Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hazırki mübahisəyə dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, iddiaçı cavabdeh İdarəyə xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Azər Şans" MMM-nə ünvan 4 ünvanında yerləşən 5317,1 kv.m əmlak kompleksi və onun yerləşdiyi 1.6838 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Lakin Çıxarış tərtib edilərkən torpaq sahəsinin kateqoriyası səhv göstərilmiş, həmin torpaq sahəsi yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid olmasına baxmayaraq sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi göstərilmişdir. xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda yol verilmiş texniki səhvin düzəldilməsi və torpaq sahəsinin yaşayış məntəqəsinin torpaqları kateqoriyasına aid olması barədə qeydiyyat aparılaraq daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsini xahiş etmişdir. Məhkəmə hazırkı tələblə bağlı qeyd edir ki, mübahisə torpağın kateqoriyasının dəyişdirilməsi ilə bağlı deyil, **********53-12301 reyestr nömrəli xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda göstərilmiş yalnışlığın aradan qaldırılması ilə bağlı inzibati orqanın hərəkətləri ilə bağlıdır. Məhkəmə tərəfindən İddiaçı MMM-nə məxsus ünvan 4 ünvanında yerləşən əmlak kompleksinə dair arxiv qovluğunda olan bütün sənədlərin məhkəməyə təqdim edilməsi ilə bağlı olaraq sorğu verilmiş və məhkəmənin sorğusuna cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə sözügedən əmlaka dair sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş **********53-12301 reyestr nömrəli xx.xx.2015-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin mülkiyyət növü və torpaq sahəsi üzərində mülkiyyət növü kimi xüsusi mülkiyyət hüququ ilə İddiaçı MMM-nin adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə xx.xx.2015-ci il tarixdə məktubla müraciət edərək, Azərbaycan Respublikası Mərkəzi Bankı ilə "xxxx" İKB ASC arasında bağlanmış ipoteka müqaviləsinə əsasən yüklü edilmiş "xxxx" MMM-nə mülkiyyət hüququ ilə məxsus, ünvan 4 ünvanında 2,39413 ha torpaq sahəsində yerləşən 7595,2 kv.m ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəsinin (İdman və əyləncə kompleksi) (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarış, seriya RX seriyalı, ******* nömrəli, **********3- 12301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli ipotekasını qüvvədə olan qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş, İddiaçı MMM-nə məxsus mübahisəli obyektə məxsus çıxarış və texniki pasport itirildiyi üçün etibarsız hesab edilməsi ilə bağlı olaraq “Ədalət” qəzetində (çap tarixi xx.xx.2016-cı il) elan verilmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş, “BƏM” "xxxx" MMM tərəfindən xx.xx.2016-cı il tarixində ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reystləri Xidmətinə müraciət edərək, "xxxx" MMM-nə məxsus Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrinin Seriya RX 0646462nömrəli, qeydiyyat nömrəsi ********** ,qeydiyyat tarixi xx.xx.2015 və Seriya RX, ******* nömrəli, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2012 Çıxarışlarının dublikatlarının verilməsini xahiş etmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəmyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən verilmiş 001004 qeydiyyat nömrəli, xx.xx.2001-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamədən görünür ki, ünvan 5 ünvanında yerləşən idman və əyləncə kompleksi İddiaçı MMM xüsusi mülkiyyətindədir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş **********04-12301 reyestr nömrəli xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin mülkiyyət növü və torpaq sahəsi üzərində mülkiyyət növü kimi xüsusi mülkiyyət, torpaq sahəsinin kateqoriyası sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi İddiaçı MMM-nin adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş, ünvan 4 ünvanında yerləşən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin təyinatının dəyişdirilməsinə göstəriş verilməsi ilə bağlı İddiaçı MMM tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət etmişdir. Məhkəmə tərəfindən cavabdeh inzibati orqana Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********53-12301 reyester nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda “Torpaq sahəsinin kateqoriyasının (məqsədli təyinatı)” “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi qeyd edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsinə dair xx.xx.2023-cü il tarixli sorğu verilmiş və məhkəmənin sorğusuna cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli muşayiət məktubu ilə sorğuda qeyd olunan sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli 243 nömrəli “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən verilmiş xx.xx.2001 tarixli, 1004 saylı "Mülkiyyət hüququ haqqında" Şəhadətnamə əsasında özəlləşdirilmiş Xətai rayonu, F.Bayramov küçəsində yerləşən Əyləncə və idman kompleksinin qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən torpaq sahəsinin tikinti və infrastruktura altında yerləşən hissəsi 20553.1 m2, sərbəst sahəsi 3388.2 m2 , olmaqla ümumi torpaq sahəsi 23941.3 m2 təşkil edir. “Satıcı” müqavilənin 1.1-ci bəndində göstərilən torpaq sahəsini köhnə Azərbaycan manatı ilə ********* ( üç yüz qırx doqquz milyon səkkiz yüz on yeddi min yeddi yüz əlli manat) manata Yeni Azərbaycan manatı ilə 69963.55 ( altmış doqquz min doqquz yüz altmış üç manat 55 qəpik ) manata satır, “Alıcı" isə həmin torpaq sahəsinin tam dəyərini ödəməklə satın almışdır. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyi tərəfindən “Əmlakın İnventarlaşdırılması Bürosu Müəssisə və Obyektin” Texnıkı Pasportundan görünür ki, ünvan 6 ünvanında yerləşən İddiaçı Əyləncə və idman kompleksinin əsas göstəriciləri olaraq tikinti altı sahə 7937,7 kv.m, ümumi sahə 7605,6 kv.m, əsas sahə 5035,4 kv.m, köməkçi sahə 2570,2 kv.m olaraq göstərilmişdir. Torpaq sahəsinin təsnifatında 743/a saylı xx.xx.2001 ci il tarixli sifariş məktubu, İddiaçı MMM-nin yeni redaksiyada Nizamnaməsi, 11/5463 saylı xx.xx.1997-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin məktubu, bina və qurğuların texniki parametrlərinin göstəricisi əsasında texniki pasportun hazırlanması üçün siyahıda qeyd edilən sənədlər təqdim edilmiş və Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1339 saylı xx.xx.1996-cı il tarixli torpaq sahəsinin ayrılması haqqında Sərəncamı və 96/296 saylı xx.xx.1996 cı il tarixli Ayrıc- aktı əsasən 2,25 hektar torpaq sahəsi ayrılmışdır. Məhkəmə tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə sorğu verilmiş və məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə sorğuda qeyd olunan Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1339 nömrəli Sərəncamının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş Bakı şəhəri İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin ayrılmasına dair” xx.xx.1996-cı il tarixli 1339 nömrəli Sərəncamına əsasən,

1. Bakı Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə Birliyə yaşayış massivinin tikintisi üçün ayrılmış ərazinin istifadəsiz qalmış hissəsi geri alınmışdır.

2. “İSR” dış ticarət və mümməsillik limited şirkətinin müraciəti nəzərə alınaraq Xətai rayonu, F.Bayramov küçəsindəki 1130/33 məhəllədə həmin şirkətə idman kompleksinin lahiyələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 3.5. Torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunmalıdır. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş və inzibati icraat materiallarına əlavə edilmiş, Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1997-ci il tarixli 129 saylı Sərəncamına əsasən,

1. “İSR” dış ticarət və mümməsillik limited şirkətinin xx.xx.1996-cı il tarixli 15 nömrəli məktubu nəzərə alınaraq, Xətai rayonu, F.Bayramov küçəsindəki 1130/33 məhəllədə "xxxx" MMC-nə idman kompleksinin lahiyələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. 1.1 Xətai rayonu, F. Bayramov küçəsindəki 1130/33 məhəllədə “İSR” dış ticarət və mümməsillik limited şirkətinə idman kompleksinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1339 nömrəli sərəncamı qüvvəsini itirmiş hesab edilmişdir. 2.5. Torpaq sahəsi ayrılmış məqsəd üçün istifadə olunmalıdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə bitişik olan və qonşuluğunda yerləşən torpaq sahələrinin hüquqmüəyyənedici sənədlərinin və onların verilməsinə əsas olmuş sənədlərin (çıxarış, müqavilə, sərəncamlar) təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən elektron kabineti vasitəsi ilə “AZEMİS” elektron məhkəmə informasiya sisteminə yerləşdirilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, NECAS (TEKUİS) məlumatlarına əsasən müraciətdə qeyd edilən sahə də daxil olmaqla ətraf bitişik digər qonşu sahələr yaşayış məntəqələri torpaqları kateqoriyasına aiddir. (qeyd edilən sənəd iş materiallarına əlavə edilmişdir) Məhkəmə qeyd edir ki, inzibati icraat materiallarına əlavə edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının “Torpaq sahəsinin ayrılmasına dair” xx.xx.1996-cı il tarixli 1339 nömrəli Sərəncamına əsasən, Bakı Şəhər XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli qərarı ilə Birliyə yaşayış massivinin tikintisi üçün ayrılmış ərazinin istifadəsiz qalmış hissəsi geri alınaraq, “İSR” dış ticarət və mümməsillik limited şirkətinin müraciəti nəzərə alınaraq Xətai rayonu, F. Bayramov küçəsindəki 1130/33 məhəllədə həmin şirkətə idman kompleksinin lahiyələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmışdır. Sonradan həmin torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti başçısının “Torpaq sahəsinin ayrılması haqqında” xx.xx.1997-ci il tarixli 129 saylı Sərəncamına əsasən “İSR” dış ticarət və mümməsillik limited şirkətinin xx.xx.1996-cı il tarixli 15 nömrəli məktubu əsasında Xətai rayonu, F.Bayramov küçəsindəki 1130/33 məhəllədə "xxxx" MMC-nə idman kompleksinin lahiyələndirilməsi və tikintisi üçün torpaq sahəsi ayrılmış və Xətai rayonu, F.Bayramov küçəsindəki 1130/33 məhəllədə “İSR” dış ticarət və mümməsillik limited şirkətinə idman kompleksinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixli 1339 nömrəli sərəncamı qüvvəsini itirmiş hesab edilmişdir. Həmin Sərəncamda da qeyd edilən torpaq sahəsinin ayrılmış məqsəd üçün istifadə olunması göstərilmişdir. Göründüyü kimi torpaq boş torpaq sahəsi olmuş, sənaye, nəqliyyat və ya bu kimi məqsədlərlə istifadə ilə bağlı heç bir əlaqəsi olmamış və ilkin torpaq ayırma sənədində yaşayış massivinin tikilməsi üçün nəzərəd tutulmuşdur. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Rövşən Əliyev küçəsi-46 ünvanında yerləşən 5317,1 kv.m əmlak kompleksi və 1.6838 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Çıxarışda torpaq sahəsinin kateqoriyası qrafasında “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” kimi yazılmışdır. “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” xx.xx.2006-cı il tarixli 000055 qeydiyyat nömrəli Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Məhkəmə, hazırki mübahisə üzrə yaranmış ziddiyyətə aydınlıq gətirilməsi üçün məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlərin təqdim edilməsi ilə bağlı müvafiq sorğular verilmiş, verilmiş bəzi sorğular aidiyyəti üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestr PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə yönəldilmiş və cavabdeh orqan tərəfindən mübahisələndirilən çıxarışda torpaq sahəsinin kateqoriyası ilə bağlı məlumat qeyd edilərkən hansı məlumatlara istinad edilməsi araşdırılmışdır. Lakin cavabdeh inzibati orqan tərəfindən məhkəmənin sorğu məktublarına cavab verilmədiyindən, məhkəmə tərəfindən sorğuda qeyd edilən məlumatların təqdim edilməsi ilə bağlı olaraq xx.xx.2023-cü il tarixli qərardad qəbul edilmişdir. Cavabdeh inzibati orqan **********53-12301 reyester nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli Çıxarışda torpaq sahəsinin kateqoriyasının sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar kimi qeyd edilməsinə əsas olmuş sənəd olaraq məhkəməyə xx.xx.2023-cü il tarixli müşayiət məktubu ilə Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 000055 qeydiyyat nömrəli, xx.xx.2006-ci il tarixli Şəhadətnaməni təqdim etmişdir ki, qeyd edilən şəhadətnamədə ünvan 7 ünvanında yerləşən idman və əyləncə kompleksinin yerləşdiyi torpaq sahəsi qanunvericiliyə müvafiq qaydada iddiaçı tərəfindən satın alındığını sübut edən sənəddir. Həmin Şəhadətnamədə torpağın kateqoriyası ilə bağlı heç bir qeyd aparılmamış və məhkəmə araşdırması zamanı da qeyd edilən hal öz təsdiqini tapmamışdır. İş materiallarından görünür ki, məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixi məktubla ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə bitişik olan digər torpaq sahələrinin hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edilmişdir. Həmin hüquq müəyyənedici sənədlərdən də müəyyən edilir ki, bitişik torpaq sahələrində digər vətəndaşlara məxsus qeyri-yaşayış obyektləri və hündür mərtəbəli yaşayış binaları inşa olunmuşdur. Beləkilə də, məhkəmə tərəfindən topraq sahəsinin tam yaşayış massivi olduğu müəyyən olunmuşdur. Həmin bitişik torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə (çıxarış, sərəncam və s.) torpaqların kateqoriyası göstərilməmişdir. Əlavə olaraq, sözügedən torpaq sahəsinin təyinatı ilə bağlı məsələyə münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş məktublardandan mübahisə predmeti olan torpaq sahəsinin və ona bitişik olan yuxarıda göstərilən digər torpaq sahələrinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olması bildirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində və istifadəsində olan torpaq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixli, də qeydə alınarkən Çıxarışda torpaq sahəsinin kateqoriyası göstərilməmiş, lakin xx.xx.2022ci il tarixdə torpaq sahəsi qeydə alınarkən Çıxarışda torpaq sahəsinin təyinatı heç bir əsas olmadan sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaq kimi göstərilmişdir. Həmçinin qeyd edilməlidir ki, iş materiallarındakı sənədlərdən də görünür ki, ayrılmış torpaq sahəsinin sənaye, nəqliyyat, rabitə,müdafiə və digər təyinatlı olması barədə ümumiyyətlə heç bir sübutlar mövcud deyil və inzibati orqan tərəfindən də torpağın qeyd edilən kateqoriyaya aid olmasına əsas olmuş sənəd kimi yalnız torpaq sahəsinin satılmasına dair 000055 qeydiyyat nömrəli, xx.xx.2006-ci il tarixli Mülkiyyət hüququ haqqında Şəhadətnamə təqdim edilir. Qüvvədə olan qanunvericiliyə əsasən qeyd edilən sənəd də torpağın kateqoriyasını müəyyən edən sənəd hesab olunmur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarı ilə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndində Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi və nizama salınması məqsədi ilə torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi qaydalarını müəyyən edir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən torpaqların kateqoriyaları haqqında məlumatlar dövlət torpaq kadastrında, torpaqların elektron kadastr uçotu informasiya sisteminin məlumatlarında, rəqəmsal və kağız üzərində kadastr xəritəsində, daşınmaz əmlakın dövlət reyestrində, eləcə də torpaq məlumat banklarından və xəritələrindən verilən çıxarış və arayışlarda, ərazi planlaşdırılması sənədlərində əks olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin müvafiq olaraq dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində sərəncam verilməsinə səbəb olan qərarlarında, bu qərarlardan irəli gələn və xüsusi mülkiyyətdə olan torpaq sahələri barədə əqdlərdə torpaqların kateqoriyası, kəmiyyət və keyfiyyət göstəriciləri barədə məlumatlar göstərilməlidir. Həmin Qaydaların 1.16-cı bəndinə əsasən torpağın bir kateqoriyadan digərinə keçirilməsi zamanı onun hüquqi statusu, məqsədli təyinatı, hüquqi rejimi, kəmiyyət və keyfiyyət göstəriciləri, təbii-coğrafi şəraiti, o cümlədən təbii və antropogen landşaft xüsusiyyətləri və onların sabitliyi nəzərə alınır. Həmin Qaydaların 1.17-ci bəndinə əsasən torpaq sahəsi bir kateqoriyadan digər kateqoriyaya keçirildikdə, torpağın qanunvericiliklə müəyyən edilmiş normativ qiyməti əsas götürülür. Belə ki, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə dəyişdirilməsinə yalnız müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır. Həmçinin məhkəmə qeyd edilir ki, qeyd edilən torpaq sahəsinin kateqoriyaya aid edilməsi ilə bağlı hər hansı qərar və ya hüquqi akt mövcud deyil. Lakin 1990-cı il tarixdə torpaq sahəsi ayrılarkən torpağın məqsədli təyinatı yaşayış massivinin tikintisi ilə bağlı olduğu iş materialları ilə müəyyən olunur. Göründüyü kimi hazırkı mübahisəyə münasibətdə iddiaçının mülkiyyətində olan torpağın məqsədli təyinatı (yaşayış massivinin tikintisi üçün) 1990-cı il tarixdə konkrekt səlahiyyətli orqan tərəfindən inzibati aktla müəyyən olunduğu halda sonradan dəyişdirilməsi, yəni yaşayış məntəqələrinin torpaqlarından, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinata keçirilməsi barədə səlahiyyətli orqanın müvafiq qərarının mövcudluğu müəyyən edilməmiş, cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının Mülki Məccələsinin Mülki Məcəllə 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədənxüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququmülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü bəndinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həlledilir. Həmin Qanunun 4.1-ci bəndinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyatorqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. “Torpaq Məcəlləsi” Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli 695- İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir. Həmin Məcəllə ilə torpaqların kateqoriyaya aid edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 9.2-ci maddəsində əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasinin torpaqları aşağıdakı (7) kateqoriyalara bölünür:

1. kənd təsərrüfatı təyinatlı torpaqlar;

2. yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;

3. sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;

4. xüsusi qorunan ərazilərin torpaqları;

5. meşə fondu torpaqları;

6. su fondu torpaqları;

7. ehtiyat fondu torpaqları. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqları və onların tərkibi;

1. şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: ictimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; Həmin Məcəllənin 19-cu maddəsinə əsasən yaşayış məntəqələrinin hüdudları (sərhədi).

1. Yaşayış məntəqələrinin hüdudları — şəhər, qəsəbə və kənd torpaqlarını digər torpaqlardan ayıran sərhəddir.

2. Yaşayış məntəqələrinin hüdudları təsdiq olunmuş şəhərsalma və yerquruluşu sənədləri əsasında müəyyənləşdirilir. Yaşayış məntəqəsinin hüdudu vətəndaşların və hüquqi şəxslərin torpaq sahələrinin sərhədləri üzrə müəyyən edilir. Həmin Məcəllənin 20-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarından istifadə.

1. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

2. Yaşayış məntəqələrinin baş planları mənzil, sənaye, mədəni-məişət obyektlərinin tikintisi və başqa tikintilər, əhalinin istirahət yerlərinin müəyyənləşdirilməsi və abadlaşdırılması üçün şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqlarından istifadənin əsas istiqamətlərini müəyyən edir. Baş plan əsasında hazırlanmış planlaşdırma və tikinti layihələri tikinti üçün torpaqlardan istifadəni müəyyən edir. Həmin Məcəllənin 22-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, sözügedən torpaq sahəsinin Bakı şəhərinin hüdudları daxilində yaşayış, tikinti massivində yerləşməsi, həmçinin həmin torpaq sahəsində sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin mövcud olmadığı və ətrafda xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonalarının yaradılmadığı işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, torpaqların kateqoriyaya aid edilməsi və onların müəyyən olunmasını müəyyən edən qanunvericilik aktları 1999-cu il tarixindən qəbul edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi isə iddiaçıya qeyd edilən tarixədək ayrılmış və ilkin ayırma məqsədi də yaşayış massivinin tikintisi ilə bağlı olmuşdur. Müvafiq qanunvericilik aktları qəbul edildikdən sonra da həmin torpaq sahəsi sənaye, nəqliyyat, rabitə,müdafiə və digər təyinatlı torpaq kateqoriyasına aid edilməmişdir. Belə ki, qeyd edilən məsələyə dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə hər hansı sübut (qərar və s.) təqdim edilməmişdir. Beləliklə, cavabdeh tərəfindən verilmiş məktublarda qeyd olunan torpaq sahəsinin və ona bitişik olan torpaq sahələrinin yaşayış məntəqələri torpağına aid olunduğu etiraf edildiyindən, həmin vaxt səlahiyyətli orqan tərəfindən ilkin torpaqayırma sənədində də torpağın məqsədli təyinatının yaşayış massivinin tikintisinin həyata keçirilməsi müəyyən olunduğundan, sonradan həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə bağlı səlahiyyətli orqanın qərarı olmadığından, eyni zamandan müvafiq çıxarışda torpağın sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı kimi qeyd edilməsinə dair cavabdeh inzibati orqan tərəfindən məhkəməyə sübut təqdim edilmədiyindən, qeyd edilən torpağa bitişik torpaq sahələri hündür mərtəbəli binaların inşa olunması üçün səlahiyyətli orqan tərəfindən ayrıldığından, bitişik torpaq sahələrində vətəndaşlara məxsus hündür mərtəbəli binalarda yaşayış sahələrinin mövcudluğu öz təsdiqini tapdığından cavabeh inzibati orqanın imtinası qanunsuz sayılmalıdır. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsində təqsirli olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Beləliklə, hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normalarının tələbləri baxımından və qeyd olunan səbəblərdən iddiaçıya aid müvafiq çıxarışa düzəliş edilərək ona yeni çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması və iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsinin məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçınə məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda yol verilən yanlışlığın aradan qaldırılması və düzəliş edilərək “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqları” sözlərinin “yaşayış məntəqələrinin torpaqları” kimi göstərilməklə yeni Çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçıə məxsus xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışda yol verilən yanlışlığın aradan qaldırılması və düzəliş edilərək “sənaye, nəqliyyat, rabitə, müdafiə və diğər təyinatlı tropaqlar” sözlərinin “yaşayış məntəqələrinin torpaqları” kimi göstərilməklə (qeyd edilməklə) yeni Çıxarışın verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar