Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-6253/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 30 aprel 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/249 saylı qərarına əsasən X7 Novxanı massivində 91 saylı BTK-nın nəzdində 0,12 ha sahəsi olan 151 saylı bağ sahəsi ayrılmış və həmin qərara əsasən X5 və X4 massivindəki 91 №-li Kooperativi tərəfindən 11 №-li, 14 avqust 1989-cu il tarixli Orderi verilmişdir. Torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixli, A 148643 № li “Torpaq sahəsinin plan və ölçü” sənədi tərtib edilmişdir. X9 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. 31 yanvar 2020-ci il tarixli Qanun üzrə X3 əsasən xx.xx.2019-cu il tarixdə ölmüş X6 vərəsəsi arvadı İddiaçı – Bakı, 9 mkr., M.Cəlal küç., ev 103, mənzil 69 miras əmlakdan bütövlüklə irs almalıdır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivinin ərazisində yerləşən 151 saylı bağ sahəsi üzərində X2 məxsus olması haqqında arayışın verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh cavab məktubunda qeyd etmişdir ki, “...təqdim olunmuş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı notariat ofisinin məktubu təqdim edilməmişdir və təqdim olunmuş sənədlər surətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı, BTİ və İB-nin xx.xx.1989-cu il tarixli 11 saylı Orderi ilə verilmiş Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 151 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasına dair müvafiq arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri xx.xx.2019-cu ildə Bakı şəhərində vəfat etmiş X6 həyat yoldaşı olmaqla ölümündən sonra həm də vərəsəsi olmuşdur. X2 Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı, BTİ və İB-nin xx.xx.1989-cu il tarixli 11 saylı Orderi ilə verilmiş Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 151 saylı bağ evi tikintisi üçün nəzərdə tutulmuş 0.12 ha torpaq sahəsi ayrılmışdır. Həmin sahənin dövlət qeydiyyatına alınması üçün Asan Xidmət mərkəzinə etdiyi müraciət zamanı ona müsbət cavab verilməmişdir. Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı, BTİ və İB- nin xx.xx.1989-cu il tarixli 11 saylı Orderi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2009-cu il tarixli 14596 nömrə ilə uçota alınmış məlumatlarından da görünür ki, X1 151 saylı bağ evinin tikintisi üçün ayrılmış torpaq sahəsi ilə bağlı texniki sənəd tərtib edilmişdir. Tərəfindən cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq sorğu ilə müraciət ünvanlanmış və sorğuya verilmiş cavabda göstərilmişdir ki, arxiv məlumatlarına əsasən 91 nömrəli BTK-nin üzvlərinin siyahısında (6/249 qərar, xx.xx.1989) X10 adı var. Həmin şəxsin adına arxivdə torpaq sahəsinin plan və ölçüsü sənədi mövcuddur (kadastr planı). Həmçinin 151 bağ nömrəsi 10568 saylı müqavilə əsasında 0.19 ha olmaqla digər şəxsin adına (X8) 151K kimi qeydiyyata alınmışdır. Eyni ilə 151 bağ nömrəsi 109 nömrəli ВТК nəznində verilmiş order əsasında digər şəxsin adına bağ evi kimi qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, 150 saylı bağ sahəsinə uyğun gəlir kadastr planı məlumatı var. Arxiv rəyində göstərilən sahələrdən biri sahənin cənubunda digəri isə təqribən 2400 m. kənarda qeyd olunub. Cavabdehin verdiyi qeyri-müəyyən cavab onlara aydın olmadığından iddiaçı ilə birgə 1 saylı Bakı Ərazi İdarəsində qəbulda olan zaman sənədlərə əsasən araşdırma aparılmış və onlara bildirildi ki, sənədlərdə göstərilən bağ sahəsi baza məlumatlarında mövcuddur, sadəcə ərazidə sürüşmələr olduğundan uyğunsuzluqlar vardır və bununla bağlı onlara məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Təkrarən iddiaçının adından ərizə ilə cavabdehə müraciət edərək göstərilən bağ torpaq sahəsinin faktiki ölçüləri həddində qeydiyyata alınması xahiş edilmişdir. Cavab məktubunda, yuxarıda qeyd etdiyi sorğuya verilmiş cavab məktubu yenidən göndərilərək bununla bağlı məlumat verildiyi qeyd olunmuşdur. Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 151 saylı bağ evində 30 ilə yaxındır ki özü yaşayır və mərhum ərinə verildiyi vaxtdan onların daimi istifadəsində olmuşdur. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz məktubunda bildirilmişdir ki, ki, iddiaçı tərəfindən vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı notariat ofisinin məktubu təqdim olunmamışdır. Bundan başqa, təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir. Elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sahə 150 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/249 saylı qərarına əsasən X7 Novxanı massivində 91 saylı BTK-nın nəzdində 0,12 ha sahəsi olan 151 saylı bağ sahəsi ayrılmış və həmin qərara əsasən X5 və X4 massivindəki 91 №-li Kooperativi tərəfindən 11 №-li, 14 avqust 1989-cu il tarixli Orderi order verilmişdir. Torpaq sahəsinə dair Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2009-cu il tarixli, A 148643 № li “Torpaq sahəsinin plan və ölçü” sənədi tərtib edilmişdir. E.Musayev həmin bağ sahəsinə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin bağ sahəsinin mərhum əri Elxan Musayeva mülkiyyət hüququ ilə məxsus olması barədə arayış verilməsini xahiş edir. Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi mərhumun adına olan bağ sahəsinə dair Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/249 saylı qərarını və həmin qərara əsasən X5 və X4 massivindəki 91 №-li Kooperativi tərəfindən 11 №-li, 14 avqust 1989-cu il tarixli Orderi təqdim edir. Qeyd edilən normaların məzmununa əsasən, mərhum E.Musayev mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) İddiaçı tərəfindən vərəsəlik işinin açılması və vərəsələrin dairəsinin müəyyən edilməsi ilə bağlı notariat ofisinin məktubu təqdim olunmamışdır; 2) Təqdim edilmiş order barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir; 3) Elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sahə 150 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Belə ki, 1-ci halla bağlı məhkəmə qeyd edir ki, iddiaçının adına ləğv edilməmiş qüvvədə olan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə mövcuddur. Həmçinin həmin Şəhadətamə əsasında iddiaçı mərhumun digər daşınmaz əmlakı olan Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, 103, mənzil 69 ünanında yerləşən mənzilə mülkiyyət hüququ əldə etmişdir. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmçinin iddiaçı mərhum ərinin birinci növbəli vərəsəsi olmaqla onun vərəsəliyi qanundan irəli gəlir. 2-ci halla bağlı məhkəmə qeyd edir ki, order təqdim edilməsəydi belə, Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 21 iyul 1989-cu il tarixli 6/249 saylı qərarı, 91 №-li BTK-nin üzvlərinin siyahısı özü-özlüyündə bağ sahəsinə dair hüququn qeydə alınması üçün əsasdır. Çünki həmin sənədlər iddiaçının mərhum ərinə ayrılmış BTK və bağ sahəsi nömrəsi göstərilmişdir. Qeyd edilən sənədlər məhkəmə sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialından məhkməyə təqidm edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır, hansı ki, hazırkı halda iddiaçı həmin sənədi cavabdehə təqdim etmişdir. 3-cü halla bağlı məhkəmə qeyd edir ki, hər hansı bir uyğunsuzluqların mövcud olması iddiaçının təqsiri üzündən baş verə bilməz. Cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan torpaq sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır. Torpaq sahəsinin yerləşməsinin müəyyən edilməsi ilə bağlı qeyd edilməlidir ki, cavadeh tərəfindən də təsdiq edildiyi kimi sözügedən torpaq sahəsinin plan və ölçüsü sənədi mövcuddur (kadastr planı) Həmçinin qeyd edilməlidir ki, vaxtı ilə bağların bölgü sxeminin dəqiq tərtib edilməməsi, eyni zamanda sonradan bəzi bağ nömrələrinin dəyişməsi, əlavə edilməsi bağların bölünməsi nəticəsində yeni bağların qeydə alınması və bu bağ nömrələrinin bölgü sxemdə əks olunmaması kimi dövlət qurumlarının vaxtında etməli olduğu hərəkətlərə görə yaranan qeyri-müəyyənəliklər iddiaçının ziyanına şərh oluna bilməz və mülkiyyət hüququnun qeydə alınmasına mane olmamamlıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. İmtina məktubunda və etiraz ərizəsində qeyd edilməsə belə, məhkəməyə təqdim edilən eyni nömrəli bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınması və özgəninkiləşdirilməsi ilə bağlı hallara qiymət verərək məhkəmə qeyd edir ki, cavabdehin təqdim etdiyi xx.xx.2025-ci il tarixli məktubdan və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının iddia etdiyi bağ sahəsi ilə hüüququ digər şəxsin hüququ qeydə alınmış bağ sahələri ayrı-ayrı yerlərdə yerləşməklə eyni bağ sahələri deyil. Belə olan halda, cavabdeh hazırkı torpaq sahəsinə hüququ qeydə alarakən ünvan təkrarlanması olduğu təqdirdə bağ sahəsininyeni ünvan verilməklə göstərilən uyunsuzluğu aradan qaldıra bilər. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. X2 Bakı şəhər XDS İK-nin xx.xx.1989-cu il tarixli 6/249 saylı qərarı, BTİ və İB-nin xx.xx.1989-cu il tarixli 11 saylı Orderi ilə verilmiş Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 151 saylı bağ sahəsinin mülkiyyət hüququ ilə məxsus olmasına dair arayışın İddiaçı verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-6253/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-6253/2025
30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver