Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-6254/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə borclunu məhkəmə qətnamələrini icra etməkdən boyun qaçırmağa görə məsuliyyətə cəlb etmək vəzifəsinin qoyulması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5616/2015 saylı, 16.07.2015-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1065/2018 saylı, 19.01.2018-ci il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 4765/2019 saylı, 16.07.2019-cu il tarixli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5029/2020 saylı, 23.09.2020-ci il tarixli qətnamələrini icra etməkdən boyun qaçırdığına görə məsuliyyətə cəlb etmək və X3ndan 16.10.2012-ci il tarixdə anadan olmuş X1 üçün aliment borclarının tutulması üzrə tədbirlər görməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İnzibati iş məhkəməyə daxil olduqdan sonra iddianın mümkünlük məsələsinə baxılması ilə əlaqədar məhkəmə iclası 13.04.2022-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məhkəmə bildirişi göndərilmişdir. İddiaçı 11.03.2022-ci il tarixdə məhkəmənin dəftərxanası vasitəsilə təqdim etdiyi ərizədə himayəsində 16.10.2012-ci il təvəllüdlü Süleyman adlı oğlunun olduğunu, uşağı tək, yaxud başqa şəxslərin nəzarətində saxlamağa imkanının olmadığını bildirmiş və iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə tərəflərin iştirakı olmadan iddianın mümkünlüyü məsələsini araşdırmağı mümkün hesab etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5616/2015 saylı, 16.07.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur və bir uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 14.05.2015-ci il tarixdən başlamaqla, hər ay 108 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq, X7 verilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1065/2018 saylı, 19.01.2018-ci il tarixli qətnaməsi ilə X5 27.11.2017-ci il tarixdən başlayaraq, 16.10.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 136,60 manat sabit pul məbləğində aliment alınaraq, Camalova (Sayılova) X11 xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4765/2019 saylı, 16.07.2019-cu il tarixli qətnaməsi ilə X5 16.10.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq, Camalova (Sayılova) X11 xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5029/2020 saylı, 23.09.2020-ci il tarixli qətnaməsi ilə X5 16.10.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq, Camalova (Sayılova) X11 xeyrinə ödənilməsi qət edilmişdir. Alimentin yeni qaydada tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması müəyyən edilmişdir. Alimentin tutulması barədə qətnamə icra edilməsi üçün Bilasuvar rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İddiaçı Bilasuvar rayon İcra və Probasiya şöbəsinə müxtəlif vaxtlarda və dəfələrlə X6 aliment üzrə borcları barədə yazılı surətdə müraciətlər etmişdir. X4 barəsində heç bir tədbir görülməmişdir. X3 qəsdən uşağın saxlanması üçün aliment ödəməkdən boyun qaçırır. Bununla bağlı olaraq, iddiaçı Ədliyyə Nazirliyinə müraciət etmişdir. Ərizəsinə baxılması İmişli Regional Ədliyyə İdarəsinə həvalə edilmişdir. 08.01.2021-ci il tarixli C- 589/2 N-li cavabdan görünür ki, Bilasuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş arayışa görə məhkəmənin 16.07.2019-cu il tarixli qətnaməsi üzrə aliment üzrə borc 280 manat təşkil edir və məhkəmənin 29.09.2020-ci il tarixli qətnaməsinə görə aliment üzrə borc cəmi 340 manat təşkil edir. “Kapital Bank” ödəniş kartı üzrə çıxarışdan X3 tərəfindən 2015-ci ildən indiyə qədər ödənilmiş məbləğ görünür. Bilasuvar rayon İcra və Probasiya şöbəsi İmişli Regional Ədliyyə İdarəsinə yanlış məlumat təqdim etmişdir. X3 qeyri-rəsmi işləyir və yüksək maaş alır, lakin o, qəsdən uşağın saxlanması üçün aliment ödəməkdən boyun qaçırır. Yanvar 2022-ci il vəziyyətinə borcun məbləğini 3030,9 manat təşkil edir. İddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7071/2021 saylı, 10.12.2021-ci il tarixli qərardadı ilə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət hüququnun olması izah olunması qərara alınmışdır. İddiaçı heç yerdə işləmir, uşağın saxlanmasında böyük çətinlikləri var. O, uşağa onun atasının onlara nə üçün maddi yardım etməməsini izah edə bilmir. İddiaçı uşağı atasına qarşı qoymaq və ona mənəvi xətər yetirmək istəmir. İddiaçıya yaxşı məlumdur ki, X6 aliment üzrə borcu bağlamaq və aylıq aliment ödənişlərini etmək üçün kifayət qədər aylıq gəliri vardır. X2 uzun müddət ərzində (2015-ci ildən bu günədək) aliment ödənişindən qəsdən və dəfələrlə boyun qaçırdığına baxmayaraq, məhkəmələrin Azərbaycan Respublikası adından çıxardığı qətnamələrin icrası üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Bundan əlavə, cavabdeh İmişli Regional Ədliyyə İdarəsinə aliment üzrə borcun məbləği barədə yanlış məlumat vermişdir. İddiaçı dəfələrlə X2 borcunun məbləğini göstərməklə cavabdehə ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, cavabdeh X2 barəsində qanunla nəzərdə tutulmuş heç bir tədbir görməmiş və İmişli Regional Ədliyyə İdarəsinin sorğusuna yanlış məlumatla cavab vermişdir. Beləliklə, cavabdeh Bilasuvar rayon İcra və Probasiya şöbəsi tərəfindən 2015-ci ildən bu günə kimi məhkəmə qərarlarının icrası haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan lazımi hərəkətlər edilməmişdir, icra sənədi icra edilməmişdir. Beləliklə, hazırkı tələbində iddiaçı alimentin tutulması barədə qətnamələrin icra edilməsi üçün Bilasuvar rayon İcra və Probasiya şöbəsinə göndərildiyini, iddiaçı Bilasuvar rayon İcra və Probasiya şöbəsinə müxtəlif vaxtlarda X2 aliment üzrə borclarının ödənilməsi ilə bağlı yazılı surətdə müraciətlər etdiyini, lakin aliment məbləğinin ödənilməsi ilə bağlı X9 barəsində heç bir tədbir görülmədiyini əsas gətirərək cavabdeh icra qurumunun üzərinə borcun tutulması ilə bağlı tədbirlər görülməsi, borclunun məsuliyyətə cəlb edilməsi vəzifəsinin qoyulmasını inzibati məhkəmə icraatında inzibati iddia qaydasında tələb edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Eyni Qanunun 12.1-ci maddəsinə görə bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Eyni Qanunun 26-cı maddəsinə müvafiq olaraq icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə İnzibati Məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Beləliklə, yekunda Konstitusiya Məhkəməsi bu nəticəyə gəlmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Yuxarıda adıçəkilən normalardan, Konstitusiya Məhkəməsinin, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən müəyyən olunur ki, icra sənədinin düzgün icra olunmasının təşkili və bununla bağlı icra məmurunun qərar, hərəkət və hərəkətsizliyi həmin mülki işin bilavasitə davamıdır və icra məmurunun həmin qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə qeyd edir ki, “İcra haqqında” Qanun özü də icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərar, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Təşəkkül tapmış məhkəmə təcrübəsində də icra məmurunun icra icraatında qərar, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə icra sənədini vermiş məhkəmə tərəfindən baxılır. İcra sənədini vermiş məhkəmədə işlərə baxılması bir tərəfdən hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edirsə, digər tərəfdən məhkəmənin verdiyi icra sənədinin icrasına bilavasitə nəzarət etmək imkanını təmin edir. Hazırkı iş üzrə iddiaçının tələbi bilavasitə icra sənədinin cavabdeh icra qurumu tərəfindən icra icraatı çərçivəsində icrası ilə bağlıdır. Belə ki, iddiaçı cavabdeh icra qurumunun icra sənədinin icra olunması üçün müvafiq tədbirlər görmədiyini iddia edir. İddiaçı icra məmurunun icra sənədinin icrası ilə bağlı yol verdiyi hərəkətsizliyi mübahisələndirməklə, cavabdeh inzibati orqanın üzərinə borclunu icraya məcbur edəcək hərəkətlərin edilməsi vəzifəsinin qoyulmasını inzibati məhkəmə icraatında tələb edərək müstəqil inzibati iddia qaldırmışdır. Halbuki, yuxarıda da qeyd edildiyi kimi icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar, hərəkət və ya hərəkətsizliklər inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmədiyindən, ayrıca iddia qaldırılmaqla həmin qərarların, hərəkət və hərəkətsizliklərin inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün hesab olunmur. Qanuni qüvvəsini almış məhkəmə qərarının (qətnaməsinin, əmrinin) icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edilir. Bu əsasdan icra məmurunun aktı inzibati iddia kimi inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə şikayət verilməklə mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı icra məmurunun hərəkətsiziliyi ilə bağlı eyni iddia ərizəsi ilə daha əvvəl Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2- 1(120)-1102/2021 nömrəli, 10.06.2021-ci il tarixli qərardadı ilə mübahisənin inzibati mübahisə olmadığı əsas götürülərək iddia mümkün sayılmamış və iddiaçıya icra sənədinin icrası ilə bağlı tələbi icra sənədini vermiş məhkəmədə, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Qeyd edilən qərardad Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-397/2021 nömrəli, 03.08.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7071/2021 nömrəli, 16.09.2021-ci il tarixli qərardadı ilə MPM-in 35.1-ci maddəsinin tələblərinə riayət edilməməsi əsası ilə iddia ərizəsi geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11202/2021 nömrəli, 15.11.2021-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 2(008)-7071/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qərardadında qeyd edilmişdir ki, “...birinci instansiya məhkəməsi iddiaçıya icra sənədinin icrası ilə bağlı icra sənədini vermiş məhkəməyə tələbkar qismində ərizə və ya şikayət ilə müraciət edilməli olduğundan hazırkı iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul etməli və iddiaçıya müvafiq qaydada müraciət etməli olmasını izah etməli idi”. Göründüyü kimi məhkəmə qətnamələrinin icrasının təmin edilməsi üçün icra məmurunun hərəkətsizliyi ilə bağlı iddia inzibati məhkəmə icraatında mümkün sayılmamış, iddiaçıya icra məmurunun hərəkətsizliyindən icra sənədini vermiş və icraya bilavasitə nəzarəti həyata keçirən məhkəməyə, yəni Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müstəqil iddia ərizəsi qaydasında deyil, icra sənədinin verilməsi ilə bağlı olan mülki işin davamı olaraq şikayət ilə müraciət etməli olması izah olunmuşdur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Cavabdehnə qarşı “cavabdehin üzərinə borclunu məhkəmə qətnamələrini icra etməkdən boyun qaçırmağa görə məsuliyyətə cəlb etmək vəzifəsinin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-6254/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-6254/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver